15 iyul xain çevriliş cəhdi və Türk Dünyasının FETÖ ilə mübarizəsinin önəmi

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “15 iyul xain çevriliş cəhdi və Türk Dünyasının FETÖ ilə mübarizəsinin önəmi” başlıqlı yazısı

1675152
15 iyul xain çevriliş cəhdi və Türk Dünyasının FETÖ ilə mübarizəsinin önəmi

Uzun illər boyu davam edən planlı bir strategiya, açdıqları təhsil yuvaları üzərindən hazırladıqları  beyin və ruhları ələ keçirilmiş nəsillərlə ordu, təhlükəsizlik bürokratiyası başda olmaqla Türkiyə və bütün Türk-İslam aləminin dövlət qurumlarına sızaraq  qərar verici mexanizmlərə hakim olmaq,  cəmiyyətin müxtəlif təbəqələrini hörümçək ağlarının içinə çəkmək  istəyən FETÖ-nün  necə  təhlükəli bir  təşkilat olduğu 15 İyul xain çevriliş cəhdiylə açıq bir şəkildə ortaya çıxdı. Xarici imperialist dairələr tərəfindən himayə edilən bu təşkiat, tarixi etibariylə geniş coğrafiyalarda möhkəm  bağları bulunan,  marka dəyəri olan Türk adı, Türk məktəbləri üzərindən şəbəkələşərək  fəaliyyətini ildən ilə  genişlətmiş,   qlobal miqyasdakı hədəflərini həyata keçirə bilmək üçün əvvəlcə Türkiyə dövləti və  iqtidarını ələ keçirməyi  başlıca vazifəsi olaraq görmüşdür.  

Sovet dövlətinin dağılması iki qütblü dünya reallığının da sonunu gətirmiş, Türk Dünyası müstəqilliyini əldə etmiş, geopolitik anlamda da Türkiyənin önündə böyük imkanlar açılmışdı.  Belə siyasi şəraitdə nəhəng bir mədəniyyəti təmsil edən, strateji bir coğrafiyada yerləşən, soydaş,  dindaş və əqraba  arealıyla bütünləşmə ehtimalında qlobal aktyor kimi varlıq göstərmə potensiyalı  yüksək olan və  tarix boyu dünyanın müxtəlif coğrafiyalarında böyük imperatorluqlar qurmuş Türk millətinin tək  güclü dövlətinə sahib olan Türkiyənin dünyanın qərar vericilərinin limanlarına dəmirlənməsi  çox daha vacib hala gəlmişdi. Təsvir etməyə çalışdığımız  qlobal  siyasi mənzərə içində  bəslənərək  böyüdülən FETÖ həm daxildən, həm də xaricdən Türkiyənin çevrələnməsi,  nəzarət altına alınması işində ən önəmli instrumentlərdən biri olmuşdur.

Böyük Yaxın Şərq proyektiylə  Suriya və İraq  cəbhəsində  baş verənlər əsas olmaqla terror təşkilatlarına belə meydan açılaraq Türkiyənin milli təhlükəsziliyinə,  ərazi bütövlüyünə təhlükə törədəcək  hadisələr yaşanınca Qərb “müttəfiq”lərinin təhlükəli oyununa qarşı Türk dövlətinin həmlələri başlamış, xüsusiylə  Aralıq dənizinə çıxışı olan terror dövləti qurma planına qarşı ən üst pərdədən etirazlar ortaya qoyulmuşdur. Ərdoğanın liderliyiylə sərgilənən bu milli duruş, onun üzərindən Türkiyəni daha mürəkkəb və çətin bərtaraf edilə biləcək kəşfiyat əməliyyatlarının hədəfi halına gətirmişdir. Ərdoğanın  hakimiyyətdən uzaqlaşdırılaraq daha sözə baxan bir iqtidarla əvəzlənməsi işində əsas vəzifə illər boyu dövlətin müxtəlif strukturlarına yerləşdirilən,  insanların dini duyğularından  istifadə edərək təşkilatlanıb mediadan iqtisadiyyata çox böyük bir güc halına gələn  FETÖ-yə verilmişdir.

MİT böhranı, Gəzi Parkı nümayişləriylə başlayan iğtişaş təşəbbüsü, 17- 25 dekabr əməliyyatı kimi sistemli xarakter alan bütün əməliyatların əsas hədəfi əlbətdə Ərdoğanı iqtidardan endirmək idi. Türkiyənin qlobal aktyor,  müstəqil güc mərkəzlərindən birini təmsil edən ölkə  kimi meydana çıxmasını istəməyən  müstəmləkəçi dairələr daxil və xaricdəki  digər  oyunçularını da hərəkətə keçirmiş,  İstanbul və Ankaranın küçələrində ard-arda bombalar partlamağa başlamışdı. Ancaq Türk dövlətinin  siyasətini müəyyənləşdirənlər bu milli duruşu davam etdirərək  bütün sədləri aşmaqda, sonuna qədər təhlükəsizlik bürokratiyasını FETÖ-dən təmizləməkdə qərarlı olunca ordu içindəki devşirmə şəbəkəsi  ağalarının təlimatıyla Türk xalqıyla onun qəhrəman ordusunu qarşı qarşıya gətirmək üçün son və təhlükəli hücumunu həyata keçirmək istəmişdir. 15 İyul xain çevriliş cəhdi zamanı TBMM binası başda olmaqla dövlət binaları da bombalanmış,  sinəsini sipər edərək  xəyanətin qarşısını almağa çalışan  249 məsum insan şəhid olmuş,  iki mindən çox vətəndaş yaralanmışdır.

15 İyul Qurtuluş savaşından sonra Türk dövlətinin qarşı-qarşıya qaldığı ən ciddi təhlükələrdən biri idi. Ancaq  öncəliklə prezident Ərdoğanın siyasi liderliyi,  dirayəti  sayəsində Türk milləti ordusu,  polisi,  ziyalıları,  gəncləriylə  bütöv halda ayağa qalxaraq dövlətini bu təhlükədən qorumuş,  qibtə oyandıracaq bir milli iradə nümayiş etdirmişdir. Türk xalqı  həm də  demokratiya savaşından qalib çıxmışdır. Çevrilişə cəhd dövrü,  eləcə də FETÖ-nün dövlət və cəmiyyət həyatından təmizlənməsi zamanı meydan çıxan kripto ( gizli) fetöcü qavramı bu təşkilatın sıradan bir təşkilat olmadığını,  onunla mübarizədə dövlət ağlı və bilgisinin vacib olduğunu da ortaya qoymuşdur. İnsan haqları, demokratiya kimi qavramları özünün sevimli şüarına çevirən Qərb dünyasının səssizlik və məyusluq içində Türk millətinin o xain  çevriliş cəhdinin qarşısını necə qəhrəmanlıqla almasını izləməsi də ayrı bir mövzudur.  Sonrakı dövr  Amerika başda olmaqla Qərb ölkələrinin  FETÖ-yə hər cür dəstək verməyə davam etməsi,  xalqın üzərinə atəş açan, hərbi təyyarəylə ölkədən qaçan  xuntaçılara sığınacaq verməsi,  F. Güləni Türkiyəyə təhvil vermək bir yana dursun Amerika və dünyanın fərqli ölkələrindəki məktəblərinə maddi yardımlar etməsi bu şəbəkənin imperiyalzimin uzantısından başqa bir şey olmadığını göstərmişdir. Bu təşkilatlanmanın qlobal  və şaxəli  xarakterini diqqətə aldığımızda Türkiyəylə paralel olaraq  dünya çapında,  xüsusuiylə Türk-İslam aləmində mübarizənin nə qədər önəmli olduğu da anlaşılmaqdadır. Türk Dünyasının daha da milliləşməsi,  müstəqilləşməsi üçün FETÖ kimi gizli gündəmlə başqa ölkələrə xidmət edən təşkilatlardan təmizlənməsi şərtdir. Unudulmamalıdır ki, himayəçi mərkəzlərin təziqindən çəkinilərək sözügedən şəbəkəyə qarşı ciddi mübarizə aparılmazsa  zamanında Türkiyədən Türk  Dünyasına yayıldıqları kimi  bu səfər də güclü olduqları Türk dünyasından Türkiyəyə sızmaq, Türk dövlətlərinin qərar alıcı mexanizmlərinə yerləşərək  Türkiyə ilə  əlaqələrin dərinləşdirilməsinə mane olmaq,  Türk Dünyasının birliyini  sabotaj etmək ehtimalı böyükdür.



Әlaqәli Xәbәrlәr