ABŞ-İran gərginliyi

Ankara Yıldırım Bəyazıt Universitetinin Politologiya Fakültəsinin dekanı prof. Kudrət Bülbülün “ABŞ-İran gərginliyi” adlı analitik yazısı

1205302
ABŞ-İran gərginliyi

Həftənin analizi_21

Böyük İslam mütəfəkkiri İbn Xaldun dövlətləri insana oxşadır. Onlar da insanlar kimi doğur, böyüyür və ölürlər. Osmanlı mütəfəkkiri Katip Çələbi də buna oxşar bir yanaşma göstərir. Həqiqətdən də keçmişdəki neçə böyük mədəniyyətlərin, dövlətlərin zaman ərzində tarix səhnəsindən çəkildiyini görürük. Çox söyləndiyi kimi həyatda dəyişməyən tək şey, dəyişikliyin şəxsən özüdür.

Hal-hazırda oxşar prosesləri yaşayırıq. ABŞ-ın iqtisadi, texnoloji, siyasi və prinsipial səviyyədə (ədalət, insan haqları və əxlaqi mövqə baxımından) qlobal rəqabətdə ilkin plana çıxacaq bir vəziyyəti elə görünür qalmayıb. ABŞ-ın bu sahələrdə təkrar qlobal rəqabətdə önə çıxması da gözlənmir. Həmin səbəbdən qlobal liderliyini davam etdirə bilmək üçün tətbiq etdiyi qloballaşma əleyhinə, içəqapanma, iqtisadi və siyasi olaraq müdaxiləçi  siyasətlərini artıraraq davam etdirəcəyini güman etmək kahinlik deyildir. Belə qoruyucu siyasətlərin ağır dağıdıcı nəticələri olduğunu, amma təsisedici, nizamlayan siyasətlər baxımından əlaqədar ölkələri qlobal rəqabətdə önə çıxarmadığını isə tarix bizə deyir.

ABŞ-ın gərginliyi artıracaq, iqtisadi və yaxud da hərbi olaraq müdaxiləçi siyasətlərini Çin, qərbli ölkələr, Latın Amerikası ölkələri, Türkiyə kimi ölkələrlə yanaşı yaxın zamanlarda İrana qarşı ciddi mənada artırdığını görürük. ABŞ-ın nüvə proqramı ilə bağlı razılaşmadan təktərəfli çıxması, İrana qarşı sanksiyalar, Hörmüz boğazında gərginliyin təkrar yaranması, qarşılıqlı sərt açıqlamalar artan gərginliyin konkret göstəriciləridir. ABŞ İrana nüvə silah buraxmaması üçün davamlı olaraq xəbərdarlıq edir, bu ölkəni təhdid edir. Düzdür istifadə ediləcəyi təqdirdə sadəcə insanlığın deyil, ABŞ-ın Yaponiyada etdiyi kimi bütün canlı növlərinin axırına gətirəcək silahlara sahib olmaq əlbəttə məqbul görülə bilməz. Bununla yanaşı İsrail, Hindistan, ABŞ və digər ölkələrin nüvə silaha sahib olması nə qədər narahatlıq doğurursa, İranın da sahib olması o qədər narahatlıq doğurur. Bölgədə xüsusilə İsrailin sahib olduğu və istifadə etdiyi kimyəvi silahları görməyib sadəcə İrana təzyiq etmək prinsipsiz bir mövqedən də artıq bir yanaşmadır. Bu şərtlərdə İran üçün ayrı qanunlar ortaya qoyulur.  

İran işğalçılığı

ABŞ-ın təhdidləri qarşısında İranın bölgədə yalnız olduğunu görürük. Bunun ən əhəmiyyətli səbəbi İranın məzhəbçiliyə əsaslanan işğalçı siyasətləridir. Dörd ölkə paytaxtı (İraq, Yəmən, Suriya, Livan) nəzarətimizdədir deyərkən tamamilə tənha vəziyyətdədir.

İran və imperialist ölkələr çox oxşar metodla hərəkət edirlər. Onlara yaxın dairələri təhrik edərək, önə çıxaraq əlaqədar ölkə siyasətlərinə müdaxilə edirlər. İranın məzhəbçi yanaşması və işğalçı siyasətləri bölgədə İsraildən daha çox narahatlıq doğurub. Körfəz ölkələrinin İsrailin mərkəzdə olduğu siyasətlərə üz tutmasının əhəmiyyətli bir səbəbi İranın izlədiyi bu işğalçı və müdaxiləçi siyasətidir. İran bölgədə İsrailə nə qədər zərər verir? Verirmi? Bunlar mübahisə edilə bilər. Amma İranın bu siyasətləri müsəlman ölkələrdəki sabitsizliyin ən əhəmiyyətli səbəblərindən biridir.

ABŞ müdaxiləsi

İran biraz əvvəl ifadə edilən və edilməyən bir çox baxımdan tənqid edilə bilər. Lakin İranın tənqid edilməsi ABŞ-ın İrana qarşı siyasətlərinə, mümkün olan müdaxiləsinə heç bir şəkildə haqq və qanunilik qazandırmaz. Çünki ABŞ-ın yuxarıdakı kimi ədalətin mərkəzdə olduğu bir baxışı yoxdur. ABŞ-ın İran siyasəti öz mənfəətlərinə əsaslı olaraq 19-cu və 20-ci əsrin əsas məfhumu olan imperializmin bir vasitəçisi kimi formalaşır. Tramp rəhbərliyindəki ABŞ-ın qlobal siyasətləri qəsəbə şəfinin qırmızıdərililərə qarşı tətbiqlərinə çox oxşayır. Digər tərəfdən ABŞ və qərbi ölkələr tərəfindən işğal edilən ölkələrin heç birində dincliyin hakim olmadığı məlumumuzdur. Bölgədəki belə müdaxilələrin nəticəsi milyonlarla ölüm, gözyaşı, qan, köç və qarşı-qarşıya olduğu ağır və haqsız şərtlər səbəbindən terror təşkilatlarının daha çox rahat hərəkət etmə imkanı əldə etdiyi bir mühit.

Mümkün müdaxilənin nəticələri

ABŞ gərginliyi dərinləşdirərək əlini gücləndirmək, İrana şərtlərini qəbul etdirmək istəyir ola bilər. Daha əvvəl dəfələrlə olduğu kimi problem isti mühabirəyə çevrilməyə bilər. Ümid edirik ki, bu gərginlik münaqişəyə çevrilməz. Ancaq seçki itkisinin döyüşün itirilməsindən daha ağır olduğu bir dünyada biz isti münaqişənin mümkünlüyü barədə düşünmək məcburiyyətindəyik.

Digər ölkələrdən sonra İranın da sabitsizləşdirildiyi və Suriyaya çevrildiyi Orta Şərqdə heç bir şey eyni ola bilməz. Orta Şərqdə qalan son sabitlik və sülh tamamilə ortadan qalxar. Orta Şərq I Dünya müharibəsindən sonra olduğu kimi imperialist ölkələrin at çapdığı bölgə halına gələr. Türkiyə belə bir vəziyyətdən Suriya məsələsindən çox daha  mənfi təsirlənər. Bütün ölkələrin uğursuz ölkələrə və Körfəz ölkələrinin kukla idarələrinə çevrildiyi bir Orta Şərqdə böyük İsrail layihəsi üçün heç bir maneə qalmamış deməkdir.

ABŞ-ın İrana müdaxiləsinin Suriyadakı vəziyyətdə olduğu kimi Orta Şərqdəki tək qələbə qazananı olar: ABŞ-ın özü déyil, qazanan İsrail olar.  İran təhdidinə qarşı ABŞ-la birgə hərəkət edən və hətta ABŞ-ı təhrik edən Körfəz ölkələri, İran təhdidi qalxandan sonra hər halda öz başlarına buraxılmayacaqlar. Əgər onlar hələ də bir ölkə olaraq qala bilsələr, bu ölkələr daha çox İsrail və ABŞ-ın məngənəsi içində olacaqlar.

Türkiyə   nə edə bilər?

Türkiyə regional problemlərin qlobal aktorların müdaxiləsilə həll edilə bilməyəcəyinə, bu cür müdaxilələrin bölgədə sabitsizliyi, kin və nifrəti daha daimi hala gətirdiyinə, bölgəni terror bataqlığına çevirdiyinə dair təcrübəyə həddindən artıq malikdir. Bu səbəblə və ədalət mərkəzli olaraq Türkiyə bölgəyə dair siyasətində prinsipial bir mövqe sərgiləyir. Suriya, Misir, İraq, İran və başqa ölkələrə qarşı münasibəti ədalətin mərkəzdə olduğu mövqeyinin aydın nümunələridir.

Türkiyə hazırdakı prinsipial mövqeyini davam etdirməklə yanaşı, öz gələcəyinə ontoloji olaraq yaxından təsir edəcək, davamlılıq problemi yaradacaq belə bir qarşıdurmanın qarşısını almaq üçün diplomatiyanın bütün ünsürlərindən istifadə edə bilər. Aİ ölkələri, Çin, Rusiya və Körfəz ölkələri, hətta ABŞ və İranla sıx danışıqlar apararaq prosesin sülhpərvər şəkildə həllinə töhfə verə bilər.

Türkiyə daha əvvəl Braziliya ilə birlikdə İran ilə imzalanan razılaşmanın əsaslarını ortaya qoydu. Milyonlarla suriyalının Rusiya ilə danışıqlar yolu ilə miqrant olmasının qarşısını aldı. Hindistanın alt qitəsindən Balkanlara, Afrikadan Əfqanıstana Türkiyə dünyanın bir çox ölkəsində qlobal sülhə dəstək verir. Qlobal məsələlərə prinsipial bir mövqe ilə yanaşan elə çox ölkə də qalmadığı üçün eyni zamanda İslam Əməkdaşlıq Təşkilatının növbəti sədri olaraq Türkiyə İran-ABŞ gərginliyində də müharibəyə maneə olacaq göstərilən bütün cəhdləri təcrübə etməlidir.



Әlaqәli Xәbәrlәr