Paşinyan-Eçmiədzin qarşıdurması və erməni revanşizmi

Dr. Telman Nüsrətoğlunun Paşinyan-Eçmiədzin qarşıdurması və erməni revanşizmi başlıqlı yazısını təqdim edirik.

1558486
Paşinyan-Eçmiədzin qarşıdurması və erməni revanşizmi

Erməni kilsəsinin 1441-ci ildə Qaraqoyunlu hökmdarının razılığıyla Kilikyadan İrəvan torpaqlarındakı  Üç Kilsəyə (Ermənicə  Eçmiədzin) köçürüməsi hadisəsi təkcə Qafqaz və Anadolu coğrafiyasındakı Müsəlman Türk əhalinin deyil, fərqli dil və dinlərdən olan bütün bölgə xalqlarının dincliyi və təhlükəsizliyi üçün ciddi problemlər yaratdığı, əsrlər boyu  millətlər mozaikası kimi tanınan Qafqazın mehriban yanaşı yaşama ənənəsinə kölgə düşürdüyü şübhəsizdir. Eçmiədzin katolikosluğu qriqoryanlıqla Erməni milliyətçiliyini çuğlaşdıraraq öz mövcudluğu kredosu halına gətirən fəlsəfəsi, uydurduğu  tarix yalanları, yaratmağa çalışdığı “xristiyanlığı ilk qəbul edən, qədim mədəniyyətə sahib, fəqət Müsəlmanların hakimiyyəti altında yaşamağa məhkum edilmiş əzabkeş millət”  obrazıyla Qərb dövlətləri və  Rusiyanın  bölgəylə bağlı imperialist siyasətinin də əsas alətlərindən biri halına gəlmiş, öz  xalqını  tarixi kataklizm və təbəddülatlarla dolu bir siyasətin də içinə sürükləmişdir.

Gəldiyimiz mərhələdə Ermənistanda hər hansı dəyişim və normallaşma təşəbbüsü katalikosluğun Erməni dövləti və cəmiyyəti üzərindəki təsirini azaltmadan, kilsələri şovinist zəhərlənmədən arındırmadan imkansız kimi görünür. Təsadüfi deyil ki, 2018-ci ildə  nümayişlər, xalq etirazları yoluyla hakimiyyətə gələn Paşinyan liderliyindəki qüvvələr də bu sadə həqiqəti dərk edərək  “yeni Ermənistana  yeni  katalikosluq” şüarını  ortaya atmış, elə ilk gündəncə Eçmiədzinin Erməni siyasətinə müdaxilə təşəbbüslərinə qarşı dözümsüz olacağını elan etmişdir. Müvəffəq ola bilməsə də Paşinyanın Erməni kilsəsinin  tarixiylə bağlı dərsliyi  bütün Erməni məktəblərində məcburi qaydada oxudulan dərslik olmaqdan çıxarmağa çalışması, əsas rəqibi olan Köçəryan-Sarkisyan klanıyla təmaslarını kəsməyən II Qaregenin mühafizə xidmətindən məhrum etmək üçün cəhdi, Amerika səfəri sırasında “Erməni xalqı bizdən  Eçmiədzinin daxili işlərinə qarışmağı tələb edərsə bunu təcili şəkildə hökümətin gündəliyinə salıb lazımlı addımları atmaqdan çəkinməyəcəyik” bəyanı gərginliyi izləyən müşahidəçilərin diqqətindən yayınmamışdır. Bu siyasi hesablaşma və mübarizə prosesində qarşı duran qütblərin geosiyasi meyillərini də göz önündə tutduğumuzda 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya arasında  imzalanan üçlü anlaşmadan sonra Paşinyanın istefası tələbilə başlayan ictimai etiraz dalğasının iki əsas lokomotivindən birinin  nədən Erməni katolikosluğu olduğuna təəccüb etməməliyik.

Hazırda kilsə Paşinyanı devirmə hərəkatıyla birlikdə Erməni toplumunun milli güc və potensialını aşan “yeni Qarabağ müharibəsi qaçınılmazdır”, “Qarabağ Ermənilərin tarixi vətənidir” kimi saxta və militarist şüarların, Erməni revanşizminin də əsas mərkəzi halına gəldiyi üçün bu qurum ətrafında gedən proseslər bir şəkliylə Azərbaycan- Ermənistan münasibətlərindəki inkişaf tendensiyalarını proqnozlaşdırmaq baxımından da önəmlidir. Eçmiədzinin Ermənilər üzərindəki siyasi- mənəvi hakimiyyətinin təməl paradiqmasını isə Türk düşmənçiliyi, Qarabağa yönəlmiş işğal və yayılmaçılıq siyasəti təşkil etdiyi açıqdır. Ermənistan dövləti və cəmiyyəti üzərində bu qədər aparıcı rola sahib olan Eçmiədzində vəzifəli din adamlarının  tarixi himayə  və güclənmə prosesi də diqqətə alınaraq, regionda maraqları olan xarici kəşfiyyat orqanlarıyla  sıx əməkdaşlıq şəraitində həmlələrini həyata keçirmə ehtimalı qüvvətlidir. Bu baxımdan kilsə ətrafında baş verən bütün proseslər diqqətlə izlənməli, təhlil edilməlidir.

Siyasi gələcəyi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa, təsis ediləcək regional əməkdaşlıq mühitinin gətirəcəyi iqtisadi rifahdan pay alaraq  Erməni cəmiyyətinə hiss etdirməyə bağlı olan  Paşinyanın da əsas problemi heç şübhəsiz korrupsiyalaşmış Erməni siyasətini səkkizayaqlı ilbiz kimi ağuşuna alan, dini müqəddəslik və toxunuzmazlıq zirehinə bürünərək cəmiyyətin müxtəlif təbəqələri üzərində şəbəkə quran  Eçmiədzindir.

Kilsə dəhlizləri, Ermənistan parlamenti və meydanlarında  Paşinyanın istefası, Türkiyə və Azərbaycanla münasibətlərin bundan sonrakı seyri, yeni seçkilərin nə zaman keçiriləcəyiylə   bağlı müzakirə və mübarizələr davam edərkən üçlü atəşkəs sazişinə zidd olaraq tərk silah edilməmiş, revanşizm arzularından ilham alan Erməni silahlı qüvvələrinin qalıqlarının növbəti  dəfə (bu səfər də Xocavənd rayonunun ərazisində) Azərbaycan ordusunun mövqelərinə yönəlik  terror aktı həyata keçirməsi, Azərbaycan ordusunun bir əsgərinin şəhid edilməsi rəsmi Bakını ərazi bütövlüyünü təmin etmək üçün daha qətiyyətli addımlar atmağa sövq edir. Hücumu həyata keçirən 6 nəfərlik Erməni silahlı dəstə üzvlərinin hamısı ölü olaraq ələ keçirilmiş, Azərbaycan Prezidenti İ. Əliyev də bundan sonra bölgədə gizlənən, üçlü sazişə əməl etmədiyi anlaşılan  bütün başına buyruq  Erməni silahlılarının  terrorçu kimi  məhv ediləcəyini  elan etmişdir.

Dağlıq Qarabağda terror və diversiya aktları həyata keçirməyə cəhd edənlərlə böyük Erməni məğlubiyyətdən dərs almayıb Azərbaycan torpaqları olan Xankəndi, Xocalı və Xocavənd bölgəsində separatçı fəaliyyətlərinə davam etmək istəyənlər, Türk Müsəlman yurdu Qarabağda  hansısa sözdə Artsax  dövləti və  onun  müdafiə qüvvələrindən bəhs edənlər Azərbaycanın Cənubi Qafqazda regional əməkdaşlıq və inkişaf mühitinin formalaşdırılması naminə nümayiş etdirdiyi strateji səbri yenə yanlış anlamağa başlamışdır. Heç kimsəyə sirr deyil ki, total məğlubiyyətdən sonra xarici hərbi yardım olmadan Ermənistanın nə demoqrafik, nə iqtisadi, nə də hərbi baxımdan yenidən Azərbaycanın qarşısına çıxmaq imkanı yoxdur. Beynəlxalq hüquq və regional güc balansı, qlobal proseslərin yönü Türkiyə-Azərbaycan ittifaqından tərəf ikən Rusiya da daxil heç bir geopolitik oyunçu məğlub olmuş  Erməni şovinist dairələrinin maraqlarına görə bir Cənubi Qafqaz siyasəti aparmaz. Əminəm ki, Azərbaycan dövlətinin, Ankara-Bakı ittifaqının hadisələrin inkişaf xəttilə bağlı öz incə hesabları, gündəminə uyğun planları vardır.  Laçın dəhlizinin qorunması sazişə görə Rusiya sülhməramlıları tərəfindən həyata keçirilsə də, öz torpaqlarından keçən dəhlizin  milli maraqlarının  əleyhinə terror dəhlizi halına gətirilməsinə heç bir dövlət icazə verə bilməz. Şübhəsiz Azərbaycanın ərazi bütövlüyü prinsipinin ruhuna uyğun olaraq dəhlizin girişində sərhəd-keçid məntəqələri bərpa edilənə, böyük sülh sazişi imzalana qədər Türkiyə və Azərbaycan Orduları da dəhliz boyu nəzarətini, müşahidələrini gücləndirəcəkdir. Azərbaycanın öz ərazilərinə kimlərin girib-çıxdığına mütləq mənada nəzarət etmə haqqı vardır.

10 noyabr sazişinin yeddinci maddəsinə görə, məcburi köçkün və qaçqınlar Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır. Rusiya sülhməramlılarının bu maddənin şərtlərini pozaraq tək tərəfli qaydada nəzarətsiz dəhliz və nəzarətsiz köç vasitəsiylə Ermənistan əhalisini Qarabağa daşımasına Azərbaycan xalqı tərəfindən etirazlar yüksəlməkdədir. Çarlıq Rusiyasından Sovet rejiminə  Azərbaycan Türklərinə qarşı həyata keçirilən Erməni tərəfdarı,  müstəmləkəçi etno-demoqrafik köç siyasətiylə bağlı elə Moskvadaca  onlarla əsər yazılmışdır. Bu mənad Azərbaycanın milli reflekslərinin oyaq olduğu, prosesi diqqətlə izlədiyi  unudulmamalıdır.  

Nəhayət sazişə görə, Laçın dəhliziylə paralel olaraq Mehri dəhlizi də açılmalıdır. Bəlkə böyük sülh sazişinə qədər məğlub Ermənistandakı siyasi kataklizmlərin  daha da dərinləşməməsi, kilsə mərkəzli şovinizmə meydan verilməməsi hesabıyla Mehri dəhlizinin açılması bir az gecikə bilər, amma Ermənistan çox yaxında Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqdan başqa  yolunun qalmadığını görəcəkdir.



Әlaqәli Xәbәrlәr