“Qafqaz evi” ideyası və regionda dinc birgə yaşayışın kodları

Mövzu ilə bağlı Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun məqaləsini təqdim edirik

1701195
“Qafqaz evi” ideyası və regionda dinc birgə yaşayışın kodları

 

  Qafqaza ayaq basan ərəb coğrafiyaşünasları buradakı etnik müxtəlifliyi görərək bölgəni “dillər dağı” mənasına gələn “cəbəl-ül-elsan”  adlandırdılar. Xüsusilə, Dağıstan və Şimali Qafqaz ərazilərində dağlar qoynundakı bir sıra kənd və obalarda öz ərazisi ilə məhdudlaşan, öz  etnik kimliyi, öz dili olan onlarla azsaylı xalq yaşayır. Bu saxur, avar, udi, qırız, xınalıq, ləzgi kimi xalqlar Azərbaycanın da şimal-şərq rayonlarında məskunlaşıb. Ortaq mədəni iqlim, coğrafiya, sosial-iqtisadi vəziyyət və müştərək tarix onların həyatında, məişət və adət-ənənələrində ümumi elementlərin və xarakterik xüsusuiyətlərin formalaşmasına səbəb olub.  

  Dilindən, dinindən və məzhəbindən asılı olmayaraq İpək Yolu üzərində yaşayan müxtəlif millətləri böyük xoşluqla qəbul və idarə etməyi bacaran türklərin tarixində Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynayan Qafqazın müstəsna yeri var.

  İskitlərdən başlayaraq Hun, Avar, Xəzər, Səlcuqlu, Səfəvi, Osmanlı, Əfşarlar və Qacarlar kimi türk xanədanları min illər boyu bu coğrafiyalarda at minib qılınc oynadaraq hakimiyyətə davam etmiş, bütün etnik kimlik, dil və dinlər qorunaraq varlığını sürdürüb. Təsadüfi deyil ki, xəzərlər və digər Oğuz şəhərləri ilə bağlı məlumat verən başqa millətlərə aid mənbələr də məscid, kilsə və sinaqoqun türk diyarlarında yan-yana olduğunu yazıb, türk tolerantlığını mədh edib.

  Regionda yaşayan xalqların dəyərlərini paylaşmayan,  geostrateji əhəmiyyətinə görə Qafqazı işğal etmək, burada qalıcı olmağı əsas məqsədi edən qonşu imperiya qüvvələri isə birləşdirici olan, dövlət qurma vəsfinə sahib Türk varlığını hədəfə alaraq “parçala və hökm et” siyasəti ilə ərazidəki etnik kimlikləri bir-birinə qarşı qoyub, bölgə reallığına zidd etno- demoqrafik hərəkətlərlə müxtəlif münaqişə ocaqları yaratmağa çalışıblar. Çar və Sovet imperiyalarının ardıcıl olaraq apardığı bu siyasətin nəticəsində təkcə Cənubi Qafqazda yüz minlərlə yerli əhali öz yurd-yuvalarından didərgin salınıb, süni şəkildə yaradılan Qarabağ, Osetiya, Abxaziya kimi problemlərlə Qafqaz xalqlarının əsrlər boyu davam edən birgə yaşayışı və qonşuluq münasibətlərinə zərbə vurulub.

  Tarixi proses boyu Rusiyanın Qafqazda yerləşdirdiyi və onun əlaltısı rolunu oynayan ermənilərin apardığı işğalçı siyasəti də bölgədə stabillik, uzlaşma və əməkdaşlıq mühitinin qarşısında ən böyük əngəllərdən olub. Erməni şovinistləri “Daşnaksütun”, “Hınçaq”, “Armenekan” kimi silahlı terror təşkilatları quraraq çar rejiminin də göz yummasıyla Cənubi Qafqaz və Anadoluda dinc müsəlman əhaliyə qarşı dəfələrlə qətliamlar törədiblər.

  Mirzə Fətəli Axundov, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov kimi Azərbaycan ziyalıları millətlər mozaikası olan Qafqaz üçün qurulmuş tələləri görərək “Qafqaz evi” ideyasını qəbul etdilər. Çar rejimi dağıldıqdan sonra Azərbaycanın içtimai-siyasi xadimlərinin uzaqgörən birləşdirici fəaliyyəti sayəsində Zaqafqaziya Seymi quruldu. Dövrün arxiv sənədləri, yazılan tədqiqat əsərləri Osmanlı dövlətinin də  Qafqaz birliyi üçün az enerji sərf etmədiyini ortaya qoyur. 

  1918-ci ildə qurulmuş, müsəlman Şərqinin ilk türk respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti sovet-bolşevik qüvvələri tərəfindən basıldıqdan sonra da M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycanın milli xadimləri və fikir adamları mühacirətdə də ümumqafqaz problemlərindən yazdılar, “Şimali Qafqaz”, “ Qafqaz dağlıları“ kimi jurnallarda xaqlar birliyi, qarşılıqlı yaxınlaşma və ortaq dəyərləri ön plana çıxarmağa davam etdilər.

  1935-ci ildə qürbətdə yaşayan Azərbaycan aydınlarının təşəbbüsü ilə Sovet İttifaqından Avropaya mühacirət etmiş Qafqaz xalqlarının nümayəndələri toplaşdı və konfederasiya şəklində bir Qafqaz dövləti elan etmək üçün şura formalaşdırdılar. 90-cı illərdə Sovet İttifaqı dağılandan sonra da Qafqaz birliyi üçün Azərbaycan mərkəzli təşəbbüs və fəaliyyətlər səngimədi.

  Azərbaycan ordusu 44 günlük İkinci Qarabağ Müharibəsində (27 sentyabr 2020 - 10 noyabr 2020) zəfərə imza ataraq tarixi torpaqlarının böyük hissəsini işğaldan azad etdikdən sonra ölkə prezidenti İlham Əliyev Türkiyənin də dəstəyi ilə Cənubi Qafqazda yeni əməkdaşlıq və  regional təhlükəsizlik mühitinin yaradılması ideyasını irəli sürdü, üçtərəfli əlaqələrin inkişafı üçün bütün addımları atmağa hazır olduğunu bəyan etdi.

  Aydındır ki, üç Cənubi Qafqaz respublikası arasında münasibətlərin yeni müstəviyə çıxarılmasının təməl şərti qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə hörmət edilməsi, Ermənistanın regionda əmin-amanlığın təsisi naminə Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərini qəbul etməsidir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da son müsahibələrindən birində bu istiqamətdə fikir bəyan edərək normallaşma üçün rəsmi İrəvana daha bir fürsət təqdim edildiyini bildirdi. Ermənilər anti-türk siyasətindən əl çəkərək Qafqazdan Anadoluya əsrlər boyu türk dövlətlərinin hakimiyyəti altında olan ərazilərdə rahat şəkildə yaşadıqlarını, dini ibadətlərini sərbəst həyata keçirdiklərini, ticarətdən siyasətə yüksək mövqelərə çatdıqlarını, hər Türk yüksəlişinin Avrasiyanın bütün xalqlarının həyatında uzlaşma, harmoniya və rifah mühütü yaratdığını unutmadan ağıllı bir siyasət yolunu tutarlarsa, bütün Qafqaz xalqlarıyla birlikdə yenə fayda görəcək, region müxtəlif güclərin mübarizə poliqonu olmaqdan çıxaraq sürətlə inkişaf edəcək.



Әlaqәli Xәbәrlәr