Türkiyənin Rusiya siyasəti

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun analitik yazısını tәqdim edirik.

1510288
Türkiyənin Rusiya siyasəti

Rusiya istər coğrafi mövqeyi, istərsə də hərbi və iqtisadi gücünə görə Türkiyə üçün hər zaman əhəmiyyətli ölkə olub. Yaxın tarixə nəzər salsaq, burada əsas məsələ Türkiyənin Qərb blokunda yerləşməsi və Rusiyanın regional siyasi kontekstdə rəqabət və mübarizəyə yanaşmasıdır. Ancaq xüsusilə AK Partiya hökuməti və 15 iyul çevriliş cəhdindən sonra sözügedən siyasətin dəyişdiyi aydın görünür. Artıq Türkiyə Rusiya ilə münasibətini Qərb blokuna və inkişaf edən Çinə qarşı balanslaşdırma hərəkəti kimi təqdim edir.

İyulun 15-də baş verən çevriliş cəhdi, özü ilə birgə Ankaranın xarici siyasət yanaşmasında köklü reviziyalar etməsini gətirdi. Əslində, son bir neçə ilə nəzər salsaq, İsrailə olan yanaşma, "Gezi hadisələri", terror təşkilatı FETÖ-yə verilən xarici dəstək və Suriya ilə bağlı siyasət Türkiyənin Qərb dünyası ilə əlaqələrinə mənfi təsir göstərmişdi. Burdan belə nəticəyə gəlmək olar ki, iqtisadi-siyasi və hərbi mənada yüksələn və daha müstəqil, öz maraqlarını ön plana çəkən, iddialı bir Türkiyə Qərb dünyası tərəfindən həzm edilmir. Bu çərçivədə, münasibətlərin gərginləşməyə başladığı bir vaxtda FETÖ-nün çevriliş cəhdinə birbaşa və ya dolayısıyla verilən dəstəklər Türkiyənin xarici siyasətdə tarazlıq axtarmasına səbəb oldu və bunun ardınca Çinlə yanaşı, Rusiyanın da əhəmiyyətli ölkə kimi Türkiyənin münasibətlər şəbəkəsində güclü bir mövqe tutmağa başladığı müşahidə edildi. Suriyada Astana prosesi çərçivəsində davam edən tərəfdaşlıq, Liviya və digər münaqişə bölgələrində aparılan danışıqlardan başqa, müdafiə sənayesi və nüvə enerjisi sahəsində davam edən əlaqələr də əhəmiyyətli mövzulardan olub. İki ölkə arasında yaranmış yeni münasibətlər, eyni zamanda, ABŞ-ın nobran, birtərəfli sanksiya siyasətinin vasitə kimi istifadə olunması nəticəsində yaradılan hərəkət rejiminə ortaq cavab deməkdir.

Əlbəttə, iki ölkə arasında hələlik tam bir müttəfiqlik münasibətindən və ya strateji tərəfdaşlıqdan söhbət gedə bilməz. Suriya və Liviyada da ziddiyyətli maraqlar mövcuddur. Rusiyanın “Kürd məsələsinə” münasibəti Ankarada ciddi narahatlıqlar yaradır. Lakin bütün bu çətinliklərə baxmayaraq, Qərb dünyasından gələn təhdid iki ölkəni birgə hərəkətə məcbur edir. Türkiyənin Rusiya və Çinlə yaradılan yeni münasibət şəbəkəsi Qərbə tamamilə alternativ hədəf yayınması kimi görünə bilməz, daha çox konyunktura baxımından Türkiyənin Qərb-şərq tarazlığını quraraq, öz mənfəətlərini maksimum dərəcədə artırmağa çalışması kimi qiymətləndirilməlidir.



Әlaqәli Xәbәrlәr