Ermənistan dalan vəziyyətindən çıxa biləcəkmi?

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Ermənistan dalan vəziyyətindən çıxa biləcəkmi?" başlıqlı yazısı

1650316
Ermənistan dalan vəziyyətindən çıxa biləcəkmi?

Seçkilər yaxınlaşdıqca Ermənistan siyasətində təzyiq və qarşılıqlı ittihamların dozası da yüksəlməkdədir. Regionun yeni geopoltik reallığı, ölkənin daxili güc və imkan nisbətiylə örtüşməyən ənənəvi erməni ideologiyasının yaratdığı siyasi dalan vəziyyəti dövlətin bütövlükdə gələcəyini sual altına qoyaraq xarici müdaxilələrə əlverişli şərait yaratmaqda, ölkədəki antoqanizm və qeyri-müəyyənliyi də  gündən-günə artırmaqdadır.  İstər 44 günlük müharibə sonrasında qaçınılmaz bir proses olan Azərbaycan-Ermənistan sərhədlərində demarkasiya və delimitasiya işlərinin aparılması ətrafında qaldırılan süni hay-küy, istərsə də 10 Noyabr sazişinin əsas müddəalarından biri olan Zəngəzur dəhlizinin açılmasıyla bağlı erməni siyasətçilərin  son günlər pozucu, qeyri-konstruktiv mövqe sərgiləməyə başlamalar, Paşinyanın Cənubi Qafqazdakı Rusiya-Türkiyə uzlaşmasının, Ərdoğan və Əliyev tərəfindən təklif edilən çoxtərəfli regional əməkdaşlıq modelinin ruhuna zidd olaraq gah Qərb ölkələrini sərhəd müşahidəçisi qismində regiondakı proseslərə müdaxiləyə çağırması, gah İrandan mədət umması ölkə siyasətinin sürüşkən və macərəpərəst xarakterini göstərməklə birlikdə Ermənistanın müstəqil bir dövlət kimi siyasət apara bilmədiyini də görmək  baxımından önəmlidir.

Bu səbəbdən  NATO toplantısında Gürcüstan və Ukraynanın üzvlüyə qəbul məsələsi də daxil olmaqla bölgənin gələcəyiylə bağlı qəbul ediləcək  qərar və ya uzlaşma modelləri, Bayden-Ərdoğan, Bayden-Putin görüşünün nəticələri, bu görüşlərin Türkiyə-Rusiya münasibətlərinin seyrinə nə şəkildə təsir göstərməsi Ermənistandakı seçki prosesinin nəticələrindən seçki sonrası Türkiyə və Azərbaycanla münasibətlərin tənzimlənməsinə qədər həlledici olacaqdır. İqtidarını qoruya bilmək üçün dəyişkən siyasət izləyən  Paşinyan Qərb və Rusiya arasında dəngəyə oynamaqda, yuxarıda qeyd etdiyim görüşlərin nəticəsi bəlli olana, seçki baş tutana  qədər normallaşmaya, Bakı ilə Yerevanın  bir-birlərinin ərazi bütövlüyünü tanıması şərtiylə imzalanacaq  nihai sülh sazişinə götürəcək addımları ləngitməkdə və ya məsələ ətrafında öz siyasi maraqlarına uyğun təhlükəli həmlələr etməkdədir. Ermənistan hakimiyyətinin sərhəd məsələsi ətrafında sərgilədiyi destruktiv mövqe Ankara və Moskvanı qarşı-qarşıya gətirmək, əldə edilən sazişi pozmaq, Qərbə 'münaqişə həll edilməmişdir, Cənubi Qafqazdakı proseslərdə rol almaq imkanınız vardır' mesajı verərək onlardan dəstək almaq niyətinə hesablanmışdır. Baş nazirin müavini M. Qriqoryanın regionda bütün kommunikasiyaların açılması üçün qurulan üçtərəfli komissiyanın işində Ermənistanın iştirakı dayandırılmışdır bəyanatına da bu prizmadan baxmaq lazımdır. Məğlubiyyət sonrası  təslimiyyətçi, satqın ittihamlarıyla qarşılaşan Paşinyan bu addımlarıyla həm də rəqiblərinin arqumentlərini əllərindən alaraq əlavə divident qazanmağa çalışmaqdadır.  

Fəqət siyasi divident qazanmaq məqsədiylə sərhəd provakasiyasına gedən Paşinyanın Rusiyanın nəzarətindəki KTMT-dən gözlədiyi dəstəyi ala bilməyincə üzünü Qərbə çevirməsi, Paris səfəri zamanı verdiyi mesajlar və Minsk qrupunu təkrar diriltməyə çalışması Ankara-Bakı-Moskva xəttindəki yaxınlaşmanı da artıracaqdır. Paşinyanın Parisdə 10 Noyabr sazişini kağız parçası adlandıraraq bölgədəki heç bir məsələni həll etməmişdir deməsi əminəm ki, hər üç ölkənin qərar vericilərinin də diqqətindən yayınmamışdır. Ermənistan üçün çətin olduğu qədər də mürəkkəb  olan belə geopolitik konfiqurasiya şəraitində keçən bu seçki kampanyası xarici təmayülə görə təsnif edilən, millətindən deyil başqa yerlərdən təlimat alan erməni siyasi qüvvələri arasındakı siyasi ifşa prosesini də sürətləndirmişdir. Daxili siyasi hesaplaşma və iqtidar mübarizəsi üçün hətda  Ermənistan ordusunun, əsgərlərinin də  alət kimi istifadə edildiyi  görülməkdədir. Paşinyanın Ermənistan-Azərbaycan sərhəddində baş verən hadisələr, məğlub erməni ordusunun acınacaqlı vəziyyətiylə bağlı  üsyankar keçmiş qərargah rəisi və  generalları ittiham etməsi, ordunun ölkə sərhədlərini qorumaq yerinə  siyasətlə məşğul olduğunu ifadə etməsi, qarşı tərəfin də Baş naziri ordunun elementar ehtiyaclarını qarşılamamaqla suçlaması bu duruma bariz nümunədir. Seçkilərdə Paşinyanın əsas rəqibi olan keçmiş prezident Köçəryanın da Ermənistan ordusunun məqsədyönlü şəkildə Paşinyan tərəfindən zəyiflədildiyini, artıq sərhədlərini qoruyacaq gücünün belə qalmadığını bəyan edərək Rusiyanı yeganə himayəçi və qurtarıcı qismində təqdim etməsi ölkənin acınacaqlı vəziyyətini təsəvvür etmək  baxımından mühümdür.

Bu mənada Sovet İttifaqının dağılmasından sonra Ermənistanın ilk prezidenti olan, hazırda seçkilərdə iştirak edən Erməni Milli Kongresinə də liderlik eden Levon Ter Petrosyanın açıqlamaları da maraqlıdır. Seçkinin əsas favoritləri olan Paşinyan və Köçəryanı ölkəni vətəndaş müharibəsinə aparan iki antoqanist qüvvə kimi xarakterizə edərək birləşdirici misyayla xalqdan dəstək almaya çalışan, Paşinyanı regionda baş verən siyasi proseslərin mahiyətini idrak etməkdən aciz, intelektual dərinliyi olmayan bir fiqur kimi təsvir edən, Köçəryanın isə yeni fəlakətlərə qapı açacaq müharibə tərəfdarı, revanşist bir siyasətçi kimliyini ön plana çıxaran Petrosyan Azərbaycan və münaqişəylə bağlı illərdir aparılan yanlış və uzlaşmaz siyasəti də tənqid etməkdədir. O, açıqlamalarında regionun tarixi–siyasi reallıqları və Ermənistanın demoqrafik durumuyla uyğunlaşmayan “dənizdən dənizə böyük Ermənistan” xəyalının  da artıq iflas etdiyini ifadə edərək Türkiyə və Azərbaycanla normallaşmanın alternativinin olmadığını da göstərmişdir. Petrosyanın çıxışı  Azərbaycan- Ermənistan münaqişəsinin tarixinə işıq tutmaq, Bakının səbr və uzaqgörən strateji hesablamalar, ağıllı xarici siyasət və güc toplama yoluyla zamanı öz xeyrinə işlədərək necə torpaqlarını işğaldan azad etdiyini anlamaq, Ərdoğan Türkiyəsinin regionda yüksələn rolunun hansı proseslərə zəmin hazırladığını  görmək baxımından da əhəmmiyətlidir. Artıq  tarixi Türk Müsəlman yurdu olan Zəngəzur da daxil olmaqla regionun bütün siyasi və coğrafi yüksəkliklərində Bakının qeydsiz-şərtsiz üstünlüyü qəbul edilməkdə, hakimiyyətə kim gəlirsə gəlsin seçki sonrası formalaşacaq Ermənistan rəhbərliyinin bu reallıqları nəzərə alaraq kritik qərarlar vermək məcburiyyətində qalacağı görülməkdədir.



Әlaqәli Xәbәrlәr