Köfte, yəni “Türkiyə kotleti” necə hazırlanır?

İstəkli yemək və yeməkbişirmə həvəskarları, bu gün “Türkiyə mətbəxi” silsiləsindən sizə köfte yeməyini təqdim edirik.

Köfte, yəni “Türkiyə kotleti” necə hazırlanır?

  Türkiyə mətbəxinin əvəzolunmaz ləzzətlərindən biri olan köfte azərbaycanlıların “küftə” adlandırdığı köfte deyil, kotletdir.

  Zəngin, ya kasıb, hər kəsin sevərək yediyi, həm evdə, həm restoranlarda bişirilən yeməkdir Türkiyə köftesi.

  Türkiyə köftesi çəkilmiş ətin ədviyyatla qarışdırılıb bişirilməsilə ortaya çıxan çox sadə bir yeməkdir. Bölgəyə görə içərisinə qatılan məmulat, ədviyyat və bişirmə tərzi ilə bir az fərqlənir və o yerin adını alır. Məsələn, İzmir köftesi, Tekirdağ köftesi, Sivas köftesi və s. Ümumiyyətlə isə, Türkiyədə kotletin 300-ə yaxın növü var.

  Əziz yeməkbişirmə həvəskarları, bu gün sizə ən sadə və klassik Türkiyə köftesinin tərifini veririk.

  Türkiyənin sadə köftesi, yəni klassik kotleti üçün bizə nələr lazımdır?

  • 500 qr. orta yağlı çəkilmiş ət,
  • 1 ədəd soğan,
  • 2 dilim boyat çörək içi,
  • 8-10 budaq incə doğranmış cəfəri,
  • 1 yumurta,
  • 1 çay qaşığı zeytun yağı,
  • 1 çay qaşığı zirə,
  • 1 çay qaşığı istiot və
  • zövqə görə duz.

  İndi başlayaq Türkiyə köftesini hazırlamağa.

  Əvvəlcə boyat çörəyi su ilə isladıb sıxın, bir az xəmir kimi olsun. Sonra 1 ədəd orta boy soğanı dərin bir qabda rəndələyin. Üzərinə çəkilmiş əti, çörəyi, yumurtanı, incə doğranmış cəfərini, istiotu, zirəni və duzu əlavə edərək yaxşıca yoğurun.

  Sonra qarışıqdan qoz böyüklüyündə parçalar qoparıb yuvarlayın, bir-bir əlinizin ortasında yastılaşdıraraq forma verin, yəni hər birini 1 sm. qalınlığında oval şəklə salın. Sonra kotletləri isitdiyiniz az yağlı tavada bişirin.

  Türkiyə köftesi mətbəxin isti yeməklər növündən olduğu üçün nimçələrə isti-isti düzün, süfrəyə verin və nuşi-canla yeyin.



Әlaqәli Xәbәrlәr