“Türk qəhvəsi” necə hazırlanır?

Qəhvə içməyi sevirsinizmi?  Sadə, südlü, paket və ya suda əriyən. Səhər yuxusunu qovmaq və ya günortadan sonra isə yaxşı əhval-ruhiyyə (zövq) üçün.

1305218
“Türk qəhvəsi” necə hazırlanır?

 

  Qəhvə içməyi sevirsinizmi?  Sadə, südlü, paket və ya suda əriyən. Səhər yuxusunu qovmaq və ya günortadan sonra isə yaxşı əhval-ruhiyyə (zövq) üçün. Hansı şəkildə hazırlanmasından asılı olmayaraq şöhrəti dünyaya yayılmış qəhvə içki növündən hər gün 2,25 milyard fincan içilir. "Türk qəhvəsi” də bunlardan biridir, üstəlik bişirilməsi, təqdim edilməsi, içmə tərzi və hətta içildikdən sonrakı fal baxılması ilə maraqlıdır. Və elə ona yaraşıq verən bu xüsusiyyətlərinə görə “Türk qəhvəsi” adlanır.

  Qəhvə Anadolu torpaqlarına ilk dəfə XVI əsrdə Yəməndən gəlib. Qısa zamanda sevilib, mənimsənib və yayılıb. Elə Qərb dünyasının qəhvə ilə tanışlığı da türklərin sayəsindədir.

   XVII əsrin əvvəllərində Osmanlı torpaqlarına gələn Venesiya tacirləri ölkədə gördükləri bu ətirli və əhval-ruhiyyə yaradan içkini Avropaya aparırlar.

  Küçələrdə satılan qəhvə 1645-ci ildə ilk dəfə İtaliyada bir dükanda, yəni kafedə satılmağa başlayır. XVIII əsrin ilk illərindən etibarən isə qəhvə bütün Avropada yayılır.

  Qəhvənin Avstriyaya gəlmə tarixi də maraqlıdır. 1683-cü ildə Viyanaya çatan Osmanlı ordusu təxribata uğrayır və geri çəkilərkən çuvallar dolu qəhvə qoyub-gedir. Avstriyalılar əvvəl elə bilir ki, çuvalların içində heyvan yemidir. Osmanlıları tanıyan Qeorq Kolşitski (Georg Kolschitzky) bu çuvalların ona verilməsini istəyir, az sonra Viyanada bir qəhvə içilən yer, yəni kafe açır. Beləliklə, avstriyalılar da qəhvə ilə tanış olurlar.

  XVI əsrdən bəri eyni üsullarla hazırlanan və təqdim edilən “Türk qəhvəsi”nin Türkiyə mədəniyyətində xüsusi yeri vardır. Cəmiyyətin hər təbəqəsindən olan insanları ortaq məxrəcdə görüşdürən qəhvə mühüm ünsiyyət vasitələrindən biri olub. Biriylə qarşılıqlı içilən qəhvə başqa içkidən daha çox şey ifadə edir. Belə ki, bir fincan qəhvə bəzən gözəl bir söhbət, bəzən paylaşılan dərd, bəzən də gələcəklə əlaqədar bir xəbərdir. Soruşa bilərsiniz, necə? - Qəhvəni içdikdən sonra fincanı nəlbəkiyə tərs çevirir və bir dilək tuturlar. Daha sonra fincan nəlbəki ilə birgə, dibindəki qəhvə dağılmayacaq şəkildə yenidən tərsinə qoyulur. Tamamilə soyuyunca qəhvənin qum dənələri qalan maye ilə birlikdə fincanın içində müxtəlif cızgilər, şəkillər yaradır, falçılıq həvəskarları da onları gələcəklə bağlayıb maraqlı yozurlar.   

  Bəli, “Türk qəhvəsi” ilə bağlı bu qədər məlumatdan sonra indi də keçək onun hazırlanması qaydalarına.

  Türk qəhvəsi təxminən 70 millimetrlik kiçik fincanlarda içilir və bu fincanlar ölçü olaraq qəbul edilir. Qəhvə hazırlamaq üçün nələr lazımdır, sadalayırıq:

* 1 çay qaşığı toz və ya hazır çəkilmiş qəhvə,  

* 1 qəhvə fincanı qədər su,

* zövqə görə yarım və ya 1 çay qaşığı şəkər tozu.

  Əgər toz halında deyilsə, təzə qovrulmuş, keyfiyyətli qəhvə dənələrini toz halına gətirmək lazımdır. Sonra qəhvə kiçik xüsusi birəlli qəhvə bişirmə qabına – cezveyə tökülür. Əgər sizdə bu qab yoxdursa, o zaman süd isitmək üçün istifadə edilən uzunsov təkəlli qab da götürə bilərsiniz.

  Bişirmə qabına tökdüyünüz qəhvənin üzərinə soyuq su və şəkər əlavə olunur.

  Qəhvədə şəkər mövzusuna xüsusi toxunmaq istəyirik. Çünki “Türk qəhvəsi”nin şəkəri bişirilərkən qoyular, sonra əsla nə şəkər, nə də süd əlavə olunmamalıdır.

  Qəhvələr əlavə olunan şəkərə görə 4 cürdür - sadə, az şəkərli, orta və şəkərli:

  1. Sadə qəhvəyə şəkər əlavə olunmaz,
  2. az şəkərli üçün çay qaşığının 3-də biri,
  3. orta şəkərli qəhvə üçün çay qaşığının 3-də ikisi,
  4. şəkərli qəhvə üçünsə 1 çay qaşığı, hətta bir az artıq şəkər qoymaq lazımdır. 

  İndi qəhvəmizi bişirməyə qaldığımız yerdən davam edək. Qəhvəbişirmə qabına tökülən qəhvə şəkər və su ilə yaxşıca qarışdırılır və qazın üzərinə qoyulur. Kiçik odda səthindəki köpük yüngülcə qabarana qədər təxminən 3-4 dəqiqə bişirilir. Qəhvə köpüklənincə köpüyün bir hissəsi fincana tökülür. Bu, “qəhvə nə qədər köpüklüdürsə, o qədər yaxşıdır” deməkdir.

  Qəhvəbişirmə qabı yenidən qazın üzərinə qoyulur və qəhvə qaynayınca fincana tökülür. Artıq “Türk qəhvəsi” hazırdır, yanında bir stəkan su və rahathülqumla (lokum) birlikdə içə bilərsiniz.



Әlaqәli Xәbәrlәr