Ermənistan seçim qarşısında

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Ermənistan seçim qarşısında" başlıqlı yazısı

1654926
Ermənistan seçim qarşısında

Son günlər Ermənistan ordusuna aid diversiya – kəşfiyat qrupları  Qarabağın işğaldan azad edilən bölgələrinə sızmaq üçün intensiv təşəbbüslər etməkdə, strateji önəmə sahib olan Laçın və Kəlbəcər rayonları əsas olmaqla  Ermənistan-Azərbaycan  sərhəddi  boyu gərginliyi artıran təxribat-pozuculuq fəaliyyətləri həyata keçirməkdən çəkinməməkdədir. Sərhəddə yaşananlar, məğlub edilmiş  Ermənistan ordusunun qalıqlarının hələ də Azərbaycan torpaqlarını tərk etmək istəməməsi və  erməni siyasi liderlərinin Zəngəzur dəhliziylə bağlı açıqlamaları 10 Noyabrda imzalanan atəşkəs müqaviləsinin şərtlərinin pozulduğunu  otaya qoyur.  Artıq Azərbaycan Müdafiyə Nazirliyi ayrı-ayrı vaxtlarda bir neçə belə kəşfiyyat-diversiya qrupunun üzvü olan erməni əsgərlərinin ölkə sərhədlərini qoruyan ordu birlikləri tərəfindən saxlanılaraq həbs edildiyi haqda məlumat yaymışdır. Azərbaycan Televizyası və Azərtac dövlət agentliyinin əməkdaşlarının da içində olduğu avtomobilin Kəlbəcər rayonunun Susuzqluq kəndinə gedərkən yolda 10 Noyabr müqaviləsindən sonra basdırıldığı şübhə doğurmayan minaya düşməsi, iki jurnalist  və bir dövlət məmurunun  şəhid olması,  artan mina  terroru fonunda Ermənistanın minaların xəritəsini Azərbaycana verməkdən imtina etməsinə  Qərb və Rusiyanın  qəribə səssizliyi də başqa bir məsələdir. Unudulmamalıdır ki, regionda  arzulanan normallaşma iqliminə qalıcı sülhə zərbə vuran erməni revanşizminin dəstəklənməsi, siyasi xaos, çevriliş və suiqəsd qorxusuyla yaşayan Ermənistandakı daxili proseslərin təhlükəli xarakteri bütün bölgə üçün mənfi nəticələr doğura bilməkdədir.

Aydındır ki, Türkiyə-Azərbaycan ittifaqı qlobal dəyişikliklər, yeni nizam arayışları və Asiyanın yüksəlişini də diqqətə alaraq ticarət yolları, dəhlizlər baxımından da olduqca əhəmmiyətli olan Cənubi Qafqaz regionunda çox tərəfli əməkdaşlıqdan, qalıcı sülhün təmin edilməsindən yanadır. Ancaq Ermənistanda kök salan müstəmləkə hüceyrələri, müstəqiliyin formal xarakter daşıması, ənənəvi terror siyasəti tərəfdarları və barışmazlıq meyillərinin güclü olması problemləri də artırmaqdadır. Növbədənkənar seçkinin elan edildiyi günlər qələmə aldığımız yazımızda da hakimiyyət mübarizəsinin Köçəryan və Paşinyanın liderlik etdiyi  geopolitik vektorlu qüvvələr arasında gedəcəyini təxmin etmişdik. Seçkilərə  sayılı günlər qala keçirilən rəy sorğuları, Ermənistandakı  siyasi proseslərə yön verən daxili və xarici faktorlarla bağlı durum da mənzərənin bu şəkildə olduğunu ortaya qoyur. Xocalı qatili, Kremlin bölgədəki sadiq fiqurlarından olan R. Köçəryanla erməni şovinizminin əsas mərkəzlərindən olan, yüz ildən artıqdır anti Türk fəaliyyəti, əsdirdiyi terror havasıyla Cənubi Qafqazda əmin–amanlıq və sabitliyin yaranmasının önündə də ən böyük əngəli təşkil edən  Daşnaksutun ittifaq halında seçkilərə getməkdə, Eçmiədzin kilsəsi və iqtisadi cəhətdən ciddi kapitala  sahib  olan Qarabağ klanı adlandırılan klanın təmsilçiləri də qeyri-rəsmi olaraq  bu bloku dəstəkləməkdədir. Bu mənada kilsələri silahlı mübarizə mərkəzləri halına gətirməsi tarixi təcrübəylə sabit olan, revanş çağrışları etməkdən də çəkinməyən Eçmiədzin rəhbərinin rus sülhməramlılarının nəzarəti altında olan Laçın koridorundan keçərək  hələlik erməni çətələrinin işğalı altında bulunan Xankəndinə getməsi, orada erməni əsgərləriylə görüşməsi Azərbaycanın səbr kasasını daşırmaqla birlikdə regiondakı vəziyyətin mürəkəbliyini də ortaya qoymaqdadır. Rəsmi Bakı  Ankarayla da  istişarə halında dərin geopolitik hesablama və strateji səbrlə yoluna davam etməkdə, həssas siyasi şəraitdə Ermənistan daxili proseslərinə də təsir edəcək həmlələrini həyata keçirməkdə, addım-addım bütün Qarabağda hakimiyyətini təsis etmək, sərhədlərdə möhkəmlənmək və işğaldan azad edilən bölgələri yenidən quraraq insanların bir an öncə öz ata-baba yurdlarına dönməsi üçün çalışmaqdadır.  Ağır Qarabağ məğlubiyyətinə baxmayaraq müstəmləkə kodları və erməni şovinizmiylə yoğrulmuş bu ənənəvi cəbhənin qarşısında aparıcı siyasi qüvvə kimi xalq nəzdində reytinqini qoruyan fəqət təhlükəsizlik bürokratiyası və dövlət strukturlarında kövrək mövqelərə sahib olan Paşinyanın Qərblə Rusiyanı balanslaşdıraraq yola davam etmək  istədiyi, tədricilik metodologiyasıyla Ermənistanda Moskvanın təsirini azaltmağa çalışdığı,  Azərbaycanla böyük sülh sazişini imazalamağa meyilli olduğu da sirr deyil.  Seçki ərəfəsində Rusiya prezidenti Putinin Köçəryanla telefon əlaqəsi saxlaması, Rusiya mediasında artan Köçəryan təbliğatı Moskvanın  seçkidə onun qələbəsini arzu etdiyini göstərir. Lakin Amerikanın regiondakı ən böyük diplomatik nümayəndəliyinin də Yerevanda olması Paşinyanın qələbəsi üçün ciddi mərkəzlərin çalışdığı da bəllidir. Seçki nəticələrindən, hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq Azərbaycan  bütün ssenarilərə qarşı  ordusunu gücləndirməkdə, Türkiyə  başda olmaqla müttəfiqləri ilə hərbi-siyasi ittifaqını dərinləşdirməkdədir. Zəngəzur dəhlizinin açılmasına mane olunması, 10 Noyabr sazişinin şərtlərinə uymayaraq Erməni silahlı dəstələrinin qalıqlarının Azərbaycan torpaqlarını tərk etməməsi halında Azərbaycan ordusunun hərəkətə keçərək Laçın dəhlizi üzərində nəzarətini tam bərpa etməsi, Xankəndindəki separatçı qüvvələrə qarşı da anti terror əməliyyatına başlaması  qaçınılmaz olacaqdır.



Әlaqәli Xәbәrlәr