Qərbin prinsipsizliyi və Ermənistan

Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun məqaləsini təqdim edirik

1697622
Qərbin prinsipsizliyi və Ermənistan

 

  Demokratiya və despot rejimlərə qarşı xalq iradəsinin dəstəklənməsi adı altında Yaxın Şərqə edilən hərbi müdaxilə əslində gizli saxlanılmağa çalışılan müstəmləkəçi niyyətlərə xidmət edir, bölgədə xaos mühiti yaradaraq bulanıq suda balıq tutmaq üçün hətta terror təşkilatlarıyla əməkdaşlıq məqbul sayılır. 

  Yüz minlərlə adamın yurd-yuvasından didərgin düşməsi, on minlərlə günahsız insanın bombalar altında ölümü, göz yaşlarının selə dönməsi, əsrlər boyu müxtəlif xalqların zəngin mədəniyyətlərinin birləşdiyi Türk-İslam dövlətlərinin hakimiyyəti  altındakı etnik, dini və məzhəbi harmoniyanın pozulması, bölücü  anlayışların dəstəklənməsi Qərbin yeni Yaxın Şərq tablosunun əsas istiqamətlərini təşkil edir.

  İmperialistlərin hədəfindəki Türk-İslam aləminin lokomotiv gücü olan Türkiyə isə bütün xarici və daxili əməliyyatları, kəşfiyyat hücumları, yeni əməkdaşlıqlara qapı asması, geosiyasi tarazlığı dəyişdirməsi ilə Yaxın Şərqdə   xaos planlarını əngəlləməyə çalışır.

  Əfqanıstanda yaşananlar, trilyon dollarlıq maliyə xərclənərək formalaşdırılmağa çalışılan yerli hökumət, Amerika ordusunun hardasa qaçışa bənzəyən çəkilməsi, bir neçə gündə rejimin çökməsi, ölkənin Talibana təslim edilməsi, Kabil havalimanındakı acı olaylar Qərbin qlobal strateji baxışıyla birlikdə dəyərlər anlayışını çöküşə apardı.  

  Avropanın gündəmi müəyyənləşdirən paytaxtlarının öz müttəfiqlərinə və elan etdiyi dəyərlərə olan sədaqətsizliyi, prinsipsizliyi və ikili standartlarla dolu siyasəti fərqli  coğrafiyalarda guya rəqabətdə olduqları Rusiya və Çin kimi ölkələrin təsir dairələrinin daha da genişlənməsinə səbəb oldu. 

  Beynəlxalq hüquq və tarixi ədalətin birmənalı şəkildə  tərəfində olduğu, regionda enerji təhlükəsizliyindən Qərbin strateji maraqlarına qədər qorunduğu siyasəti yürüdən Azərbaycanın Türkiyənin də dəstəyi ilə torpaqlarının böyük qismini işğaldan azad etməsi və Qarabağ zəfərinə imza atmasından sonra Cənubi Qafqazda yaranan siyasi mənzərə  rəsmi Vaşinqton və Paris tərəfindən düzgün qiymətləndirilmədi ki, bu da Avropanın “uzaqgörənlik” və “əmin bölgə analizi”ndən kasıb olduğu, ən əsası isə ikili standartılarla erməni lobbilərinin  maraqlarına xidmət etdiyi göründü.

  Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ilə də təsdiq olunan işğalçı ordunu məğlub edərək torpaqlarından çıxardıqdan, öz ərazi bütövlüyünün böyük hissəsini təmin etdikdən sonra sülhə, qarşılıqlı əməkdaşlığa və regional təhlükəsizliyə önəm verdiyini xüsusi vurğuladı, Türkiyə ilə birlikdə “Altılı əməkdaşlıq formatı”nı irəli sürdü.

  Rəsmi Bakı ənənəvi tolerant siyasəti çərçivəsində Xankəndi və ətrafında yaşamağa davam edən az saylı erməni vətəndaşlarına təhlükəsiz şəraiti yaratdı. 10 Noyabr Müqaviləsi nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tamamilə Azərbaycan ərazilərindən təmizləndi, müəyyən müddətə Rusiya sülhməramlıları Qarabağın 4 rayonuna gəldi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin işi sona çatdı, nəticədə regionda sülhü qalıcı hala gətirmək siyasəti qətiləşdi.

   Qarşıdurmanın həlli üçün yaradılmış Minsk Qrupunun həmsədrləri ABŞ və Fransa Azərbaycan hökumətinə dəstək olmaq, xarici hərbi qüvvələrdən arınaraq müstəqilliyi artan Qafqaz evində əməkdaşlıq və sülh şəraitində yaşayan bir bölgə planına kömək etmək, Ermənistanı yayılma siyasətindən çəkindirib sülhə yönəltmək yerinə, Rusiya ilə yanaşı bir siyasət izləyərək münaqişənin bitməsinə istəksiz yanaşdılar. Amerikanın Ermənistandakı səfiri Lin Treysi sözügedən mövzu ilə bağlı belə bir açıqlama verdi: “Müharibənin nəticələri hələ ortadan qaldırılmayıb, münaqişə həll edilməyib, Dağlıq Qarabağın statusu müəyyənləşməyib". Fransa səfiri və tərəfdarları da buna bənzər fikirlər səsləndirərək günün reallığını - Türkiyə-Azərbaycan müttəfiqliyinin dərinləşməsi ilə əldə edilə biləcək yeni imkanları görmədi, Minsk Qrupunun yenidən dirildilməsi kimi qısır hədəfə kökləndi, Azərbaycan ərazisində sayı 25 mini keçməyən ermənilər üçün ayrıca status tələb etdi, Bakı üzərində təzyiqi artırmaq yolunu tutdu və münaqişənin davamını gözlədilər. Bu mövqe ancaq ənənəvi türk düşmənliyi və erməni tərəfdarlığı deməkdir.

  Azərbaycan-Ermənistan arasında münaqişə başladığı zaman tarixi türk-müsəlman yurdları olan Göyçə və Zəngəzur bölgələrindən yüz minlərlə azərbaycanlı köçə məruz qaldı. Qərb diplomatları nəyə görə 25 minlik erməni üçün status tələb edə bilir, amma yüz minlərlə Azərbaycan türkünün Göyçə və Zəngəzura qayıtma və dədə-baba torapqlarında yaşama məsələsini dilə gətirmir?

  Məlumdur ki, Ermənistan adlı dövlət çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində əsrlərdir Azərbaycan-türk xanədanlarının yaşadığı İrəvan xanlığı torpaqlarında qurulub. O zaman ermənilər o torpaqlarda o qədər az idilər ki, ərazini tərk edirdilər.  

  Ermənistanın baş naziri Nikol Paşinyan da Qərbin ikili standartı qarşısında qalıb gah Türkiyəyə sülh çağırışı edərək sərhədlərin açılmasını, rəsmi Ankara ilə münasibətlərin şərtsiz normallaşdırılmasını istəyən kimi fikirlər səsləndirib sülhpərvər imici qazanmağa çalışır, gah da Rusiyanın əli ilə, rəsmi Moskvanın ifadə etdiyi kimi, guya regionda hərbi qüvvə tarazlığının təsis edilməsi naminə yenidən silahlanma yarışına girir, sülh sazişini imzalamağı gecikdirərək Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaqdan imtina edir. Ancaq Şuşa və Bakı bəyannamələri ilə artıq regionda yeni hərbi təhlükəsizlik vəziyyəti yaranıb. Bir sıra imperiya gücləri çox istəsələr də, nəticələri dəyişdirmək mümkün olmayacaq. Azərbaycan prezidenti İlham Əliyevin açıq şəkildə ifadə etdiyi kimi, “Rəsmi Bakı sülh təklifini sonsuza qədər masada saxlamayacaq”.

  Dünya da, bölgələr də sürətlə dəyişir. Utopik müstəmləkə xəyallarına uyan ermənilər bir qərar vermək məcburiyyətindədir. Baxaq, görək, Ermənistanın məhdud milli potensiyalı, coğrafiyasının qeyri-məhsuldarlığı, başqa dövlətlərin əlində alətə çevrilməsi, özlərini dibsiz quyunun dərinliyinə yuvarlamaları davam edəcəkmi, yoxsa kin, nifrət və işğalçı niyətləri tərk edib Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri yaradacaqlarmı? Rəsmi İrəvanla birlikdə artıq Qərb ölkələrinin də bu yol ayrıcından çıxaraq qərar vermək zamanları çatıb.   



Әlaqәli Xәbәrlәr