Hər iki Azərbaycanda və İranda Novruz ənənələri (video-müsahibə)

Qonaqlarımız TRT “Türkiyənin səsi” (TSR) radiosu Farsca redaksiyasının əməkdaşı Əfsanə Qövsi Məlikzadə və TRT Avaz televiziyası Xəbərlər redaksiyası Azərbaycan bölümünün əməkdaşı Səriyyə Tağıyevadır.

1379448
Hər iki Azərbaycanda və İranda Novruz ənənələri (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): Qonaqlarımız TRT “Türkiyənin səsi” (TSR) radiosu Farsca redaksiyasının əməkdaşı Əfsanə Qövsi Məlikzadə və TRT Avaz televiziyası Xəbərlər redaksiyası Azərbaycan bölümünün əməkdaşı Səriyyə Tağıyevadır.

  Azərbaycan, İran və bir çox Şərq ölkələrinin ən gözəl bayramlarından olan, bəzilərində Yeni ilin başlanğıcı olaraq qeyd edilən Novruz, İlaxır çərşənbə və adət-ənənələrindən danışacağıq bu gün. İstəyirik ki, mütəxəssislərin araşdırmalarında deyil, öz uşaqlıq xatirələrimizdəki Novruzdan danışaq. Biz uşaqlıqda Novruzu neçə keçirmişik, ata-anamızdan necə eşitmişik, bu gün gəldiyimiz Türkiyədə adət-ənənələrimizi necə qoruyub-saxlayırıq?

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Mən Tehranda doğulmuşam. Tamamilə bir türkəm (Azərbaycan türkü). Təbrizli ailənin Tehranda farslarla birgə oxuyan, amma həmişə ana dilində danışan türkləriyik.

  Biz Tehranda yaşadığımız üçün İrandakı digər millətlərin də Novruz adət-ənənələrini gördük. Bildiyiniz kimi, İranda 13 gün Novruz bayramı tətili olur. Bu 13 günün bir həftə başına, bir həftə sonuna əlavə olunanda bayram hardasa 1 ay hiss olunur orada. Uşaqlığımda yaşadığım o nəşəli Novruz günləri inanlımaz və unudulmaz duyğulardır mənimçün. Xüsusilə, türk ailəsi olduğumuz üçün bizdə daha fərqli, daha gözəldir Novruz hissləri.

  Novruz ev təmizliklərilə başlar, alış-verişlərlə davam edərdi. Sonra bayram şirniyyatı, çörəkləri, yeməkləri bişirilərdi. Axır çərşənbə isə xüsusi idi. Mənim uşaqlıqda xatırladığım ən gözəl şeylər Novruzla bağlıdır.

Sevda Mirzə (aparıcı): Bizim Azərbaycanda Axırçərşənbə və ya bayram günü üçün evin qız uşaqlarına təzə paltarlar alınardı. Düzü, o zamanlar hazır geyimlər çox olmazdı. Bizim üçün analar ya özləri tikərdilər, ya da tikdirərdilər. Mən şəxsən Axırçərşənbədə o güllü-çiçəkli gəzmək paltarı geyinəcəyimə sevinirdim, çünki standart məktəbli geyimi insanı yorurdu.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Bizə alınan hədiyyələri əzizləyib başımzıın üstündə saxlayırdıq o həyəcanla ki, onları geyinəcəyik bayramda.

Sevda Mirzə (aparıcı): Axırçənbənin bir gözəl xüsusiyyəti də, Azərbaycanın cənub zonasının təbirincə desək, “qurşaqatdı”, Bakı və digər bölgələrin sözlərilə desək, “papaqatdı”dır.

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Bəzən deyirlər: “Hardadı o köhnə bayramlar?” Məncə də qabaqkı ləzzət yoxdur indiki Novruzlarda.

Sevda Mirzə (aparıcı): Bəlkə bayramlar bir az şəklini dəyişib?

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Bəlkə indi Azərbaycandan uzaqdayıq, ona görə, ya da bəlkə o vaxt uşaq idik, daha maraqlı idi bizə. Mənim yadımdan heç çıxmır. Bir neçə həftə əvvəldən nənəm və evin böyükləri bayram çörəkləri edirdilər, həyətdəki ağacları belləyirdilər. Hardasa 1 ay qabaqdan Novruzun coşqusunu hiss edir, həyəcanını yaşayırdıq. Hər Axırçərşənbədə sıra ilə tonqallar qalanırdı, məhəllədə hamı yığışırdı, çox gözəl olurdu hər şey. Hər kəsin ən həvəslə gözlədiyi bayramdır Novruz.

  “Papaqatdı”, elə bunun nə qədər hadisələri var. Uşaqlar papaq atırdılar evlərə. Nənəmgilin həyət evləri var idi. Papağı, boğçanı bu evlərin damından sallayırdılar. Sonralar qapını döyüb evə atmağa başladılar.

  Novruz adətlərində bu da var: qapı pusmaq. Əsas gənc oğlan və qızlar qapı pusurdular. Gənc qızlar üzüklə fal da baxırdılar. Doğrudan da Novruz çox maraqlı bayramdır. Amma kaş elə əvvəlki kimi olsaydı.  

Sevda Mirzə (aparıcı): Mənim doğulduğum Cənub bölgəsi Astarada “papaqatdı” deyil, “qurşaqatdı” deyirlər. Bu söz də ondan yaranıb ki, keçmişdə gənc oğlanlar köynək üzərindən bağladıqları qurşağı İlaxır çərşənbədə açıb evlərə atır, ev sahibləri də Novruz süfrəsindən şirniyyat növləri qoyurdular onun içinə.  

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Məncə, bu adətlər Təbriz və Azərbaycanın başqa yerlərində də var, amma Tehranda yoxdur. Ona bənzər Axır çərşənbə günü uşaqlara şokolad, ləbləbi verilirdi. Tonqal qalanırdı. Od üstündən atılmaq Tehranda da çox yayılıb. Türkiyədə yaşadığımız üçün bu adət-ənənələrdən ayrı qalmışıq, amma mən bu bayramı evimdə Ankarada yaşatmaq üçün səməni qoyaram hər il. Halbuki Tehranda həmişə pulla alırdıq.

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Amma bizim Azərbaycanda səmənini həmişə özümüz qoymuşuq. Yadımdadır ki, ya nənəm, ya anam qoyardı səmənini. Həm də müxrəlif cür hazırlayırdılar. Son zamanlar bizdə hazır səmənilər var ki, artıq istəyən gedib alır.

Sevda Mirzə (aparıcı): Mənim uşaqlıq xatirəmdə isə səməni qoymaq belə qalıb: 8 Mart bayramı günü ki tətil olurdu, o gündən xüsusən də çalışan xanımlar həm bayram təmizliyinə başlayırdı, həm də səməni qoyurdu.

  Bildiyimiz kimi, səməni adətən buğdadan qoyulur. Amma mən evlərdə mərci və hətta noxuddan qoyulan səmənilər gördüm ki, çox maraqlıdır: hər birinin rəngi və ucları fəqlidir. Məsələn, mərci səmənisinin ucları çiçək kimi, buğda dümdüz, noxud bir az qalın olur.

  Səməni əsasən iki məna daşıyır. Onun yaşıl rəngdə olması həyatın başlanğıcı anlamına gəlir. Digər əsas səbəbi isə budur ki, bizim müdrik nənə-babalarımız o il məhsulun, çörəyin bol olub-olmayacağını bilmək üçün bahar girmədən bir ovuc buğda isladardılar. Cücərsə, yaşıllaşsa, “İl bərəkətli gəlir, məhsulumuz bol olacaq” deyirdilər. Səməni qoyulması belə, göründüyü kimi, xalq elminə dayanır, nəinki inanca.

  Uşaq ikən təbii ki, bizi səmənidən daha çox bayram şirniyyatları maraqlandırırdı. Siz nələri sevirdiniz?

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Mənimki paxlavadır. Şəkərbura ilə heç cür bir-birimizi sevə bilmədik. Bişirdiyim zaman belə paxlavanı çox edirəm. Çünki bilirsiniz, paxlava aylarla qala bilir, xarab olmur.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Bizdə (İranda) Novruz süfrəsi bir az fərqlidir. Farscada “həftsin” dedikləri 7 cür nemət qoyular süfrəyə. Qırmızı yapon balığı olardı süfrədə, mən çox sevərdim. Balığı həyatın canlı olma simvolu kimi qəbul edirik. Son illər amma bu da azalıb süfrələrdə. Novruz süfrəsində bir də iydəni sevərdim.

Sevda Mirzə (aparıcı): Azərbaycanın başqa deyil, amma cənub bölgələrinin Axır çərşənbə süfrələrində mütləq balıq olur. Bunun bir səbəbini də mən bu bölgənin Xəzərin sahilində olması ilə əlaqələndirirəm. Uşaqlıqdan eşitdiyimə görə, balıq həm də zənginlik mənasını verirmiş. Yerli inaclara görə, Axır çərşənbə süfrəsində balıq varsa, 7 il həyatın firavan keçər.  

 Əfsanə xanım, yeddi “s” hərfi ilə başlanan o nemətlər hansılardır sizdə?

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): 1) “Senced” dedikləri iydə, 2) səmənu – buğdadan hazırlanan şirniyyat, 3) sikkə, 4) səbzə, yəni səməni, 5) sip – alma, 6) sirkə, bir də 7) siir – sarımsaq. Bəzən sünbül də olur süfrədə. Bundan başqa, süfrədə qırmızı balıq, boyanmış yumurtalar, saat, şamdanlıq və şam mütləq olur. Bütün bunlar əsasən Axır çərşənbə günü süfrəyə qoyulur.

Sevda Mirzə (aparıcı): Novruz bayramı bir çox Şərq ölkəsində həm də Yeni ilin başlanğıcıdır. O zamanlar ailə üzvlərinin mütləq həm Axırçərşənbə və Novruz axşamı süfrə başında olması şərt idi, illər boyu heç kəs bir-birindən ayrı düşməsin inancı ilə.

  Bilirik ki, Novruz min illərin bahar bayramıdır və yaranması bütün dinlərin yaşından böyükdür. Sonradan dini kitablarda qeyd edilən bayramlarda ölüləri yada salmaq, məzarlarını ziyarət etmək, qəbirlərinin üstünü təmizləmək kimi gözəl mənəvi dəyərlər neçə min illərdir ki, Novruzun içindədir. Axır çərşənbə axşamı ki hər ailə üzvü adına bir şam yandırılır, bu zaman istəyən ölüləri üçün də şam yandıraraq onların ruhunu şad edir.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Bizim tərəflərdə ailə yasda isə, o il bir yaxınını itimişsə, o zaman həmin il Novruz süfrəsi qurmaz, “Qara bayram” olaraq süfrəyə yalnız xurma və halva qoyarlar.

Sevda Mirzə (aparıcı): Novruzun ən gözəl xüsusiyyətlərindən biri də küsülülərin barışmasıdır. Hətta bəzi adamlar mübahisə etdikdən, amma sonra hirsləri soyuduqdan sonra barışmaq istəsələr də, Novruzu gözləyirlər. El-oba da “küsülülük köhnə ildə qalmalıdır” deyə küsülüləri barışdırmaq istəyir. Buna görə də Novruz həm də barışıq və birlik bayramıdır. Novruz milli dəyərlərin məcmusudur.

  Qızlar, bizi Türkiyədə bir araya gətirən TRT-dir. “Əfsanə TRT “Türkiyənin səsi” radiosu Farsca redaksiyasının əməkdaşıdır” dedik. Redaksiyanın adı “Farsca” olsa da, bütün əməkdaşları Cənubi Azərbaycanlıdır, yənin İranın Azərbaycan türkləridir.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Farsca Masası TRT Xarici Yayımlar Radiosunda (Dış Yayınlar Radyosu) önəmli bir redaksiyadır. https://www.trt.net.tr/persian/ saytının oxunma sayı da bir sıra dillərə görə yüksəkdir. Həm bu sayt, həm də TRT “Türkiyənin səsi” Farsca radiosu üçün çalışırıq. Bizim yayımımız da 2 saat yarım olmaqla uzundur. Bunun haradasa 1 saat yarımı canlı yayım olur, qalan zamanlarında montajlı proqramlarımız yer alır.

Sevda Mirzə (aparıcı): Dinləyici və oxucularınızın sayının çox olması, məncə, həm də onunla bağlıdır ki, İranda hər xəbər yazılmır, söylənilmir, amma TRT dünyanın hər yerindən daha ətraflı məlumatlar yayır.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Bir də İranla Türkiyənin kültürləri bir-birinə yaxın sayılır. İnsanlar məlumatları başqa saytlardan götürəcəyi yerinə ən yaxın qonşusundan almağı seçir. İranda çox sayda türk soyluların olması da saytımızın oxunmasında böyük rol oynayır.

Sevda Mirzə (aparıcı): Bildiyimiz kimi, fars dili ancaq İranda istifadə edilən bir dil deyil, həm də Əfqanıstan, Tacikistan kimi ölkələrin dilidir ki, bütün bunlar TRT TSR Farsca saytının çox oxunmasına və “Türkiyənin səsi” Farsca radiosunun dinlənilməsinə səbəb olur.

  Səriyyə xanım, sizin də bir az TRT Avaz Xəbərlər redaksiyası Azərbaycan bölümündən məlumat verməyinizi istəyərdik.

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): TRT Avaz elə Novruz bayramı ərəfəsində qurulub, 2009-cu ilin 21 mart tarixində. O gündən etibarən TRT Avazın missiyası eyni şəkildə davam edir: türkdilli dövlətlərin mədəniyyətləri, tarixləri, coğrafiyaları, alimləri və sənət adamlarını qarşılıqlı olaraq bir-birinə tanıdırıq. Mən TRT Avaz Xəbərlər redaksiyasının Azərbaycan dili bölümündəyəm. Gün boyu xəbərlərin Azərbaycan dilinə tərcüməsi, oxunması, yeri gələndə müxbir kimi Türkiyədə Azərbaycanla bağlı tədbirlərin çəkilməsi, montajı, Azərbaycanda baş verən hadisələrin təqibi və s. işləri görürük. TRT Avaz Xəbərlər redaksiyasının Azərbaycandan başqa Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və son illər yaradılan Rusiya bölümləri də var.

Sevda Mirzə (aparıcı): TRT Avaz TRT “Türkiyənin səsi” radiosunun bir televiziya variantıdır.

  Qızlar, proqramımızın sonuna yaxın bizim həmişə qeyri-rəsmi suallarımız olur ki, püşk kimi bunların arasından birini seçirsiniz. Buyurun.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Mənə çıxan sual budur: “Hər insanın bir hobbisi vardır, bəs sizin?” Mahnı oxumağı çox sevirəm, bir də kiçik-kiçik yazılar yazmağı.

Sevda Mirzə (aparıcı): İnsanın stressini bəzən bir zümzüməsi belə azalda bilir. Və ya o anda fikrinə gələn, amma heç kimlə deyil, bir ağ kağızla paylaşmaq istədiyin məqamlar olur.

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Bəzən səbəbsiz də bir şeylər gəlir insanın ağlına. İlham deyirlər buna. O anda yazmasan, uçub gedir. Həmin vaxt əlimə nə keçsə, yazıram üstünə ki, getməsin.

Sevda Mirzə (aparıcı): O zaman siz gündəlik yazmısınız?

Əfsanə Qövsi Məlikzadə (TRT TSR Farsca redaksiyası): Uşaqlığımda neçə illər yazdım gündəlik. İndi də ara-sıra yazıram.

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Mənə də çox maraqlı sual çıxıb: “Uşağınızın daha çox kimə bənzəməsini istəyərdiniz?” Mənim 10 yaşlı Əli adlı bir oğlum var. Görünüşcə mənə oxşayır, xaisyyətcə də bənzəməsini istəyirəm. Amma xasiyyətcə çox da mənə oxşamır. O balıq bürcüdür, mən əqrəb, çox fərqliyik. Niyə mənə bənzəməsini istəyirəm? Mən qarşıma bir məqsəd qoydumsa, onu mütləq etmək, imkan daxilində, əlimdən gələn qədər ona çatmaq istəyirəm. Amma o sanki hər şeydən tez yorulur.

Sevda Mirzə (aparıcı): Bizim uşaqlığımız ata-analarımızdan fərqli olub, eynilə də bizim uşaqların uşaqlığı bizmkindən fərqlidir. Məncə, indiki uşaqlar daha çox bölünürlər həm cib telefonu, həm internet, həm dərslər, həm dərs kitablarına. Biz onları da başa düşməliyik. Bir metod tapmalıyıq onları qınamamaq üçün.

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Düzdür, bizim vaxtımızda belə deyildi, ona görə diqqətimizi yalnız kitab oxumağa yönəldə bilirdik.

Sevda Mirzə (aparıcı): Bir halda ki, sual uşaqla bağlı oldu, mən də birini soruşum: Novruz gəlir, uşaq üçün nə edirsiniz?

Səriyyə Tağıyeva (TRT Avaz Azərbaycan bölümü): Uşaq üçün məndən çox nənəsi edir, sağ olsun. Nənəsi əl qatır özünə, bişirir-düşürür. Oğlum məndən fərqli olaraq şəkərburanı çox sevir. Amma təəssüf ki, korona virusuyla bağlı bu il (2020) çox yerə gedə bilməyəcəklər.

Sevda Mirzə (aparıcı): Bizim Novruz dualarında olduğu kimi, inşaallah, dərd-bəlamız bu illə keçib getsin, gələn bu bahar həyatımızı təravətləndirsin, təmizləsin, bütün pisliklər axar sularla getsin, eyni zamanda, ağırlığımız-uğurluğumuz odlarda yanıb getsin.  

 

P.S. “Könül coğrafyasından Türkiyə” proqramının bu bölümünün video çəkiliş və montajı Aycan Ferenə aiddir.                                          



Әlaqәli Xәbәrlәr