Liviyada balans dəyişir

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın "Liviyada balans dəyişir" pandemiyası və PKK terroru” adlı analitik yazısı.

1439363
Liviyada balans dəyişir

Türkiyənin xarici siyasətinin yaxın tarixində Liviyaya bənzər başqa bir hadisə olmayıb.
Türkiyə Liviyada hərbi gücündən istifadə edərək masada əsla əldə edə bilməyəcəyi uğuru qazandı. Baş verənlərə ardıcıllıqla nəzər salmaqda fayda var. 2019-cu ilin aprel ayında başladığı çevriliş cəhdi ilə Tripolinin daxili məhəllələrinə qədər irəliləyən qiyamçı Hafter, Türkiyə Liviyaya müdaxilə etməsəydi həm Tripolini, həm də Milli Həmrəylik Hökuməti (MHH) məhv edəcəkdi. Tripolinin ələ keçirilməsi ilə yanaşı, Türkiyəni Aralıq dənizi boyunca geosiyasi rəqabətdə böyük ehtimalla müdafiə mövqeyində təkbaşına qoyacaqdı.
Sözügedən nəticənin qarşısının alınması üçün Türkiyə ikimövqeli bir strategiya yürütdü. Əvvəlcə Milli Həmrəylik Hökumətinin cəbhədə toqquşmaya nəzarət etməsinə imkan verəcək hərtərəfli hərbi strategiya irəli sürdü. Beləliklə, cəbhədə daim Hafterə məğlub olan MHH qüvvələri öz aralarında təşkilatlanmağı bacararaq müdafiə mövqelərini möhkəmləndirdilər. İkincisi isə, Türkiyə MHH qüvvələrini Hafter qarşısında hərbi güc olaraq dəstəkləməklə hücuma keçməyə imkan verdi. Əslində, zirehli maşınlardan PUA və SPUA-lar MHH qüvvələrinə quruda hərəkətlilik və sürət qazandırdığı halda, havadan da Hafter qarşısında üstünlüyə imkan verdilər.
Sözügedən prosesin sonunda MHH qüvvələri Hafterin dayandırıla və geri çəkilə biləcəyinə daha çox ümid edirdilər. Əslində, Hafter əvvəlcə Tripolinin cənubundakı bölgələri itirdi, sonra isə geri çəkilməyə məcbur oldu.
Vatiyeyə nəzarətin ələ keçirilməsi bir tərəfdən Tripoliyə istiqamətlənmiş əməliyyat təzyiqini minimuma endirsə də, digər tərəfdən Hafterin dəstəsinə qarşı əməliyyat seçimlərini genişləndirdi.  Əslində, Vatiyenin  ələ keçirilməsindən sonra əvvəlcə Terhuna işğal olundu, daha sonra Sirteyə qarşı hərtərəfli əməliyyata başlanıldı. Bundan sonra sözügedən qazancların strateji qazanclara çevrilməsi daha vacibdir. Əslində, Türkiyə rəsmiləri iyunun 17-də Tripolidə yüksək səviyyəli bir görüş keçiriblər.
Ziyarətin məqsədi olduqca aydındır: Liviyanın ərazi bütövlüyünün təmin edilərək müstəqilliyə qovuşması. Bu baş verdiyi təqdirdə, Türkiyənin Aralıq dənizi miqyasında prioritetlərini daha etibarlı etmək və Aralıq dənizində bölgə oyunçusu olaraq özünü qəbul etdirməsi mümkün olacaq. Bu məqsədə çatmaq yalnız diplomatik zəmində uğur qazanmaqla mümkün olacaq. Bu məqamda bir neçə məsələni vurğulamaq yerinə düşərdi.
İlk vacib məqam, Liviya probleminin Səudiyyə Ərəbistanı-BƏƏ-Misir kontekstində regional problem olmasıdır. Bu, Türkiyənin manevr sahəsini əhəmiyyətli dərəcədə daraldır. Türkiyənin hər üç ölkə ilə qarşılıqlı problemləri olduğu kimi, regional görüş baxımından da əhəmiyyətli fərqliliklər var. Türkiyənin Liviyadakı mövqeyi bu üçlü ittifaqı daha çox qəzəbləndirib. Ancaq Liviyada son siyasi həll yoluna nail olmaq üçün bu ölkələrin hər hansı formada prosesin içində olduğunun bilinməsi lazımdır. Bunun üçün sözügedən ölkələri diplomatik zəmində saxlamaq çox vacibdir.
Elə bu nöqtədə Rusiya ilə Türkiyə arasında Liviyaya qarşı razılıq əldə olunması xeyli əhəmiyyətlidir. Görünür ki, Rusiyanın Suriyada olduğu kimi Liviyada hərbi gücü yoxdur.  Digər tərəfdən, ABŞ-ın Rusiyanın Liviya həmləsindən getdikcə narahat olması da bir həqiqətdir. Bu səbəbdən Rusiyanın hərbi gücünü daha çox sahədə əks etdirmədən Liviyadakı həll yolu zəminin yaradılması lazımdır. Beləliklə, Misir-Səudiyyə-BƏƏ ittifaqının əməliyyat qabiliyyəti minimuma endirilmiş ola bilər.
ABŞ-ın Liviya tənliyinə birbaşa daxil olması söz mövzusu olmayacaqdır. Belə olsa da bu ölkənin Aralıq dənizi miqyaslı strategiyaları baxımından Liviyanı əhəmiyyətli hesab etdiyi də bir həqiqətdir. Buna görə də Türkiyə ABŞ-ın Rusiya əleyhinə mövqeyindən istifadə edərək Liviyada tarazlıq yarada bilər. Türkiyənin Liviya strategiyasının ən əhəmiyyətli hissəsi isə Milli Həmrəylik Hökumətinin mövcud mövqeyini gücləndirmək üçün sürətli islahat addımlarını atmaqdır. Bunun üçün başda xüsusilə Liviyadakı təhlükəsizlik sektoru olmaqla siyasi keçid prosesində mühüm rol oynayacaq siyasi, sosial və sosioloji zəminin möhkəmləndirilməsi həyati əhəmiyyət daşıyır.  



Әlaqәli Xәbәrlәr