İç Anadolunun ən qədim tarixi-mədəni məkanlarından biri - Konya

Konya Türkiyənin İç Anadolu bölgəsində yerləşən bir şəhər və ölkənin tarixi və mədəni baxımdan ən mühüm mərkəzlərindən biridir.

1211233
İç Anadolunun ən qədim tarixi-mədəni məkanlarından biri - Konya

  Konya Türkiyənin İç Anadolu bölgəsində yerləşən bir şəhər və ölkənin tarixi və mədəni baxımdan ən mühüm mərkəzlərindən biridir.

  Türk-İslam aləminin məşhur mütəfəkkirlərindən olan Mövlananın adı ilə tanınan Konya olduqca zəngin bir tarixi keçmişə malikdir.

  Mənbələrdə bölgədə məskunlaşmanın eramızdan əvvəl 9000-ci illərdə başladığı yazılır.  

  Şəhər mərkəzinə yaxın yerdə olan Çatalhöyük bu günə qədər müəyyən olunmuş ən qədim və ən inkişaf etmiş neolitik dövrü yaşayış məskəni sayılır. Dünya miqyasında ilk dəfə yemək mədəniyyətinin başlandığı, əkinçiliklə məşğul olunduğu, atəşin istifadə edildiyi, oturaq həyata keçildiyi və vəhşi heyvan hücumlarına qarşı ortaq müdafiəetmənin olduğu bir yerdir Çatalhöyük.

  Miladdan əvvəlki dövrdə Hititler, Frigler, Lidyalılar, Farslar, Makedonlar hökm sürüb Konyada. Sonra şəhər Roma və ərəb hakimiyyəti altına düşüb. Türklər Anadoluya girdikdən sonra Konya Səlcuqlu dövləti, daha sonra Osmanlı imperatorluğunun tərkibinə daxil edilib.  

  Konya bu gün ev sahibliyi etdiyi bir çox mədəniyyətin fərqli istehsal texnikasını özündə qoruyub-saxlayır. Burada eramızdan əvvəl 3500-cü illərə aid məbəd qalıqlarına rast gəlmək mümkündür. Bundan başqa, Anadoludakı ən qədim xristian kilsələri yenə bu bölgədədir.

  Səlcuqlu dövlətinin paytaxtı olan Konya, eyni zamanda İpək Yolu üzərindəki əhəmiyyətli yaşayış yeri, ticarət mərkəzi, İslam mədəniyyətinə aid yüzlərlə əsərin olduğu, dövrün məşhur İslam alimlərinin yetişdiyi və yerləşdiyi bir şəhərdir.

  Konya Anadolu Səlcuqlu dövlətini idarə etmiş sultanların, vəzirlərin və digər tarixi şəxsiyyətlərin türbə, məscid, mədrəsə və digər əsərlərini qoruyub-saxlayır sinəsində.

  XIII yüzyılın ən böyük təsəvvüf şairlərindən olan Mövlana Cəlaləddin Ruminin də yaşadığı ev və türbəsi bu şəhərdədir.

  Yüzlərlə illər keçməsinə baxmayaraq, Mövlana bu gün də bütün dünyada fəlsəfəsi ilə xatırlanan, onlarla dildə oxunan və qəbul olunan böyük mütəfəkkirdir. Konyadakı Mövlana türbəsi və muzeyi də bu baxımdan əhəmiyyət daşıyır. Mövlana dərgahını əhatə edən muzey sahəsində dərvişlərin bir zaman olduqları məkanları, səmaxananı, Şebi Arus hovuzunu və məscid vardır. Muzeydə həmçinin Mövlana və mevləviliyə aid əsərlər, əlyazma kitablar, lövhələr, şamlar və musiqi alətləri sərgilənir.

  Mövlana muzeyində bir də ixtisas kitabxanası var ki, burada Səlcuqlu, Qaramanoğulları və Osmanlı dövrlərinə və eyni zamanda yaşı 4 mini keçən əlyazmalar var. Bu əsərlərin hamısı dijital olaraq da maraqlananların istifadəsinə təqdim edilir.

  Ümumiyyətlə, Konya məscidlər, türbələr və mədrəsələr şəhəridir. Bunların ən məşhurları Mövlananın könül dünyasında böyük dəyişikliklərə gətirib çıxaran, filosof-şair Şəmsi Təbrizinin adını daşıyan məscid, İplikçi Cami, Şerafettin Cami, Şeyx Sadreddin Konevi Cami, Alaaddin Cami və Aziziye Camidir.  

  Karatay mədrəsəsi, İncə Minarə mədrəsəsi, Sırçalı mədrəsə, Obruk xan, Zazadin xan, Pambıqçı xan, Sahibata kompleksi, Məmməd Paşa kompleksi də sizi keçmiş əsrlərə aparacaq tarixi əsərlərdir.

  Konya Avropanın ən böyük tropik və kəpənək bağçasına da malikdir. Təxminən 8000 kvadrat metrlik bağçada yaradılan təbii mühitdə onlarla kəpənək və tropik bitki növü var.

  Erkən xristianlıq dövrünün mühüm mərkəzlərindən biri olan Konya-Sille və Anadoludakı ilk kilsələrdən sayılan, miladın 300-cü illərində tikilən Aya-Elenə kilsəsi də buradadır.  

  Konya bütün bu xüsusiyyətlərinə görə ildə üç milyondan çox yerli və xarici turisti qəbul edir.

  Siz də Mövlana Mədəniyyət Mərkəzində Səma rəqslərini izləyin, Alaaddin Təpəsini ziyarət edin, ətli əkmək, bamya şorbası və soba (fırın) kababı yeyin, gözəl, mədəni istirahət edərək zövq alın.  



Әlaqәli Xәbәrlәr