Ərzurum Konfransı gələcək Türkiyə Respublikasının əsasını yaradıb

Türkiyə Respublikasının qurulmasının mühüm əsaslarını yaradan Ərzurum Konfransından 102 il ötür.

1679314
Ərzurum Konfransı gələcək Türkiyə Respublikasının əsasını yaradıb

Türkiyə Respublikasının qurulmasının mühüm əsaslarını yaradan Ərzurum Konfransından 102 il ötür. Ötən dövrdə bu konfransın məram və məqsədləri barədə geniş araşdırmalar aparılıb. Alimlər və siyasətçilər birmənalı olaraq ifadə edirlər ki, Ərzurum Konfransı Osmanlı torpaqlarını bölüşdürməyə səy göstərən böyük güclərin mənfur niyyətlərinin qarşısını almaqla bərabər bölgəyə sülh və əmin-amanlıq gətirib.

Məhz Ərzurum Konfransı sayəsində qəhrəman türk xalqı Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün ətrafında birləşərək milli-azadlıq mücadiləsinə başladı. Ölkəni bürüyən aclıq və səfalətə baxmayaraq vətənin azadlığı, yadelli istilaçıların torpaqlardan qovulması hər bir vətəndaşın, hər bir ailənin, kəndin və şəhərin müqəddəs amalına çevrildi. Ərzurum Konfransı türk millətinin öz dövlətindən keçməyəcəyi barədə milli iradəni dünyaya nümayiş etdirdi.

1919-cu il iyulun 23-də işə başlayan Ərzurum Konfransı Ərzurum, Sivas, Van, Bitlis, Diyarbakər və Elazığdakı erməni silahlı birləşmələrinin təhlükəsini, eləcə də yunların Trabzon, Rizə, Gümüşhanə, Ordu və Girəsuna olan əsasız iddialarını dəf etmək üçün tədbirlər görmək məqsədi ilə toplansa da gələcək Türkiyə Cümhuriyyətinin qurulmasının mübarizə yolları burada müəyyən edilib.

Ciddi müzakirələr, əsaslı təkliflər, konkret yol xəritələrinin təqdim edilməsi ilə 14 gün davam edən Ərzurum Konfransı milli sərhədlər içində vətən bölünməz bir bütünlükdür, parçalana bilməz; hər cür xarici işğal və müdaxilələrə qarşı millət sonadək özünü müdafiə edəcək və dirəşəcək; vətəni qorumağı və istiqlalı qazanmağı İstanbul Hökuməti bacarmadığı təqdirdə bu missiyanı gerçəkləşdirmək üçün legitim bir hökumət qurtulacaq; bu hökumətin üzvləri milli konfransda seçiləcəklər; Milli Məclisin dərhal toplanacaq və hökumət işlərinin Məclis tərəfindən kontrol edilməsini təşkili üçün çalışacaqdır və s. müddəalar əsasında qərar qəbul edib.

Qeyd edək ki, hələ Birinci dünya müharibəsindən əvvəl Osmanlı dövlət ərazisində məskun olan erməni silahlı birləşmələri vətəndaşı olduqları ölkəyə və dövlətə xəyanət yolu seçərək yerli türk və müsəlman əhaliyə qarşı amansız cinayətlər törədiblər. Xəyanət və törətdikləri ağır cinayətlər erməni millətçi dairələrini elə həvəsləndirmişdir ki, onlar Anadolunun şərqində yerli əhalini kütləvi şəkildə soyqırımına məruz qoyaraq bu bölgələrin boşaldılacağına və gələcək erməni dövlətinin qurulacağına inanırdılar. Ərzurum Konfransının ən böyük uğurlarından biri Anadolunun şərqindəki erməni quldur birləşmələrinin bəşəri cinayətlərinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər oldu. Yerli əhalini bu istiqamətdə səfərbər etmək üçün real addımların atılmasına başlanıldı. Bütün bunlara baxmayaraq, erməni silahlı birləşmələri ağır cinayətlərini davam etdirməkdə idilər.

O, dövrdə erməni millətçilərinin Osmanlı dövlətinə qarşı xəyanət və cinayətləri barədə müəyyən təsəvvür yaratmaq üçün bəzi faktları təqdim edək:

-1989-cu ildə İğdırın Hakmehmet kəndində aparılan qazıntı zamanı aşkar edilmiş kütləvi məzarlıqda 51 yerli türkün cəsədi aşkarlanıb. Kənd sakinlərinin məlumatlarında isə bildirilir ki, 102 il əvvəl erməni vandalların törətdikləri həmin qətliamda 83 nəfər xüsusi amansızlıqla öldürülüb;

-Qarsdakı “Ulu” məscidində törədilən soyqırımı cinayəti nəticəsində erməni silahlı birləşmələri aralarında qadın, qoca və uşaqların da olduğu 360 yerli türkü məscidə dolduraraq diri-diri yandırıblar;

-Arxiv sənədləri ilə təsdiq olunur ki, Osmanlı ordusunda xidmət edən erməni əsilli hərbi həkim zəhərli iynə ilə 1915-1916-cı illərdə ən azı 40 türk əsgərini öldürüb. Erməni həkim məhkəmədə cinayətini etiraf edərək əməlindən peşman olmadığını ifadə  edib.

Saxta “erməni məsələsi”ndən doğaraq türk xalqına qarşı törədilən erməni cinayətləri o qədər geniş və amansızdır ki, bunlar haqqında sadəcə yuxarıda qeyd etdiyimiz 3 fakt əsasında aydın təsəvvür yaratmaq mümkünsüzdür. Bu müqayisəni aparmaqda məqsədimiz Ərzurum Konfransının gündəliyində mühüm məsələ kimi yer alan erməni silahlı birləşmələrinin davam etdirdikləri cinayətlərin qarşısının alınması barədə qərarın nə qədər mühüm olduğunun izahını verməkdir. Əsasən 1914-cü ildən başlayan erməni cinayətləri 4-5 il sonra Anadolunun şərqində türk-müsəlman əhaliyə qarşı ağır soyqırımı cinayətlərinə çevrildi. Bunu cinayətlərin ən ciddi təsdiqi İğdır, Qars, Ərzurum və digər vilayətlərdə üzə çıxmarılması davam etdirilən kütləvi məzarlıqlardır. Sonra bir mühüm məsələni də qeyd etməliyik ki, nə Anadoluda, nə Qafqazda, nə də İranın Şərqi Azərbaycan vilayəti daxil olmaqla Araz sahili bölgələrində, nə də ki, indiki Ermənistanda ermənilərə aid kütləvi məzarlıq aşkarlanmayıb. Adı çəkilən bölgələrdəki üzə çıxan kütləvi məzarlıqlar türk-müsəlman əhaliyə aiddir.

Dr. Sabir Şahtaxtı



Әlaqәli Xәbәrlәr