Ermənistanda hakimiyyət böhranı

Türk İslam Araşdırmaları Mərkəzi başqanı, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun "Ermənistanda hakimiyyət böhranı" başlıqlı analitik yazısını təqdim edirik.

1594322
Ermənistanda hakimiyyət böhranı

44 günlük Qarabağ müharibəsində Azərbaycan ordusunun mütləq bir qələbə qazanaraq işğal altındakı torpaqları azad etməsi, ardınca Ermənistan dövlətinin məğlubiyyəti qəbul edərək 10 Noyabr müqaviləsinə imza atmaq məcburiyyətində qalması Ermənistandakı daxili siyasi hesablaşmaların dərinləşdirilərək yenidən tənzimlənməsindən  Türkiyə- Azərbaycan, Türkiyə-Rusiya, Rusiya-Ermənistan, Rusiya-Azərbaycan, Ermənistan-Azərbaycan münasibətlərinə qədər bütün regionada yeni geopolitik şərait və konfiqurasiyanın da yaranmasına təkan verib.  Müstəqillikdən bu yana  bütün milli güc amilləri üzrə strateji  güc toplamağa davam edən, qlobal oyun qurucu mərkəzlərin güc nisbətini dəqiq hesab edərək xarici siyasət kursu izləyən, ən önəmlisi qardaş Türkiyə ilə hərbi sahədəki əməkdaşlığı dərinləşdirən Azərbaycan, bu qələbə ilə iki əsrə yaxın bir dövr ərzində Rusiyanın da dəstəyiylə tarixi Azərbaycan torpaqları hesabına genişləmə siyasəti aparan Ermənistan şovinizmini  durdurmuş, Cənubi Qafqazda artıq Türk yüksəlişi dövrünün başladığını elan etmişdir.

Əvvəlki yazılarımızda Çarlıq işğalından sonra imzalanan Türkmənçay müqaviləsiylə birlikdə ermənilərin kütləvi şəkildə xarici ölkələrdən gətirilərək İrəvan Xanlığı, Zəngəzur vilayəti və Qarabağ torpaqlarına yerleşdirilmələrinin təfərruatlarına toxunmuşduq. İrəvan Xanlığı və Zəngəzur torpaqlarında etnik təmizləmə apararaq son nəfərinə qədər Azərbaycan Türklərini öz dədə-baba torpaqlarından köçə məcbur edən Ermənistanın Qarabağda da həyata keçirməyə çalışdığı eyni işğalçı siyasət məğlubiyyətlə nəticələnincə Türk düşmənçiliyindən bəslənən ölkə siyasəti dalana dirənmiş, dövlətçilikləri, regiondakı gələcəkləri müzakirəyə açılmağa başlamışdır. Nəqliyyat layihələrindən energetikaya həyata keçirdiyi önəmli layihələrlə tarixi İpəkyolu güzərgahındakı kilid coğrafi mövqeyini siyasi-strateji üstünlüyə çevirən bir  Azərbaycanla mədəniyyət coğrafiyalarıyla inteqrasiyasını genişləndirərək dünya siyasətində kritik bir oyunçu halına gələn, dünyanın ən qüdrətli ordularından birinə sahib Türkiyə reallığı Rusiyanın da Cənubi Qafqaz siyasətini yeni konteksdə ələ almasına, bu iki ittifaq gücüylə çatışmaq yerinə əməkdaşlıq yolu seçməsinə səbəb olmuş, beləcə Qarabağdakı işğala böyük ölçüdə son verilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilərək ədalətin bərpa edilməsinə, bu yeni siyasi şəraitə ən ağrılı yanaşma Çarlıq və Sovet rejimləri zamanı Azərbaycan toprpaqlarını ələ keçirmək istiqamətindəki fəaaliyyətlərinə şərait yaradılan, başqasının gücünü öz gücü hesab edən, Eçmiədzin kilsəsi və Diasporanın tarixi yalanlarıyla bəslənən erməni siyasətindən gəlmişdir. İndi məğlubiyyətdən dərs çıxardaraq, dünyada və  Avrasiyada baş verən prosesləri doğru təhlil edərək, Türkiyə və Azərbaycana qarşı əsassız torpaq iddialarından vaz keçib normal qonşuluq münasibətlərinə geri dönərək müstəqil dövlət kimi regiondakı sülh və əməkdaşlıq mühitindən pay almaq və ya  revanşist yanaşmalarla özünü müstəmləkə qaranlığına məhkum etmək Ermənistan siyasətinin önündə duran  ən önəmli seçimdir. Ancaq ölkə siyasətində gündən-günə dərinləşən böhran, dalana dirənmişlik vəziyyəti göstərir ki, Ermənistan  dərin bir daxili  hesablaşmadan keçərək, başdan düymələri səhv bağladığı yönündəki həqiqəti qəbul edərək, şokdan ayılaraq, min illər boyu xoşgörüşü və ədalətiylə coğrafiyanın şərəf tarixini təmsil edən Türk millətiylə düşmənçiliyə davam etmənin ona heç bir şey qazandırmayacağını görərək yeni regional siyasət paradiqmasına yönələcəkdir.

Nə zamansa  anti-Türkiyə koalisyasının yaranacağına, Ermənistanın da orada yerini alacağına, və ya Türkiyə- Rusiya münasibətlərinin növbəti katakilizm dönəminə girəcəyinə, fürsətdən istifadə edərək Qarabağı yenidən işğal edə biləcəklərinə ümid bəsləyən müxalifət cəbhəsindən, Ermənistanı çıxılmaz vəziyyətə gətirən  keçmiş prezidentlər  R. Köçəryan və S. Sarkisyandan fərqli olaraq  Paşinyan Ankara və Bakıyla düşmənçiliyə davam etmənin, 10 Noyabr müqaviləsində nəzərdə tutulan  şərtləri yerinə yetirməmənin Ermənistan üçün siyasi intihar olacağını yaxşı anlayır. Azərbaycanın “torpaqları sülh yoluyla boşaldın” tələbinə “yeni müharibə - yeni ərazilər deməkdir “ çıxışıyla cavab verən Paşinyan iqtidarı az qala bütün ordusunu itirmək təhlükəsiylə qarşılaşmış, bu gün ona qarşı üsyan bayrağı açan erməni generalları tamamən  yox olmaqdan qurtulmaq üçün israrla məğlubiyyət müqaviləsini imzalamağı Paşinyandan tələb etmişdi. İşğal dövrü Şuşanın Cıdır düzündə yallı oynayan, qondarma Artsax dövlətinin paytaxtını iki il içində Şuşaya köçürəcəyini bəyan edən Paşinyan Azərbaycan ordusunun zərbəsiylə qarşılaşdıqadan  sonra  Şuşanın  bir Türk şəhəri olduğunu da qəbul etmək məcburiyyətində qalmışdır. Ermənistanın geosiyasi küncə sıxışmışlığını,  Moskvaya daha çox bağlanmanın ölkənin gələcəyi baxımından hansı təhlükələrə səbəb olacağını da yenə Qərblə, SOROS-la yaxşı münasibətlər içində olan Paşinyan anlamaqdadır. İndi erməni xalqını şovinizm zəhərindən, müstəmləkə təsirlərindən arındırmanın zamanıdır. Bunun ən ideal yolu da Türkiyəylə dialoqdan, Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq yeni və daha əhatəli bir sülh sazişi imzalamaqdan keçir.

Paşinyan dalana dirənmiş, uzun illər boyu aparılan məqsədli siyasətlə daha çox Moskvaya məhkum edilmiş Ermənistanın çətin siyasi şərtlər içində mövcudluğunu qorumaq üçün Qərblə Rusiya arasında da manevrlər etmək məcburiyyətindədir. Baş nazirin məhz  Rusiyanın ordu günü olan 23 fevralda “İsgəndər” raketləriylə bağlı  Rusiya hərb sənayesinin  imicinə ciddi zərbə sayılan açıqlama verməsi daxili siyasi rəqibləriylə bərabər Moskva ətrafındakı həlqəni daraltmağa çalışan Qərbə də bir mesajdır. Ermənistan generallarının o açıqlamadan sonra hərəkətə keçərək  Paşinyanın istefasını tələb etməsi də düşündürücüdür. Arxasında bir şəkliylə dərin Eçmiədzin qruplaşması və  Köçəryan ilə  Sarkisyanın təmsil etdiyi Rusiyayla daha yaxın olan erməni klanı bulunan Qasparyanla  Amerika dəstəkli Paşinyan mübarizəsinin heç şübhəsiz geopolitik istiqamətləri də vardır. Lakin Rusiya üçün də hələlik Paşinyanın iqtidarda qalması, Ermənistan cəmiyyəti tərəfindən  ağrılı qarşılanacaq sülh müqaviləsinin Qərbyönümlü bir lider tərəfindən imzalanması, daha sonra  sadiq başqa bir fiqurla əvəzlənməsi məqbul variant kimi görsənir. Qarşısındakı cəbhənin  rüşvət və korrupsiya hadisələrində  adları hallanan köhnə məmurlardan ibarət olması da Paşinyana  xalq dəstəyi baxımından  ciddi üstünlüklər təmin edir. Paşinyan 1 mart günü keçirilən, iştirakçıların sayı baxımından müxalifətin meydana topladığı insan sayısından bir neçə dəfə artıq insanın olduğu mitinqində müxalifətə meydan oxuyaraq növbədən kənar parlament seçkisi və konstitusiyaya dəyişikliklə bağlı referandum keçirməyi təklif etməsi onun artıq psixoloji üstünlüyü ələ aldığını, erməni xalqının da yeni geopolitik durumun fərqində olduğunu göstərir. Ermənistan siyasətində növbəti siyasi suiqəsdlər olmazsa,  ordu silah zoruyla hakimiyyəti ələ keçirməzsə Paşinyanın siyasi rəqiblərini  məğlub edərək bu prosesdən uğurla çıxacağı gözlənilir.



Әlaqәli Xәbәrlәr