“Miatsum”un iflası

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Miatsumun iflası” başlıqlı yazısı

1667395
“Miatsum”un iflası

Azərbaycan ordusunun mütləq zəfəriylə nəticələnən ikinci Qarabağ Müharibəsi təkcə Ermənistan daxilindəki siyasi-iqtisadi, hərbi böhranı dərinləşdirmədi eyni zamanda regionun tarixi reallıqları, Erməni xalqının demoqrafik imkanlarıyla üst-üstə düşməyən, öz imperyalist məqsədləri üçün erməni kartından Türk millətinə, Azərbaycana qarşı istifadə edən dövlətlərin uydurduğu Böyük Ermənistan, “Miatsum” kimi fikirlərin də  iflas etməsinə, erməni xalqının uydurulmuş tarix yalanları yerinə acı da olsa əsl həqiqətlərlə tanış olmasına da səbəb oldu. Bilindiyi kimi milliyətçi Yunan siyasi dairələrinin Kıbrıs adasının Yunanıstana birləşdirilməsini amaçlayan "Enosis" fikrinin oxşarı olan “Miatsum” da Azərbaycan və Türkiyə torpaqlarının ilhaq edilərək Ermənistana birləşdirilməsini əsas hədəf olaraq müəyyənləşdirmiş, Çarlıq və Sovet Rusiyasının dəstəyiylə İrəvan və Zəngəzur torpaqları Türk Müsəlman əhalidən təmizlənərək erməniləşdiriləndən, ardınca 90-cı illərdə Qarabağın Ermənistan tərəfindən işğal edilməsindən sonra erməni cəmiyyətində bu xülyaya inananların sayısı çoxalmışdı. Ancaq  tarixin müəyyən bir dövründə geopolitik təlatümlər nəticəsində müvəqqəti olaraq geri çekilmə və ya toparlanma mərhələsinə daxil olmuş Türkiyə və Azərbaycanın  bu mövqeyi səhv anlaşılmış, Türk millətinin  Avrasiyanın oyun qurucu güclərindən biri olduğu unudulmuş, ağalarının təşviqi və  şovinist həvəslərlə  böyük Türk arealına qarşı işğalçılıq siyasəti aparmağa başlayan balaca Ermənistan baltanı daşa vurmuş, tarixi düşmənçilik siyasətini davam etdirmənin Ermənistan dövlətçiliyinin də iflasını gətirəcəyi anlaşılmışdır. Sadəcə son yüz il boyunca Cənubi Qafqazda baş verənlərin dərindən  incələnməsi Daşnaqsütün başda olmaqla erməni millətçilərinin  sarıldıqları utopik fikirlərin  regiona ancaq qan və gözyaşı gətirdiyi də görüləcəkdir. Son seçkilər bu durumun erməni xalqı tərəfindən də artıq qavranılmağa başlandığını ortaya qoymuşdur.

   Prezident İ. Əliyev  ordu günündə  Azərbaycanın müzəffər  hərbçiləri  önündə çıxış edərkən  Ermənistanın təcrid və böhrandan xilas olmasının,  regionda stabillik və sülhü təmin etmənin yeganə istiqamətini də göstərmiş, Erməni dövlətini bu tarixi fürsəti qaçırmamağa çağırmışdır. İ.Əliyev açıq bir şəkildə ifadə etmişdir ki, artıq Dağlıq Qarabağ məsələsi deyə bir məsələ yoxdur,  Ermənistan ancaq Azərbaycan və digər qonşularının ərazi bütövlüyünü  tanıyaraq, Dağlıq Qarabağ ifadəsini belə unudaraq öz gələcəyini qurmalı,  paralel olaraq  Azərbaycan- Ermənistan sərhədlərinin demilitasiya ve demarkasiya işləri həyata keçirilməlidir. 10 Noyabr sazişinin başlıca maddələrindən biri olan Zəngəzur dəhlizinin açılması yönündə də işlərə başlanmalıdır. Bu durumun alternativi yəni “miatsum” və revanşizm xəttini davam etdirmək, xarici mərkəzlərinin region siyasətinin könüllü aləti olmaq Ermənistan üçün intihardır.   Qarabağ zəfərindən sonra müasir silah təhcizatı,  ordu birliklərinin  çevik idarə olunması, hərbi təlimlərin daha da  genişləndirilməsi baxımından hər gün bir az daha güclənən, dünyanın ən böyük ordularından biri olan qardaş Türkiyə ordusuyla inteqrasiyasını dərinləşdirən, lazım gəldikdə tək ordu kimi hərəkət etmə qabiliyyəti qazanan, nüvə dövləti Pakistanla hərbi əməkdaşlığı artıran Azərbaycanın mesajları regionu Ermənistanın da faydasına olan sülh və əməkdaşlıq regionuna çevirməyə yönəlikdir.  Bu çağrışlara cavab vermək, Azərbaycan və Türkiyə ilə normallaşmaya getmək  yerinə  Ermənistan Təhlükəsizlik Şurasını təmsil edən Qriqoryan kimi şəxslərin  demarkasiya və demilitasiya prosesi boyunca Ermənistanın Azərbaycanla olan sərhədlərini Rusiya hərbiçilərinin qoruyacağı yönündə bəyanat səsləndirməsi, Zəngəzurda Rusiya və ya Çin  hərbi bazalarının qurulmasıyla  bağlı üst səviyyədəki bürokratlar tərəfindən  dilə gətirilən fikirlər Erməni dövlətinin müstəqil olmamasıyla bağlı fikirlərin daha da kökləşməsindən başqa bir şeyə xidmət etməyəcəkdir.  Bu tip açıqlamalar Şuşa Müttəfiqlik  Bəyənnaməsinin  ruhunu anlamamaq, qlobal gücə çevrilən Türkiyənin geniş regionlarda artan rolunu, Amerikadan Rusiyaya  müxtəlif güc mərkəzlərinin Ankarayla əməkdaşlığa can atdığını, Azərbaycanın artıq Cənubi Qafqazın kilid ölkəsi, cazibə mərkəzi halına gəldiyini  görməmək mənasına da gəlir. Hazırkı geopolitik reallıqlar, hər iki ölkənin milli maraqları Türkiyə ilə Rusiyadan kəskin qarşıdurma deyil, əməkdaşlıq və uzlaşmanı ön plana çıxarmalarını tələb edir ki, bir neçə ildir Suriyadan  Qafqaza biz də  bu mənzərəni görürük. Zəngəzurda Rusiya hərbi bazasının açılması və ya Ermənistanın Azərbaycanla  sərhədlərinin Rusiya ordusu tərəfindən qorunması və Zəngəzur dəhlizini açmamaq məsələsinin qarşılığı Qarabağda Türkiyə hərbi varlığının artırılması,  Laçın dəhlizinin  də Azərbaycan tərəfindən bağlanmasıdır.  Azərbaycan ordusu öz ərazi bütövlüyünü silah gücüylə təmin etmək iqtidarında olduğunu dosta da düşməmə də nümayiş etdirmişdir. Erməni xalqına fəlakətlər gətirən “Miatsum” fikri iflas etmişdir. Ölkələr bir- birilərinin ərazi bütövlüyünü  tanıyacaq.  Sülh yoluyla yoxsa silah gücüylə artıq bu məsələdə seçim Ermənistanındır.



Әlaqәli Xәbәrlәr