"Bəlkə bu, bizi o birilərdən fərqli edəcək”, E.Həsənli

Bu gün TRT Azərbaycan saytının qonağı Türkiyədə yaşayan azərbaycanlı gənc rok musiqiçisi Rafet Həsənlidir.

1181231
"Bəlkə bu, bizi o birilərdən fərqli edəcək”, E.Həsənli

Rafet Həsənli ilə müsahibə

Sevda Mirzə (aparıcı): Bu gün TRT Azərbaycan saytının qonağı Türkiyədə yaşayan azərbaycanlı gənc rok musiqiçisi Rafet Həsənlidir.

  Eşitdik yaxında konsertə hazırlaşırsınız? Bu, sizin və qrupun yaradıcılğınızda ilk solo konsert olacaqmış, təbrik edirik.

  Rafet bəy, musiqinin bu növünü seçməyiniz təsadüfdürmü, yoxsa özünüz belə istədiniz?

Rafet Həsənli (gənc rok musiqiçisi): Əslində 12 yaşıma qədər heç gitara çalmaq ağılımın ucundan keçməmişdi, fikirləşməmişdim. Bir gün bir gitara gördüm qohumumuzda və onlar mənə onu hədiyyə etdilər. Çox xoşuma gəldi. Başladım “youtube”dən maraqlanmağa: oradakı çalğılara baxıb çalmağı öyrənməyə çalışdım. Hər gün bir az maraqlandıqca, hər gün bir az öyrəndikcə - özümü təkmilləşdirdikcə gördüm az-çox istedadım var. Mənim çalmağımı görənlər notla öyrənməyimi məsləhət gördülər və sonra belə davam etdim. Kənardan da mənə verilən təkanları gördükcə qərarım qətiləşdi: “Mən bu yolla gedəcəyəm”, - dedim.

  Bir qrup yaratdıq, müsabiqələrə çıxdıq, qazandıq. Universiteti qazanan yoldaşlarımız ayrıldığı üçün mən təkbaşıma ifa ilə konsertlərdə yer aldım. Sonra mən də məktəbi dəyişdim. Başqa məktəbdə yeni insanlar tanıdım, yeni dostlar qazandım və təzə qrupumuz oldu, “Kali” adında. Kali beşqollu hind tanrıçasıdır. Biz də 5 nəfər olduğumuz üçün bu adı seçdik. Bir prodakşn qurumu bizim videomuzu görüncə bəyəndi, xoşu gəldi və bizə “Sizə dəstək olmaq istəyirik” dedi. Biz də qəbul etdik. Daha sonra bu qurum tərəfindən bizə konsert təklifi gəldi. Ankarada yaxında olacaq bu konsertdir.

  Repertuar rok musiqisini dinləyənlərə xitab olunacaq. Amma bir fərqimiz var.

  Yaxında Məsud Arslanla bir toplantımız oldu. Biz dedik ki, “Canımız sıxılınca oyun havası çalırıq. Konsertdə də bunu edə bilərikmi?” O dedi: “Ola bilər. Önəmli olan sizin fərqli bir ifa göstərməyinizdir. Düşünün, sizin kimi minlərlə qrup var, amma bunların heç biri milli oyun havası çalmır. Bəlkə bu, sizi o birilərdən fərqli edəcək”.

  Məşqlər zamanı biz oyun havalarını əylənmək üçün çalırıq. “Bunu konsertdə etsək, tamaşaçılar da bizimlə birlikdə əylənər” deyə düşünürük. Buna görə repertuarımıza rok musiqisindən başqa oyun havası da daxil etmişik.

Sevda Mirzə (aparıcı): Demək, 5 nəfərsiniz. Dostlarınız kimlərdir?

Rafet Həsənli (gənc rok musiqiçisi): Mən Rafet Həsənli qrupda həm gitara çalır, həm də arada oxuyuruam. Qrupumuzun müğənnisi Yağmur Kaynakdır. Bir də Gürşat Aydın, zərb alətində Murat Somuncu və mənim adaşım Rafet Şahin var. Bir-birimizi tapmağımız çox çətin olmadı. Ən maraqlısı isə Rafeti necə tapmağım idi.

  Bir gün bütün qrup üzvləri ilə oturub çay içirdik. Haradansa zərb alətinin səsinin gəldiyini eşitdim. Dedim: “Mən bu adamı tapmalıyam, qrupda zərb alətində çalanımız yoxdur.” Çayımı yarım qoyub kafedən çıxdım. Gəzirdim, qarşıma köhnə sənətçilərdən biri çıxdı, hal-əhval soruşdu, sonra yanındakı ilə məni tanış etdi: “Bax, bunun da adı Rafetdir, gəl, tanış ol, zərb alətində çalır.” Belə bir təsadüflə qarşılaşdığım üçün çox təəccübləndim: həm istədiyim kimi zərb alətlərində çalır, həm də adı Rafetdir. Elə oradaca danışdıq, 5-10 dəqiqədən sonra artıq adaşım Rafet bizim qrupda idi.

Sevda Mirzə (aparıcı): Yəni bir səsin arxasınca getdiniz, başqa bir adamı tapdınız.

Rafet Həsənli (gənc rok musiqiçisi): Çox da şad oldum. Doğrudan da axtaran tapar.

Sevda Mirzə (aparıcı): Qrup çox gəncdir. Hər gəncin sənətdə bir kumiri olur. Sizin kumirləriniz kimlərdir?

Rafet Həsənli (gənc rok musiqiçisi): Məni Olcan Özcana bənzədirlər görüntü baxımından. Amma mənim hər zaman səhnədə duruşunu sevdiyim bir adam var: “Duman” qrupunun gitaraçısı Batuhan Mutlugil. Düzdür, bu gün özünə dəyər vermir, siqaret kimi səsinə zərər verən maddələr işlədir. O, Bilkent Universitetini bitirmiş, ali təhsili olan və gitarada həqiqətən özünü təsdiq etmiş bir insandır. Qəribə mükafatları var. Məsələn, səhnədə idman forması (eşorfman) və ya bildiyimiz ev geyimləri geyinir. Amma “Nyu-York” qəzeti ona “Dünyanın ən yaxşı səhnə geyimi” mükafatını verdi. Səhnəyə müəyyən kostyumla çıxmaqla ev paltarı geyinmək arasında böyük fərq var. Mən də onun kimi çox fərqli insan olmaq istəyirəm. Milli oyun havası hara, rok musiqisi hara? Amma düşünürəm ki, oyun havası ilə rok musiqisini qarışdıranda xarakterlərimiz çıxar ortaya. Yəni Anadolunun budağından qopub gələn və ya mənim kimi Azərbaycanda doğulan adamların – hamımızın içində özündən bir parça da var, rok da var. İnsanlara roku fərqli təqdimatlarla göstərə bilərik, bunu istəyirəm. Seyrçi üçün səhnəyə çıxanın oxumağından əvvəl onun geyimi və performansı daha maraqlıdır.     

Sevda Mirzə (aparıcı): Təşəkkür edirik. Uğurlar arzulayırıq.

 

P.S: Konsertin tarixi və məkanı ilə bağlı daha dəqiq məlumat almaq üçün qrubun “grupkali” saytını təqib edə bilərsiniz.



Әlaqәli Xәbәrlәr