Türk əsgəri Azərbaycan yolunda

Dr. Telman Nusrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1530008
Türk əsgəri Azərbaycan yolunda

Prezident R. T. Ərdoğanın Türk hərbi birliklərinin  sülh məramlı qüvvə missiyasıyla  Azərbaycana göndərilməsinə icazə verilməsi barədə TBMM-yə etdiyi müraciət Azərbaycan Türkləri arasında  yeni coşqu və ruh yüksəkliyinə səbəb olub. Xalq təzkirənin yekdilliklə Məclisdə qəbul edilməsini, Cənubi Qafqazda ədalətli sülh və stabilliyin qarantı olacaq Məhmətçiyin Qarabağa  gəlməsini səbirsizliklə gözləyir. Dünya yeni qlobal nizamın astanasındaykən  Avrasyadakı tarixi-coğrafi üstünlüyü, mərkəzi-strateji  rolu etibariylə Türkiyə liderliyindəki müstəqil Türk gücü də qarşı duran qütblər arasında kilid, tarazılıq formalaşdırma missiyasını qorumaqda, yeni fürsətlər içində əməkdaşlıq və manevr imkanları genişlənməkdədir. Anadolunun Türk İslam aləminin qəlbi, qərargahı olduğu, Ankaranın mərkəzi rolu olmadan Qarabağ məsələsi başda olmaqla geniş mədəniyyət coğrafiyalarının heç bir məsələsinin ədalətli həllinin mümkün olmadığı da son yaşanan proseslərlə   bir daha aydın olmuşdur. Türk gücünün əsas nüvəsini formalaşdıran Türkiyə - Azərbaycan birliyi də yeni dövr etibariylə fərqli və daha güclü bir mərhələyə qədəm qoymaqda, Qafqazda gedəcək proseslərin də yönünü müəyyənləşdirməkdədir. Ancaq Qarabağın tamamən işğaldan qurtarılması, regiona sülh və əməkdaşlıq havasının gəlməsi üçün davam edən hərbi- diplomatik həmlələrin mütləq qələbəylə də nəticələndirilməsi şərtdir.

 Azərbaycan ordusunun  parlaq Şuşa zəfərindən sonra Ermənistanın məğlubiyyəti qəbul edərək geri qalan işğal altındakı torpaqları da boşaldacağına dair öhdəlik götürməsiylə başlayan yeni atəşkəs dövründə də hər cür təhlükə və tələlərin bərtaraf edilərək  ədələtli  sülh və əməkdaşlıq modelinin yaradıla bilməsi, Azərbaycan Türklərinin qələbəsinin qəsb edilməməsi üçün  Türkiyənin hərbi  gücüylə da regionda mövcudluğu vacibdir. Azərbaycan və bölgə hər yönüylə tarixi günlərdən keçərkən  birlik və bərabərliyi qoruyaraq zəfər havasını yaşamaqla birlikdə ağıl və təmkinlə də hadisələrin inkişaf tendensiyalarını analiz edərək ona görə tədbirlər almaq,  hərbi- təhlükəsizlik sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığını  daha üst səviyyəyə yüksəltmək  və beləcə ehtimal edilə biləcək zərərli ssenarilərə qarşı da hazırlıqlı olmaqda fayda vardır.   Ermənistan rəhbərliyinin, Qarabağdakı işğalçı-separatçı qüvvələrin başçısı A. Arutunyanın mətbuata əks olunan son açıqlamalarına baxsaq  nə tarixdə yaşananlardan, nə də  minlərlə Erməni əsgərinin ölümüylə nəticələnən son  Qarabağ məğlubiyyətindən yetərli dərsi almadıqları, yeni ordu qurma, güc toplama həvəsinə qapılaraq bu düşmənçiliyi davam etdirmə fikrində olduqları, hazırlıq dövründə də Rus sülhməramlı qüvvələrinin arxasına sığınaraq anti-Azərbaycan, anti-Türkiyə fəaliyyətlərini davam etdirmək istədikləri aydın olur. Özlərinin də etiraf etdikləri kimi Rusiyanın atəşkəs təşəbbüsü olmasaydı bir iki gün içində tamamən yox olmaqdan qurtulamayacaqlarını da unudurlar artıq. Türkiyə və Azərbaycan bütün Avrasya və dünyada Rusiya da daxil qlobal və regional oyunçularla həqiqi bir uzlaşma, qarşılıqlı maraqların qorunması prinsibləri əsasında  işbirliyindən t℮r℮f olsa da  beynəlxalq münasibətlərdə hüquq deyil, güc amilinin əsas olduğunu da diqqətdən qaçırmamalı, tarixin dərinliklərindən gələn qardaşlıq və həmrəyliyi ortaq güc formalaşdırmaq istiqamətində yorulmaz fəaliyyətlərlə  taclandırmalıdır. Önümüzdə çox böyük imkanlar, fürsətlər var. Bölgədə və dünyada getdikcə çəkisi artan müstəqil Türkiyə, Azərbaycan reallığı var.

    Baxın, XX əsrin əvvəllərində hər iki vətən coğrafiyasında imperyalizmin ağır hücumlarının, təziqlərinin yaşanmasına, ciddi çətinliklərə, imkansız görünən şeylərə rəğmən Türkiyə ilə Azərbaycan arasında könüllərdə, məfkurələrdə, milli komitələrin, aydın və alimlərin,  xalqın bütün təbəqələrinin işbirliyində qibtə olunacaq ortaq tarix inşa olunmuşdur. Balkan savaşı sırasında cəbhələrdə çarpışan Türk əsgərlərinə yardım üçün Bakıda Osmanlı konsulluğu önündə Hilal- i Ahmere bağışda bulunmağa tələsən millətimiz məhşəri bir qələbəlik yaradınca bu milli həyəcandan ürkən Çarlıq rejimi Türk konsulluğunu bağlamışdır. İsmailiyə binasında o böyük kişilərin qurduğu Müsəlman Xeyriyyə Cəmiyyətinin toplantısında Tağıyev başda olmaqla əksər iş adamları Osmanlı ordusuna, Balkan mühacirlərinə dəstək üçün əlindən gələni etmişdir. Oraya toplanan Bakının Müsəlman iqtisadi elitası demək olar ki, yardımda yarışmışdır. Bu yardımlarından dolayı özü və xanımı  Osmanlı sultanı tərəfindən ən yüksək dövlət nişanlarına layiq görülən Tağıyev bununla kifayətlənməmiş, çarlıq rejiminə rəğmən Osmanlı ordusunun üniformalarını da Bakıdakı  fabriklərində tikmək istədiyini  bildirmişdir. Azərbaycanın xeyriyyə cəmiyyətləri  müstəmləkə rejiminin basqılarına baxmayaraq Birinci Dünya savaşı sırasında Çarlıq Rusyasının işğal etdiyi Qars, Ardahan, Ərzuruma gederek oralardan yetim uşaqları, kimsəsizləri gətirib Bakıda, Tiflisdə, Gəncədəki uşaq evlərinə yerləşdirmiş, azacıq da olsa qardaşlarının dərdinə dərman olmaya çalışmışdır.  Türk əsgəri yüz əvvəl də bu coğrafiyalarda bir ümidin adıydı.  Özü ölüm qalım savaşı verərəkən Azərbaycanı qurtarmaq üçün o  kutlu  yola çıxmağa bir an belə tərəddüt etməyən Nuru Paşanın komandanlığı altındakı Osmanlı Ordusunun şücaəti dillərə dastandır. Bu qurtuluş dastanından əvvəl Birinci Dünya müharibəsinin ilk illərində  Azərbaycan Türkləri qatarlarla Tiflisdən Rusiyanın müxtəlif şəhərlərinə göndərilən Osmanlı əsirlərini görmək, onlara yardım etmək üçün stansiyalara axın etmişdi. O əsirlərdən bəzilərinin qələmə aldığı xatirələrində filmlərə  mövzu olacaq  o qədər duyğulu məqamlar, hekayələr var ki…

1911-ci ildə hələ yeni qurulan Musavat Partiyası hələ ölkəyə, ümmətə ilk müraciətində İslam aləminin qəlbi, yeganə ümidimiz Türkiyəni qorumaq hər bir Müsəlmanın borcudur yazırdı. Çünkü tarix boyu Anadolunun, İstanbulun cücərtdiyi, bəslədiyi ümidler özündən qat-qat böyük olmuşdur. Azərbycanın, əsir Türk ellərinin xilası o gün də güclü İstanbul, Türkiyə düsturundan keçirdi.  Bakıda, Gəncədə, Şamaxıda, Şəkidə edilən dualar, bəslənən ümidlər, qarışqa misalı hər kəsin həyəcanla etdiyi yardımlar Qafqaz İslam Ordusu timsalında geri dönmüşdü. Yüz il sonra müstəqil Azərbaycan dövlətinin Qarabağdakı tarixi qələbəsinin ardınca yenə ümidləri bəsləmək, çətin sədləri aşmaq, bölgəyə sülh və hüzur gətirmək üçün Türk əsgəri  Azərbaycan yolundadır.  Qafqaz İslam Ordusu Bakını işğaldan azad edib Türkiyə ilə Azərbaycanı bütövləşdirdiyi sırada hər iki qardaş ölkəni bir birinə bağlayan nəhəng körpülərimizdən biri olan, Nuru Paşanın da müşaviri Əhməd bəy Ağaoğlu belə yazırdı:

"Mən Bakını İstanbulda və İstanbulu Bakıda görüp özümü o qədər bəxtiyar hiss edirəm ki daha ölsəm də qəmim yoxdur, dünyadan kam almış kimiyəm "



Әlaqәli Xәbәrlәr