“Ezo gəlin” şorbası necə bişirilir?

“Türkiyə mətbəxi” silsiləsindən bu gün biz sizə Anadolu ətri verən "”Ezo gəlin" şorbasını təqdim edirik.

“Ezo gəlin” şorbası necə bişirilir?

 

  Şorbanın yeri Türkiyə mətbəxində xüsusidir. Mövsümündən asılı olaraq şorbalar da müxtəlif və biri digərindən dadlı olur. Zəngin, kasıb, şəhərli və kəndli fərqləri olmadan şorbanı cəmiyyətin hər zümrəsinin nümayəndəsi sevə-sevə yeyir-içir.

  Müxtəlif mədəniyyətlərdə əsasən günorta və ya axşam yeyilən şorba üçün Türkiyə mətbəxində xüsusi bir zaman anlayışı yoxdur. Səhər qəhvəaltısında şorba içərək günə başlamaq türklərin çöl bölgələri və ya kənd yerlərində bir yemək vərdişidir.

  “Türkiyə mətbəxi” silsiləsindən bu gün biz sizə Anadolu ətri verən "”Ezo gəlin" şorbasını təqdim edirik.

  Rəvayətə görə, bu yemək öz adını bir zamanlar Türkiyənin cənub-şərqindəki Qaziantep rayonunda yaşamış Ezo gəlin adlı qadından alıb. Beləliklə, gözəl rəngi, ətri və dadı ilə süfrələr bəzəyi olan, cana faydalı “Ezo gəlin" şorbasının tərifinə keçək.

  “Ezo gəlin” şorbasını bişirmək üçün nələr lazımdır, əvvəlcə onları sadalayırıq:

  • Bir stəkan yarım qırmızı mərci,
  • 3 yemək qaşığı düyü,
  • 2 yemək qaşığı yarma (bulqur),
  • 1 ədəd ağ soğan,
  • 1 çay qaşığı pomidor tomatı (salça),
  • 1 yemək qaşığı kərə yağı,
  • 6 stəkan su,
  • 1 çay qaşığı nanə,
  • 1 çay qaşığı duz,
  • 1-2 ədəd limonun suyu,
  • 1 çay qaşığı istiot.

  Sıra gəldi "Ezo gəlin" şorbasını bişirməyə.

  Əvvəlcə mərcini bol suda yaxşıca yuyun.

  Bu arada suyu geniş bir qazanda qaynadın. Yuyub suyunu süzdüyünüz qırmızı mərcini qazana tökün. Üzərinə 3 yemək qaşığı düyü, 2 yemək qaşığı yarma və 1 çay qaşığı duz əlavə edin. Təxminən 35 dəqiqə bişirin.

  Qırmızı mərcilər yumşalana qədər qaynayınca ayrı bir tavada 1 yemək qaşığı kərə yağını əridin. Doğranmış ağ soğanı tavaya tökün və qovurmağa başlayın. Bir az pörtən kimi soğanların üzərinə 1 çay qaşığı doğranmış pomidor və ya tomatı, sonra isə 1 çay qaşığı nanəni əlavə edin. Hamısını birlikdə 2 dəqiqə qovurun, sonra qarışığı götürüb mərcini qaynatdığınız qazana tökün. Bundan sonra şorba daha 10 dəqiqə bişsin. Qazın üzərindən götürəndən sonra üstünə limon suyu və qırmızı bibər əlavə edərək isti-isti süfrəyə gətirin və yeyin. Nuş olsun!



Әlaqәli Xәbәrlәr