Ermənistan- Azərbaycan gərginliyinin səbəbləri

Murad Yeşiltaşın mövzu ilə əlaqədar fikirlərini təqdim edirik

1464589
Ermənistan- Azərbaycan gərginliyinin səbəbləri

Həftənin analizi_31

İyulun 12-də Ermənistan sərhəddində yerləşən Azərbaycanın Tovuz rayonu erməni silahlı birləşmələri tərəfindən hədəfə alındı. Hücum nəticəsində yeddi Azərbaycan əsgəri şəhid oldu. Hücumdan sonra yaşanan kiçik miqyaslı əməliyyatlarda isə hər iki tərəf itkilər verdi. Ermənistan Azərbaycanı günahlandırmağa çalışsa da Azərbaycan rəsmiləri hücumun “erməni təxribatı olduğunu” bildirdi. Bu hücum xeyli müddətdir səssiz davam edən Ermənistan-Azərbaycan münaqişəsini yenidən beynəlxalq siyasətin gündəminə gətirdi.

SETA / Təhlükəsizlik Araşdırmaları üzrə direktor, dosent, yazar Murad Yeşiltaşın mövzu ilə əlaqədar fikirlərini təqdim edirik

1992-ci ildə erməni birləşmələri və erməni dəstəkli mülki şəxslərdən ibarət silahlı qüvvələr Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal etmişdi. Milyonlarla Azərbaycan türkü ata yurdundan didərgin düşdü və hazırda ölkədə məcburi köçkün kimi yaşayırlar. On minlərlə azərbaycanlı isə həyatını itirdi. 1994- cü ildə atəşkəs razılaşması imzalandı və o vaxtdan bəri münaqişə "dondurulmuş" olaraq qiymətləndirilib. Lakin 2016- cı ilin aprel ayında 4 gün davam edən gərgin döyüşlərdə 200 nəfər həlak oldu. 2018- ci ilin yazın əvvəlində Azərbaycan ordusu Naxçıvan Muxtar Respublikasının dağlıq bölgəsində strateji cəhətdən əhəmiyyətli olan Günnüt kəndi və ətrafını azad etmək üçün əməliyyat həyata keçirdi. Bu iki hadisə 1994-cü ildən bəri bölgədə yaşanan yeganə dəyişiklik oldu. Tovuz hücumu Ermənistan-Azərbaycan münaqişəsində yeni bir pərdənin açılması mənasını daşıyır. Bu qarşıdurmaya keçmişdə olduğu kimi indi də yerli münaqişə olmaqdan daha çox Rusiya, İran və Türkiyə də daxil olmaqla bölgəyə yayılan geosiyasi rəqabətin vacib bir hissəsi kimi baxılmalıdır. Tovuz bölgəsinə edilən hücumun arxasında bu mənada bir çox səbəblər var. Bu səbəblərdən birincisi regional münaqişənin Qafqaz xəttinə yayılmasına çalışılmasıdır. Bu məqamda Rusiyanın iki ölkə arasındakı münaqişədən qidalandığını xatırlatmaqda fayda var. Bu qarşıdurma Rusiyanın bölgədəki gücünü artırmaq üçün yeni bir fürsət açır. Rusiya əsas strategiyasını Ermənistan üzərində qurmuş olsa da həm Ermənistan, həm də Azərbaycan üçün ən böyük silah tədarükçüsüdür. Bölgədəki qeyri-sabitlik Rusiyanın hər iki ölkəyə silah satışı üçün yeni bir səbəb təklif etməsi baxımından önəmli səbəbdir. Ermənistan- Azərbaycan münaqişəsinə müdaxilə edən bir başqa regional oyunçu isə İrandır. İranın Azərbaycanın bir nömrəli düşməni Ermənistanla olan yaxınlığı rəsmi Bakını da narahat edir. 1990- cı illərin əvvəlində Dağlıq Qarabağ münaqişəsi zamanı İran Azərbaycanın bölgədəki rolunu azaltmağın bir yolu kimi Ermənistanın yanında yer almışdı. Ermənistan-İran ticarət həcmi 2019-cu ildə rekord həddə çatıb. İran prezidenti Həsən Ruhani də otən il Ermənistana səfəri zamanı söyləmişdi: "Dostumuz və qonşumuz Ermənistanla hər sahədə əlaqələrin inkişafına və genişləndirilməsinə böyük əhəmiyyət veririk". Əlbətdə, tarixi və mədəni baxımdan Türkiyə də bölgədə ən əhəmiyyətli rola sahibdir və Azərbaycanın yanındadır. Rusiyanın Türkiyənin diqqətini Suriya və Liviya kimi yerlərdən yayındırmasının bir yolu olaraq Cənubi Qafqazdakı gərginliyi artırmağa qərar verməsi ehtimalı Türkiyənin mövqeyinin nə qədər əhəmiyyətli olduğunu göstərir. Moskvanın Yerevan rəhbərliyi üzərindəki təsirini nəzərə alaraq bunun mümkün olduğu söylənə bilər. Sözügedən regional münaqişəyə əlavə olaraq qarşıdurmanın arxasında gizlənən iqtisadi səbəblər də var. Hədəfə alınan Ağdam kəndi Avrasiya quru hissəsinin ürəyinə, Xəzər regionunu Avropa və beynəlxalq enerji bazarları ilə birləşdirən böyük neft- qaz boru xətlərinə çox yaxın bir ərazidə yerləşir. Xəritəyə nəzər salsaq enerji və ticarətin Avropa və Asiya arasında daşınması üçün sadəcə üç yol var. İran, Rusiya və Azərbaycan. Sadəcə 100 kilometrlik bu kiçik ticarət dəhlizi Azərbaycanın ikinci ən böyük şəhəri və bolgədəki qədim İpək Yolu ticarət mərkəzi olan Gəncənin adını daşıyan "Gəncə boşluğu" olaraq tanınır. Son qarşıdurmaların əksəriyyətinin yaşandığı bölgə isə "Gəncə boşluğu" nun tam ortasındadır. Hazırda Rusiya və İranı əhəmiyyətli dərəcədə adlayan və "Gəncə boşluğu"ndan keçən üç böyük neft və qaz xətti var. Bakı-Tbilisi-Ceyhan boru xətti, Baki-Supsa boru xətti və Cənub Qaz Dəhlizi. Qərbi Avropanı Xəzər bölgəsi ilə bağlayan fiber optik kabellər də əhəmiyyətli avtomobil və dəmir yolu bağlantısı kimi "Gəncə boşluğu"ndan keçir. Aydındır ki, Tovuz hücumu birbaşa bu geoiqtisadi tənliyi hədəf alır. Əgər Rusiya eyni vaxtda həm Avropanı, həm də Liviya və Suriya səbəbi ilə Türkiyəni sıxışdırmaq istəyərsə onun üçün "Gəncə boşluğu"ndan daha yaxşı hədəf ola bilməzdi. Bu məqsədlə Ermənistandan istifadə etmək üçün bir çox səbəbi var. Daxili siyasətdən tutmuş iqtisadi vəziyyətin pisləşməsinədək Ermənistanın Azərbaycanı narahat etməsi üçün bir çox əsaslandırma mövcuddur. Ermənistan-Azərbaycan gərginliyi yeni bir regional böhrandan xəbər verir. Bu baxımdan yaxında davam etməkdə olan münaqişənin dərinləşmə ehtimalına hazır olmaq lazımdır.



Әlaqәli Xәbәrlәr