“Bizdən deyilsinizsə, aylıq vermirsinizsə, sizi bu aqibət gözləyir” (video-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonağı Azərbaycan Respublikasının ən yaşlı xəbər agentliyi olan AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtıdır.

“Bizdən deyilsinizsə, aylıq vermirsinizsə, sizi bu aqibət gözləyir” (video-müsahibə)
Dünyada haqsızlıqlar niyə davam etməkdədir? (Sabir Şahtaxtı ilə video-müsahibə)
Dünyada haqsızlıqlar niyə davam etməkdədir? (Sabir Şahtaxtı ilə video-müsahibə)

Azerbaycan Turkcesı 21_02_2019

  TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonağı AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtıdır. Müsahibəni təqdim edir radionun əməkdaşı Sevda Mirzə.

 Söhbət zamanı

 Xocalı soyqırımı baş verməyə bilərdimi?

 Tarix boyu ermənilərin törətdikləri türk soyqırımları;

 Erməni hücumları qarşısında Naxçıvan – Azərbaycan, Cənubi Azərbaycan və Türkiyə;

 Erməni lobbisinin üzvü olmayanlara tutulan divanlar;

 "Böyük Ermənistan" ideologiyası və türk soyqırımları;

 Xocalı və digər Azərbaycan şəhərlərində törədilən soyqırımların dünyaya kitablarla tanıdılması və Azərbaycan Prezident Aparatı;

 Soyqırımlarla bağlı kitablar, onların müxtəlif dillərdə tərcüməsi və yayılması vəziyyəti;

  Dünyada haqsızlıqlar niyə davam etməkdədir?

mövzularını Sabir Şahtaxtı apardığı tarixi araşdırmalar aspektindən danışdı, müzakirə etdi.   

Sevda Mirzə (aparıcı): TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonağı Azərbaycan Respublikasının ən yaşlı xəbər agentliyi olan AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Sabir Şahtaxtıdır.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Mən də fürsətdən istifadə edib Türkiyənin ən qocaman və birinci radio-televiziya kanalı olan TRT-yə, rəhbərliyinə, bütün kollektivinə, o cümlədən, TRT-yə bağlı bütün qurumlarına təşəkkürümü bildirirəm. TRT hər sahədə daim Azərbaycanın həqiqətlərinə yer ayırır, dünyaya yayır, 20 Yanvarda da, 26 Fevral Xocalı faciəsi günlərində də.

Sevda Mirzə (aparıcı): Bəli, Türkiyə Azərbaycanın həm şad günündə, həm bəd günündə həmişə onun yanındadır.

  Sabir bəy, sizin çox qiymətli araşdırmalarınız var: ermənilərin istər Azərbaycan, istərsə də, Azərbaycandan kənarda törətdikləri türk soyqırımları ilə bağlı kitablar yazmısınız. Ermənilərin tarix boyu törətdikləri soyqırımlar bu günə qədər gəlib-çıxıb: ya üzdə görünən, ya görünməyən şəkil və formalarda hələ də davam edir. Bu araşdırmalardan siz hansı nətəcələrə gəldiniz? Sizcə, bunun nə zamansa qarşısını almaq mümkündürmü?

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Birinci Dünya Müharibəsinin başlanma səbəblərinə və ondan sonrakı proseslərə diqqətlə nəzər salaq. İstər Anadoluda, istərsə Qafqazda Türkiyə və Azərbaycan xalqına qarşı törədilən cinayətlərin səbəb, məqsəd və nəticələrinə baxsaq, görərik ki, bunların qarşısını almaq mümkünsüz bir məsələydi. Çünki Birinci Dünya Müharibəsinin əsas səbəbi Osmanlı imperiyasını dövlət olaraq məhv etmək, hətta Anadolunu da türk xalqından təmizləmək, bu torpaqlara sahib olmaq idi. Çanaqqala zəfərindən tutmuş Sarıqamış faciəsi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun rəşadəti nəticəsində Bakının ermənilərdən təmizlənməsi, Naxçıvana muxtar statusun verilməsi, 20-ci əsrin sonunda Heydər Əliyevin Naxçıvanda, 1993-cü ildə isə bütövlükdə Azərbaycanda hakimiyyətə gəlməsinə qədər hamısını təhlil etsək, görürük ki, vəziyyət daha da pis ola bilərdi. Mustafa Kamal Atatürk 20-ci əsrin 18-19-cu illərində “Naxçıvan türkün qapısıdır” ifadəsini işlədib. O, türk xalqına, diplomatlara, siyasət adamlarına və komandirlərinə bu məsələ ilə bağlı tapşırıqlar verib. Yoxsa Sovetlər qurulandan sonrakı dövrlərdə və bu gün bölgədə vəziyyət tamamilə pis olardı. Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyəti birlikdə Bakını işğaldan azad etməsəydi, bugünkü dövlətimiz də olmazdı. Böyük dövlətlər ermənilərin əli ilə Bakı neftinə sahib olsaydılar, bu gün vəziyyət tamam başqa cür ola bilərdi.

  Mustafa Kamal Atatürkün, Kazım bəy Qarabəkirin, Behbud bəy Şahtaxtinskinin ötən əsrin əvvəllərində Naxçıvanı xilas etmək üçün həyata keçirdikləri missiyanı 20-ci əsrin sonunda Heydər Əliyev təkbaşına etdi. Təbii ki, burada Türkiyə dövləti, hökuməti və xalqının böyük köməyi, dəstəyi, yardımı oldu.

Sevda Mirzə (aparıcı): Sabir bəy, sizin araşdırmalarınızın əksəriyyəti, kitablarınızın çoxu Xocalı ilə bağlıdır. Bizim nəsil Xocalı faciəsinin - o zamanın həm canlı şahidləriyik, həm də kitablardan oxuyuruq, ətraflı bilirik. Amma biz Xocalı qətliamını dünyaya nə dərəcədə çatdıra bilmişik? Yəhudi soyqırımı tanındığı kimi Xocalı soyqırımı tanınmayıb. Bununçün Azərbaycan hökumətu nə edir? Neçə dildə kitab buraxır? Haralara göndərilir?

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Xocalı soyqırımı ilə bağlı kifayət qədər əsərlər yazılıb, informasiyalar verilib. Bunlardan biri Azərbaycan Prezidenti köməkçisi, professor Əli Həsənovun 8 dildə “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabıdır. Mən bu və digər kitabları TRT-yə bağışlayıram. Xocalı ilə bağlı xəbər, veriliş, film hazırlayanlardan xahişim budur ki, bu mövzuda işləyərkən bu kitablardan istifadə etsinlər. Çünki ermənilər Azərbaycan və Türkiyəyə, xalqlarımıza, ölkələrimizə qarşı o qədər ağır cinayətlər törədiblər ki, bizim hansısa bir faktı bilərəkdən və ya bilməyərəkdən təhrif etməyə, yanlış yazmağa haqqımız yoxdur. “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” kitabının bir əhəmiyyəti də odur ki, Xocalı faciəsinin tanınması ilə bağlı bütün sənədlər burada orijinal şəkildə əks olunub. Hansı dövlətlər, parlamentləri, senatları Xocalı faciəsini tanıyıb, bu kitabdadır.

Sevda Mirzə (aparıcı): Kitab Azərbaycan və Türkiyə türkcələrindən başqa, rus, ingilis, fransız, alman, ərəb və çincə olmaqla dünyanın aparıcı 8 dilindədir.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Hazırda Azərbaycanda Xocalı ilə bağlı araşdırmaların böyük əksəriyyəti bu kitabdan istifadə edir. Eyni zamanda, mənim də Türkiyədə fəaliyyət göstərən Belgesam Strateji Araşdırmalar Mərkəzində növbəti kitabım nəşr olunub.  

Sevda Mirzə (aparıcı): Bəli, sizin bu “Sözdə “Böyük Ermenistan”: Olgular ve Kanıtlar” kitabınız bir neçə il qabaq çıxıb, yayılıb. Ümumiyətlə, siz ermənilərin törətdikləri türk soyqırımları ilə bağlı çox tarixi-sənədli kitablar yazmısınız, hal-hazırda isə həmin faktlar əsasında bədii əsərlər yazmağa başlamısınız: “Azadlıq nəğməsi”, “Suskun Aşk” və s.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): 2019-cu il Xocalı soyqırımının 27-ci ilidir. Bu il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasının isə 10 ili tamam olur. Bu, təşəbbüs olaraq 2008-ci ildə ortaya çıxdı, 2009-cu ildən fəaliyyətə başladı. “Xocalıya ədalət” sülh kampaniyası bu 10 il içərisində böyük bir inkişaf yolu keçib. Mənim Xocalı haqqında yazdığım məhz bu 10 illiyə ithaf olunmuş bir kitabdır.

Sevda Mirzə (aparıcı): “Xocalıya ədalət” kampaniyası Azərbaycana nə verdi?

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): “Xocalıya ədalət” bir sülh çağırışıdır. Azərbaycan xalqı olaraq, Azərbaycan dövləti olaraq, Azərbaycan vətəndaşları olaraq biz dünyanın heç bir yerində Xocalı soyqırımı və ona bənzər hadisələrin təkrar olmasını istəmirik. Biz dünyaya belə bir çağırış edirik: dünyada sülh olsun, əmin-amanlıq olsun, inkişaf, tərəqqi, rifah olsun.

  Əgər, Azərbaycan və Türkiyədən başqa, sülhsevər dünya ictimaiyyəti, böyük dövlətlər, beynəlxalq təşkilatlar, ayrı-ayrı xalqların nümayəndələri zamanında birmənalı olaraq Xocalı soyqırımını tanısaydılar, etiraz səslərini ucaltsaydılar, bu cinayəti törədənlərə, hətta Ermənistan rəhbərliyinə, bu hadisədə iştirak edən insanlara, beynəlxalq tribunalarda “bunu biz etdik” deyib qürurlananlara qarşı tədbirlər görülsəydi, onlara ədalət məhkəməsi qurulsaydı, hesab edirəm ki, 1990-cı illərdən sonra keçmiş SSRİ məkanında baş verən münaqişələrin bənzəri dünyanın ayrı-ayrı ölkələrində təkrar olmazdı.

  Münaqişələr, fərqi yoxdur hansı səbəbdən baş verir. Təcavüzlər, işğalçılıq niyyətləri nədən ortaya çıxır, niyə baş verir? Cinayətkar, təcavüzkar cəzasız qaldığı zaman. Kiçik məkanlarda olduğu kimi, böyük məkanlarda da zərər çəkən tərəf var, cinayət edən var.

Sevda Mirzə (aparıcı): “Vaxtında tədbirlər görülmədi” deyirik, amma, məncə, bunun vaxtı keçməyib. Çünki bizim torpaqlarımız faktiki, sənəddə bizim olsa da, hələ ermənilərin işğalı altındadır. Bu da o deməkdir ki, Ermənistan bu gün də işğalçı dövlət sayılır, hər an ədalət məhkəməsinə, truibunala çağırıla bilər.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Məsələnin mahiyyəti təkcə ədalət məhkəməsi ilə də həll olmur.

  Azərbaycan və Türkiyə olaraq bizim zamanımız, intelektimiz, maddi imkanlarımız nəyə sərf olunur? - Ermənilərin 100 ildən çox zaman kəsiyində iddia etdikləri saxta erməni soyqırımının olmadığına dair kitablar yazır, araşdırmalar aparır, məqalələr çap edir, radio və televiziya verilişlərilə efirlərə çıxırıq. Təbii ki, biz öz maraqlarımızı – torpaqlarımızı, xalqımızı qorumağa çalışırıq. Geriyə yol yoxdur.

Sevda Mirzə (aparıcı): Ermənilər iddia edir ki, 100 il bundan qabaq osmanlıar onları qırdı. Amma ortada bir məzarlıq yoxdur, qəbirlər yoxdur, kütləvi qırğından qalan skletlər yoxdur. Amma Xocalı faciəsi yaxın zamanda baş verən soyqırımdır. Yəni o vaxtın görüntüləri, sübutları olmadığı halda ermənilər “türklər bizi qırıb” deyir. Amma Xocalı faciəsi fotoları, videoları ilə birlikdə açqı-aşkar ortadadır. Bu qədər faktlar var ikən niyə dünya bizə inanmaq istəmir? Yoxsa inanırlar, qəbul etmək istəmirlər?

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): 1914-1915-ci illərdə olmayan hadisələr üçün erməni millətçiləri Parisdə iddia qaldıranda avropalılar belə dəhşətə gəlirdilər ki, “Sizin istədiyiniz təzminat məbləği fantastik dərəcədə yüksəkdir və ağla sığmır”.

Sevda Mirzə(aparıcı): Təbii ki, bu təzminat məsələsi Türkiyəni çökdürmək niyyətidir.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Ortadan 100 ildən artıq zaman keçib. Bu 100 ildə davamlı olaraq dəyişən ictimai-siyasi şəraitlərdə ermənilər Türkiyə dövləti və hökumətinin başını bu işlərə qarışdırmaqla məşğuldur, məsələnin əsil mahiyyəti budur.

  Xocalı soyqırımının tanınmasına gəlincə. Bilirsiniz ki, hüquqi, siyasi və mənəvi olmaqla bir neçə tanınma var. Türkiyə dövlət olaraq, xalq olaraq Xocalı soyqırımını mənəvi olaraq tanıyıb. Proses tanınmaqla bitməyib, davam etməkdədir. Məsələn, bir faktı bölüşmək istəyirəm sizinlə. Ötən il (2018) Xocalı soyqırımının 26-cı ildönümündə Türkiyənin Kayseri şəhərində Xocalı parkı və abidəsinin açılışı oldu. Məhz Türkiyə tərəfinin diplomatik səyləri nəticəsində həmin tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının deputatları iştirak etdi. Onlar çıxış etdilər, abidə önünə əklil qoydular və birmənalı olaraq dedilər ki, dünya ictimaiyyəti Xocalı facisəini soyqırım olaraq tanımalıdır. Bunun özü Türkiyənin mənəvi cəhətdən məsələyə həssas yanaşmasının mühüm göstəricisidir.

  Mən sizə bir hadisə danışacağam. Kitabımda da vermişəm. Bu informasiyanı TRT-də gedən bir proqramdan götürdüm, özüm də araşdırdım. 1915-ci ildə Osmanlı ordusunun 100-ə yaxın əsgəri erməni hərbi həkimi tərəfindən zəhərli iynə ilə öldürülüb. Üstündən illər keçib. Ötən əsrin əvvəlində buna bənzər digər hadisə baş verdi: Xocalı soyqırımının törədilməsində iştirak edən, ixtisasca həkim olan Zori Balayan bir Azərbaycan türk uşağının başının dərisini soyub, qanını axıdıb, iftixarla saata, 13 dəqiqə içində onun can verməsini seyr edib.

  Yəni 100 illər keçir, hadisələrin mahiyyəti dəyişmir. Ona görə dəyişmir ki, ortada bir “Böyük Ermənistan” ideologiyası var. Bu ideologiyanı yürüdən millətçi ermənilər zaman-zaman erməni cəmiyyəti arasında türk düşmənliyini insanların beyinlərinə yeridərək zəhərləyiblər. Olmayan bir soyqırımı gerçək kimi təqdim edərək erməni toplumunu inandırmağa çalışırlar ki, “Bu, belə olub və biz “Böyük Ermənistan” dövlətini yaradacağıq”.

Sevda Mirzə (aparıcı): Dəstəkçilərini tapdıqları üçün bu işi görə bilirlər.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): “Böyük Ermənistan” ideologiyası təkcə Azərbaycan və Türkiyəyə qarşı bir formul deyil. Bu, eyni zamanda həmin ideologiyadan kənarda qalan ermənilərə qarşıdır. Xırdalaması bundan ibarətdir ki, işləmirsənsə, hər ay nəzərdə tutulan miqdarı, işləyirsənsə, qazancının filan qədərini, milyonersənsə, başqa imkanların varsa, fabrika, zavod sahibisənsə, müəyyən edilən daha böyük məbləği ödəməlisən.

  Türkiydə Ermənistandan gəlib yaşayan bir erməni ailəyə qarşı törədilən cinayəti xatırladım. İstanbulun Şişli rayonunda 85 yaşlı Yakup Dəmiçiyan və arvadı 79 yaşlı Aida Dəmiçi. Yakupu qətlə yetiriblər, Aidanı ölümcül yaralayıblar. Sonra da bunların evindən bütün zinət əşyaları və pul-paralarını götürüblər.

Sevda Mirzə (aparıcı): Lobbiyə dəstək vermədikləri üçün.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Həm ölənin, həm yaralının qollarını və ayaqlarını donuz ipi ilə bağlayıblar. Nə üçün köpək ipi, qoyun ipi, inək ipi yox, məhz donuz ipi ilə? Yəni “bizdən deyilsinizsə, aylıq vermirsinizsə, sizi bu aqibət gözləyir”.  

Sevda Mirzə (aparıcı): Demək, erməni terroruna üzvlük haqqı verməmisənsə, erməni terroçusu deyilsənsə, sadəcə xalqdan birisənsə, bizdən deyilsən.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Bunlar zaman-zaman topladıqları o pullarla kitab yazdırmırlar. İlk növbədə, o pullarla həmin “Böyük Ermənistan” ideologiyasını yönəldən insanların adlarına fabrik, zavodlar açır, otellər tikir, bundan sonra gələn gəlirlərin bir qismini kitab və təbliğata yönəldirlər.

  1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərindəki münaqişəni xatırlayırsınız. Orada ölənlərin yarısı azərbaycanlılar idi, yarısı ermənilər. Ölənlər hansı ermənilər idi? Həmin “Böyük Ermənistan” ideologiyası üçün nəzərdə tutulan aylıq üzvlük haqqını ödəməyənlər.

Sevda Mirzə (aparıcı): Yəni ermənilərin özündən olmayan ermənilər.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Mən 5 dilə tərcümə olunan “Saxta Böyük Ermənistan: faktlar və sübutlar” kitabımda 1905-ci ildə, 1911-ci ildə, 1917-ci ildə və sonrakı illərdə sözdə “Böyük Ermənistan” ideologiyasını yönəldən şəbəkənin əlindəki sandığa pul verməyən ermənilərin hansı şəraitdə necə öldürüldüklərinə dair faktları vermişəm.  

Sevda Mirzə (aparıcı): Ümumiyətlə, ermənilərin törətdikləri soyqırımlar Azərbaycan və Türkiyə ilə məhdud olmayıb. Onlar xristian birliyinin köməyilə Cənubi Azərbaycanda – Urmiya, Səlmas və Xoyda da 150 mindən çox Azərbaycan türkünü faciəli şəkildə qətlə yetiriblər. Şimali Azərbaycanda olduğu kimi, yenə köməyə Osmanlı dövləti gəlib.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Bu mövzu ilə bağlı bir faktı da mən deyim ki, indiki İran ərazisində yerləşən Cənubi Azərbaycana sülh kömək missiyası üçün gedən Osmanlı əsgərlərinə ləkə gətirmək istəyən ermənilər o orduya məxsus paltarları geyinərək yerli əhaliyə qarşı qığınlar törədib, “Bunu Osmanlı ordusu etdi” fikrini yaratmaq istəyiblər. Bu kitabda İran arxivlərində olan tarixi məlumatlara əsasən o faktları əks etdirmişəm. 

Sevda Mirzə (aparıcı): Görünən odur ki, siz erməni-türk məsələsini hərtərəfli işıqlandımağa çalışmış, mükəmməl araşdırmalar aparmısınız. Mənə elə gəlir, bu xidmətlərinizə görə həm Azərbaycan, həm Türkiyə xalqı sizə minnətdardır.

Sabir Şahtaxtı (AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri, Siyasi Elmlər üzrə Fəlsəfə doktoru): Sonda mən də fürsətdən istifadə edib Azərbaycanda və Azərbaycandan kənarda Azərbaycanımız üçün, Türkiyəmiz üçün canlarını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnşaallah, bir də Allahın nəsibi ilə Azərbaycan və Türkiyəyə ancaq xoş xəbərlər müjdəsilə üz-üzə oturub söhbət edək.

Sevda Mirzə (aparıcı): Təşəkkür edirik. 

 



Әlaqәli Xәbәrlәr