Həmkarlar kimə qarşı kimin haqlarını necə qoruyur? (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylandır.

Həmkarlar kimə qarşı kimin haqlarını necə qoruyur? (video-müsahibə)

 

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri, yəni Türkiyə türkcəsində söyləsək, Türk Eğitim-Sen ve Uluslararası Avrasya Eğitim Sendikaları Birliği (UAESEB) Genel Başkanı, Talip Geylandır.

  Talip bəy, siz işinizin məqsədini belə açıqlayırsınız: bizim işimiz çalışanların haqqlarını hökumətin qarşısında qorumaqdır. Necə qoruyursunuz?

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Təqdim etdiyiniz kimi, biz Həmkarlar İttifaqıyıq. Türk Egitim-Sen ölkəmizdə Milli Təhsil Nazirliyi və universitetdə çalışan məsləkdaşlarımızın üzv olaraq güc verdiyi bir təşkilatdır. Həmkarlar qurumunun əsas vəzifəsi çalışanların səfində olmaq, onların haqq və mənfəətlərini qorumaq və hüquqları pozulduğu zaman müdafiəyə qalxmaqdır. Ümumiyyətlə, dünyada da həmkarlar ittifaqlarının işidir işçilərin haqqlarını qorumaq. Kimə qarşı? İşverənə qarşı. İş verən kimdir? Hökumət.

Sevda Mirzə (aparıcı): Demək, siz hökumət adamlarına “qanunlardan kənara çıxmayın” deyirsiniz.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Eynilə belədir. Demokratiyanın qaydasıdır, deyilmi? Demokratik hökumətin ən böyük gözəlliyi bütün tərəfdaşların, paydaşların idarəetmə prosesində iştirak etməsidir. Bu anlamda həmkarlar ittifaqları əslində həm ölkədə, həm də dünyada demokratiyanın sağlam çalışmasının bir alətidir.

  Türkiyədə Həmkarlar İttifaqı ildə 2 dəfə ictimai qurumların həmkarlar təşkilatlarının toplantılarına qatılır. İşçilərin tələbləri, istəkləri və gözlədiklərini ictimai qurumun gündəminə gətirir. İki ildə 1 dəfə isə səlahiyyətli Həmkarlar İttifaqı təşkilatı hökumətlə kütləvi sözləşmə masasına oturur.

  2019-cu ilin 1 – 20 avqust tarixləri arasında Türkiyədə məmur həmkarlar ittifaqları işverənlə, yəni hökumətimizlə bazarlıq masasına oturaraq məmurlar və çalışanların maaşlarına görə bir çox sosial haqqları tələblərini müstəviyə çıxardılar. Həmkarlar olmasaydı, bu, necə olacaqdı?

  Türkiyə Məmur Həmkarlar İttifaqı Qanunu 2001-ci ildə qüvvəyə mindi. Bu, bizim 4688 saylı qanunumuzdur. Bəs o illərə qədər necə olurdu belə işlər? Belə olurdu. Hökumətimiz hər ilin sonunda, bildiyiniz kimi, büdcə qanun layihəsini hazırlayır, parlamentə təqdim edir, ya qəbul olunur, ya ləğv. Amma bu, təktərəfli olurdu: yalnız hökumət səlahiyyətliləri və Maliyyə Nazirliyi qanun layihəsini hazırlayırdı, qapalı qapılar arxasında, masa başında. Başqa heç kimdən soruşulmadan. İşçilərin gözləntilərinə qulaq asmadan təktərəfli qərarlar bir müddət belə sürdü. Bu, əslində demokratik baxımdan doğru deyil. Yalnız 2001-ci ildə Həmkarlar İttifaqı ilə bağlı qanun çıxdıqdan sonra artıq işverənimiz, yəni hökumətimiz artıq təktərəfli qərarlar vermir, müzakirələr aparılır. Masanın bir tərəfində çalışanlar, digər tərəfində iş verənlər 1 ay ərzində müzakirə, mübahisə edərək müddəti təyin edirlər. Həmişə anlaşma əldə edilirmi? Xeyr. Amma önəmli olan bir araya gəlmək və qarşılıqlı müzakirələr apara bilməkdir. Ölkəmizin demokratiya mədəniyyəti baxımından bu proses bir qazancdır.

Sevda Mirzə (aparıcı): “Türkiyə sevdamız, çörək üçün mübarizəmiz” (Türkiye Sevdamız, Ekmek için Kavgamız). İnsan övladı dünyaya gələndən çörək dalınca qaçır, çalışır, vuruşur. Təbii ki, bunun içində sevdiyimiz işdə sevərək və ölkəmiz üçün çalışmaqla nəticə etibarilə dövlətə xidmət etmiş oluruq.   

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Əslində “Türkiye Sevdamız, Ekmek için Kavgamız” devizi elə bizi anladır, bizim duruşumuzu, məqsədimizi, hissimizi anladır.

  “Çörək davası” deyərkən bu, bizim həmkarlar ittifaqı olmağımızdır. Yəni çalışma şərtlərimizin daha yaxşı olması, sosial və şəxsi haqlarımızın inkişafı, maaşlarımızın yaxşılaşması baxımından ortaya qoyduğumuz həmkarlar mücadiləsi çörək davasıdır.

  Eyni zamanda, biz həm də məmləkətsevər, vətənsevər insanlarıq, ölkəmizi, millətimizi, dövlətimizi çox sevirik. Çörək davamızın önünə Türkiyə sevdamızı, yəni ölkə sevdamızı da qoymuşuq. Biz buna inanırıq: Türkiyə varsa, biz də varıq. Türkiyə güclü isə bizim həmkarlar təşkilatı kimi mübarizəmizin də bir anlamı vardır. Dövlətsizlik çox ağır bir şeydir. Dövlətin güçsüz qalması da belədir.

  Bizim yanımızda – qonşu Suriyada yaşayanları bütün dünya ağrı ilə, acı ilə, narahatlıqla təqib edir. Amma lazım olanı etmirlər, bu, başqa bir mövzudur. Dövlət aciz olduğu zaman, güçsüz olduğu zaman nə vəziyyətə düşür, biz bunu Suriyada görürük. Can təhlükəsizliyi yox, mal güvənliyi yox, iş etibarı yox, namus, din belə qalmayıb.

Sevda Mirzə (aparıcı): Siz çalışanların haqqlarını qorumaqla həm də birbaşa dövlətə, hökumətə yardım edirsiniz. Başda oturan insanlar ayrı-ayrılıqda heç kəsin haqq-hüquqları ilə maraqlana bilmir. Amma bununla həmkarlar qurumları maraqlanıb problemləri hökumətin masası üzərinə qoyduğu zaman onlara da yardım etmiş olursunuz.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bizim digər devizimiz də var: istehsal edən, çalışan, yol göstərən və layiq olduğunu alan həmkarlar anlayışı. Bunu prinsip olaraq qəbul etmişik. İstehsal edirik ölkəmiz üçün, çalışırıq ölkəmiz üçün, yol göstəririk, kimə, hökumətimizi idarə edənlərə. Töfhə veririk, nəticədə layiq olduğumuzu almaq istəyirik.

  Bu gün Türkiyənin iqtisadiyyatı gün-gündən inkişaf edir, genişlənir. Biz də bu inkişaf edən iqtisadiyyatın içində dövlət və ictimai qurumlarda “çalışanların haqqlarını, payını verin” deyirik. Məncə, bu da çox təbii olaraq haqqımızdır.

Sevda Mirzə (aparıcı): Təbii ki, inkişaf olan yerdə çalışanların da sayı artır. Bu say artdıqca problemlər də artır.

  Talip bəy, həmkarlar ittifaqları ölkə içində çalışanların haqqlarını qoruyur. Amma siz ölkə xaricinə də çıxmısınız. Əsasən də türk dünyası ölkələri ilə bağlantılar quraraq o ölkələrdəki həmkarlarla çalışırsınız. Bu da sizin Türkiyədə böyük bir həmkarlar təşkilatı olduğunuzu göstərir. Bəs başqa ölkələrdə necə çalışırsınız? Axı hər ölkənin öz konstitusiyası, işçilərlə bağlı öz qanun-qaydaları var. Bu halda başqa ölkələrlə çalışmalarınız necə olur? Bir də, niyə məhz türk ölkələrini seçmisiniz?

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Rəhmətlik Heydər Əliyevin bir sözü var idi, bildiyimiz kimi: “İki dövlət, bir millət”. O, Türkiyə ilə Azərbaycanın tərifini belə verib. Sizin sualınızın cavabı da elə bu “İki dövlət, bir millət” sözlərinin içindədir.

  Biz bir qurum da yaratdıq: Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı (Uluslararası Avrasya Eğitim Sendikaları Birliği - UAESEB). Bunun ilk addımını, ilk toxumlarını Türk Eğitim-Sen və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ilə birlikdə atmışıq.

Sevda Mirzə (aparıcı): Yəni ilk olaraq Azərbaycanla başladınız.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bəli, əvvəl Azərbaycan, sonra Qazaxıstan, Qırğızıstan olmaqla 4 ölkə bir araya gəldik. 2006-cı ildə başladı bu çalışmalarımız. Çox çətin idi. Çünki bu ölkələr müstəqilliklərini 1991-ci ildə bərpa ediblər. Dövlətin təşəkkülü, özünü tapması, daşların yerinə oturması xeyli zaman alır. 2005-2006-cı illər də daşların hələ tam yerinə oturmadığı illər idi. Amma həm Türkiyə, həm Azərbaycan, həm Qazaxıstan, həm Qırğızıstanın səylərilə çətin olanı bacardıq, başladıq. 2010-cu ildən isə qurumumuz rəsmən təsdiqləndi.

  Bu gün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Balkanlarda Kosova Türk Müəllimləri Dərnəyi, Makedoniya Ufuk Dərnəyi, Rumıniya Türk Müəllimləri Dərnəyi, yanımızdakı Qıbrız Məmur Sen, İraq Türkmən Təhsil İşçiləri Təşkilatı ilə birlikdə 9 ölkənin üzv olduğu Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyi fəaliyyətdədir. Bu birliyimizin hər il müəyyən tədbirləri var. Hər il bir ölkədə təmsilçilər qurultayı edirik.

Sevda Mirzə (aparıcı): Yəqin ki, bir-birinizdən çox şey öyrənirsiniz.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Olmazmı? Məsələn, 2019-cu ildə Qıbrızdaydıq, bundan əvvəl Makedoniyanın paytaxtı Skopye, 2016-cı ildə isə Azərbaycanın paytaxtı Bakıda. Hər il bir üzv ölkədə təmsilçiləri bir araya gətiririk.

  Bu toplantılarda nələr edirik? Birincisi, məlumat və təcrübələrimizi paylaşırıq, nümunələr götürürük.

  Biz bu gün 300 milyonu keçən bir millətin bir parçasıyıq. Amma uzun illər bu ailənin fərdlərini bir-birindən qoparmışlar: əlaqələrimiz, dialoqlarımız olmayıb. Bu da sovet dövrünün mənfi bir basqısı idi.

  SSRİ dağılqıdqdan sonra çox sürətli şəkildə biz münasibət qurduq qardaşlarımızla. Bu münasibətlər özü-özünə yaranmağa, yürüməyə başladı, ilk dövrlərdə təşkilat formasında olmadı, təəssüf ki. Biz Həmkarlar İttifaqı olaraq bu ailə fərdləri arasındaki əlaqələrə təşkilatlanmış bir şəkil vermək istədik.

  Təhsil çox mühümdür, bir cəmiyyətin təməlidir, ölkənin irəliyə hərəkət etməsinin səbəbi və əsasıdır. Türk respublikalarında təhsil adamları arasında iş birliyi və duyğu birliyinin təmin edilməsində çox əhəmiyyətli missiyaya malik olduğuna inanırıq. Məhz bu inamla Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyini qurduq və qısa müddətdə önəmli məsafə qət etdik.

  Mən buna inanıram: türk cümhuriyyətləri arasında hər sahədə - iqtisadiyyat, siyasət, beynəlxalq əlaqələr anlamında birliyin olması vacibdir.

Sevda Mirzə (aparıcı): Siz belə bir söz demisiniz: “Əvvəlcə duyğu birliyi olmalıdır”.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bəli, bütün söylədiyim əlaqələrin təmin olunmasının əsas şərti duyğu birliyidir. Biz bərabər sevinib, bərabər üzülməyi bacarmalıyıq: Qırğızıstandakı bir qardaşımızın, Bakıdakı bacı-qardaşlarımızın, Makedoniyakı soydaşlarımızın, İraqdakı türkmənlərin eyni duyğu refleksini göstərə bilməliyik. Mən məhz buna duyğu birliyi deyirəm.

Sevda Mirzə (aparıcı): Söylədikləriniz bu ölkələrdən birində bir işçinin haqqı pozularsa, o biri ölkədəki həmkarlar ittifaqının da bunu bilməsi, hiss etməsi anlamına gəlir?

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bəli. Bu duyğu birliyinin təmin olunması nəticəsində, təbii ki, həmkarlar ittifaqlarının da çox böyük töfhəsi olduğu görünür. Ortaq layihələrin işlənilməsi, həyata keçirilməsi üzərində  çalışır, həm də öz ölkələrimizin hökumətlərinə çağırış edirik. Məsələn, ötən il Qazaxıstan latın əlifbasına keçdi. Düzdür, tam keçid sayılmır, əlifbanın yenilənməsi prosesi gedir. Amma əsas odur ki, latın əlifbasına keçilib. Çünki ortaq əlifbaya keçilməsi çox mühümdür. Xüsusən də təməl dərslərdə - folklor, dil-ədəbiyyat və tarix fənləri üzrə ortaq dərsliklərin hazırlanması çox vacibdir.

  Bildiyiniz kimi, 2 il əvvəl Türk Konseyi toplantısında qərar verilmişdi: Qazaxıstan və Türkiyə arasında ortaq tarix dərsliyi yaradılması haqqında. Çox gec qaldıq əslində. Təhsil sahəsində atılan və atılacaq bu cür addımlar duyğu birliyi ilə yanaşı siyasi birliklərə də zəmin yaradır.  

  Bundan başqa, hər il ölkələrdə mübadilə proqramı həyata keçiririk. Məsələn, bizim qurum hər il Azərbaycandan o günün tələblərinə görə 10-15 müəllim qonaq çağırır, Türkiyəyə gətiririk. Buradan da Azərbaycan, Qazaxıstan, Qırğızıstan göndəririk. Sadəcə Həmkarlar İdarə heyətinin üzvləri deyil, ölkəmizdəki çalışanları da.

Sevda Mirzə (aparıcı): Təbii ki, bir nəfər paylaşdığı təcrübəni öz ölkəsinə döndükdən sonra nə qədər həmkarı ilə paylaşır.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bu, çox böyük rol oynayır. Digər tərəfdən, Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyi və Türk-Eğitim Senin iş birliyi ilə biz hər il ölkələrarası elmi simpozium və konfranslar təşkil edirik. 2019-cu ildə 4-cüsünü etdik. Bu tədbirlər Türkiyədə olur, Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinə üzv qurumların təmsilçilərinin yardımı ilə. Məsələn, 2019-cu ildə Türk Dünyası II Fən və Mühəndis Elmləri Konfransını etdik. 545 bəyannamə qəbul edildi burada. 13 ölkədən gəlmişdilər. 2018-ci ildə isə Təhsil və Sosial Elmlər Konfransı etdik. 736 alim iştirak edirdi 45 ölkədən.

Sevda Mirzə (aparıcı): Bunlar işin görünən və mükəmməl tərəfləridir. Amma ən çətin olan işlər pərdə arxasındadır.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bəli, bu işlərin alt strukturu var, çalışmaları var.

Sevda Mirzə (aparıcı): Dediyiniz kimi, əlbəttə ki, bunların hamısı duyğu birliyinə, yaxın dostluqlara dayanır.

  Talip bəy, mən bir az rəsmi suallardan çıxıb, sizə qeyr-rəsmi suallar vermək istəyirəm.

  İnsan həyatı qorxmaqla dərk edər. Sizin qorxularınız nələrdir?

Talip Geylan (Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri): Bu gün bizim içində olduğumuz performansımız şəxsi həyatımızı da şəkilləndirir. 24 saatımız işimizə ünvanlanmış haldadır. Ona görə qorxularımız da, sevgilərimiz də işlə bağlı olur. Şəxsi həyatımızda isə ən böyük qorxularımız ailəmizlə bağlıdır. Ən böyük təmənnamız, duamız həyat yoldaşımızın, uşaqlarımızın – ailəmizin sağ-salamat və dinçlik içində yaşamasıdır. Uşağımız xəstə olanda, qızdırması qalxanda bütün yuxumuz qaçır. Məncə, bəşər anlamında insanın ən böyük narahatlığı öz ailəsilə bağlı qayğılardır.

Sevda Mirzə (aparıcı): Mən həmkarlar mövzusundan çıxmaq istəsəm də, mümkün deyil. Çünki mövzu insan, çalışan fərd oldumu, qorxular ailə və ailəyə çörək aparmağa gedir. Ailədən arxayın olduğumuz zaman üzümüzü də işə arxayın yönəldə bilirik.

  Digər sualımız: ailədə ruh etibarilə yaxın olduğunuz adam?

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Hamısıdır.

Sevda Mirzə (aparıcı): Bu, doğru cavab deyil.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Birini söyləsəm, o birilər küsər.

Sevda Mirzə (aparıcı): Uşaq böyüdüyü ailədə ana və ya ata – ikisindən birinə ruh etibarilə daha çox bağlı olur.

Talip Geylan (Türk Egitim-Sen Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqları Birliyinin sədri): Bu mənada mən daha çox anama bənzəyirəm. Bizi tanıyanlar kənardan bunu çox deyir. Valideynlər bizim şəxsiyyətimizin formalaşmasında ilk təsiredici insanlardır. Mən özüm müəllim ailəsində doğulmuşam. Yəni ilk müəllimlərim elə ailəm olub.

Sevda Mirzə (aparıcı): Sonra məktəb, sonra isə həyatın özü bizə dərslər verir.

  Talip bəy, biz sizə təşəkkür edirik ki, TRT “Türkiyənin səsi” radiosunun qonağı oldunuz.

  Bu yerdə qeyd edim ki, TRT “Türkiyənin səsi” radiosunun - TRT Xarici Yayımlar İdarəsinin 41 dildə saytı, 37 dildə internet radiosu fəaliyyət göstərir ki, bunlardan biri Azərbaycan saytı və radiosudur.

Talip Geylan (Türk Egitim-Sen və Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin sədri): Mən sizin adınıza sevinirəm ki, TRT Adriatikdən Çin səddinə qədər böyük türk ailəsinə çox böyük xidmət göstərir. Bu, böyük əhəmiyyət daşıyır. Çox önəmli bir missiya həyata keçirirsiniz.

Sevda Mirzə (aparıcı): Biz sizin qurumun Türkiyəyə gələn qonaqlarını da proqramlarımızda gözləyirik. Qazaxıstan, Qırğızıstan və türk dünyasının başqa ellərindən gələn qonaqlarınızı bizim eyni adlı redaksiyalar dəvət edə bilər.      

  Talip bəy, TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasına qonaq olduğunuz üçün sizə minnətdarıq.



Әlaqәli Xәbәrlәr