Azərbaycanın böyük zəfəri

Dr. Telman Nusrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1526205
Azərbaycanın böyük zəfəri

9 Noyabrda  Rusiya Federasiyasının prezidenti V. Putin, AzƏrbaycan Prezidenti  İ. Əliyev və Ermənistan Baş Naziri N. Paşinyan  Qarabağda  tam atəşkəs elan olunması barədə  birgə bəyanat imzalamışdır. Əldə edilən razılaşmanın əsas müddəalarına görə Azərbaycan Ordusu işğaldan azad etdiyi rayonlardakı mövqelərini  qorumaqla birlikdə  qısa müddət ərzində  Kəlbəcər, Laçın və Ağdam rayonları da Ermənilər tərəfindən boşaldılaraq  Azərbaycana təhvil verilməli,  bölgəyə  1960 nəfərlik,  beş il müddətinə Rusiya sülhməramlı qüvvələri yerləşdirilməli,  Naxçıvanla Azərbaycanın digər bölgələri arasındakı əlaqəni təmin edəcək nəqliyyat dəhlizi yaradılmalıdır. Müqavilənin Cənubi Qafqazın  gələcəyində hansı proseslərə zəmin hazırlayacağı, Azərbaycanın millli maraqları baxımından müsbət və mənfi xarakterizə edə biləcəyimiz müddəaları üzərində ayrıca  təhlil aparmağa çalışacağıq. Lakin hərb meydanında baş verən dəyişikliklər, bu müqavilənin imzalanmasını zəruri edən kritik döyüşlərin gedişatını da  bir daha xatırlamaqda  fayda vardır.  

  Qarabağın tarixi paytaxtı, Türk İslam mədəniyyətinin mühüm mərkəzlərindən olan Şuşanın Azərbaycan Ordusunun böyük şücaəti, əzmi sayəsində işğaldan azad edilməsindən sonra əksər hərbi ekspertlər Ermənistanın ağ bayraq qaldırmasının an məsələsi olduğunu ifadə etməyə başlamışdılar. Azərabaycan Ordusu tərəfindən   bütün cəbhə boyu  müvəffəqiyyətli hücum  strategiyası həyata keçirilmiş, sadəcə bir gün içərisində Ali Baş Komandan İlham Əliyev tərəfindən daha 71 kəndin, 1 qəsəbə və çox sayıda strateji yüksəkliyin işğaldan azad edildiyi xalqa elan edilmişdi. Erməni tərəfinin də etiraf etdiyi kimi  Azərbaycan ordusu sürətlə Xankəndi istiqamətinə tərəf irəliləyərək separatçı rejimin sözdə  paytaxtına yaxınlaşmışdı.  Təsadüfü deyil ki, işğalçı rejimin başçısı Araik Arutunyan Yerevanda Erməni  xalqına müraciət edərkən  Şuşanın azad edildiyi 7 noyabr tarixindən başlayan günləri həyatının ən ağır günləri adlandırmış,  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut rayonları, Xocavənd və  Əsgəranın böyük bölümü və nəhayət Şuşanın Azərbaycan Ordusunun kontrolu altına keçməsindən sonra döyüşlərin Xankəndinin ətrafında cərəyan etdiyini bildirərək ya  bir iki gün içərisində bütün Qarabağın itirilməsi reallığıyla barışmaq  ya da Azərbaycan dövlətinin bütün şərtlərini qəbul edib  təslimçi atəşkəs anlaşmasına  razı olmaq Əsı qarşısında qaldıqlarını etiraf etmişdir. Müharibə başlayandan  cəbhədəki fəlakətli vəziyyəti  xalqından gizlədən, mütəmadi olaraq  yalan məlumatlar verən Paşinyanın  da istefasını tələb edən qəzəbli  xalq kütlələri və müxalifət qarşısında dili açılmağa başlamış,  ordusunun  Azərbaycan qarşısında tükəndiyini, son günlər ciddi miqyasda əsgər və texnika çatışmazlığı yaşadıqlarını, erməni əsgərlər arasında fərariliyin artdığını, müqaviməti davam etdirmənin anlamsız olduğunu, Bakının ağır şərtlərini qəbul etməkdən başqa çıxış yollarının olmadığını etiraf etməyə başlamışdır.  

Erməni tərəfinin də açıqlamalarından göründüyü kimi  Ermənistan ərazisində Rusiya təyyarəsinin  vurulması sonrasında Moskvanın sürətlə proseslərə müdaxilə etməsiylə başlayan atəşkəs bir-iki gün geciksəydi hərb tarixinə keçəcək uğurlu hərbi əməliyyatlarla  Dağlıq Qarabağın geri qalan Xankəndi, Xocavənd kimi rayonları da işğaldan azad ediləcəkdi. Yenə də Azərbaycanın cəbhəsindən təhlil etdiyimizdə atəşkəs haqqında birgə bəyanat ən başda  Ermənistanın məğlubiyyəti və Azərbaycanın qələbəsinin  etirafıdır.   Lakin tarixi – hüquqi həqiqətlərin  Azərbaycanın tərəfində olması bir yana, güc və imkanlar paradiqmasında  bu mübarizəni bir proses olaraq da  görmək,  geopolitik mənada  rəsmin bütününə baxmaq    və təmkinlə diplomatik masada da tam qələbəni əldə etmək lazım. Artıq Türkiyə-Azərbaycan ittifaqı Cənubi Qafqazın yüksələn gücüdür.  Genişləndirilmiş ikitərəfli yeni hərbi sazişlərlə bu durumu qalıcı hala gətirmək, ehtimal olunan təhdidləri bərtaraf etmək də mühümdür.

   Tarixi təcrübə etibariylə Azərbaycan xalqı nəzdində  ciddi narahatlığa da səbəb olan sülhməramlı Rusiya qoşununun   Qarabağa yerləşdirilməsi məsələsinə gəlincə  hazırkı regional güc balansını, Rusya amilini və tədricilik metodologiyasıyla möhkəmlənmənin daha doğru olacağını da nəzərə almalıyıq.  Azərbaycan Ordusunun dosta, düşmənə gücünü göstərdiy , böyük zəfərə imza ataraq Xankəndinin qapılarına dayandığı  danılmaz həqiqətdir. Prezident İ. Əliyev liderliyində Azərbaycan dövlət ağlının tək millət ortaq güc  fəlsəfəsiylə  Türkiyəylə  intensiv məsləhətləşmə içində bu qutlu və mürəkkəb savaşı mütləq qələbəylə nəticələndirmək üçün çalışdığı görülməlidir.

 Ankaradan gələn  nazirlər heyətini qəbulunda Azərbaycan dövlət başçısının  bu, bizim müştərək qələbəmiz, Türkiyə-Azərbaycan birliyinin də təsdiqidir yönündəki bəyanı, yeni regional işbirliyi formatı olaraq  Türkiyə-Rusiya  birgə atəşkəsə nəzarət mərkəzinin yaradılmasının önəminə toxunması vacib məqamlardır.  Yuxarıda da vurğuladığımız kimi bu bir prosesdir və Ermənistandakı xəmir də daha çox su aparacaq.  Erməni siyasətçiləri təkidlə belə bir anlaşmaya imza atan Paşinyanın istefasını istəməkdədir.  Azərbaycanla Türkiyənin hərbi əməkdaşlıq səviyyəsini, Rusya- Türkiyə dialoqunu,  sülhməramlıların fəaliyəti və atəşkəs rejimini birgə izləyəcək qərargahın da Türk və Rus zabitlərindən formalaşdırılacağını diqqətə alaraq bir dəfə daha  Türkiyəsiz Cənubi Qafqazda heç bir razlıaşmanın olmayacağını ifadə edə bilərik.

 Bu regionda sülh və əməkdaşlıq atmosferinin hakim olması üçün də  Azərbaycanın ərazi bütövlüyü təmin edilməli,  həqiqi mənada Rus-Türk  strateji razılaşmasının təməlləri atılmalı, Naxçıvanla Azərbaycanın digər regionları,  Türkiyə ilə Türküstan arasında quru bağlantısı təmin edilməlidir.  Zənnimcə birgə bəyanat maddələri arasına  Naxçıvana nəqliyyat dəhlizinin yaradılmasının da əlavə edilməsi Azərbaycan və Türkiyənin ən önəmli siyasi nailiyətlərindən biridir.  Kəlbəcər, Laçın kimi dağlıq relyefə sahib  çətin döyüş əməliyyatlarının aparılacağı rayonların tək qurşun atmadan Azərbaycana təhvil verilməsi başqa bir uğurdur. Müsəlman Türk əhali  Xankəndi, Xocalı,  Xocavənd  kimi ərazilərimizə də qayıda biləcək, bütün Erməni silahlıları Qarabağı tərk etmək məcburiyyətində qalacaqdır.  Birgə bəyanatda  Dağlıq Qarabağ Ermənilərinə veriləcək hər hansı status da nəzərdə tutulmamışdır. Prezident İ. Əliyevin də bəyanlarından göründüyü kimi siyasi-inzibati muxtariyyət yerinə mədəni muxtariyyət tərcih ediləcəkdir.  Ermənistan sülh şəraitində birgə yaşayış yerinə yenə Türk Müsəlman əhaliyə düşmən siyasəti yeritməyi  seçəcəksə yenə  bunun bədəlini daha ağır şəkildə ödəməyə də davam edəcəkdir.  Bəli,  Rus sülhməramlılarının  Qarabağa yerləşdirilməsiylə bağlı durum Azərbaycanın milli maraqlarına cavab vermir, amma  onların sayı məhdud,  müddəti  beş  illikdir. Pandemiya sonrasında  yeni dünya nizamı şəkillənirkən  Qafqazda Azərbaycanla əməkdaşlığın əvəz edilməzliyi,  Rusiyanın Türkiyə ilə əlaqələrini genişlətməyə  olan ehtiyacı,  Türk zabitlərinin  sülhü qoruma mərkəzindəki iştirakı   Rusiyanın yaranan yeni şəraitdə  qismi neytrallığını qoruyaraq  Qarabağın tamamında  Azərbaycan hakimiyyətinin təsis edilməsinə mane olmayacağını göstərir.



Әlaqәli Xәbәrlәr