Bakının  qurtuluşu və yüz il əvvəl yaşananlardan çıxarılan dərslər

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Bakının  qurtuluşu və yüz il əvvəl yaşananlardan çıxarılan dərslər” başlıqlı yazısı

1706191
Bakının  qurtuluşu və yüz il əvvəl yaşananlardan çıxarılan dərslər

Bu günlər həm Cənubi Qafqazda, həm də Orta Asiya regionunda önəmli hadisələr cərəyan etməkdə, yeni geosiyasi mənzərənin çizgiləri şəkillənməkdədir. Şuşa və Bakı bəyyannamələrin ardınca həm Türkiyə-Azərbaycan, həm də Türkiyə-Pakistan-Azərbaycan hərbi təlimləri də intensiv xarakter almaqda, üç qardaş ölkənin ittifaqı, dövlət və millət olaraq birgə duruşu regionda hesabları olan, hələ də müstəmləkə xəyallarıyla yaşayan mərkəzlərə də mesaj mahiyəti daşımaqdadır. Şübhəsiz bu ittifaq ədalətə dayanmayan güc zalım, gücə dayanmayan ədalət isə acizdir prinsipindən yola çıxaraq  geniş coğrafiyalarda ədalətə dayalı bir nizam arzusunu dilə gətirməkdə,  əməkdaşlıq və təhlükəsizlik iqlimiylə İpəkyolu coğrafiyalarında yeni bir rifah dövrünü də  hədəfləməkdədir.

Azərbaycan eyni zamanda 103 il əvvəl Qafqaz İslam Ordusunun ölkənin paytaxtını işğaldan qurtarması hadisəsini bir daha idrak etməkdə, son Qarabağ müharibəsində baş verənləri, Türkiyənin əvəzsiz dəstəyini unutmadan tək millət iki dövlət şüurunun,  Anadolu və Azərbaycan coğrafiyası arasındakı tarixin dərinliklərinə işləmiş qardaşlıq və həmrəylik hadisəsinin nə qədər vacib bir dəyər olduğunu yaşayaraq görməkdədir. Əlbəttə günümüzlə paraleliklər aparsaq o günkü şərtlərdən fərqli olaraq yüksəliş dövrünə daxil olmuş, Balkanlardan Orta Asiyaya kilid  geosiyasi güc halına gələn Türkiyə reallığı və 30 ildir müstəqil dövlət olaraq qüdrətli ordusu, iqtisadiyyatı və bütün milli güc parametrləriylə Cənubi Qafqazın cazibə mərkəzi olan Azərbaycan var. Ancaq Türkiyə başda olmaqla yeni bir Türk yüksəlişinə manə olmağa çalışan, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini, güclənməsini, Türk dünyasının birliyinin dərinləşməsini istəməyən qüvvələr yenə diridir, təhdit və təhlükə bağlamında risklər də mövcutdur. Bu mənada tarixdən çıxarılacaq çox dərslər vardır.  Ancaq gəlin yüz il əvvəlin şərtlərini, o fədakar nəslin hansı şərtlərdə necə bir uğura imza atdıqlarını yada salaq və günümüzdəki güc və imkan nisbətinin, dəyişən şərtlərin də fərqində olaq.   

Birinci Dünya müharibəsinin sonlarına doğru dünyanın siyasi xəritəsi cəbhələrdə yenidən çəkilərkən böyük dövlətlərə qarşı çətin varlıq mübarizəsi aparan Osmanlı  yorğundu  ama ümidsiz deyildi. Türk İslam aləminin ortaya çıxardığı son cahan dövləti üç qitədə at oynatmış, müxtəlif millətləri sülh və xoşgörü içində idarə etməyin gözəl nümunələrini ortaya qoymuş, fəqət XVIII əsrdən etibarən də  geriləmə dövrünə qədəm qoymuşdu. Ard- arda cəryan edən 1877-78 Rus-Osmanlı, Trablusqərb, Balkan müharibələrindən sonra da Birinci Dünya müharibəsi başlamış məhdud imkanlarla da olsa Çanaqqala, İraq cəbhələrində dəstansı dirəniş, hərbi əməliyyatlar həyata keçirilmişdi. Ancaq tarixin gedişatı tərsinə dönmüşdü. Yıxılmaq üzərə olan Dövlət-i Aliyəni ayaqda saxlamağa çalışan fədakar bir nəslin cəbhələrdəki mübarizəsinə, Təşkilat-ı Mahsusanın Qafqaz və İran cəbhəsindəki maddi imkansızlıqlara rəğmən həyata keçirdiyi müdhiş əməliyyatlara baxmayaraq geostrateji gedişatı dəyişmək asan deyildi. Azərbaycanın, Qafqaz Müsəlmanlarının  içinə düşdüyü şərtlər də çox ağırdı. Çarlıq Rusiyası müstəmləkə yanaşmasıyla təbası olan Türkləri ordu sıralarına almamış, Bolşevik inqilabı ilə imperatorluq dağılarkən də Rus ordusu Qafqaz cəbhəsindəki silahlarını əsasən ermənilərə tərk edərək çəkilirdi.  Qafqazın işğalı sonrasında bir etno-demoqrafik proyekt çərçivəsində kütləvi şəkildə  Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər imperiyanın siyasətindən də ilham alaraq qurmuş olduqları Daşnaksütun, Hınçaq kimi terror təşkilatları vasitəsiylə terror havası əsdirməkdəydi. Azərbaycanın milli şüur sahibi aydınları, milli komitələri, cəmiyyətləri də İstanbulla əlaqəli şəkildə qurtuluş üçün hazırlıq görməkdə, müstəqil dövlət uğrunda mübarizə aparmaqdaydı. Bu əlaqələrin, qardaşlıq və yardımlaşma fəaliyyətlərinin II  Əbdülhəmid dövrünə uzanan, Osmanlı-Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti, Osmanlı-Difai münasibətlərini əhatə edən dərinliyi də vardır ki, hələlik onlar üzərində geniş durmuruq.

Azərbaycanın böyük şəhərləri Bolşevik-Daşnaq çətələri tərəfindən işğal edilirkən, 31 martda Bakıda olduğu kimi bir çox bölgədə Müsəlman Türk əhaliyə qarşı soyqırım yaşanırkən xalq səbirsizliklə Osmanlı ordusunu gözləyirdi. Özü də müxtəlif cəbhələrdə ölüm-dirim mübarizəsi aparan Osmanlı dövləti  qardaşlarını  qurtarmaq, Azərbaycan  milli aydınları və ictimai xadimlərinin elan etdiyi dövlətin sərhədlərini süngüsüylə çizmək üçün hərəkətə keçmişdi. Geosiyasi vəziyyət də olduqca mürəkkəbdi. Birinci Dünya müharibəsində Osmanlının müttəfiqi olan Almaniya belə Bolşeviklərlə gizli bir müqavilə bağlayaraq, Bakı neftindən pay almaq ümidiylə  Türk ordusunun Bakıya girməsinə mane olmağa çalışırdı. Ancaq çətin də olsa Türk tarixinə qızıl hərflərlə yazılacaq o vəzifə həyata keçirilməli, Azərbaycanın qurtuluşuna nail olunmalıydı. 25 may tarixində Nuru Paşanın Gəncəyə gəlməsiylə başlayan 15 sentyabrda Bakının işğaldan azad edilməsiylə davam edən hərbi əməliyyatlarda  Qafqaz İslam Ordusu Azərbaycan Korpusuyla birlikdə  yüzlərlə şəhid verərək əsl qardaşlıq dastanı yazdı və Azərbaycanın azadlığına nail oldu.   



Әlaqәli Xәbәrlәr