Niyə susdunuz?

TRT “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının qonağı Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri Dərya xanım Akdemirdir.

Niyə susdunuz?

Dərya Akdemirlə müsahibə

Sevda Mirzə (aparıcı): Salam, əziz dinləyicilər və oxucular, TRT “Türkiyənin səsi” radiosu Azərbaycan redaksiyasının qonağı Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri Dərya xanım Akdemirdir.

  Dərya xanım, siz Azərbaycan rəqsini Türkiyə və başqa ölkələrdə tanıtmaq üçün əlinizdən gələni edirsiniz. Buna görə bu rəqs klubunu yaratmısınız və qısa müddətdə artıq Türkiyənin bir çox şəhərlərində və digər ölkələrdə olmusunuz. Bu nailiyyəti necə əldə etdiniz?

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): 2016-cı ildə qurdum mən bu rəqs klubunu. Əvvəlcə dərnəyim var idi, sonra mən onu kluba çevirdim. Çünki klub olduğu zaman beynəlxalq platformalarda Azərbaycanı daha yaxşı mərtəbələrə çıxara bilərdim.

  Mən Azərbaycan genini daşıdığım üçün içimdə çox böyük sevda və eşq var. Bir fərd olaraq vətənim üçün bir şey etmək istədim. Buna görə də düşündüm ki, mən onsuz da rəqsi sevirəm, oynayıram, bəs niyə bunu öyrətməyim, bu vasitəylə kültürümüzü davam etdirməyim?

  Rəqslə bağlı özəl xatirələr də yaranır: həm ölkə daxili, həm xaricində. Son bir hadisəni heç unutmuram. Bursa İznik Festivalında Azərbaycanı təmsil edirdim. Solo olaraq Vağzalı-Mirzəyi rəqsini oynadım orada. Səhnədən endikdən sonra baxdım-gördüm ki, orada yaşayan azərbaycanlılar balaca uşaqları ilə “Səni gördük, Vətən həsrətimiz dindi” deyib mənə sarıldılar, ağlaşdılar. O anda mən doğru yolda olduğumu bir daha təsdiq etdim. Demək, Vətənim üçün mən gözəl işlər görürəm. Əlbəttə ki, bunu istəyən insanlar da olur, istəməyən də. Yəni uğurları təqdir edib “yolun açıq olsun” deyənlər də olur, “bu işi görmə” deyənlər də. Mən qulaqlarımı yaxşı olmayan sözlərə tıxamışam, öz yolumla gedirəm. Ölənə qədər də rəqslə məşğul olacağam. Çünki bu işi eşqlə, sevgi ilə görürəm, meyvəsini dərirəm.

  Mən həm də şairəyəm, şeir yazıram. O şeirlərin bir qismi Azərbaycan, bir qismi Türkiyə türkcəsindədir, iki ölkədə də anlaşıla bilsin deyə.

  Azərbaycana eşqimi, Vətən həsrətimi dilə gətirdim, Xocalı ilə bağlı da yazdım. Kitabımın mənəvi dəyəri məndə həddindən artıqdır, müqayisəsi ola bilməz. Amma maddi dəyəri də vardır. Maddi dəyərini Azərbaycanda ana-atasını itirən uşaqlara bağışlamaq istəyirəm. Onların ürəyinə bir az da olsa, su sərpə bilsəm, “ne mutlu bana” deyərəm.

Sevda Mirzə (aparıcı): Kitabın adı nədir?

Derya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): “Sustum”.

Sevda Mirzə (aparıcı): Niyə susdunuz?

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Niyə susdum? Vətənimi önə çıxararkən bir çox maneələrlə qarşılaşdım. Anka Azərbaycan Rəqs Qrupunu bu mərtəbəyə gətirənə qədər gerçəkdən həm maddi, həm mənəvi çox çətinliklər çəkdim, amma yenilmədim, kim nə dedisə, susdum, işimi gördüm. Ona görə kitabımın da adını “Susdum” qoydum. Həyatdır da, insana hər şeyi öyrədir. 70 yaşda belə öyrənəcəklərimiz var. Ona görə hələ də öyrənirik və öyrənməyə davam edirik.

Sevda Mirzə (aparıcı): Bir hindli bir hind rəqsini, bir yunan bir yunan rəqsini daha gözəl oynayır. Çünki mənsub olduğu millətin ruhunu daşıyır. Sizin öz sözlərinizlə desək, Azərbaycan genlərini daşıyırsınız.  

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Mənim ata tərəfim o zamanlar ruslar işğal etdikdən və o torpaqlarda erməniləri yerləşdirməyə başlayandan sonra Qarabağdan çıxarılıblar. Ana tərəfim isə Toğanalıdandır. Mənim araşdırdığıma görə, Toğanalı Azərbaycanın Göygöl bölgəsində bir kənddir. Yəni mən özbəöz, yəni əsil azərbaycanlıyam.

Sevda Mirzə (aparıcı): Demək, “Bir millətə məxsus sənəti yalnız onun sahibi ifa edəndə daha gözəl olur” deyilməsi səbəbsiz deyil.

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Təbii ki, bu, belədir, amma istisnalar da olur. Məsələn, mənim şagirdlərimdən biri Türkiyədə doğulan bir türkdür, yəni Azərbaycan soylu deyil. Amma görürəm ki, mənə olan sevgisini eşqə çevirib. Atası bir gün deyir ki, uşağım deyir: ”Mən Azərbaycan qızıyam”. Həqiqətən də o qız səhnəyə çıxanda azərbaycanlılar qəti şəkildə deyir: “Bu qız azərbaycanlıdır”. Mənsə deyirəm: “Yox, Türkiyə türküdür, amma ruhu azərbaycanlıdır”. Yəni biz burada sadəcə rəqs öyrətmirik, o torpaq sevgisini öyrədirik, bayrağa vurğunluğumuzu öyrədirik. Çünki insan öncə bunları sevməli, sonra rəqs və ya başqa sənət vasitəsilə bu ruhu təqdim etməli, təqdir qazanmalıdır.

Sevda Mirzə (aparıcı): Azərbaycan və ya hər hansı bir xalqın milli rəqsi dedikdə, burada milli paltarlar mövzusu da önə çıxır.

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Düzdür, Türkiyədə doğulmuşam, burada yaşayıram, amma çox tez-tez Azərbaycana gedib-gəlirəm. Bəlkə dədələrimin ruhu orada olduğuna görədir. Onsuz da məndən soruşanda “Vətənin haradır”, mən “Azərbaycandır” deyirəm, çünki qanım oradandır.

  Rəqs paltarları ilə bağlı onu deyim ki, mən Azərbaycana, onun muzeylərinə sırf milli ornamentləri araşdırmaq üçün gedən bir insanam. Buta, çiçək, onların rəngləri hansı mənanı daşıyır, bilməliyəm. Hətta hər rəqsin belə öz rəngi, öz paltarı var. Məsələn, keçmişdə sarı paltarı gənc qız geyinə bilməzdi, dul qadın geyimi idi. Qızlar daha çox yaşıl və ya çəhrayı kimi gəncliyi ifadə edən rənglərdə geyinərdi.

  Mən rəqs kostyumlarını özüm hazırlayırıam. Dizaynını da, dərziliyini də özüm edirəm. Gündüzlər məşq və ya konsertdə oluram, gecələr də rəqs paltarları tikirəm. Çox diqqətlə yanaşıram ki, milli geyimlərin orijinallığı pozulmadan bu işi görüm və gənc nəsillər də eyni şəkildə bu işi özlərindən sonrakılara ötürsün.

  Paltarlar üzərinə dekorativ bəzəkləri də daha çox Azərbaycandan özüm gedib gətirirəm, sonra burada düzürəm. Uşaq qrupunun rəqs paltarlarını da eyni şəkildə hazırlayıram: dizaynını özüm yaradıram, sonra parçaya düzürəm. Bir çox festivallarda geyim dəyərləndirməsində Azərbaycan milli paltarı birinci olub. Mənim əl əməyimin də olduğu milli geyimin birinci yerə çıxması məni həm Azərbaycan adına, həm öz adıma çox qürurlandırır.

Sevda Mirzə (aparıcı): Azərbaycan milli geyimləri həm də böyük xərc tələb edir. Bu paltarların parçaları bir az bahalı, bir az parlaq, qısası, çox keyfiyyətli olmalıdır. Geyimin keyfiyyətli olub-olmadığı əksinin düşdüyü şəkil və videolarda da bilinir.

  Rəqs sənətinin başqa tərəfi onun böyük bir sahə tələb etməsidir. Məşqlər üçün bəs bunun öhdəsindən necə gəlirsiniz?

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Mən həmşirəyəm, Azərbaycan dilində desəm, tibb bacısıyam. Bu işimin maaşını mən tamamilə rəqs sənətinə, Vətənimin sevdasına sərf edirəm. Həqiqətən bu yola pul qazanmaq məqsədilə çıxmadım. Amma qazanmadınmı? Qazandım. Sənətdən pul qazanıb sənətə xərclədim. Mən bu yolda əlimdən gələni edirəm. Nəticədə Azərbaycan mənim ölkəmdir. Onun üçün nə qədər çox iş görsəm, o qədər gözəl, o qədər qəşəngdir. Məncə, insan mənən bir işin öhdəsindən gəlmək üçün yola çıxırsa, o yolda uğur da, pul da onu tapır.

  Anka Azərbaycan Rəqs Klupunu yaratdığım zaman çox yaxın mənəvi anam, öz anam və dostlarım mənə dedilər: “Yazıqsan, rəqsə bu qədər vaxt, pul sərf etmək yerinə get ev al, rahatlığına bax”. Dedim: “Yox, mən bunu bacaracağam”. Dedilər: “Bu, imkansızdır. Sənin kimi o qədər çalışan klublar var. Görürük ki, elə eyni yerdə qalıblar, bu işin üstü yoxdur”. Dedim: “Xeyir, üstü var və mən bunu edəcəyəm”. Mən öyrənmək baxımından bir yerdə durmuram, “Özümü daha yüksəyə, daha yüksəyə çatdırmaq üçün nə edə bilərəm” deyə çalışıram. Day sonunda nə olacaq, bilmirəm.

  Olduğumuz ölkələrdə bir çox qurumdan mükafat aldıq. Anka Azərbaycan Rəqs Klubuna, adını xüsusi vurğulamaq istəyirəm, Kıbrıs Türk Xalq Rəqsləri Federasiyasının sədri Özlem Kadirağa həm maddi və mənəvi dayaq oldu. Mənəvi atam olan Özlem bəyə hər zaman sonsuz təşəkkürüm var.

  Zəmanədəndir, ya nədəndir, bilmirəm, insanlarda vətən həsrəti get-gedə azalır, amma məndə, əksinə, artır. Haqqında bəhs etdiyim kitabımda da görəcəksiniz və hiss edəcəksiniz ki, mən o şeirləri ağlayaraq yazmışam.

  Yaxınlarda bir konsert proqramında çıxış etdim. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim də fəxri qonağımız idi. Bir çox bələdiyyə sədri, nazir və millət vəkilləri də gəlmişdi. O tədbirdə “Mənim Vətənim Azərbaycandır” şeirimi oxudum, qonaqlar ağladı.

Sevda Mirzə (aparıcı): Yəqin ki, Azərbaycan hökuməti, Azərbaycan xalqı sizə minnətdardır ki, Türkiyədə Qars şəhərində dünyaya gələn bir azərbaycanlı yaşının ən gözəl çağını – bütün ömrünü, gününü Azərbaycan rəqslərini tanıtmağa həsr edib. Çünki hər hansı ölkənin mədəniyyəti – sənəti, ədəbiyyatı və dilinin hamisi dövlətdir. Amma o dövlətin sərhədlərindən kənarda o xalqın mədəniyyətini təmsil etmək yalnız fədakar insanlara məxsusdur.

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Düzdür, sənət, sevgi fədakarlıq istəyir. Üstəlik mən həm də anayam. Qızım Damla da rəqs sənətinin yolçusudur, Uşaq Rəqs Qrupunda oynayır. Mənim genimdən nə qədər faydalana bilsə, o qədər yaxşı olar, “bir azərbaycanlımız da artıq olar” deyə düşünürəm.

Sevda Mirzə (aparıcı): Şeirlərinizdən birini dinləmək istəyərdik.

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): “Mənim Qarabağım”ı oxuyuram.

Quşlar uçmur göydə,

Külək göz doldurur.

Mən axtarıram səni ürəkdən.

Tapammıram, tapdırmırlar.

Yol axtarıram, qoymurlar.

Ölmədən səni görməyi arzuladım, Qarabağım.

Ürək yanğım, dil axtarışım, bağrı yanığım.

Balaların yekəldi, sən bilmirsən.

Uzaqdan tamaşa saldı gözlərim.

Mehribanım, özgəm, Vətənim.

Qoyun, gedim, bir görüm,

Ətəklərini öpüm, dirilim.

Nağıllarını dinləyim...

Xarı bülbülünəmi yanım?

Özgə yurdum, əzizim.

Hər daşın altından

Bir körpənin səsi gəlir indi də.

Mən nəyə yanım, bilmirəm.

Yad olma orada, qal həmişə.

Od basmışam əllərimə,

Özüm, birliyim, diriliyim.

Qaşını-qabağını tökmə mənə,

Hirsini, hikkəni dinləmirəm.

Gəlmək arzulayır, gələ bilmirəm.

Qarabağım, bağrı yanığım.

Özümü, özgəmi bulduğum,

Öz yurdum Azərbaycanım - Qarabağım.

Sevda Mirzə (aparıcı): Çox təşəkkür edirik.

Dərya Akdemir (Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri): Mən bilirəm ki, Azərbaycanda yaşamaq məcburiyyətində deyiləm, amma çox istəyirəm orada yaşamağı. Çünki Vətənimdən doya bilmirəm. Bəlkə də orada yaşasam, Vətən həsrətim bir az rahatlayar. Amma özümə onunla təskinlik verirəm ki, önəmli olan hiss etməkdir, niyyətdir və bunları yaşaya bilməkdir. 

                                                            



Әlaqәli Xәbәrlәr