Tarixdə bu gün: 17 fevral

Tarixin bu günü harada nələr baş verib, kimlər olub, qısaca nəzər salaq.

Tarixdə bu gün: 17 fevral

***

  Amerikada vətəndaş müharibəsi dövründə, 1864-cü ilin bu günü Atlantik okeanı sahillərindəki Çarlston şəhəri yaxınlığında dəniz müharibələri tarixində ilk dəfə olaraq sualtı qayıq vasitəsilə adi gəminin batırılması hadisəsi baş verib.

  Cənubluların uzunluğu 13, eni 2 metr olan “Hanli” sualtı qayığı şimallıların “Hausatonik” adlı gəmisinə mina zərbəsi endirib. Partlayış nəticəsində həm qayıq, həm də gəmi suya qərq olub.

***

  1894-cü ilin 17 fevralında alman alimi və ixtiraçısı Rudolf Dizelin yanacaq mühərrikinin ilk uğurlu sınağı keçirilib.

  Dizelin həmin ixtirası bu gün də sənayedə geniş tətbiq olunur və elə onun şərəfinə Dizel adlanır.

***

  Türkiyədə 1926-cı ilin 17 fevralında Türk Mədəni Qanunu qəbul edildi.

  Osmanlı dövründə qüvvədə olan, İslam hüquq qaydalarını ehtiva edən "Məcəllə"nin yerinə hazırlanan Türk Mədəni Qanunu uzun araşdırmalar nəticəsində İsveçrə Mədəni Qanunu əsasında yaradılıb. Bunun səbəbi İsveçrə Mədəni Qanununun Avropada dövrün son hazırlanan mülki məcəllə olması, demokratik ruh daşıması və qadın-kişi bərabərliyinə söykənməsiydi.

  Beləliklə, yeni qurulmuş Türkiyə Respublikasında qəbul edilən bu Mədəni Qanunla rəsmi nikah və tək arvadlılıq məcburi hala gətirildi, mirasla bağlı maddələr işlənildi, patriarxlıq və konsulluqların mühakimə səlahiyyəti başa çatdı, ölkədə hüquq bərabərliyi və s. təmin olundu.

 ***

  Amerikalı dramaturq Li Falk (Lee Falk) tərəfindən yaradılan “Qırmızı maska” uşaq əsəri 17 fevral 1936-cı ildə Birləşmiş Ştatların bir qəzetində dərc olunmağa başladı.

  Cizgi roman dünyasının xüsusi kostyumlu ilk qəhrəmanı olan “Qırmızı maska” o zaman ağ-qara şəkillə çıxırdı. Sonralar bəzi ölkələrdə bənövşəyi, daha sonra artıq bütün dünyada qırmızı rəngdə verilməyə başlandı.

  “Qırmızı maska” obrazı 400 il əvvəl gəmisi quldurların hücumuna məruz qalan, təkbaşına üzüb sahilə çıxan, piqmeylər tərəfindən müalicə edilən, bütün həyatını quldurluq, haqsızlıq və zalımlıqla mübarizəyə həsr edən gənc bir adamın rəvayətindən götürülüb.  

***

  1959-cu ilin 17 fevralında Türkiyə Cümhuriyyətinin Baş naziri Adnan Menderes və nümayəndə heyəti Kıbrıs danışıqları üçün Londona gedərkən təyyarə Qatvik (Gatwick) aeroportu yaxınlığında qəzaya uğrayır. Dumanla bağlı pilot məcburi eniş etmək istəsə də, buna imkan tapmadan meşəlik sahəyə düşür.

  Qəzadan Baş nazir Adnan Menderes xilas olsa da, aralarında Türkiyənin Anadolu rəsmi xəbər agentliyinin Baş direktoru Şerif Arzıkın da olduğu 14 nəfər dünyasını dəyişir.

17 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Roma İnkvizisiya Məhkəməsinin hökmü ilə 1600-cü ilin bu günü böyük İtaliya mütəfəkkiri Cordano Bruno tonqalda yandırılıb.

  Dünyaya gələndə Brunoya Filippo adı verilmişdi. 15 yaşında (1563) Neapol Dominikan monastrında olarkən Cordano adını qəbul edir.

  Alimlərin, xüsusən də Nikolay Kopernikin əsərlərini təhlil edən Bruno belə qənaətə gəlir ki, kilsənin təbiət elmləri haqqında təsəvvürləri yanlışdır. Buna görə də rahibliyi ataraq Avropa ölkələrində kütləvi disputlarda kilsə xadimlərini kəskin tənqid etməyə başlayır.

  1592-ci ildə Bruno yenidən İtaliyaya qayıdarkən tutulur və 8 il zindanda saxlanılır. Məhbəs belə Brunonun iradəsini qıra bilmir və o, tonqalda yanmağı əqidəsindən üstün tutur. (1548-1600)

***

  17 fevral Azərbaycan şairəsi Mədinə Gülgünün xatirə günüdür.

 1926-cı ildə Bakıda anadan olan Mədinə 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçüb. Ərdəbil və Təbriz şəhərlərində yaşayıb, orada milli demokratik hərəkata qoşulub. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində, Təbriz Qadınlar Klubunda çalışıb.

  Təbriz Milli hökuməti 1946-cı ilin sonunda irtica qüvvələri tərəfindən boğulduqdan sonra Mədinə Gülgün Bakıya gəlib, ömrünün sonuna qədər yaradıcılıqla məşğul olub, geniş oxucu kütləsinin sevimli şairlərindən biri kimi məhşurlaşıb. 20-dən çox şeir və poema kitabının müəllifidir. Şairə 1991-ci ilin bu günü dünyasını dəyişib (1926-1991).

***



Әlaqәli Xәbәrlәr