Türk çayının türklərə xas çay dəmləmə və təqdimetmə üsulu
Türk çayının türklərə xas bir çay dəmləmə və təqdimetmə üsulu olduğunu bilirsinizmi?
Türk çayının türklərə xas bir çay dəmləmə və təqdimetmə üsulu olduğunu bilirsinizmi?
5000 yaşlı çay türklərin həyatına gec girsə də, türk cəmiyyətində özünəməxsus yer tutur.
Türkiyənin Şərqi Qaradəniz və xüsusən Rize bölgəsində bir növ qara çay növü yetişir ki, buna xalq arasında “Türk çayı” adı veriblər. Amma ümumilikdə "Türk çayı" ifadəsi daha çox türkiyəlilərin çay dəmləmə və təqdimetmə üsuluna görədir.
Bu gün müxtəlif çay növləri və dəmləmə qaydaları olsa da, Türkiyə tərzi çay qovrulmuş qara toz çayla dəmlənir və özünəxas incəbelli və kiçik şüşə stəkanlarla təqdim edilir.
Türkiyə üsulu çaydəmləmədə çaydan və dəmlik olaraq iki ayrı qabdan istifadə edilir. Çaydanda təzə su qaynadılarkən boş dəmlik su buxarı ilə isidilir. Qaynayan bir miqdar su içindəki oksigeni çox itirmədən toz qara çay olan dəmliyə tökülür. Çayın dəmlənməsi üçün dəmlik içində su qaynayan çaydanın üzərində təxminən 10 dəqiqə gözlədilir.
Hazırlanan çayın təqdimatında isə dəmlikdən istənilən qədər dəm stəkanlara tökülür. Zövqə görə çayın rəngini açmaq üçün çaydandan üzərinə qaynamış su əlavə edilir, ya da edilmir. İstəyən çaya şəkər qatır, istəməyən yox.
Dünyanın ən böyük çay bazarlarından olan Türkiyədə qara çay istifadəsi xalqın həyat tərzi və mədəniyyətinin ayrılmaz bir parçasıdır. Eyni zamanda, çay mədəniyyəti türklər üçün ortaq həyat və qonaqpərvərliyin ən mühüm simvollarından biridir.