Frigiya kralları Qordios və Midas haqqında rəvayətlər

Yenilikləri ilə bütün bəşəriyyətə töhfələr verən Anadolunun qədim Frigiya mədəniyyətinə məxsus rəvayətlərindən danışırıq sizə, mətni Neslihan Değirmencioğlu yazıb

1704198
Frigiya kralları Qordios və Midas haqqında rəvayətlər

 

  Mifologiya, əfsanə, rəvayət. Üçü də var Anadolu coğrafiyasında. İnsanların yaratdığı və dildən dilə keçən, özəyini əslində həqiqətlərin təşkil etdiyi əhvalatlar bəzən naməlumluğu ötüb gerçəyi tapmağa yol göstərir. Bəzən mifologiya insana təsir edir, bəzən də insanlar istiqamətləndirir mifologiyanı. Cəmiyyətlərin mədəni quruluşları və həyatları əks olunur mifologiya, əfsanə və rəvayətlərdə. Hər mədəniyyətin öz torpaqlarında nəsildən nəsilə ötürülən rəvayətləri vardır yüzlərlə, minlərlə il boyu insanlığın ortaq yaddaşına hopub-qalan. Eynilə Kral Midas rəvayətlərində olduğu kimi. Hər toxunduğu qızıla dönən hökmdar və ya uzun qulaqları olan Kral Midas! Yenilikləri ilə bütün bəşəriyyətə töhfələr verən Anadolunun qədim Frigiya mədəniyyətinə məxsus rəvayətlərindən danışırıq sizə bugünkü “Anadolunun ilkləri” rubrikamızda. 

  Frigiyalılar eramızdan əvvəl XIII-XII əsrlərdə Balkan yarımadasından Kiçik Asiyaya köçüb gəlib, Hett dövlətinə son qoyub və indiki Türkiyə ərazisinin Əskişəhər, Kütahya və Afyon rayonları arasındakı bölgəyə yerləşiblər. Sakariya çayı ilə Böyük Menderesin yuxarı ətrafları arasındakı bölgənin qədim adıdır Frigiya. Paytaxtı Qordion olub. Bu antik şəhər indiki Türkiyə paytaxtı Ankaranın Poladlı qəsəbəsi yaxınlığında qərar tutub. Qordion antik şəhəri adlanan bu yer ən mühüm arxeoloji məskənlərdən biri sayılır. Həm dövrünün, həm də özündən sonra gələn mədəniyyətlərin başa düşülməsinə böyük yardım olan Qordion haqqında dillərdə gəzən rəvayətlər vardır. Anadoludan dünyaya yayılan rəvayətlərin ən məşhuru “Qordion düyünü”ndən başlayaq. Sərkərdə və imperator Böyük İskəndərin açdığı Qordion düyünü.

  Rəvayətin fərqli versiyaları olsa da, ən məşhuru budur. Frigiyalılar bir müharibə aparır. Yeni krallarının kim olacağını öyrənmək üçün kahinə gəlirlər. Kahin şəhərə öküz arabası ilə ilk girən adamın kral olacağını və müharibəni sona çatdıracağını söyləyir. Bir müddət sonra şəhər qapısından Qordios öz arabasıyla girir. O, tarlasını sürərkən şumun üzərinə qonan və oradan ayrılmayan bir qartala görə bu şəhərə gəlib. Zevs tanrısına dua və nəzir etmək idi məqsədi. Amma frigiyalıların kralı olur. Şəhərə kralın şərəfinə Qordion adını qoyurlar. Zevsə təşəkkürünün qarşılığı olaraq öküz arabasını məbədə bağışlayan Qordios onu qarmaqarışıq bir düyünlə sütuna bağlayır və bu düyünü açacaq adamın Asiyanın hakimi olacağını bildirir. Bu xəbər Böyük İskəndərə çatır və o, farslarla müharibəyə yollanarkən Qordiona baş çəkir. Düz məbədə girir və başı-sonu bəlli olmayan, bir yığın halında olan düyünü açmağa çalışır. Olmayınca hirslənir və qılıncını çəkib düyünü kəsir. “Ayrıntılarla məşğul olaraq zaman itirmək yerinə problemi kökündən həll etmək” mənasında istifadə edilən "Gordion düyününü kəsmək" deyimi bu rəvayətdən qalıb. Amma bu rəvayətin izləri yoxdur daha. Dünyanın tanınmış arxeoloqlarından olan Əkrəm Akurqal yazıb: "Kral Qordiosun əfsanəvi öküz arabası və düyününün olduğu məbəd bu günə qədər tapılmayıb".

  Frigiyanın kralı Qordios, eyni zamanda əfsanəvi kral Midasın atasıdır.  Frig torpaqlarını genişləndirən və dövlətin güclənməsini təmin edən kral Midas. Antik qaynaqlarda Midas haqqında olduqca fərqli məlumatlara rast gəlinir. Bəzən ixtiraçı kimi bəhs edilir ondan, bəzən də mərhəmətsiz bir tiran olaraq. Bir sıra qaynaqlarda qalay və güllənin kəşfi Midasın adı ilə bağlanır. Haqqındakı rəvayətlərdən başqa, antik dövr tarixçiləri və filosofları Pisaqor, Platon, Herodot və Aristo da danışar ondan. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, ayrı-ayrı dövrlərdə fərqli kral Midaslar olub tarixdə. Çünki Midas adı çox qoyulan adlardan olub. İkinci mənasının da “kral” olduğu fikri var.  

  Əsas Kral Midasımıza gələk. Onun haqqındakı rəvayətlər yazılı olaraq antik dövrün ozanı Ovidiusun  "Dəyişmələr" (Metamorphoses) əsərində də əks olunur.

  Ən məşhur rəvayətlərdən birində deyilir. Günəş, musiqi və şeir tanrısı Apollonla meşə tanrısı Pan arasında musiqi yarışı olur. Qalibi Kral Midas müəyyənləşdirəcək. Midas Panın çaldığı fleytadan çox təsirlənir və onu birinci elan edir. Bundan hirslənən Apollon Midasın qulaqlarını uzadır və eşşək qulağına çevirir. O gündən Midas başında papaqla gəzməyə başlayır. Ancaq bərbərinin qarşısında çıxarır papağını və ona tapşırır ki, heç kimə deməsin. Bir müddət sonra bərbərə ağır gəlir bu sirr, saxlaya bilmir, gedir bir quyuya, içinə pıçıldayar. Rəvayətə görə, külək əsdikcə quyudakı su boşluqlarla əks səda verir, sirri havaya yayır və kralın vəziyyətini hər kəs bilir.

  Digər rəvayətdə acgöz Midasdan danışılır. Tanrı çox zəngin olmağı istəyən Kral Midasın diləyini qəbul edir və hər toxunduğunu qızıla çevirmə gücü verir. Toxunduğu hər şeyin qızıla dönməsi nəticəsində Midas yemək yeyə, su içə bilmir, anlayır ki, bu, ona bir cəzadır. Tanrıya təkrar yalvarır, dualar edir. Onu eşidən tanrı Sardes çayında yuyunsa, düzələcəyini söyləyər. Midas çayda yuyunur və cəzadan xilas olur. O çay lidiyalıların ilk pulu basdıqları elektrum elementinin olduğu çaydır əslində.

  Kral Midasın həyatı və ölümü haqqındakı rəvayətlər də maraqlıdır. Bəzisində toxunduğu hər şeyi qızıla çevirdiyi üçün aclıqdan və susuzluqdan öldüyü, bəzisində isə dövləti iflasa uğrayarkən öküz qanı içərək intihar etdiyi danışılır.  

  Rəvayətlərdə mifoloji bir xarakter olaraq bəhs edilsə də, əslində tarixdə yaşamış real adamdır Midas. Bu gün mütəxəssislər bu kimi rəvayətlərin həqiqət payını araşdırır, toxunduğu hər şeyi qızıla çevirmənin məcaz bir məna daşıdığını bildirir. Çünki aparılan arxeoloji qazıntı işlərində çox az sayda qızıl məmulatı tapılıb. Ancaq alimlər ölkənin rifah səviyyəsini yüksəltdiyi üçün bu rəvayətin yarandığını, yəni Midasın krallığı dövründə ölkəni zənginləşdirdiyi üçün bu bənzətmənin edildiyini söyləyir. Uzun qulaqları olmasını Misirin tanrı hökmdarlarına bağlayanlar da var. Çünki Midasın hökmdarlıq simvolu ucunda eşşək qulağı olan sazdan düzəldilmiş bir əsadır, yəni eynilə Misirin tanrı hökmdarlarının əsası kimi. Bundan başqa, Midasa aid olduğu düşünülən kəlləni araşdıran mütəxəssislər kralın qulaqlarının asimmetrik olduğunu görmüşlər. İzah edilir ki, bu qüsur anadangəlmədir və bunu örtmək üçün Midas başlıqla gəzib.

 



Әlaqәli Xәbәrlәr