Orta Asiya Respublikaları Başçılarının III Müşavirəsi

Orta Asiya Respublikaları Başçılarının 3-cü müşavirəsi regional məsələlərin müzakirəsi və həlli baxımından çox əhəmiyyət kəsb edir...

1688027
Orta Asiya Respublikaları Başçılarının III Müşavirəsi

 

  2021-ci ilin 5-6 avqust tarixlərində Türkmənistanın Avaza turistlik bölgəsində Orta Asiya Respublikaları Başçılarının 3-cü müşavirəsi keçirildi. Yığıncaqda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri, eləcə də BMT-nin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi iştirak edirdi. Müşavirədə Orta Asiya ölkələrinin ətraf mühit, iqtisadiyyat, nəqliyyat kimi sahələrdəki problemləri və Əfqanıstandakı vəziyyət ayrıntılı şəkildə müzakirə olundu.

  Yığıncaqda Özbəkistan prezidenti Şavkat Mirziyoyev Daşkənddə Regional Parlamentlər Forumunda tənzimləmələr təklif etdi, Qazaxıstan prezidenti Kasım Comart Tokayev Trans Xəzər Dəhlizinin məhsuldarlığının artırılmasının əhəmiyyətinə toxundu. Sonda ölkə başçıları Ortaq Bəyanat imzaladılar.

  Orta Asiya dövlətləri başçıları daha sonra sərgi sahəsinə keçərək bölgə ölkələrində istehsal olunan məhsulların sərgisini gəzdilər. Sərgidə 5 ölkədən 250 şirkət iştirak edirdi. Burada Orta Asiyaya xas milli yeməklərin sərgisi də oldu.

  Müşavirə çərçivəsində Avazada Orta Asiya İqtisadiyyat Forumu keçirildi. Forumda əlaqədar ölkələrin nazirləri, təşkilat sədrləri, biznesmenlər iştirak etdi. Müxtəlif mövzuda iclasların keçirildiyi tədbirin sonunda bəyanat qəbul olundu, forum çərçivəsində 85 müqavilənin imzalandığı bildirildi.

  Avqustun 6-da Avazada Mərkəzi Asiya Qadın Liderlərinin Dialoq Toplantısı keçirildi. Yığıncaqda parlamentlərin qadın nümayəndələri  və BMT təmsilçisi iştirak etdilər.

  Tədbirlər çərçivəsində respublika başçıları və nazirlər səviyyəsində çox sayda ikili görüşlər keçirilib.

  Xatırladaq ki, Tacikistan prezidenti İmamali Rəhman avqustun 3-də Türkmənistana rəsmi səfərə getmişdi. İki ölkə başçısı ikitərəfli və regional məsələlərdən danışmışdı. Görüşdən sonra 19 müqavilə imzalanmışdı. Amma maraqlıdır ki, İmaməli Rəhman İran prezidenti İbrahim Rəisinin 5 avqustda reallaşan andiçmə mərasimində iştirak etməyib.

  Orta Asiya Respublikaları Başçılarının 3-cü müşavirəsi regional məsələlərin müzakirəsi və həlli baxımından çox əhəmiyyət kəsb edir. Bölgənin ümumi maraqları naminə böyük dövlətlərə qarşı ortaq siyasi mövqe formalaşdırmadan, beynəlxalq terror, narkotiklə mübarizə və bu kimi mühüm mövzularda əməkdaşlıq etmədən Orta Asiya dövlətlərinin güclənməsi, toxunulmazlığı mümkün deyildi. Bu məzmunda yığıncaqda qərara bağlanan Mərkəzi Asiya Sənayeçilər və Təşəbbüskarlar Keneşinin (şura) yaradılacağı təşəbbüsü də əhəmiyyət kəsb edir. Bundan başqa, bölgə ölkələri sərhəddə ortaq ticarət bölgələri yaratmaq üçün də razılığa gəliblər.

  Dövlət başçılarının peyvənd sertifikatlarını qarşılıqlı tanıma, ortaq viza ilə gəzmə, turist bölgələrini yaratmaq cəhdləri də təqdirəlayiqdir.

  Orta Asiya ölkələri həm Şərq-Qərb, həm də Cənub-Şimal istiqamətində tranzit bölgə potensialını tam olaraq istifadə edə bilmir. Artıq yığıncaqda danışılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu və Məzari-Şərif-Qabil-Peşavar dəhlizinin inşaası bu sahədə bölgə ölkələrinin potensialını artıracaq. Ayrıca Xəzər limanlarının daha təsirli istifadəsi də bölgənin nəqliyyat sisteminin inkişafına təsir edəcək.

  Müşavirə gündəminin əsas mövzularından biri də Əfqanıstanla bağlı idi. Orta Asiya liderləri birlik olmadan Əfqanıstandan gələ biləcək hər hansı təhlükəni zərərsizləşdirə bilməyəcəklərini və bölgə sabitliyinin təminatı üçün bu mövzuda həmrəylik nümayiş etdirilməli olduğunu vurğuladılar. Xülasə, Orta Asiya Respublikaları Başçılarının 3-cü müşavirəsi çox məhsuldar keçdi və əhəmiyyəti ilə tarixə yazıldı.



Әlaqәli Xәbәrlәr