Qarabağ savaşı və Şuşanın hərbi-siyasi əhəmiyyəti

Dr. Telman Nusrətoğlunun mövzuya dair dəyərləndirməsini təqdim edirik.

1521693
Qarabağ savaşı və Şuşanın hərbi-siyasi əhəmiyyəti

    Azərbaycan Türklərinin Vətən Müharibəsi adlandırdıqları Qarabağ savaşının  36-cı  günündə artıq  böyük hərbi-siyasi uğurlar qazanılmış, işğal altındakı ərazilərin yarıdan çoxu,  4 şəhər, bir neçə qəsəbə, 200-dən artıq kənd və xeyli strateji yüksəkliklər Erməni qüvvələrindən geri alınmışdır. Müharibənin başlanmasıyla Azərbaycanın bütün milli güc elementləri tarixinin ən yüksək və hazırlıqlı dövrünə qədəm qoymuş, səfərbərlik ruhu cəmiyyəti əhatə etmiş, Cənubi Qafqazda bir neçə əsr boyu davam edən geopolitik güc balansını da dəyişdirən Türkiyə- Azərbaycan ittifaqı özünün zirvə nöqtəsinə çatmışdır. Hər iki  dövlətin küçələrdə, iş yerlərində, evlərdə, bütün kənd və qəsəbələrdə qoşa dalğalanan  bayraqları bu mənzərəyə ən gözəl nümunədir.   

  Azərbaycanda yaşayan fərqli millət və dinlərin mənsubları da daxil olmaqla bütün xalq Qarabağı azad etmək üçün cəbhəyə can atarkən, qələbələrlə ordunun nüfuzu gündən-günə yüksəlirkən beynəlxalq hüquq prinsiblərini, dinc əhalinin yaşama normalarını  pozaraq qonşu dövlətin torpaqlarını işğal edən, özünü regionun bütün strateji layihələrindən də təcrid edən Ermənistanda isə  fərarilik artmaqda, məğlubiyyətin gətirdiyi ruh halı, daxili siyasi mübarizə şiddətlənərək davam etməkdədir. Artıq döyüşlərin Ermənistanın Qarabağla bağlantısını təmin edən strateji Gorus – Laçın yolu, Laçın şəhərinin ətrafında və Qarabağın tarixi paytaxtı olan Şuşa uğrunda getdiyi sir deyil. Azərbaycan prezidenti, ordunun Ali Baş Komandanı İ. Əliyev  Qarabağ və ətraf bölgələrin işğaldan azad edilməsi əməliyyatı başlayarkən Türkiyə medyasına verdiyi müsahibələrin birində  Şuşa azad edilmədən  bu əməliyyat  tamamlanmış sayılmaz, yarımçıq qalar demişdi.  

  Daha çox dağlıq ərazilər, meşələrlə zəngin olan hər iki bölgənin işğaldan azad edilməsi Azərbaycan Ordusunun qarşısında duran ən çətin və həlledici vəzifələrdən biridir. Erməni silahlı qüvvələrinin dirəncinin tamamən qırılması baxımından da  olduqca kritikdir. Məlumdur ki,  müharibənin gedişatındakı həlledici rolu, strateji önəmiylə bərabər mürəkkəb coğrafi relyefi, dağ şəraitində təbii istehkamların çoxluğu baxımından müdafiə olunmağın hücum etməkdən daha asan olması səbəbiylə də  Ermənistan bütün gücünü oraya toplayaraq Laçın və Şuşanı əldə tutmağa çalışaraq, diplomatik danışıqlarda daha əlverişli şərtlərlə   Azərbaycanla bir anlaşma imzalamağı arzulayır.  Ancaq elə Erməni tərəfinin özünün verdiyi məlumatlara baxacaq olsaq Laçın və Şuşa istiqamətində Azərbaycan Ordusunun irəliləyişini dayandıra bilmədiklərini də anlayırıq. Əlbətdə dağlıq ərazidə hərbi texnikanın da manevrlərinin çətinliyi, daha az əsgər itkisiylə hədəflənən mövqeləri ələ keçirmək baxımından Azərbaycan Ordusunun səbrli hərəkət etdiyi, üstəlik  Erməni əsgərlərin Laçın dəhliziylə Ermənistana qaçışına da şərait yaratdığını da göz önündə tutmaq lazımdır.  Bütün baxımlardan  Ermənistanın ağ bayraq qaldırma prosesinə doğru sürətlə sürükləndiyini, Qarabağdakı işğalın bitməsinə az qaldığını ifadə edə bilərik. Qədim  Müsəlman Türk yurdu olan Şuşanın Azərbaycan tarixi və mədəniyətindəki yerinə, əhəmmiyətinə, Qarabağa, Şuşaya yönəlik Erməni iddialarını puç edəcək açıq dəlilləri özündə ehtiva edən keçmişinə ətraflı toxunmadan öncə işğalçı rejiminin təmsilçilərinin açıqlamalarından yola çıxaraq  Şuşanın  necə həyati önəmdə olduğunu ifadə etməkdə fayda var. Separatçı rejimin müşaviri  David Babayan Fransanın “Le Monde” qəzetinə veriyi müsahibəsində Şuşa uğrunda  ağır döyüşlərin getdiyini etiraf etmiş, Şuşa əldən gedərsə Xankəndini də saxlamağın mümkünsüzlüyünü, ondan sonra yeganə yolun dağlara, meşələrə çəkilmək olduğunu, bu baxımdan da Şuşanı axıra qədər qorumağa çalışacaqlarını bəyan etmişdir. Aydındır ki, dağlara, meşələrə çəkilmə açıqlaması Şuşada birlikdə döyüşdükləri yaxın müttəfiqləri PKK teror  təşkilatının ağlı və taktikasıdır ancaq bölgənin siyasi-coğrafi reallıqlarını diqqətə aldıqda belə bir müqavimətin davam etdirilməsi mümkün deyil. Yəni  Laçıın dəhlizi nəzarət altına alındıqdan, işğalçıların silah və lojistik dəstək  yolları kəslidiktən sonra o terrorçu qrupların dağlarda  barınma ehtimalı sıfıra bərabərdir. Qarabağdakı işğal rejiminin başçısı Araik Arutunyanın da  Erməni tarixi yalanlarına uyğun olaraq Şuşanı Ermənilərin simvolu, döyünən ürəyi adlandıraraq bütün dünya Ermənilərini Şuşanın müdafiəsinə çağırmasını da eyni konteksdə anlamalıyıq.

 Müharibənin talehi, tarixin bundan sonrakı axışı baxımından da mühüm əhəmmiyətə sahib olan Şuşa şəhəri Azərbaycan mədəniyyətinin beşiyi, tarixinin vaz keçilməz hissəsidir. Əslində Şuşanın tarixi Qarabağın tamamən bir Türk Müsəlman yurdu olmasının  da tarixidir.  Səlcuqların da yaylaq yerlərindən biri olan Pənahabad, Şəhr-i Şuşa, Qala Şuşa adlandırılan bu şəhərin formalaşma prosesi  1747-ci ildə Əfşarların böyük sərkərdəsi Nadir Şahın öldürülməsindən sonra bölgədə formalaşan Qarabağ Xanlığının tarixiylə sıx şəkildə bağlıdır. Qarabağ Xanı Pənahəli Xan dövlətinin təhlükəsizliyini təmin etmək məqsədiylə, dağların əhatəsində, təbii istehkamları etibariylə də asan ələ keçirilə bilməyəcək möhkəm və keçilməz bir qala olaraq Şuşa qalasını tikməyə qərar vermişdir.  Dəniz səviyyəsindən 1600 metr hündürlükdə yerləşən Şuşa  dağ yaylaları, sıldırım qayalıqlarla əhatə olunmuşdur. Məhz hərbi- strateji mövqeyinə görə də Pənahəli Xan dövlətinin paytaxtı olaraq  Şuşa şəhərini seçmişdir.  Azərbaycan mədəniyyətinin də beşiyi olan Şuşa şəhəri yetişdirdiyi məhşur incəsənət və mədəniyyət xadimlərinə görə  Qafqazın sənət məbədi, konservatoriyası kimi adlarla da anılmışdır. Türkiyənin də yaxından tanıdığı, Nuru Paşanın müşaviri,  Atatürkün yaxın silahdaşlarından, Anadolu Agentliyinin qurucusu, Azərbaycan-Türkiyə qardaşlaığının körpü şəxsiyyətlərindən olan Əhməd Ağaoğlu Şuşalıdır. Yenə Azərbaycan Türklərinin böyük bəstəkarı və fikir adama Koroğlu üverturasının, Leyli və Məcnun operasının da müəllifi, 1918-20 ci illər Cümhuriyyət dövründə rəsmi dövlət qəzeti olan Azərbaycan qəzetinin baş redaktoru olmuş  Üzeyir Hacıbəyov,  Şərq aləmində ilk balet olan Qız Qalasının yazarı olan Bədəlbəylilər nəsli, yenə musiqi sahəsində dünya çapında şöhrətə sahib olan  Əmirovlar nəsli Şuşa kökənlidir. 7 İyul 1923-cü ildə Azərbaycan Sovet Sosyalist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil edildiyi zaman vilayət mərkəzi olaraq da Şuşa şəhəri seçilmiş lakin şəhər əhalisinin mütləq əksəriyyəti Müsəlman Türklərdən ibarət olduğu üçün burada  milliyətçi fəaliyətlərini həyata keçirə bilməyəcəklərini anlayan vilayətin Erməni idarəçiləri daha sonra vilayət mərkəzinin Xankəndinə daşınmasına nail olmuş, oranın da adını dəyişdirərək Erməni bolşeviki Stepan Şaumyanın adıyla Stepanakert adlandırmışdır.

  1992-ci ildə Şuşanın işğal edilməsi Azərbaycan Türklərində matəm havasına səbəb olmuş, məcburi köçkün durumuna düşən Şuşalılar yurdlarına dönəcəyi günləri səbrsizliklə gözləmişdir. Macerapərəst Paşinyanın  Azərbaycanı savaşa təhrik edərcəsinə Şuşa yaylasında yallı oynaması, Dağlıq Qarabağın sözdə  başçısının andiçmə mərasimini Şuşada keçirməsi,  qondarma rejimin  paralamentini Şuşaya daşıyacağı  haqdakı bəyanı  başda prezident İ. Əliyev olmaqla Azərbaycan xalqının böyük qəzəbinə səbəb olmuşdur.

 Nəhayət Azərbaycan xalqının  səbrsizliklə gözlədiyi tarixi  proses  yetişmiş,  bütün Qarabağ torpaqlarıyla birlikdə  Şuşanın da  işğaldan azad edilməsi  anı gəlmişdir.  Artıq ölkənin qəlbi Şuşayla birlikdə atmaqda, xalq Ali Baş Komandandan Şuşanın qurtuluşuyla bağlı o  böyük müjdəni gözləməkdədir.



Әlaqәli Xәbәrlәr