Qarabağda Azərbaycan-Türk mədəni irsinə qarşı həyata keçirilən vandalizm

Dr. Telman Nüsrətoğlunun Qarabağda Azərbaycan- Türk mədəni irsinə qarşı həyata keçirilən vandalizm başlıqlı yazısını təqdim edirik

1585509
Qarabağda Azərbaycan-Türk mədəni irsinə qarşı həyata keçirilən vandalizm

 

Azərbaycan Xanlıqlarının Rusiya tərəfindən işğal edilməsindən sonra İrəvandan Qarabağa tarixi Türk coğrafiyalarına ermənlərin kütləvi şəkildə yerləşdirilməsiylə birlikdə sadəcə regionun  etno-demoqrafiq xəritəsi dəyişdirilməmiş, Azərbaycanın toponimləri, tarixi - mədəni irsi, memarlıq abidələri, musiqi və incəsənəti də saxtalaşdırılaraq erməniləşdirilməyə çalışılmış, təkzib edilməz tarixi həqiqətlərin işığında buna nail olmaq mümkün olmadıqda isə o torpaqlardakı Türk izlərinə qarşı sözün həqiqi mənasında müharibə elan olunmuşdur. Əsrlər boyu bir Türk xanlığı olaraq siyasi – mədəni varlığını davam etdirən İrəvan Xanlığı ərazilərində monoetnik Erməni dövləti yaradılması proyekti çərçivəsində  Rəvanqulu Xanın tikdirdiyi İrəvan qalası başda olmaqla Səfəvi və Osmanlı dövrlərinə aid olan yüzlərlə türbə, məscid, mədrəsə külliyəsi, karvansara, orta əsrlər dövrünün Müsəlman qəbristanlıqları məqsədli şəkildə dağıdılmış, Çarlıq dövrü Rus səyyah və məmurlarının da qələmə aldığı əsərlərində mədh edərək bəhs etdiyi İrəvandakı qədim Türk İslam memarlığının izlərindən günümüzə  heç nə qalmamışdır.  Aparılan tədqiqatlarla Qərbi Azərbaycan ərazilərində həm də tarixi abidə qismində olan 110 məscidin Erməni silahlı dəstələri tərəfindən yandırılaraq məhv edildiyi arxiv sənədləriylə ortaya qoyulmuşdur. Çarlıq Rusiyasından Sovetlərə ardıcıllıqla davam etdirilən Azərbaycan Türklərinin öz dədə-baba yurdlarından kütləvi köçə məcbur edilərək erməniləşdirilmə aparılması siyasətinin son halqası olaraq 1988-89- cu illər Ermənistandan 250 minə yaxın Azərbaycanlı da çıxarıldıqdan sonra onlara aid olan çox sayıda məktəb və kitabxana binalarına içərisindəki kitab və müxtəlif ləvazimatlar, milli motivləri özündə ehtiva edən əşya və eksponatlarla birlikdə müsadirə edilmiş, yüzlərlə qəbristanlıq, 68 tarixi-memarlıq abidəsi, 49 məscid  dağıdılmışdır.

Erməni işğalçılarının həyata keçirdiyi, dünya tarixinin şahid olduğu ən qəddar mədəniyyət düşmənçiliyi hadisəsi insanlığın da qədim mədəniyyət məskənlərindən olan Qarabağda yaşanmışdır.  E.əvvəlki  minilliyə aid Xocalı  mədəniyyətini təmsil edən nümunələrdən  Alban dövləti, Sacilər, Səlcuqlular,  Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Osmanlı və Xanlıqlar dövrünə qədər çox zəngin tarixi-memarlıq abidələrinə ev sahibliyi edən, London, Paris, Berlin kimi şəhərlərin dünyaca məhşur muzeylərində parlaq  nümunələrinin yer aldığı Azərbaycanın qədim əl sənəti və xalçaçılıq məktəblərinin də məkanı olmuş, istehsal texnikası, üzərinə həkk olunmuş naxış, motiv və təsvirləri etibariylə zəngin arxeoloji materyallarıyla dolu muzeylər diyarı kimi bilinən bu bölgədə işğal dövrü sözün həqiqi mənasında mədəniyyət  soyqırımı yaşanmışdır.  

Sadəcə işğal nəticəsində yurd-yuvasından didərgin düşən yüz minlərlə Azərbaycanlının əmlakı, mülkləri, yüzlərlə məktəb, kitabxana, mədəniyyət müəsəsələri talan edilməmiş, coğrafiyanın tarixi yaddaşını özündə ehtiva edən, orta əsrlərdəki Arazboyu Türk islam türbələrinin səciyyəvi xüsusiyyətlərini daşıyan Füzuli rayonundakı XIII əsrə aid olan  Şeyx Babı türbəsi, eyni əsirlərə aid Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən “Başıkəsik Türbə”, Xubyarlı kəndindəki “Dairəvi Türbə” Qubadlı rayonunun Dəmirçilər kəndindəki qülləvari türbə, Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikilən  səkkizguşəli piramidal günbəz,  XIII əsrdə inşa edildiyi təxmin edilən  eyni rayondakı Şərifan  sərdabəsi,  Əmirxanlı kəndindəki XII əsrin Qız Qalası, yenə Zəngilan şəhərindəki Səfəvilər dövrünə aid “İmam Hüseyin” məscidi, Qubadlı rayonunun  Əliquluuşağı kəndindəki V əsr inşa edilmiş  Göy Qala, XIX əsrin Laləzar və Hacı Bədəl körpüləri,  Cəbrayıl rayonunun Çələbilər kəndindəki Hacı Qaraman Əhməd tərəfindən  inşa etdirilərək sufi ocağı halına gətirilən XVI əsrin  məscid-mədrəsə kompleksi, Şıxlar Türbəsi  kimi çox sayıda vacib tarixi abidələr  ya yerlə yeksan edilmiş, ya da ciddi zərər görmüşdür.  

Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərində vaxtiylə tarixi memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunan qala və istehkam divarları, Pənah Xanın iqamətgahı,  Şahbulaq sarayı, Əsgəran qalası,  böyük şair Vaqifin məqbərəsi, Xanqızı Natavanın ev muzeyi,  Mir Möhsün Nəvvabın mülkü, Ü. Hacıbəyovun ev muzeyinin hazırkı  vəziyyətini görmək Erməni işğalçılarının törətdiyi vandalizmin səviyyəsini  təsəvvür etmək üçün yetərlidir.  Sadəcə Şuşada 8 muzey, 31 kitabxana viran edilmişdir. Qarabağ və ətraf rayonlarda tarixi əhəmmiyət kəsb edən 62 məscid, rayonların ərazisindəki 26 tarix-diyarşünaslıq muzeylərindən on minlərlə qiymətli muzey əşyası və eksponatı talan edilərək Ermənistana, oradan da başqa ölkələrə aparılmış, 927 kitabxanadan 4.6 milyon kitab və əlyazma əsərin bir qismi yandırılmış bir qismi də Ermənistana daşınmışdır. Azərbaycan ordusu işğal altındakı torpaqları daha yeni azad etdiyindən Erməni işğalçılarının ölkənin  milli mədəniyyətinə vurduğu ziyanın miqyası, nəticələrini hələ tam dəqiqliyiylə hesablamaq, təsəvvür etmək mümkün deyildir. Prezident İ. Əliyevin təlimatıyla beynəlxlaq ekspertlərin də cəlb edildiyi komisya işğaldan azad edilən bölgələrdə araşdırma və hesablama fəaliyyətlərinə davam edir.  Qarabağ və ətraf rayonlarda baş verən bu vandalizm və talan siyasətindən sadəcə Türk İslam abidələri deyil,  ilk insan məskənlərindən olan Tağlar və Azıx mağaraları, tunc dövrünə ait Ağdamdakı  Çıraqtəpə yaşayış yeri,  kurqanlar,  müxtəlif Alban məbədləri da nəsibini almışdır. İşğal dövrü Ermənilərin Azərbaycanın memarlıq abidələriylə bağlı apardığı saxtalaşdırma və mənimsəmə siyasətinin başqa bir istiqaməti də  Qafqaz Albanlarına aid olan xristiyan kilsələrini  erməniləşdirmək olmuşdur ki,  bu haqda əvvəlki yazılarımızdan birində ətraflı məlumat vermişdik. Saxtalaşdırma sadəcə qədim Alban kilisələriylə yekunlaşmamış, yenə Qarabağdakı bəzi qədim tikililərin üzərindəki Türk Müsəlman element və motivləri  Erməni yazısı və xaçıyla dəyişdirilmişdir. Ermənistanın hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması və bu sərvətlərin qeyri-qanuni dövriyyəsiylə bağlı qəbul edilən beynəlxalq konvensiyaları kobud şəkildə pozduğu, dünyanın gözü önündə insanlıq mədəniyyətinin mühüm mərkəzlərindən biri olan Qarabağda Azərbaycan xalqının mədəni mirasına qarşı da müharibə apardığı açıqdır.

Azərbaycan dövləti maddi sübutları toplayaraq beynəlxalq məhkəmələr yoluyla bütün bu vandalizmin hesabını sormağa hazırlaşmaqla yanaşı işğaldan azad olunan ərazilərdəki maddi mədəniyyət abidələrinin  yenidən bərpasıyla bağlı da proqram və fəaliyyətlərini də sürətləndirməyə başlamışdır.   

 



Әlaqәli Xәbәrlәr