ABŞ-İran bilək güləşi

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) xarici siyasət üzrə eksperti Can Acunun sözügedən bu mövzuda “ABŞ-İran bilək güləşi” yazısını təqdim edirik

1672023
ABŞ-İran bilək güləşi

 

  Amerika Birləşmiş Ştatlarında seçkilərdən sonra Co Baydenin iqtidara gəlməsiylə müsbət irəliləməsi gözlənilən ABŞ-İran münasibətləri nüvə müzakirələrinin tıxanmasıyla durdu, üstəlik İraq və Suriya cəbhələrində qarşıdurmalara çevrilməyə başladı; İran ABŞ hərbi bazalarını hədəfə alır, Amerika isə birbaşa İran qüvvələrini bombalayır. İki ölkənin çəkişməsi bölgəni içinə çəkərək qarşıdurmaları artırır.     Sabiq prezident Donald Trampın dövründə ABŞ-ın İran siyasəti addım-addım sərtləşdi, sonda İrana qarşı "maksimum təzyiq"ə çevrildi. ABŞ nüvə müqaviləsindən çıxdı, İrana qarşı iqtisadi sanksiya və embarqolar qoydu, bu ölkənin neft ixracatına heç bir şəkildə icazə verilmədi. İraq-Suriya-Yəmən xəttində İrana qarşı olan qüvvələr dəstəkləndi - İsrail və Körfəz ölkələriylə birgə yaradılan koalisiya ilə İran üzərindəki təzyiq get-gedə artırıldı. İranın Qüds qüvvələri komandiri Qasım Süleymaninin öldürülməsi və İranın hərbi silsilə cavabları ilə iki ölkə həqiqi savaşın eşiyinə gəldi. Co Baydenin ABŞ prezidenti seçilməsiylə İran əleyhinə  bu koalisiya ləğv edildi, Amerikanın İran siyasətində bir yumşalma hiss olundu. İranla nüvə müzakirələri yenidən başlandı və iki dövlət arasında müsbət abu-hava meydana gəldi. ABŞ-ın Yəməndəki döyüşə dəstək qüvvələrini çəkməsi də bu vəziyyətə təkan verdi.

  Ancaq tərəflərin yenidən güzəşt etməyən mövqeləri nüvə müzakirələrini təkrar tıxadı və iki ölkə arasındakı gərginlik artmağa başladı. İsrail və Körfəz ölkələrinin Amerikadakı lobbi fəaliyyətləri də bu vəziyyətə təsir etdi. Nəhayət, xüsusilə İraqda tərəflər böyük bir güc mübarizəsinə girdi. İranın Haşdi Saabi şiə milis qüvvələri ABŞ bazaları və konvoylarını hədəfə almağa başladı. Amerikanın istifadə etdiyi Erbil hava və Ayn əl-Əsəd hərbi bazaları kimi yerlər tez-tez raket mərmisi və bomba yüklü dronlarla atəşə tutuldu. Amerika Birləşmiş Ştatlarının bölgədəki hərbi qüvvələri hava bombardmanlarıyla İran milislərinə cavab verdi. İki ölkə və hər birinin tərəfdarları arasında yaşanan bu qarşıdurma Suriyaya da sıçradı. İran milisləri Deir Ezzorun şərqindəki əl-Omar neft quyusu bölgəsində olan ABŞ hərbi bazasına pilotsuz uçan aparatla (PUA) hücum etdi, Amerika da Elbu Kamal bölgəsindəki milislərin qərargahını bombaladı.

  İndi əsl sual budur ki, tərəflər qarşılıqlı olaraq bu qarşıdurmaları nə qədər davam etdirəcək? İran və ABŞ həm nüvə müzakirələrinin yoluna düşməsini istəyir, həm də meydanda hərbi üstünlük mübarizəsi aparırlar. Bunun zülmünü isə İraq və Suriya kimi ölkələr çəkir. ABŞ-ın Orta Şərqdən tədricən geri çəkilmək istədiyi dövr İrana sanki cəsarət verir. İsrail və Körfəz ölkələri isı iki ölkə arasında öz istədikləri rolları oynamağa çalışırlar.   



Әlaqәli Xәbәrlәr