Fəxrizadə sui-qəsdinin təsirləri

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1539258
Fəxrizadə sui-qəsdinin təsirləri

Orta Şərq, İranın nüvə proqramının baş memarı olan alim Möhsin Fəxrizadəyə qarşı sui-qəsddən sarsılıb. Möhsin Fəxrizadənin qətlindən sonra bir çox ittihamlar səsləndirilsə də, bütün oxlar yenə İsrailə tuşlanıb. İranın mümkün reaksiyası maraq kəsb etdiyi halda hücumun İrana istiqamətlənmiş nisbətən tolerantlı siyasəti ilə tanınan Baydenin ABŞ prezidenti olmazdan əvvəl baş verməsi də xüsusi önəm daşıyır.

Yaxın tarixə nəzər salsaq, İranın nüvə iddiaları ABŞ kimi bölgədə İsrail və Körfəz ölkələrini də ciddi şəkildə narahat edirdi. İranın nüvə silahı miqyasının qarşısını almaq üçün bir çox addımlar atıldı. Bir tərəfdən ABŞ-ın sanksiya təhdidləri, digər tərəfdən müxtəlif təxribat cəhdləri və zaman-zaman elm adamlarına qarşı sui-qəsdlər. Ancaq Obama dövründə bu siyasətə bir pəncərə açıldı və İranla danışıqlar aparıldı. Tərəflər Avropa İttifaqının da dəstəyi ilə razılaşma əldə edə bildilər. İran nüvə proqramı ilə bağlı şəffaflıqla yanaşı, müxtəlif məhdudiyyətləri də qəbul etdi. Ancaq bu vəziyyət nə İsraili, nə də Səudiyyə Ərəbistanı kimi körfəz ölkələrini qane etmədi. İranı nüvə razılaşmasından yararlanaraq bölgədəki genişləndirmə siyasətini davam etdirməkdə günahlandırdılar. Bu çərçivədə Obamaya qarşı da ciddi lobbiçilik fəaliyyətlərinə başladılar, ancaq nəticə əldə etdiklərini demək olmaz. Ta ki, Tramp gələnə qədər.

İsrail və Körfəz ölkələri Trampı müvafiq vasitələrlə təşviq etdikdə, Ağ Evin yeni rəhbərliyi nüvə razılaşmasından imtina edərək İrana qarşı maksimum təzyiq siyasətinə və çox ağır sanksiyalara başladı. İran isə buna cavab olaraq əvvəlki məhdudiyyətləri aşaraq nüvə proqramını davam etdirdi. İsrail və Səudiyyə Ərəbistanının Trampa İrana qarşı hərbi əməliyyat təşkil etməsi mövzusundakı təzyiq və səyləri nəticəsiz qaldı.

İndi Tramp seçkilərdə məğlub oldu və İrana qarşı Obama dövrünə bənzər bir münasibətə sahib olan Bayden hakimiyyətə gəldi. Bu inkişaf İsrail və Körfəz blokunu İran kontekstində həddindən artıq narahat edir. Nüvə danışıqlarının yenidən başlayacağı, İrana qarşı ağır sanksiyaların ləğvi bu koalisiyanı çox qorxudur. Odur ki, İranın nüvə proqramının memarlarından olan alim Möhsin Fəxrizadəyə qarşı sui-qəsd bu prosesdə baş verdi. İranı cavab verməyə məcbur edən, Baydendən əvvəlki gərginliyi artırıb, hətta mümkünsə bir qarşıdurma burulğanı yaratmaq hədəfə alınıb. İran isə hər nə qədər ictimai intiqam ritorikası etsə də, görünür “strateji səbri” davam edirəcək. Ancaq müvafiq koalisiya, İranın şərh verməsini gözləmədən yeni addımlar ata bilər.



Әlaqәli Xәbәrlәr