... Ondan sonra dünyanı fərqli görməyə başladım (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının və TRT/Azərbaycan saytının “Könül coğrafiyasından Türkiyə” proqramının bugünkü qonağı Türkiyədə Buta Bakı Azərbaycan Mədəniyyət Evinin təmsilçisi, iş adamı və memar Nurlan Yusifovdur.

1355897
... Ondan sonra dünyanı fərqli görməyə başladım (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı və jurnalist): TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının və TRT/Azərbaycan saytının “Könül coğrafiyasından Türkiyə” proqramının bugünkü qonağı Türkiyədə Buta Bakı Azərbaycan Mədəniyyət Evinin təmsilçisi, iş adamı və memar Nurlan Yusifovdur.

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Ankaraya 2011-ci ildə gəlmişəm. O zaman biz Heydər Əliyev parkının layihəsini işləyirdik. Layihənin memarı mən idim. 2012-ci ildə inşaata başladıq. Köhnə parkı tamamilə aradan qaldırdıq və yeni park saldıq. Bu da haradasa bizim 2 ilimizi aldı. Bu müddətdə mən tam olaraq Ankaradaydım. Təzə gələndə Ankaranı anlamırdım, sonra yavaş-yavaş hər şeyinə alışdım, sevdim və bağlandım buraya. İşimizi də ən yüksək səviyyədə görməyə çalışdıq. 2014-cü ildə biz parkın inşasını bitirdik, təslim etdik Böyük Şəhər (Büyükşehir) Bələdiyyəsinə. Amma bununla işimiz bitmədi. Biz Azərbaycan tərəfindən o parkda işimizi hələ də bu günə qədər davam etdiririk.

Sevda Mirzə (aparıcı və jurnalist): Azərbaycanlıların çoxu, yerli sakinlər və qonaqlar “Buta” restoranında olub. Park və restoranda siz Azərbaycanın buta ornamentindən çox istifadə etmisiniz. Nəinki buta, həm də 8 rəqəmi və guşələrindən. Sizdən eşitmək istəyərdik: niyə məhz buta ornamenti və 8 rəqəmi?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Ümumiyyətlə, tarixə nəzər salsaq, ya Bakıya baxsaq, görərik ki, köhnə Bakıda istifadə edilmiş bütün motivlər fibonaççi rəqəmlərilə başlayır. Buta ornamenti də arxitekturanın bütün növlərində var.

Sevda Mirzə (aparıcı və jurnalist): Həm Şərq, həm Qərb memarlığında?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Ümumiyyətlə, hər şey Şərqdən başlayır, sonra Qərbə yayılıb. Ona görə biz elə Şərqlə davam edək. Buta qədimdən gələn və hələ də davam edən bir simvolumuzdur. Mənim bildiyimə görə, müqəddəs atəş deməkdir. Atəş də hər şeyin başlanğıcıdır. Hər insan özündə bu buta daşıyır.

Sevda Mirzə (aparıcı və jurnalist): Təbii ki, od olmasa, insan yaşaya bilməz.

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Əvvəlcə Azərbaycan Mədəniyyət Evi adının qarşısına “Buta” qoyacaqdıq. Sonra yanında bir ad da istədik. Bu da “Bakı” oldu. Bakı həqiqətən çox qədim və Azərbaycanı gerçəkdən gözəl tanıdan məkanlardan biridir. Ankaranın Batıkent rayonundakı parkda biz buta elementindən çox istifadə etmişik. Bildiyiniz kimi, pakrın adı Heydər Əliyev parkıdır. Girişdən etibarən hər şeyə diqqətlə yanaşmışıq. Məsələn, girişdəki meydanın eni 19 metr 23 santimetrdir. Yəni 1923-cü il – Heydər Əliyevin doğulduğu il. Ana girişdən heykələ qədər olan məsafə 63 metrdir. Bu da Heydər Əliyevin 63 il hakimiyyətdə olduğu müddətdir. Onun heykəlinin yanında olan ağaç sayı 7, ətrafı hovuzdur. Çünki hər şeyin başı və sonu su qaynağıdır, sudur. Biz su ilə başlayıb su ilə də bitiririk bu dairəni. Mənə elə gəlir ki, bu və digər anlamlara görə, bizim parkımız yaşayır və yaşayacaq. Öz gözəlliyini nəinki itirmir, əksinə, cəlbediciliyi artır.

Sevda Mirzə (aparıcı və jurnalist): Və siz bu parkın içində Bura Azərbaycan restoranını yaratmısınız. Ankarada, az da olsa, Azərbaycan yeməklərinin bişirildiyi kafe və restoran var idi. Amma bir qonağa Azərbaycan mətbəxini kamil şəkildə göstərəcək yer Buta Bakı Tanıtım (Mədəniyyət) Evi və restoranı oldu. Buta Bakı restoranında da oturan hər kəs söylədiyiniz ornametləri çox aydın və gözəl şəkildə görə bilir. Bir neçə il əvvəl də burada eyni yerdə bir kafe var idi ki, burada kiçik şəkildə də olsa, həm Azərbaycan, həm Türkiyə mətbəxi təqdim edilirdi. Olmazdı ki, heç bir dəyişiklik etmədən elə o restoranı işlədərdiniz?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Bildiyiniz kimi, biz bu parkın inşasını bitirdikdən sonra Böyükşəhər Bələdiyyəsinə təslim etdik. O kafeni də olduğu kimi geri verdik. Əvvəlcə onu başqa biri kirayələmişdi. O da özünə görə dizayn qurmuşdu. Həmin dizayn bizə uyğun deyildi. Çünki bizim qoyduğumuz ad və məqsəd fərqlidir: Buta Bakı. Bu ad burada sadəcə restoran deyil, həm də Azərbaycan Tanıtım Evinə aiddir. Ona görə hər şey adına uyğun olmalıdır.

  Azərbaycan mətbəxi dünyada tanınmış mətbəxlərdən biridir. Təkcə plovun Azərbaycanda 430 növü var. İnsanda nə qədər ehtiyat olmalıdır ki, bircə düyüdən 430 çeşid yemək hazırlasın.

Sevda Mirzə (aparıcı və jurnalist): Eşitdiyimə görə, “Buta Bakı”da Azərbaycan mətbəxinin təqdim olunmasında dünya mətbəx festivalları, yarış və müsabiqələrində iştirak edən aşpazlarımız böyük rol oynayır.

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Əlbəttə. Mirmövsüm Dadaşov məşhur aşbazımızdır, Azərbaycanı bütün dünyada təmsil edir. Elə 2019-cu ildə 3 beynəlxalq müsabiqəyə qatılıb, qızıl və gümüş medallar, diplomlar alıb. Biz onunla qürur duyuruq. Bunu da qeyd edim ki, Mirmöhsüm həm bizim səfirliyin tədbirlərində, həm də restorana gələn hər kəsə Azərbaycan mətbəxinin çeşidli yeməklərini təqdim edir. Onun hazırladığı yeməkləri həm diplomatik nümayəndələr, həm iş çevrəsi, bir sözlə, hamı tanıyır. Bu yaxınlarda İstanbulda 100 kiloluq tək parça bir Şah-plov bişirdi ki, buna çox böyük bir məharət tələb olunur. 

Sevda Mirzə (aparıcı və jurnalist): Biz qürur duyuruq ki, Azərbaycanın zəngin mətbəxi var.

  1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdi, beynəlxalq aləm tərəfindən tanındı, 1 il sonra isə Azərbaycan mətbəxi Dünya Kulinariya Mərkəzinə qəbul olundu.  

  Çox zaman mətbəx söhbətləri ikinci dərəcəli sayılır. Amma bunu etiraf etməliyik ki, bizim bütün əhval-ruhiyyəmizə nə yediyimiz və içdiyimiz böyük təsir göstərir. Həm də milli kimliyimiz yatır mətbəximizin içində. Bir çox ornamentlər, rəmzlər kimi mətbəximizdə də biz özümüz varıq, zəngin ədəbiyyatımızda, mədəniyyətimizdə olduğu kimi.

  Nurlan bəy, siz bir memarsınız. Rəssam və memarlarda belə bir ifadə var: biz çalışarkən ikinci gözümü də bağlayıb üçüncünü açırıq.

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Həqiqətən də belədir. Əsl rəssam - içdən sevən, ürəkdən görən insan gözlərilə deyil, daha fərqli duyğuları ilə bunu alır. Çünki rəsm bir foto deyil, gördüyünüz deyil. Rəssam hiss etdiyini əks etdirir kağıza. O zaman sizin əsəriniz yaşayır. Çox maraqlı məqam var. Bəzi insanlar yaradar, 1-2 il sonra yox olub gedər, bəzi rəssamlar isə lap kiçik bir şey yaradar, amma yüzillər, minillər yaşayar. Demək, nə qədər və nələri əks etdirib yaratdığında, gördüyü işdə ki, bu əsərin gücü gedərək çoxalır və insanların diqqətini özünə çəkir. Bunun özü böyük bir fəlsəfədir.

Sevda Mirzə (aparıcı və jurnalist): Siz həm də Azərbaycanın bir iş adamı kimi Türkiyədə fəaliyyət göstərirsiniz. İki ölkə arasında hansı biznes əlaqələrini yaradırsınız?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Bizim Türkiyədə əsas işimiz memarlıq və inşaatdır. Batıkentdəki Heydər Əliyev Parkı, Qızılcahamamdakı Xocalı Muzeyinin memarlığı, Sarıyerdəki parkın memarlığı və inşası kimi işlərimiz var Türkiyədə. Bizim işqurma anlayışımız genişdir. Bu işlər xaricində bizim restorançılıq fəaliyyətimiz var. Azərbaycan mətbəxini sadəcə Ankara deyil, İstanbul, Çanakkala, İzmirdə də yaymağa çalışırıq, yerlər açırıq. Bu, fərqli bir sektordur. Bir də çox sevdiyimiz bir iş var: zeytunçuluq. 2020-ci ildə Türkiyədə fabrikimizi açacağıq və böyük bir addım atmış olacağıq.

Sevda Mirzə (aparıcı və jurnalist): Türkiyənin özü zeytun sahəsində, demək olar ki, ən yüksək inkişaf səviyyəsindədir. Azərbaycanda da Bakı və ətrafı - Abşeron zeytunçuluqda məhşurdur. Məncə, iki ölkənin bu sahədə əməkdaşlığı həm də bir təcrübə mübadiləsidir: Azərbaycanın Türkiyədən, Türkiyənin Azərbaycandan öyrəndikləri olacaq.

  İndi isə qeyri-rəsmi suallara keçmək istəyirəm: yoldaşlar, dostlar və qohumlar arasında sirr paylaşmaq mövzusunda hansısı sizə daha yaxındır?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Çox maraqlı sualdır. “Niyə” deyə soruşacaqsınız. Mənim heç bir sirrim yoxdur heç kimlə. Amma əgər bir gün bir sirrim olsa, yəni həqətən də bu, sirr olsa… Sirr nədir? Allahdan gələn bəzi sirrlər olur insanın mənəvi dünyası ilə bağlı, mən onu kimsə ilə paylaşa bilmərəm, nə dostlarla, nə qohumlarla. Özləri bu məqama erməli, çatmalı, yetişməlidirlər.

Sevda Mirzə (aparıcı və jurnalist): Yəni bu sirri anlayacaq biri olmalıdır, amma siz onu görmürsünüz bu gün nə dostlar, nə qohumlar arasında.

  Digər sualım budur: uşaqlıq, gənclik və bu günkü arzularınız. Bu arzular fərqli idimi, yoxsa bir dənə idi ki, siz o bir xəttin üzərilə bura qədər gəldiniz?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Ürəyimdə nə turmuşdum bu günə qədər, hər şey oldu. Uşaqlıqdan istəyirdim, sovet sistemi yox olsun, oldu. Uşaqlıqdan Türkiyəyə çox böyük marağım var idi, buranı görmək istəyirdim. Nəinki gördüm, Türkiyədə yaşamağa və fəaliyyət göstərməyə başladım. Gənclikdə arzulayırdım ki, mənim uşaqlarım Türkiyədə anadan olsun, həqiqətən belə oldu: mənim iki uşağım da burada – İstanbulda anadan oldu. Nə düşündümsə, həyata keçdi. Və maraqlıdır ki, arzularımın çoxu elə Türkiyə ilə bağlı idi. Bu gün mən hətta Türkiyədə bir zeytun sahəsinə malikəm. Çox xoşbəxtəm burada olduğuma görə.

Sevda Mirzə (aparıcı və jurnalist): Amma maraqlıdır ki, rəssamlıqdan, memarlıqdan tam fərqli bir sahəyə - zeytunçuluğa keçmisiniz. Yaradıcı bir insan kimi işin biznes tərəfini düşünmək də böyük məharətdir. 

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Görünür, mən dünyaya daha geniş baxıram.

Sevda Mirzə (aparıcı və jurnalist): Hansı hadisə və ya insan yolunuza istiqamət verib?

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Həyatıma təsir edən hadisələrdən ən böyüyü 20 Yanvar hadisələri idi. Çünki heç gözləmirdik belə hadisələrin baş verə biləcəyini.

  Bakıdaydıq, tankların önündə. Mən o gecə yaşadıqlarımı heç bir zaman unutmaram. O gündən bəri heç saqqalımı da qırxmıram. O gecə mənim içimi dəyişdirdi. Dünyanı anlamaqda mənə yardım oldu. Ondan sonra dünyanı fərqli görməyə başladım. Soruşduğunuz sualın cavabında hadisə budur. “Həyatımda istiqamət verən insanlar”a gəlincə müəyyən zamanlarda adamın qarşısına belə adamlar çıxır, bəlli müddət yol göstərir, yardım olur, ondan sonra bu vəzifə sanki başqalarına keçir. Olub həyatımda belə isanlar ki, onlara xoca (hoca) demək olar. Mənə qələm tutmağı və rəssamlığı öyrədən ilk müəllimlərdən tutmuş həyat yoldaşıma, dostlara qədər.

Sevda Mirzə (aparıcı və jurnalist): Həyatda hər yıxılıb qalxmalarımız, təcrübələrimiz də bizə müəllimlik edir, fikrilərimizə yön verir.  

  Nurlan bəy, çox sağ olun, bizim “Könül coğrafiyasından Türkiyə” proqramına gəldiniz, təşəkkür edirik.

Nurlan Yusifov (Türkiyədə Buta Bakı Azərbaycan Tanıtım Evinin təmsilçisi): Sevda xanım, mən də sizə - TRT “Türkiyənin səsi” radiosuna təşəkkür edirəm ki, dəvət etdiniz, öz xəttinizlə bizi bir daha tanıtdınız. Həmçinin səfirliyimizə də təşəkkür edirəm ki, həmişə bizim yanımızdadır, bizə dəstək olur.                                           



Әlaqәli Xәbәrlәr