Türkiyənin daxili və xarici siyasətində yeni dövr

Mövzu ilə əlaqədar Təhlükəsizlik Araşdırmaları (SETA) üzrə direktor, dosent və yazıçı Murad Yeşiltaşın yazısını təqdim edirik

1456648
Türkiyənin daxili və xarici siyasətində yeni dövr

 

  15 iyul 2016-cı ildə seçilmiş hökuməti devirmək üçün FETÖ tərəfindən təşkil edilən, lakin uğursuz olan hərbi çevriliş cəhdinin üzərindən dörd il keçdi. Mövzu ilə əlaqədar Təhlükəsizlik Araşdırmaları (SETA) üzrə direktor, dosent və yazıçı Murad Yeşiltaşın yazısını təqdim edirik.

  Çevriliş cəhdinin uğursuz olmasının arxasında bir çox səbəb var. Bunlardan ən əhəmiyyətlisi xalqın çevrilişin qarşısını almaq üçün küçələrə çıxaraq qiyamçıların önündə qorxmadan dayana bilməsi idi. Nəticədə xalq müvəffəq, qiyamçılar isə uğursuz oldu. Siyasət qurumunun zərbələrə qarşı rəftarı da çevriliş cəhdinin müvəffəqiyyətsiz olmasının arxasında duran başqa mühüm səbəb idi. Necə ki, 27 aprel 2007-ci ildə Türkiyə Silahlı Qüvvələrinin hökumətə ünvanlı sərt açıqlaması qarşısında vətəndaş hökuməti də şərhə sərt reaksiya verdi, əsgərin xidmət sahəsini keçən bir hərəkət etdiyi bəlli oldu, bu münasibət vətəndaş siyasətinin daha da güclənməsinə şərait yaratdı və vətəndaş-əsgər əlaqələrinin demokratikləşməsi baxımından tarixi bir dövr açdı.

  15 iyuldan sonra Türkiyənin daxili və xarici siyasətində bir çox mühüm inkişaf prosesləri yaşandı. Daxili siyasətdə çevriliş cəhdindən sonra başlayan FETÖ-dən təmizlənmə müddəti müvəffəqiyyətli şəkildə idarə olundu. Təhlükəsizlik xidməti başda olmaqla, ədalət, səhiyyə və təhsil kimi bir sıra strateji sahələrdə FETÖ ilə əlaqəsi olanlar müəyyən edilən kimi vəzifələrindən uzaqlaşdırıldılar, bir çoxu mühakimə olunaraq cəzasını aldı. Bunlardan ən əhəmiyyətlisi Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılan adamlar idi. Onlar daşıdıqları mühüm vəzifələrdən və ordudan çıxarıldılar. Eyni şəkildə təhlükəsizlik qurumları içində vəzifədə olan və FETÖ ilə əlaqəli minlərlə polis işdən uzaqlaşdırıldı.  

  15 iyuldan sonra təhlükəsizlik xidmətində islahatlar aparılması çox mühüm idi. Bu baxımdan Jandarma və Sahil Təhlükəsizlik Komandanlıqları Daxili İşlər Nazirliyinə bağlandı. Baş Qərargah rəisinin hərbi qüvvə komandirləri üzərindəki rolu dəyişdirildi, Milli Müdafiə Nazirliyi daha çox ön plana çıxarıldı. Təhlükəsizlik xidməti FETÖ-dan arınmağa başlandı və ilk nəticələr özünü terrorla mübarizədə göstərdi. Ölkə daxilində PKK-ya qarşı daha təsirli strategiya həyata keçirildi, Suriyada DAEŞ-ə qarşı Fərat Qalxanı hərəkatı başlandı və hər iki terror təşkilatının təsir sahəsi daraldı.

  Daxili siyasətdə gedən ən mühüm proseslərdən biri də 16 aprel 2017-ci ildə edilən referendumla Türkiyədə hökumət sisteminin dəyişdirilərək prezident üsuli-idarəsinə keçilməsi oldu. Bu dəyişikliklə ölkədə parlament sistemi sona çatdı. Sonrakı seçkilərdə Türkiyə artıq yeni sistemlə yoluna davam etdi.

  Xarici siyasətdə də 15 İyul sanki bir mərhələ oldu. O gündən əvvəl güclü ordusunu Suriya böhranının səbəb olduğu təhlükəsizlik problemlərinə sərf etməkdə hərəkətsiz qalan hökumət çevriliş cəhdindən bir ay sonra o ölkədə DAEŞ terror təşkilatına qarşı hərbi hərəkata keçdi. Nəticədə Türkiyənin Suriya siyasətində yeni bir dövr açıldı. Fərat Qalxanı hərəkatı ilə DAEŞ-i sərhədindən təmizləyən Türkiyə terror təşkilatı PKK-nın Fəratın qərbində mövcudluğunu qeyri-mümkün hala gətirdi. Çünki Fərat Qalxanı hərəkatından dərhal sonra hədəf doğrudan da PKK idi. Beləliklə, 2018-ci ilin 20 yanvarından başlayan Afrin hərəkatı ilə PKK Afrindən çıxarıldı. Bununla da Türkiyə Suriya prosesində daha aktiv rol almağa başladı.

  2019-cu ilin oktyabrında Sülh Çeşməsi hərəkatı ilə PKK-nı Fəratın şərqində də hədəfə alan Türkiyə, beləcə, PKK-nın Suriyada təsirli olmasının və şimalda bir dövlət qurmasının qarşısını almağı bacardı.

  İdlib böhranının həlli yolunda da Türkiyə hərəkət etdi. 2020-ci ilin martında Suriya rejiminə İdlibdə ağır zərbə vuruldu. Bütün bu hərbi hərəkatlar Türkiyənin 2016-cı ilin 15 İyulundan sonra diplomatiya müstəvisində daha sözükeçər olmasını təmin etdi.

  Tədbirlərin ən əhəmiyyətli olduğu sahələrdən biri də Liviya idi. Liviya böhranında 2011-ci ildən bəri diplomatiya yolunu seçən Türkiyə 4 iyul 2019-cu ildə BMT tərəfindən tanınan qanuni Trablus hökumətini devirməyə çalışan qiyamçı Hafterə qarşı Milli Koalisiya Hökumətini dəstəklədi. Bu istiqamətdə hökumətlə bir müqavilə bağlayaraq Hafter qüvvələrinin Trablusu ələ keçirməsinə maneə törətdi. Daha sonra Hafteri geri çəkilməyə vadar edərək Liviya üzərindən bölgədə həyata keçirilməyə çalışılan oyunları tamamilə pozdu.

  Ümumi nəticə budur ki, 15 İyul bir çox baxımdan Türkiyə üçün bir dönüş nöqtəsi oldu. Daxili siyasətdə müqavimətini artıran Türkiyə xarici siyasətdə də daha aktiv və müstəqil hərəkət etməyə başladı. Bu fəallaşma bir tərəfdən Türkiyənin rəqiblərinin bir araya gəlməsini təmin etdi və Türkiyə, xüsusilə, Orta Şərqdə geosiyasi təzyiqlə qarşılaşdı, digər tərəfdən isə Qərb, xüsusilə də ABŞ-la 15 İyuldan sonra bərpası çətin böhranlar yaşandı.

  15 İyuldan dörd il sonra Türkiyə bir çox meydanoxuma ilə qarşı-qarşıya qalıb, ancaq bu illər boyu qazandığı performansı sözügedən təhdidləri keçmək üçün ona lazımi enerjini təmin edir. Bu enerji etibarlı, xarici siyasətdə təsirli və daha demokratik bir Türkiyə üçün bir şans olaraq görünməlidir.



Әlaqәli Xәbәrlәr