Kısır (və ya bulqur) salatı necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə bulqur (və ya kısır) salatını təqdim edirik.

Kısır (və ya bulqur) salatı necə hazırlanır?

  Buğda və taxıl məhsullarından Türkiyə mətbəxində tez-tez istifadə olunur. Bizcə, bu, Anadolu torpaqlarının coğrafi şərtlərinin buğda yetişdirməyə əlverişli olması ilə bağlıdır.

  Taxıl kənd təsərrüfatı məhsulu olmaqdan başqa həm də bolluq, bərəkət simvoludur. Ənənəvi türk mədəniyyətində - xalça, kilim, keramika və taxta bəzəklərin üzərində də buğda, sünbül ornamentlərindən tez-tez istifadə olunur.

  Buğdanın qırılıb parçalanması ilə ortaya çıxan, Türkiyə türkcəsində bulqur (bulgur), Azərbaycan dilində yarma Türkiyə mətbəxinin əsas ləvazimatlarından biridir.

  Yarmanı (bulqur) hazırlamaq üçün əvvəlcə buğda yuyulur, qurudulur, qabığından ayrılaraq dəyirmanlarda üyüdülür və müxtəlif ölçülərdə parçalanır. Böyük hissələrə bölünənlər daha çox düyü kimi istifadə edilir, xırdın şəklində olanlar isə salat, kotlet və dolmanın içinə qatılır.

  Bu gün biz sizə incə yarma ilə hazırlanan, bişirmə tələb etməyən, vegeteryanların da rahatca yeyə biləcəyi, həm bulqur, həm kısır adlanan bir salat tərifi veririk.

  Az fərqlərlə Türkiyənin, demək olar ki, hər bölgəsində hazırlanan, çərəz saatlarının gözəl dadlarından biri olan kısır salatı üçün biz nələr lazımdır? Əvvəlcə bunları söyləyək, siz də qeyd edin:

  • 2 stəkan xırdın kimi yarma (bulqur),
  • 2 stəkan qaynar su,
  • 1 qaşıq pomidor tomatı,
  • 1 qaşıq bibər tomatı,
  • stəkanın 3-də 1-i qədər zeytun yağı,
  • 1 ədəd qabığı soyulmuş və xırda doğranmış pomidor,
  • 1 ədəd xırda doğranmış soğan,
  • 7-8 budaq xırda doğranmış yaşıl soğan,
  • 1 dəstə incə doğranmış cəfəri,
  • yarım dəstə incə yarpaqlı təzə nanə,
  • 1 limonun suyu,
  • 1 çay qaşığı istiot,
  • 1 çay qaşığı duz,
  • yarım çay qaşığı zirə (istəyə bağlı),
  • 9-10 yarpaq kahı.

    Bizə nələr lazımdır, bildik, indi başlayaq kısır salatını hazırlamağa.

  Yarmanın üzərinə qaynar su əlavə edin və qabın ağzını örtün. Təxminən 15-20 dəqiqədən sonra yumşalmış və bütün suyu özünə çəkmiş yarmanı xörək qaşığı ilə bir az qarışdırın. Üzərinə pomidor, bibər tomatları, zeytun yağı, limon suyu, soğan, təzə soğan, pomidor, cəfəri, nanə, duz və zirəni əlavə edib hamısını birlikdə əməllicə qarışdırdınızmı, artıq kısır və ya bulqur salatı hazırdır. Bunu kahı yarpaqları ilə nimçələrə düzə və masaya gətirə bilərsiniz. Nuş olsun.



Әlaqәli Xәbәrlәr