Cənubi Qafqaz və Mərkəzi Asiyada  artan inteqrasiya fonunda yüksələn Türk gücü

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Cənubi Qafqaz və Mərkəzi Asiyada  artan inteqrasiya fonunda yüksələn türk gücü” başlıqlı yazısı

1671677
Cənubi Qafqaz və Mərkəzi Asiyada  artan inteqrasiya fonunda yüksələn Türk gücü

Yeni dünyanın iqtisadi, siyasi cazibə mərkəzinin gedərək daha  aydın bir şəkildə Asiya coğrafiyasına yönəlməsi Türküstan və Cənubi Qafqazın əhəmmiyətini  daha da artırmış, geopolitik dəyişim proseslərini də sürətləndirmişdir. Bu bağlamda Mərkəzi Asiya və Cənubi Qafqaz arasında inteqrasiyanın dərinləşmə imkanı regional və qlobal güc balansına  təsir edəcək mahiyyətdədir. Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazda bütün mənalarda Avrasiyadakı hadisələrdə mahiyyətinə təsir edəcək yeni siyasi vəziyyət əmələ gəlmiş, Şuşa bəyannaməsiylə elan edilən Türkiyə-Azərbaycan hərbi-təhlükəsizlik ittifaqı geniş aspektləri, istiqamətləri olan böyük bir prosesin məntiqi nəticələrindən biri olaraq ortaya qoyulmuşdur. Qarabağ zəfəri Cənubi Qafqazdan Mərkəzi Asiyaya yeni şərait yaratmış, bölgəni kənar qüvvələrin müdaxiləsinə qapalı, əməkdaşlıq və təhlükəsizliyin yaradacağı iqtisadi canlanma regionu halına gətirmə fürsəti sunmuşdur. Birilərinin Çinlə bağlı strategiyasına, qlobal planlarına zidd olsa da region xarici qüvvələrin taşeronu olan, Türkiyənin böyük güc olma hədəfinə müxtəlif manelər təşkil etmək üçün dizayn edilən FETÖ, DAEŞ kimi qruplaşmalara da yeni regional rəsmin içində yer olmayacağını düşünürəm. Türkiyə MİT-in apardığı ardıcıl fəaliyyətlər, Qırğızıstanın yeni rəhbərliyinin də təhlükənin fərqinə vararaq FETÖ-yə qarşı mübarizəyə başlaması nəticəsində bu təşkilatın Orta Asiyadan məsul şəxsi Orxan İnandının həbs edilərək Türkiyəyə götürülməsi yeni dövrün istiqamətləri, xarakteriylə bağlı da mesajlar ehtiva edir.

NATO və dünyanın  əksər siyasi mərkəzlərinin gündəmini işğal edən əsas mövzulardan biri kimi Əfqanıstanın gələcəyinin necə şəkillənəcəyi,  Talibanın yenidən yüksəlişinin hansı nəticələr doğuracağı, Çinlə strateji rəqabəti də diqqətə alaraq Amerikanın burada izləyəcəyi siyasətin kontrlarının nə olacağı müzakirə edilirkən Türk İslam dünyasının  mərkəzində Azərbaycan-Türkiyə -Pakistanın yer aldığı Asiya yüksəlişi də davam edir. İstər ticarət yolları, komunikasiyalar istərsə də Çindən Avropaya uzanan güzərgah ölkələrindəki stabillik və təhlükəsizliyin təmin edilməsində Türkiyənin liderlik etdiyi Türk gücünün rolu daha da artmaqdadır.  Rusiya və İran kimi dövlətlərin də gedişatı diqqətlə izlədiyi, bölgədəki  təsir rıçaqlarını  daha da  sağlamlaşdırıp  yeni oyunlar quraraq milli maraqları çərçivəsində proseslərə yön verməyə çalışacağı, Çin və əsas rəqibi olan Amerikanın istər Mərkəzi Asiyada istərsə də qurulan strateji Pakistan-Əfqanıstan-Türkmənistan-Azərbaycan-Türkiyə xəttində  maraqlarının toqquşduğu da unudulmamalıdır. Bu geopolitik kontekstdə Əfqanistan məsələsi qədər Azərbaycan-Ermənistan münasibətlərinin seyri, bölgədə sülh və əməkdaşlıq mühitinin təmin edilməsi, Zəngəzur dəhlizinin açılması da önəmlidir.

NATO hərbi koalisyasının sürətlə Əfqanıstanı tərk etməsi nəticəsində formalaşan siyasi şəraitdə Türkiyə və Pakistan kilid oyunçu kimi ön plana çıxmaqdadır. Əlbətdə ABŞ-ın ağır maliyyə yükü altında hərbi-siyasi məğlubiyyət olaraq da görə biləcəyimiz Əfqanıstan çəkilməsi və ya uzun sürən danışıqlar nəticəsində Talibanla hansısa razılaşma əldə edərək bu qruplaşmanın faktiki olaraq hakimiyyətə gedən yolunu açmasının altında yatan səbəblər, Çin-Əfqanıstan münasibətlərinin gələcəyi ayrı bir analizin mövzusudur. Lakin istənilən halda yeni dövrün şərtlərini böyük ölçüdə Ankara və İslamabadın şəkilləndirəcəyi, hər iki ölkənin də Taliban başda olmaqla müxtəlif  Əfqan etnik-dini qruplarıyla  sıx əlaqələrinin olduğu  da bəllidir. Azərbaycanın da tarixi kültürəl, siyasi mənada Əfqanıstanla çox yaxın münasibətlərinin olduğu, Əfqanıstanla birbaşa sərhədi olan Türkmənistanla Xəzərdəki  problemini həll edərək əlaqələri gücləndirdiyi, Türkmən dövlətinin də Türk Dövlətləri Şurasına üzvlüyə hazırlaşdığı    bilinməkdədir. NATO Kabil beynəlxalq havalimanının işlədilməsi, təhlükəsizliyi məsələsində Ankaraya ümid etməkdə, Qərblə konfrantasiya halında olan Moskva da geniş coğrafiyalarda Türkiyə ilə əməkdaşlığı dərinləşdirilməyi arzu etməkdə, üstəlik Pakistanın da Rusiyanın NATO-su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müşahidəçi qismində üzv olmasıyla bağlı istəyi dilə gətirilməkdədir. Azərbaycan prezidenti İ. Əliyevlə Pakistan  Quru Qoşunları komandanı Q. Bacvaninin Bakıda keçirilən görüşündə pakistanlı generalın "Sizin bir millət iki dövlət dediyiniz Türkiyə bizim də qəlbimizə çox yaxındır, dünyada ən güclü əlaqələrimiz Türkiyə ilədir " deyərək üçlü ittifaqın bölgə üçün hədsiz imkan yaratdığını bəyan etməsi, Qarabağ zəfəri sonrasında hər üç qardaş ölkənin bayraqlarının Bakı küçələrində yan-yana dalğalanması regionda hesapları olan dövlətlər üçün ciddi mesajlar ehtiva etməkdədir.



Әlaqәli Xәbәrlәr