Nemrut dağı və heyrətamiz nəhəng tanrı heykəlləri

“Anadolunun ilkləri” başlığı altında tanrıların daşlaşdığı yerdən - Nemrut dağından, özü kiçik, amma böyük işlər görən Kommagen krallığı və onun heyrətamiz nəhəng tanrı heykəllərindən bəhs edirik. Mətnin müəllifi Neslihan Değirmencioğludur.

1701523
Nemrut dağı və heyrətamiz nəhəng tanrı heykəlləri

 

  Yaşayış yerlərindən olduqca uzaqda, göz aldıqca bomboş bir yolda sizi gözləyən çətin bir dırmaşma var. Çılpaq bir yerdir, çünki heç bir ağac və yaşıllıq yoxdur. Çətin gedilir, iti döngələr və dik yoxuşlar olduğu üçün. İki min il əvvəl yalnız piyada, ya da qatırlarla çıxıla bilən bu yolu bu gün maşınla gedə bilirik.  

  Anadolu coğrafiyasında sivilizasiyalar, mədəniyyətlər, dövlətlər qədər bir o qədər də o ölkələrin kralları, imperatorları olub. Bunlardan bəzisi müharibələrlə tarixlərə damğa vurub, bəziləri də bağladıqları sülh müqavilələriylə. Bəziləri böyüklüyünü dünyaya göstərmək üçün nəhəng abidələr ucaldıb, bəziləri isə özlərini ölümsüz sanıb. Bunlardan biri də yaşayan tanrı olduğuna inandırmaq üçün təbiətin möcüzələrindən faydalanan, Nemrut dağındakı Kommagen (Commagene) sivilizasiyasının məşhur kralı I Antiokhosdan (Antiochus) danışaq. Dillərə dastan nəhəng tanrı heykəllərini düzəltdirən kraldan.

  Eramızdan əvvəl 1-ci əsrdə - 163 – 72-ci illər arasında qurulan və təxminən 200 il hökm sürən Kommagen dövləti Türkiyənin bugünkü Adıyaman, Kahramanmaraş və Qaziantep şəhərlərini və Nemrut dağını əhatə edən ərazidə mövcud olub. Roma imperatorluğu və Fars krallığına qonşu olan Kommagen siyasi, iqtisadi və ictimai baxımdan əlverişli bir bölgədə qərar tuturdu. Fərat çayı və onun suladığı düzənliklərə hakim idi. Qiymətli sidr ağacları və digər təbii qaynaqlar baxımından da olduqca zəngin idi bu kiçik dövlət. Amma kiçik olmasına baxmayaraq, Kommagen Şərq və Qərb arasında sanki tampon bölgə funksiyasını yerinə yetirirdi.

  Kral I Antiokhos siyasi zəkaya malik olduğu üçün müharibə etmək məcburiyyətində qalmadan təxminən 40 il dövləti idarə edib. Atası fars, anası yunan (elen) olan ağıllı kral yaşadığı dövrün iki böyük mədəniyyətini bir araya gətirərək həm fars, həm elen tanrılarını müqəddəs sayırdı. Nemrut dağında minlərlə il sonra “Tanrıların taxtı” olaraq xatırlanacaq 10 metrlik görkəmli tanrı heykəllərini və metrlərlə uzun kitabələri buna əyani misaldır. KEÇİD

  Özünə 2150 metr yüksəklikdə ərazinin ən hündür yerini seçən Kommagen kralı I Antiokhos Nemrut dağında tanrı heykəllərini yalnız Şərq və Qərb mədəniyyətini birləşdirmək üçünmü etmişdi? Görənləri heyrətə salan, misli görünməyən bu heykəlləri həm tanrılara, həm ata və anasına minnətdarlıq hissini, həm də özünün ölümsüz tanrı-kral olduğunu göstərmək üçün ucaltdırmışdı.

  Böyük miqdarlarla pul xərclənən, uzun illər boyu çox sayda insanın əmək verdiyi, 1881-ci ildə kəşf edilən, 1960-cı illərdən araşdırılan nəhəng tanrı heykəlləri Nemrut dağının harasındadır? Dağın şərq, qərb və şimal balkonları adlandırılan sahədə. Şərq və qərb balkonlarında üzləri günəşin doğmasını görəcək şəkildə taxtları üzərində oturan nəhəng tanrılar səmanın hakimi qartal, Yer üzünün güclüsü aslan, Kommagen kralı I Antiokhos, Zevs, Apollon və Heraklın heykəlləridir.

  Nemrut dağının Şərq balkonu iqlim və hava şərtlərindən daha çox təsirləndiyi üçün buradakı heykəl başları qopub və gövdələrinin qarşısında sərgilənməklə daha sirli və effektli bir abu-hava yaradır.

  Dağın Qərb balkonundakıları isə orijinal vəziyyətində görmək mümkündür.

  Dövrün texnologiyasını düşünərkən hündür dağ başında bu qədər nəhəng tanrı heykəllərinin necə ucaldıldığı hələ də sual doğurur. Arxeoloqlar dağdakı kirəç daşlarının olduqları yerlərdə şəkilləndirilərək heykələ çevrildiyi fikrinin üstündə daha çox durur.

  Kral Antikhosun düzəltdirdiyi heykəllər ölümündən sonra basdırılmaq üçün tikdirdiyi türbə və ətrafını çevrələyir. Heykəllərin oturduğu taxtların arxasında 200 sətirdən uzun bir kitabə var. Ellinizm (antik yunan) üslubunda yazılan bu kitabə Kommagen Krallığının vəsiyyətidir. Kitabədə kral Antikhos məqbərədə öz məzarının olduğunu, özündən sonra gələnlərdən məbədin möhtərəmliyinin qorunmasını istəyir, ibadətə gələnlərə minnətdarlığını bildirir, pis niyyətlə yaxınlaşanlara isə qarğış edir. Vəsiyyətdə belə yazır: "Əsil-nəcabətli soyumun müqəddəs qüruruna həsr etdiyim bu qurbangah üzərində kəndlərdən gələcək gəlirlə bol ot və tüstü yaratmalı, tanrıların və mənim qüruruma nəfs əhdlər qurban etməli, müqəddəs masalarına layiqli yeməklər düzülməlidir. Yerli və xarici bütün bura gələnlər qonaqpərvərliklə qarşılanmalı və ziyafətin gözəl olması təmin edilməlidir."

  Kommagen Krallığının əzəmətli məqbərəsi Anadolunun ən maraqlı abidələrindəndir, dünyada tayı-bərabəri yoxdur! Bu yığma təpə bölgənin ən yüksək yeridir, 2150 metr hündürlükdədir. Nemrut dağının zirvəsində qayalarda oyularaq düzəldilən kralın məzar otağının üstü 50 metrdir. Məqbərə məzar oğurluqlarının qarşısını almaq üçün ovuc içi boyda kəsmə daşlarla hörülüb. Kommagen kralının gördüyü bu tədbir olduqca dəyərlidir. Çünki qazıldıqca daşlar qum dənəsi kimi yuxarıdan aşağıya yuvarlanır, ona görə əl dəyilə bilməz.  

  Dağın zirvəsində yerləşən bu məqbərədə günəşin necə doğulduğu və necə qüruba getməsi bütün ehtişamı ilə izlənilə bilir. Nemrut dağında bu möhtəşəm mənzərəni görənlər heyrətamiz duyğular yaşayır, içindəki dünyadan sanki bir neçə anlıq qopur, sirli zaman diliminə keçir, o dövrün səssiz şahidləri ilə birlikdə günəşi qarşılayır, ya da yola salırlar. "Nemrut dağının zirvəsində tanrıların taxtları" kitabıyla tanınan alman arxeoloqu Fridrix Dörnerin (Friedrich Dörner) sözləri ilə desək, "Nə qədər istəyirsən, hazırlıqlı get, yenə bu mənzərə qarşısında çaşır, özünü itirirsən”.

  Həm təbii abidə və həm də insan əliylə şəkilləndirmiş tarixi əsər sayılan, e.ə. Şərq və Qərb sivilizasiyaları arasında körpü olan Kommagen dövrünə aid tanrı heykəlləri üzərindəki Nemrut dağı ilə birgə UNESCO-nun Dünya Mirası Siyahısında yer alır.  

  Rəngarəng sivilizasiyalara ev sahibliyi edən Anadolu coğrafiyası bir başqadır Nemrut dağında: keçmişi və gələcəyi müşahidə edən nəhəng heykəlləriylə bizi ovsunlayır. Başqa bir dünyanın qapıları açılır üzümüzə: günəş doğulur, hər yeri sarılı-qırmızılı rəngə boyayır, aləm sükuta qərq olur, zaman dayanır. Bir möcüzə yaranır günəşin hər doğuşunda, yenidən başlanğıcda, insan ruhu dinclik tapır burda.



Әlaqәli Xәbәrlәr