Azərbaycan dövlətinin islahat fəaliyyətləri

Dr. Telman Nüsrətoğlunun Azərbaycan dövlətinin islahat fəaliyyətləri “ASAN Xidmət”dən TƏBİB modelinə başlıqlı yazısını təqdim edirik.

1554614
Azərbaycan dövlətinin islahat fəaliyyətləri

Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də dünyanın müxtəlif ölkələrindən önəmli mütəxəsislər “Covid-19” epidemiyası zamanı yaşananlardan dərs alaraq artıq insanlığın yeni növ və daha təhlükəli viruslara, qlobal nizamı və stabilliyi sarsa biləcək epidemiyalara qarşı tədbirli olmasının önəminə toxunmaqdadır. “Covid-19” pandemiyası bioloji savaş paradiqmasını daha da  aktuallaşdırmış, klassik müharibə, istehsal, ticarət, cəmiyyət idarəçiliyi və.s kimi  geniş sahələrin ənənəvi anlayış və ölçülərini də dəyişdirmişdir. Səhiyyə sektorunun cəmiyyətlərin böhranlara qarşı müqavimətinin, bütövlük və təhlükəsizliyinin təmin olunmasında da nə qədər kritik bir rola sahib olduğu bu proseslər nəticəsində ortaya çıxmışdır. İqtisadi çöküşdən kütləvi iğtişaşlara qədər sabitlik və təhlükəsizliyə yönəlik hibrid xarakterli təhditlər də doğura bilən  epidemiyaların çox yönlü kataklizm yaratma qabiliyyətinin anlaşılmasıyla birlikdə əksər ölkələr səhiyyə sistemi -üzərində daha ciddi düşünməyə, bu strateji sektorun hazırlıq və müqavimətinin daha da yüksəldilməsi üçün hazırlıqlar görməyə başlamışdır. İnformasiya, bilik və sərmayə kimi pandemiyaların da sürətlə yayıldığı qlobal kənd halına gələn  dünya reallığında ekoloji fəlakətlərin qarşısını almaq üçün tədbirlərdən epidemiyaların yayılmasını əngəlləməyə, dərman  və peyvənd istehsalından elmi tədqiqatlara qədər uğur qazanmaq üçün insanlığın ortaq çalışmaları, bilgi mübadiləsi, yardımlaşması vacib olduğu kimi hər bir ölkənin ağır böhran vəziyyətlərində, epidemiyaların sürətli yayılmalarıyla meydana çıxan şok durumlarında öz milli imkan və qabiliyyətlərinə söykənərək vəziyyəti xilas etmək istiqamətindəki hazırlıqları da önəmli hala gəlmişdir. Bu mənada Türk islam aləmində də səhiyyə sisteminin çağın çağrış və ehtiyaclarına görə yenidən qurulması,  xəstəxanaların hər bir vətəndaş üçün əl çatıla bilən, cəmiyyətin güvənini qazanan müəssisələr halına gətirilməsi, əməkdaşlıq və həmrəylik ruhunun gücləndirilməsi ehtiyacı ortadadır. 

Xüsusiylə  iqtisadi sahədən hərbi sahəyə hər iki ölkə liderinin  qətiyyətli həmlələriylə ortaq güc  formalaşdırmaq yönündə irəliləyən Azərbaycan-Türkiyə qardaşlığının bu strateji müstəvidə də işbirliyini dərinləşdirmək potensialı böyükdür. Azərbaycanın çağın çağrışlarına cavab verməyə çalışan, mərkəzində Türkiyədə tibb təhsili almış, vəya tədqiqatlar aparmış savadlı və fədakar kadrların yer aldığı, cəmiyyətdə müsbət gözləntilərə səbəb olan səhiyyə sektorundakı islahatlarına, idarəetmədən xidmət keyfiyyətinin yüksəldilməsi və maliyyənin təşkilinə qədər həyata keçirməyə çalışdığı köklü dəyişiklikləri təfərruatlarına keçmədən öncə səhiyyəsi  dünyanın  az sayıdakı qabaqcıl ölkələrindən biri halına gələn Türkiyə modelinin, xüsusuiylə cənab Ərdoğanın hakimiyyətə gəlişiylə birlikdə həyata keçirilən yeniliklərin, akademik sahədən xəstəxanalara Türkiyənin  təcrübə və potensiyalının geniş coğrafiyalardakı ölkələr  üçün də örnək olduğunu ifadə etməliyik. İbni Sina, Razi, Zehravi kimi çağı aydınlatan polimat alimlər, cərrah, həkim və anatomistlərin təmsil etdiyi mədəniyyətin mənsubları olmaqla birlikdə, istedadlı, intelektual  dərinliyi olan insanlara sahib  Türkiyə və  Azərbaycanın ortaq səhiyyə ağlı inşa edərək, infeksiyalar başda olmaqla müalicəsi çətin xəstəliklərlə mübarizədə araşdırma mərkəzləri, təşxis laborotoryaları quraraq, süni intelekt imkanlarıyla virus aşkarlama proqramları icad edərək bu çağda da insanlığın müxtəlif  dərdlərinə çarə tapıb adlarından söz etdirəcəklərinə inanıram.

Azərbaycanın səhiyyə islahatları uğurla nəticələndiyində  "ASAN xidmət" kimi o da vaxtiylə eyni sistem altında yaşayan, bənzər problemlərlə qarşılaşan digər Türk cümhuriyyətləri üçün müsbət nümunə də ola biləcəkdir.  Xatırladaq ki, Azərbaycan səhiyyə sistemində mövcud olan problemləri həll etmək, xəstəliklərlə bağlı risklərin, səhiyyə yükünün artdığı bir dövrün ehtiyaclarına görə yenidən qurmaq, islahatlara başlamaq birbaşa prezident İ. Əliyev və onun birinci müavini M. Əliyevanın  təşəbbüs və nəzarətiylə başlamışdır.

2018- ci ilin dekabr ayında Azərbaycan Prezidentinin imzaladığı icbari tibbi sığortanın tətbiq edilməsinin təmin edilməsi barədəki tədbirlər planı çərçivəsində ölkədə fəaliyyət göstərən əksər xəstəxana və tibb müəsəsələrinin idarə edilməsindən məsul olan publik hüquqi şəxs qismində TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) qurumu formalaşdırılmış, səhiyyə sahəsində ölkə yeni bir dövrə qədəm qoymuşdur. Ankara ilə sağlıq sahəsində də inteqrasiyanın daha da dərinləşdirilməsi istiqamətində bir sıra önəmli fəaliyyətlərə imza atan TƏBİB idarəçiləri və mütəxəsislərinin arasında müstəqillik sonrası Türkiyənin müxtəlif universitetlərində tibb təhsili alıb yüksək mütəxəsis vərdişlərinə yiyələnmiş vətənsevər həkimlərin yer alması islahatların gələcəyinə olan inamı da artırmışdır. Pulsuz səhiyyə xidməti adlandırılsa da köhnə sistemin Sovet dövründən qalma, bir sıra  neqativ halın geniş yayıldığı bir sistem olduğu şübhəsizdir. Bu səbəbdən keçmiş Sovet respubliklaranın çoxunda xəstələrin dövlət xəstəxanalarında deyil ya özəl klinikalar ya da xarici ölkələrdə təşxis və müalicəyə üstünlük verdiyi bilinən həqiqətdir. Üstəlik yuxarıda bütün yönləriylə şərh etməyə çalışdığımız pandemiya təhdidi altında səhiyyə və islahatlar mövzusu bir az daha kritik xarakter kəsb edir.  Azərbaycanın  bu köhnə sistemdən imtina edərək 1 yanvar 2021 tarixi etibariylə  Türkiyə və digər qabaqcıl ölkələrin təcrübələri də əsas alınaraq bütün bölgələrində icbari tibbi sığorta sisteminə keçməsi ciddi bir dəyişiklikdir. “Covid-19” epidemiyasının gətirdiyi çətin mübarizə şərtləri altında olsa belə TƏBİB-in xəstəxanalar və tibb müəssisələrində təkmil və şəffaf idarəetmə mexanizmləri qurmağa başlaması isə istənilən halda səhiyyə xidmətinin səviyyəsinin hazırkından daha yüksək olacağını göstərir.

İkinci Qarabağ savaşı zamanı TƏBİB-in operativ fəaliyyəti, Türkiyə səhiyyəsiylə  də mövcud olan  sıx  əlaqələri sayəsində cəbhə bölgələrinin  bir çox yerində səhra xəstəxanaları, yanıq mərkəzləri və.s quraraq çox sayıda Azərbaycan əsgərinin həyatını xilas etməsi,  qazilər üzərində aparılan uğurlu cərrahiyə əməliyyatlar cəmiyyət tərəfindən təqdirlə qarşılanmış,  insani  vəzifələrini yerinə yetirirkən düşmən atəşi nəticəsində şəhid olan həkimlər böyük ehtiram və sevgi ilə son mənzillərinə yola salınmışdır.

Qarabağda müharibənin zəfərlə bitməsiylə birlikdə yenə qazilərin  müalicə və reabilitasiyasından tutmuş “Covid-19” yoluxmalarının azadılması, tibb işçilərinin infeksiyadan qorunması, xəstəliklə təsirli mübarizəyə qədər ən çətin vəzifələr TƏBİB əməkdaşları, həkimlərin  üzərindədir. Akademik tədqiqatlarının önəmli bölümünü Türkiyədə tamamlayan TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının açıqlamalarından Çin isteahsalı olan “Covid-19” əleyhinə peyvəndin ölkəyə gətirilməsinin də Türkiyə ilə yaxın əməkdaşlıq sayəsində baş tutacağı, virusa qarşı aparılan  müalicə üsullarında da Türkiyə Səhiyyə Nazirliyi və Elmi Şura ilə məsləhətləşmələr aparıldığı,  sıx əməkdaşlıq şəraitində  bir çox ortaq layihələr həyata keçirildiyi aydın olur. Türkiyə kimi Azərbaycan da pandemiya prosesində sürətli hərəkət edərək yeni pandemiya xəstəxanaları quraraq səhiyyə sisteminin yükünü azaltmağa, yataq sayısını və avadanlqları artırmağa başlamışdır. TƏBİB-in önündə uzun bir yol, çətin vəzifələr var. Ancaq "ASAN xidmət" nümunəsində olduğu kimi Azərbaycanın bu məsələdə də uğur qazanma ehtimalı yüksəkdir. İslahat həmlələriylə  birlikdə ölkənin tibb təhsilinin, araşdırma xəstəxanalarının keyfiyyətinin yaxşılaşdırılacağına, iki qardaş ölkə xəstəxanaları arasındakı körpülərin möhkəmləndiriləcəyinə, qlobal epidemiya təhditlərinə qarşı birgə mübarizə aparılacağına da şübhə yoxdur. 



Әlaqәli Xәbәrlәr