Mehri dəhlizi və Zəngəzurda  Paşinyana etirazlar

Dr. Telman Nüsrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1550396
Mehri dəhlizi və Zəngəzurda  Paşinyana etirazlar

Ermənistanın bir əsrdən artıqdır öz milli potensiyalı, regional reallıqlar və tarixi həqiqətlərə tərs mütənasib olan təcavüzkar siyasətinin Cənubi Qafqazda yaratdığı  böhranlı qarşıdurma vəziyyəti Azərbaycan ordusunun Qarabağ zəfəriylə birlikdə çətin də olsa regional işbirliyi və normallaşma müstəvisinə doğru istiqamət almağa başlayıb. Hazırda region ölkələrinin tamamının faydalana biləcəyi rifah və iqtisadi canlanmaya səbəb olacaq altılı regional əməkdaşlıq və təhlükəsizlik planına ən böyük təhlükə də yenə Ermənistandan və onun daxilində cərəyan edən siyasi proseslərdən gəlməkdədir. Hələ ki iqtidar alternativlərini də diqqətlə təhlil etdikdə elə bir tarixi siyasi şərait meydana gəlib ki, 10 Noyabr razılaşmasının böyük sülh sazişiylə nəticələndirilməsi, əməkdaşlıq və uzlaşma iqliminin bölgədə kökləşməsi üçün  Paşinyan ən  uyğun, konstruktiv siyasi fiqur kimi görünür.

Zatən Türkiyə-Azərbaycan ittifaqının bölgədə yaratdığı yeni güc reallığını, Ermənistanın qarşı-qarşıya olduğu ağır hərbi- iqtisadi iflası da düşündüyümüzdə hakimiyyətdə kim olursa olsun üçlü anlaşmanı pozmaq  Putinin də ifadəsiylə Ermənistan üçün intihara bərabərdir.  

Lakin məğlubiyyət sonrası yeni və daha dağıdıcı kataklizmlərə yol aça biləcək siyasi proseslərin mahiyyəti də göstərir ki,  Ermənistanın bir bütün olaraq  qarşı-qarşıya qaldığı əsas təhlükə kilsə başda olmaqla Erməni milli kimliyi, xarakter və  məfkurəsinin  formalaşmasında əsas rol oynayan mərkəzlər, diaspora və ziyalıların dalana dirənmələrinə rəğmən vaz keçmək istəmədikləri Türk düşmənçiliyi, yalan və tarixi saxtakarlıqlardan qaynaqlanan korluğu, reallıq hissindən uzaq olan nifrət dilidir. Qəbul etmək istəmirlər ki, tarixi dəvamlılıq içərisində Cənubi Qafqaz coğrafiyasında ən azından son min illikdə heç bir zaman Erməni dövləti mövcud olmamış, ermənilər hamilərinin dəstəyi, Türk İslam aləminin aparıcı gücü Türkiyəyə yönəlmiş imperyal hesabların bir parçası olaraq Türk torpaqları hesabına dövlət quraraq mərhələ mərhələ onu Azərbaycanın milli maraqlarının əleyhində genişlətməyə davam ediblər.

 Artıq  tarixi strateji şəraitin Türkiyə və Azərbaycanın lehinə dəyişdiyini, vəziyyətin ağırlığını, erməni dövlətçiliyinin yeganə xilasının tək millət iki dövlətlə normal münasibətlər qurulmasından keçdiyini anlayan Paşinyanın BMT tərəfindən tanınan sərhədlərimizə geri çəkilməliyik bəyanından sonra Zəngəzurda kütləvi etirazlar, yolların bağlanması, xain şüarlarıyla  qarşılanan səfərinə, Ermənistan–Azərbaycan sərhədləri boyu aparılan demarkasiya işlərinin təfərruatlarına, üçlü anlaşmaya görə artıq açılması lazım gələn Mehri Dəhlizi ətrafındakı proseslərin inkişaf dinamikasına toxunmadan öncə tarixi Türk torpaqlarındakı Ermənistan dövlətinin quruluş prosesi, İrəvandan sonra  xüsusuilə hazırda diqqət mərkəzində yer alan Zəngəzur vilayətinin Bolşevik Rusiyası tərəfindən Azərbaycandan alınaraq Ermənistana hədiyyə edilməsinin arxasındakı hesablara da toxunmaq lazımdır. İndi Erməni işğal maşınının durdurulmasının ermənilər tərəfindən  necə ağrıyla qarşılandığını bu xalqın məruz qaldığı  şovinist zəhərlənmənin səviyyəsini görmək  baxımdan da mühümdür.   

Ermənilər 1828-ci ildə İranla Rusiya arasında imzalanan Tükmənçay antlaşmasından sonra  Azərbaycan torpaqlarında işğal rejimi quran Çarlıq Rusiyasının  hərbi-siyasi strategiyası, etno- demoqrafik proyekti çərçivəsində İrəvan, Zəngəzur və Qarabağa kütləvi şəkildə yerləşdirilərək dəstəkləndiklərini unutmamalıdırlar.  Yüz il əvvəl Azərbaycan torpaqlarında Ermənistan dövlətinin qurulmasının arxasında yatan əsl həqiqət belədir ki, öncə İrəvanda çarlıq dəstəkli Erməni muxtariyyəti şəkilləndirildi,  Erməni komitələri, silahlı dəstələri Müsəlman Türk mövcudluğuna qarşı himayə edildi. Bolşevik inqilabından sonra qurulan Zaqafqaziya Seyminin dağılmasından sonra isə bütün Cənubi Qafqaza yayılan  Erməni terrorunun bitirilməsi, regiona dinclik və sülhün gətirilərək müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycan dövlətinə qarşı yeni ərazi iddialarında bulunmamaları şərtiylə, Erməni siyasi hesabları və təşkilatlanmasının mərkəzi halına gələn  Gümrünün də Osmanlı ordusunun nəzarəti altında olduğu nəzərə alınaraq Azərbaycan Milli Şurasına edilən müraciət əsasında tarixi Türk yurdu İrəvan siyasi mərkəz olaraq Ermənilərə güzəş edildi. Ancaq Azərbaycan liderlərinin ümumi Qafqaz evi strategiyası çərçivəsində həyata keçirməyə  çalışdığı regional  uzlaşma və əməkdaşlıq siyasəti xarici dairələr və şovinist – daşnaq mərkəzlərin əlində alətə çevrilən Ermənistan dövləti tərəfindən qarşılığı olmadı, Zəngəzur və Qarabağa yönəlik işğalçı siyasətlərinə davam etdilər, Cənubi Qafqazda uzlaşma yox kataklizmlər yaratdılar, imperyal mərkəzlərin əlində oyuncaq oldular. 1920-ci ildə Bolşeviklərin Türkiyənin Qafqaz və Türküstanla qurudan olan bağlantısını kəsmək, Azərbaycanı param-parça edərək zəyiflətmək siyasəti çərçivəsində Zəngəzur vilayətinin əhəmmiyətli hissəsi Azərbaycandan alınaraq Ermənistana verildi,  tarixi Türk Müsəlman yurdu olan  Zəngəzur Ermənistanın tərkibində Qafan, Gorus, Mehri, Sisyan rayonlarından ibarət Sünik vilayəti halına gətirildi.  Əslində 10 Noyabr razılaşmasının Türkiyə-Azərbaycan maraqları baxımından mühüm diplomatiq uğurlarından olan, açılmasını gözlədiyimiz  Naxçıvanla Azərbaycanın digər bölgələrini birləşdirən Mehri dəhlizinin əhəmmiyətli bölümü də Erməni əsilli Levon Mirzəyan Azərbaycan Komunist Partiyasının Baş katibi işlədiyi dövrdə yenə Naxçıvanın beynəlxlaq anlaşmayla nizamlanan statusuna zidd olaraq Ermənistan lehinə genişlədildi.

Zəngəzurla bağlı bu tarixi həqiqətlər ortadaykən, Zəngilan və Qubadlı rayonlarına aid, 90-cı illərdə işğal edilən kəndlər və strateji yüksəkliklərin boşaldılaraq geri verilməsinə, Ermənistanın Sovet dövrü tərtib edilən xəritələr əsasında və beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinə geri çəkilməsinə şovinist qrubların nəcə ağrılı yanaşdığını, öz ölkələrinin baş nazirini  vilayət ərazilərinə buraxmadığını, Sisyanda Zeynalyan soyadlı keşişin kilsədə Paşinyanın salamını  belə almayaraq ona xain kimi davrandığını müşahidə etdikcə  Ermənistan cəmiyyətinin zəhərdən arındırılma, mötədil cizgiyə çəkilmə prosesinin hələ uzun sürəcəyini düşünürəm. Bəli, Paşinyana etiraz edənlərin başında yer alan,  ermənilərin Zəngəzur torpaqlarında (Sünik vilayəti) ciddi  təhlükəsizlik problemiylə qarşı qarşıya qalacağını bəyan edən  Qafan meri  Qevorq Parsyanın da ifadə etdiyi kimi Qafandakı hava limanı Azərbaycan sərhəd nöqtəsinin 200 metrlik məsafəsindədir, Ermənistanın bəzi kommunikasiya xətləri Zəngilandakı  Azərbaycan ərazilərindən keçir, İrandan gələn strateji Qafan – Gorus yolunun bir hissəsi Qubadlı rayonun Eyvazlı və Şurnux kəndlərinin ərazisindən ötüb keçir,  Zəngilanın işğaldan azad edilən  Ağkənd, Qazançı kimi kəndlərinə aid yüksəkliklərdən Ermənistan ərazilərini, Qafan şəhərini, əsas yolları nəzarətdə saxlamaq mümkündür, ancaq Ermənilərin Azərbaycana qarşı düşmənçiliyi davam etdirmək niyyəti yoxdursa bütün bunlardan niyə narahat olmalıdırlar?   Qaldı ki,  yaxın tarixə qədər  Zəngəzur vilayətinin tamamı Azərbaycana aid idi . Sadəcə  XX əsrin əvvəllərində  Erməni çətələrinin törətdiyi qırğınlar sayəsində vilayətin 115  Müsəlman kəndinin xəritədən silindiyi,  Azərbaycanın öz tarixi torpaqları arasına süni sərhədlərin  çəkildiyi  də unudulmamalıdır.  



Әlaqәli Xәbәrlәr