Ermənistan seçkiləri və  Paşinyanın qələbəsi

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Ermənistan seçkiləri və  Paşinyanıın qələbəsi” başlıqlı yazısı

1663245
Ermənistan seçkiləri və  Paşinyanın qələbəsi

44 günlük Qarabağ müharibəsini həm hərbi-siyasi, həm də diplomatik- informasiya  kontekstində uduzan N. Paşinyanın seçkilərdən böyük bir fərqlə qalib çıxması Azərbaycan ordusunun mütləq zəfərinin yaratdığı yeni geopolitik durumun erməni cəmiyyəti üzərindəki təsirinin  anlaşılması baxımından da mühüm bir hadisə olmuşdur. Nəticələr Paşinyana Türkiyə və Azərbaycanla normallaşmaya gedərək ölkəsi və region üçün  müsbət proseslərə, əməkdaşlığa təkan vermə imkanı sunmuş, R. Köçəryanın timsalındakı müharibə tərəfdarlarının, revanşist millətci cəbhənin, tarixi erməni şovinizminin əsas mərkəzlərindən olan Daşnaksütun və Eçmiədzin kilsəsinin Ermənistandakı təsirinin də azaldığını göstərmişdir. Xocalı canisi, Yerevanda təkrar hakimiyyət rıçaqlarını ələ keçirmək üçün hərəkətə keçən keçmiş prezident R. Köçəryanın timsalında bu seçkilərin uduzanları arasında Rusiya bürokratiyası və mediasının kilid nöqtələrinə yerləşərək önlərinə çıxan hər fürsətdə Türkiyə və Azərbaycanla Rusiyanı qarşı-qarşıya gətirməyə çalışan,  az yaşlı uşaqlarına Türklərdən intiqam almağa səsləyən mahnılar oxutduraraq sosyal mediada paylaşmaqdan çəkinməyən M. Simonyan kimi Daşnaq ruhlu erməniləri də qeyd edə bilərik. 

Müharibədəki ağır məğlubiyyətin psixoloji travmasını yaşayan, iqtisadi çətinliklərin pəncəsində inləyən, macərəpərəst şovinist siyasətin Ermənistanı dalana dirədiyini görən erməni xalqı üçün R. Köçəryanın “Hakimiyyətə gələcəyim təqdirdə  Şuşanı, Hadrutu təkrar Azərbaycandan geri alacağam” bəyanatı Erməni dövlətini yeni fəlakətlərə  sürükləyəcək,  reallıqlardan çox uzaq bəyanat olaraq görülmüşdür. Rusiya ilə müttəfiqliyi daha da dərinləşdirməyi özünün əsas xarici siyasət prioriteti elan edən R. Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun məğlubiyyətin əsl səbəblərini araşdırmaq əvəzinə nəticələrə etiraz edərək geopolitik meyillərə eyham vurub beynəlxalq müşahidəçiləri seçki saxtakarlıqlarına göz yummaqda ittiham etməsi də ayrı bir nüansdır. Halbuki MDB müçahidəçiləri də seçkilərin şəffaf və demokratik bir şəraitdə keçdiyini, nəticələrə təsir edəcək ciddi saxtakarlıqların olmadığını bəyan etmişdir. Nə hikmətsə Köçəryan blokunun açıqlamasında MDB müşahidəçilərinin mövqeyi görməməzlikdən gəlinir. Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın seçkilərdən sonra ortaya çıxan mənzərəyə, antoqanist xarakter alan yeni iqtidar-müxalifət konfiqurasiyasına da diqqət çəkən “Təssüf ki, bir müddət keçdikdən sonra biz hamımız Ermənistanda böhranın daha da dərinləşməsi həqiqətiylə qarşılaşmış olacağıq. Sosyal- siyasi böhran, iqtisadi çətinliklər artacaq, ölkəni tərk edənlərin sayı çoxalacaq, daxili siyasi gərginliklər fonunda geopolitik sınamalarla da qarşı-qarşıya qalacağıq” sözləri Ermənistandakı yeni siyasi durumun başqa bir mürəkkəb istiqamətini təsəvvür etmək baxımından önəmlidir. Artıq R. Köçəryan da bu yöndə fikirlər səsləndirərək  Ermənistan daxilindəki böhran prosesinin davam etdiyini, bir müddət sonra yenidən  növbədənkənar seçkilərin qaçınılmaz olacağını bildirmişdir.

Ermənistandakı aparıcı siyasi qüvvələrin əsasən xarici dairələrə bağlı şəxslər olduğunu, regionda gedən geopolitik mübarizənin seyrinə görə mövqe müəyyənləşdirəcəklərini də diqqqətə alsaq bu bağlamda Ermənistanı heç də sakit günlərin gözləmədiyini ifadə edə bilərik. Rusiyada yaşayan erməni məmur-oliqarxların bütün gücləriylə R. Köçəryanın qələbəsi üçün çalışdığı, məğlubiyyəti asanlıqla həzm etmək istəməyəcəkləri də aydındır. Paşinyan ölkəsini yanlış xarici siyasətin gətirdiyi təcrid və iqtisadi-siyasi böhrandan xilas etmək üçün Türkiyə və Azərbaycanla yaxınlaşdıqca müstəmləkə uzantılarının da təlimatla prosesə mane olmaq üçün hərəkətə keçmə ehtimalı böyükdür. Ancaq N. Paşinyanın da siyasətdə o qədər də sadə bir fiqur olmadığı, Qarabağdakı ağır məğlubiyyətə rəğmən seçkini önəmli bir qələbəylə başa vurduğu, xalqın öz taleyini artıq keçmişi qaranlıq korrupsaner oliqarxlara etibar etmək istəmədiyi də bəllidir. Paşinyana dəstək verən erməni xalqının Azərbaycan və Türkiyəylə normallaşma prosesinə nə qədər dəstək olacağı isə zamanla bəlli olacaqdır.



Әlaqәli Xәbәrlәr