Ermənistanda siyasi burulğan davam edir

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Ermənistanda siyasi burulğan davam edir" başlıqlı analitik yazısı.

1612218
Ermənistanda siyasi burulğan davam edir

Müxalifət cəbhəsinin seçkiyə Baş nazirin istefasını istəyərək getmək tələblərinə cavab, yenə özünə məxsus interpritasiya ilə Armavir vilayətinin Araqats kəndində seçicilərlə görüşən  Nikol Paşinyandan gəldi. O, hakimiyyətdən getmək üçün yox, növbədənkənar seçkilərin qanunvericiliyə uyğun keçirilə bilməsi naminə aprel ayında istefa verəcəyini, lakin Baş nazirin səlahiyyətlərini də icra etməyə davam edəcəyini bəyan etdi.  Aydındır ki, Ermənistan kimi sözdə müstəqil və stabilliyin kövrək olduğu, siyasi institutlar və anlayışların tam təşəkkül etmədiyi, dövlətçilik və qanunların aliliyi anlayışının oturuşmadığı, xarici müdaxilələrə də açıq olan ölkələrdə iqtidar ricaqlarına sahib olaraq seçkilərə getmək istənilən siyasi qüvvə üçün ayrıca bir üstünlük təmin etməkdə, şiddətlənən hakimiyyət mübarizəsi fonunda kritij önəm qazanmaqdadır. Məhz bu səbəbdən başından bəri Ermənistanın revanşist müxalifəti Paşinyan Qarabağdakı məğlubiyyətin etirafı olan 10 Noyabr sazişinə imza atdığı  gündən onun   istefasına nail olub sonra yeni seçkilərə getmək istəməkdə, beləcə öz nəzarətlərində bir seçki prosesinin aparılmasını arzulamaqdadır. Ancaq görsənən odur ki “istefa” açıqlamasıyla Baş nazir, ilk günlərdən yetəri qədər narazı kütləni  meydanlara toplaya bilməyərək  nəyə qadir olduğunu, güc və imkanlarının sərhədlərini nümayiş etdirən müxalifət cəbhəsinin daha bir siyasi arqumentini də əllərindən almaqda, seçki prosesini mümkün olduğu qədər öz üstünlüyü şəraitində aparmağa çalışmaqdadır.

Şübhəsiz ki, bu ölkədə gedən hakimiyyət mübarizəsini geopolitik amillərin təsirini diqqətə almadan analiz etmək mümkün deyildir. Seçkilər yaxınlaşdıqca daxili siyasi qruplaşmalar və konfiqurasiyanın, erməni  kilsəsi başda olmaqla cəmiyyət üzərində təsir rıçaqlarına sahib olan bütün digər quruluş və komitələrin davranış, açıqlama və hər hansı bir mövqe dəyişiminin mərkəzində Rusiya əsas rolu oynamaqla xarici faktor birinci dərəcədə diqqətə alınmalı,  bu fəaliyyətlərin bütöv olaraq regiondakı proseslərin gedişinə, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin seyrinə, Rusiyanın regional maraq və hesablarına, Amerika-Rusiya qarşıdurmasına nə şəkildə təsir edəcəyi əsas götürülməlidir. Növbədənkənar seçkilərə gətirib çıxardan  proseslərin əsas  katalizatoru 44 günlük Qarabağ müharibəsinin nəticələridir. Demək olar ki, erməni siyasətçilərinin bir birinə yönəlik bütün açıqlama və ittihamlarının mərkəzində  də Türkiyə və Azərbaycanla münasibətlərin gələcəyinə dair məsələlər yer almaqdadır.  

Geopolitik vektorlu, son günlərin ən qızğın müzakirələrinə  səbəb olan açıqlamalarından biri də Ermənistan Təhlükəsizlik Şurasının katibi  Armen Qriqoryanın İctimai Televizyaya verdiyi müsahibəsində səslənmiş oldu. Onun Erməni dövlətinin Türkiyəylə münasibətlər kontekstində müharibəyə qədərki milli təhlükəsizlik konsepsiyasının  bəzi tezislərinə yenidən baxma zərurətinin yarandığıyla bağlı fikirləri ətrafında  qızğın müzakirələr yaşanmaqdadır. Qriqoryanın  “əgər biz yolların, dəhlizlərin, sərhədlərin açılmasına gedərək  normallaşma yolunu seçiriksə Türkiyəylə bağlı baxışlarımızı da korrektə etməliyik, yaranan  siyasi vəziyyət həm də Ermənistan və bütün region üçün yeni imkanlar açır, bunu nəzərə almalıyıq” yönündəki sözlərinə ən sərt reaksiyaların Rusiya və diasporanın nəzarətində olan siyasətçilərdən gəlməsi də düşündürücüdür. Moskvanın Qərblə qlobal mübarizəsi bağlamında daha çox Türkiyə və region dövlətləriyə əlaqələrin gücləndirilməsi və inteqrasiyanın  dərinləşdirilməsində maraqlı  olduğunu  vurğulamaqla birlikdə tamamən öz orbitində bir Ermənistan görmək istədiyi,  tarixdən günümüzə  daha çox  ermənilər üzərindən Cənubi Qafqazda varlıq göstərdiyi də bilinməlidir. Heç bir halda  düşmənçilik siyasətinə son verərək Türkiyə və Qərbə yaxınlaşmaq istəyən  bir Ermənistan reallığıyla barışmaq istəməz. Türkiyə və Azərbaycan düşmənçiliyinin diasporanın da varlıq səbəbi olduğu bəllidir. Türkiyə 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinə etiraz olaraq Ermənistanla sərhədlərini bağlamış, işğalçı siyasətin səbəb olduğu  təcrid vəziyyəti Yerevan üçün ciddi siyasi-iqtisadi nəticələr doğurmuşdur. Paşinyanın ardınca onun komandasında yer alan, dövlətin ən mərhəm bilgilərinə sahib olan təhlükəsizlik bürokratiyası təmsilçisinin də Ermənistanın tamamən bir for-post olmasının, dövlətçiliklərinin yox olmasının qarşısını almaq üçün cəmiyyətə həqiqətləri söyləmə ehtiyacı hiss etməsi, Türkiyə ilə münasibətləri normallaşdırmanın alternativinin olmadığını etiraf etməsi  yeni dövr  regional   proseslərin istiqamətini anlamaq üçün də mühümdür.

Paşinyanın qarşısında yer alan əksər siyasi qüvvələrin bu vəya digər şəkildə Ermənistanın köhnə hakimiyyət komandasıyla bağlı, xalqın gözündən düşmüş  şəxslərdən ibarət olması  Gürcüstandakı Qərb yönümlü Saakaşvili iqtidarına son verən  İvanaşvili proyektinə bənzər bir proyekti burada da  gündəmə gətirməkdədir.  Rusiya Erməniləri İttifaqının rəhbəri Putinə yaxınlığıyla da bilinən  erməni əsilli milyarder iş adamlarından Ara Abramyanın seçkilərədə aktiv iştirak edəcəyiylə bağlı bəyanı Ermənistanda ciddi rezonans doğurmuşdur. Onun hələlik  nə şəkildə,  necə bir platformayla, hansı seçki bloku və ya siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak edəcəyi  bəlli olmasa da  resursları etibariylə Paşinyan üçün ciddi problemlər yarada biləcək bir rəqib olacağı da aydındır.



Әlaqәli Xәbәrlәr