Yeni növ koronavirus və beynəlxalq əməkdaşlıq

Siyasi, iqtisadi və ictimai araşdırma vəqfinin (SETA) araşdırmaçı yazarı Can Acunun “Yeni növ koronavirus və beynəlxalq əməkdaşlıq” başlıqlı yazısını təqdim edirik.

1389729
Yeni növ koronavirus və beynəlxalq əməkdaşlıq

Yeni növ korona virusun yayılması dünyanı şok etməyə davam edir. Epidemiyanın nə vaxt və hansı mərhələdə başa çatacağı ilə bağlı nikbin və pessimist proqnozlar mövcuddur. Yaxşı bir ssenari, baş qaldıran epidemiyanın may ayının axırında nəzarət altına alınmasıdır. Pis ssenarinin müxtəlif cəhətlərdən müzakirə edilməsi lazımdır. Buna görə, epidemiyaya nəzarət etmək bir il çəkə bilər və bir il ərzində ikinci bir epidemiya baş qaldıra bilər. Digər tərəfdən, pis ssenarinin çoxölçülü nəticələrə səbəb olma ehtimalı da xeyli güclüdür. Koronavirus qlobal ictimai səhiyyəyə verəcəyi zərərlə yanaşı, qlobal iqtisadiyyatın ağır tənəzzülə uğramasına səbəb ola bilər. Epidemiyanın mərkəzinə çevrilən ABŞ vəziyyətin necə ağır olduğunu başa düşmək üçün kifayətdir. Trampın açıqlamalarına görə, ABŞ görülən tədbirlər sayəsində 2 milyon insanın ölümünün qarşısını aldı. Bununla yanaşı Trampın sitat gətirdiyi indiki rəqəmlər də ürəkaçan deyil. ABŞ hesab edir ki, epidemiya zamanı 100 ilə 200 min arasında vətəndaş ölə bilər. Digər tərəfdən, Çinin bu prosesdə nə qədər şəffaf olduğu mübahisəlidir. Bir çox insan və mütəxəssislər Çinin rəqəmləri gizlətdiyini iddia edirlər. Hər bir ölkə öz milli mübarizəsini ortaya qoysa da, həll yolu yenə də beynəlxalq olmalıdır. Artıq bütün ölkələr bunu dərk etdilər. Bəs bu necə olacaq? Nəzərə alınacaq əsas sual bu olmalıdır.
Epedimeyanın fevral və mart aylarında tüğyan etdiyini nəzərdə tutsaq beynəlxalq əməkdaşlığın heç də ürəkaçan olmadığını söyləmək lazımdır. Hər bir ölkə öz problemini aradan qaldırmaq üçün addımlar atmağa üstünlük verdi. Ümumdünya Səhiyyə Təşkilatı kimi epidemiya mövzusunda ən təcrübəli və təsirli olan qurum belə lazımi tədbirləri görmək üçün sürətlə hərəkət edə bilmədi. Bu vəziyyət təşkilatın tənqid edilməsinə səbəb oldu. 

Beynəlxalq əməkdaşlıq mövzusunda hələlik öndə gedən Çin bir çox ölkəyə, epidemiyanı nəzarətə götürdüyünü açıqladıqdan dərhal sonra bəzi dövlətlərə yardım göndərib. Çin, İtaliya başda olmaqla, bir çox Avropa ölkəsinə tibbi yardım göstərib. Avropa İttifaqı bir qurum olaraq qərar qəbul edib bu addımı həyata keçirməkdə zəiflik nümayiş etdirib. İtaliya, İspaniya və Fransanın bəzi şəhərlərinin dövlət qurumlarında Avropa İttifaqının bayraqları endirilərək, ölkə bayraqları asılıb. Avropaya yardım göndərən ölkə yalnız Çinlə məhdudlaşmır. Belə ki, Rusiya yardım göndərən ölkələr sırasında yer alıb. Öz vəziyyəti ilə bağlı etibarlı mənbələrin məlumatı olmasa da, Rusiyaya məxsus hərbi maşınlar tibbi yardım məqsədilə Roma küçələrində görünüb. Avropa tarixində görünməmiş hadisə. Türkiyə də bir çox ölkəyə yardım göndərən dövlətlər sırasındadır. Xatırladaq ki, Çində epidemiyanın daha geniş yayıldığı vaxtda ilk yardım göndərən ölkə Türkiyə olmuşdu. Rəsmi Ankara, başda ABŞ olmaqla, bir çox Avropa və Orta Şərq ölkələrinə tibbi yardım göndərib. Şübhəsiz ki, beynəlxalq əməkdaşlığın ən vacib məqamı epidemiya ilə mübarizə məsələsidir. Korona ilə mübarizədə vaksinlərin tapılması ilə bağlı bəzi müsbət xəbərlər olsa da, hələlik qənaətbəxş bir həll yoluna nail olunmayıb. Ölkələr, hələlik pandemiyaya qarşı peyvəndi ilk növbədə özlərinin əldə etməsinə çalışırlar. Korona testi diaqnostik dəstlərinin ən sürətli və etibarlı nəticə göstərməsi üçün bir-biri ilə yarışırlar. Digər tərəfdən, bu sahə həm də qlobal dərman bazarı baxımından olduqca əhəmiyyətlidir. Məxfilik, müddətin uzun olması və etibarlılıq bu sahədəki əməkdaşlığa mane olur. Koronadan sonra beynəlxalq əməkdaşlığın ən çox ehtiyac duyacağı sahə iqtisadiyyat olacaq. ABŞ 2 trilyon dollardan çox pul xərcləyərək epidemiyanın iqtisadi təsirlərini minimuma endirmək istəyir. Qlobal miqyasda epidemiya ilə mübarizə üçün ayrılan pulun miqdarı 5 trilyon dollara çatıb. Lakin epidemiyanın qlobal iqtisadiyyata necə ziyan vuracağı məlum deyil. Nəticə etibarilə həm beynəlxalq, həm də qlobal iqtisadiyyat miqyasında dəyən ziyan müəyyən edildikdən sonra qlobal iqtisadi sistemin normal axarına dönməsi üçün bir ildən artıq vaxt lazım olacaq. Bu dövrdə ən çox beynəlxalq əməkdaşlığa ehtiyac duyulacaq. Bunun üçün Çin-ABŞ ticarət müharibəsinə ən qısa müddətdə son qoymalı və iki güc dövləti iqtisadiyyatı nizama salmaq üçün münaqişədən çox əməkdaşlığa üstünlük verməlidir. Digər tərəfdən, BVF (Beynəlxalq Valyuta Fondu) və Dünya Bankı, eləcə də digər iqtisadi qurumlar ortaq mübarizə metodu müəyyənləşdirməlidirlər.

Beynəlxalq əməkdaşlığın ehtiyac duyulan başqa bir sahəsi isə hazırda davam edən münaqişə bölgələridir. Orta Şərq və Şimali Afrika bölgəsində Liviyadan Yəmənədək olan bölgələrdə münaqişələrin sona çatdırılması üçün koronavirusdan sonrakı dövrdə daha qaneedici addımlar atılmalıdır. Qlobal qaçqın böhranının ən böyük səbəbi onsuz da daxili münaqişələrdir. Çox yüksək yayılma sürətinə sahib olan koronavirus kimi bir qlobal epidemiyanın qaçqın böhranı kimi bir böhranla birləşməsi dünyanı daha ciddi problemlə qarşı-qarşıya gətirə bilər. Koronavirusu epidemiyasının təsirlərindən hələ uzun müddət danışılacaq. Epidemiyadan sonra dünyanı yenidən düşünmək məcburiyyətində qalacağıq. Dərs alıb insanoğlunun atdığı səhv addımları düzəltmək üçün hələ də fürsət var. 



Әlaqәli Xәbәrlәr