“Hünkar beğendi” yeməyi necə hazırlanır?

“Türkiyə mətbəxi” silsiləsindən 8-ci buraxılış.

1145820
“Hünkar beğendi” yeməyi necə hazırlanır?

  İstəkli yemək və yeməkbişirmə həvəskarları.

  Türkiyə mətbəxində badımcanla ən az yüz çeşid yemək var.

  Anadolu torpaqlarına çox gec gətirilsə də, bu tərəvəz bitkisi Türkiyə mətbəxində həmişə yuxarı başda yer alır.

  Bu gün sizə “hünkar beğendi” yeməyinin ləvazimatı və hazırlanma qaydasını təqdim edirik. Bu xörək badımcanla quzu ətinin mükəmməl harmoniyası, Türkiyə mətbəxinə xas bir ləzzətdir.

  “Hünkar beğendi” yeməyinin adının mənası “hökmdar bəyəndi”, yəni "padşahın bəyəndiyi yemək" deməkdir və maraqlı tarixçəsi var.

  Nə dərəcədə doğrudur, bilinmir, amma “hünkar beğendi” yeməyinin rəvayəti dildən dilə, qulaqdan qulağa keçərək günümüzə qədər gəlib bu şəkildə çatmışdır.

  Əhvalat belə baş verib. 1867-ci ildə Osmanlı sultanı Əbdüləziz (1830-1876) Fransa imperatoru III Napoleonun (1808 – 1873) qonağı olur. Səfər zamanı o da Napoleonu öz sarayına İstanbula dəvət edir. Vaxt darlığına görə gələ bilməyən Fransa kralı yerinə xanımı Yevqeniya Mariya de Montixo de Qusmanı (Eugénia María de Montijo de Guzmán) göndərir. Kraliça Osmanlı paytaxtına gələrkən yanında aşbazını da gətirir.

  Sarayın mətbəxində türk aşpazlarla birlikdə yemək bişirən fransız aşpaz bir gün "beşamel sousu" adlı şorba hazırlayır. Bu yeni şorba onun yanında badımcanı közləyən, sonra əzib salatını hazırlayan türk aşpazının diqqətini çəkir.

  Büri gün o, özü “beşamel sous”u hazırlayıb, üzərinə közləyib əzdiyi badımcanları əlavə edir: dadına baxır, bəyənir və bu yeməyi quzu ətinin yanında padşaha təqdim etmək qərarına gəlir. Sultan Əbdüləziz bu yeni yeməyi çox bəyənir. O gündən bu yemək "hünkar beğendi" adlanır.

  İndi gələk Osmanlı padşahı Əbdüləzizin çox bəyəndiyi, rəvayətini dinlədiyiniz, Türkiyə və qərb mətbəxinin sintezi olan "hünkar beğendi" yeməyinin hazırlanma qaydasına. Amma əvvəlcə ləvazimatı sadalayaq, görək, bizə bunu bişirmək üçün nələr lazımdır.  

  • 500 qram qoyun əti,
  • 2 xörək qaşığı kərə,
  • 2 ədəd xırda doğranmış soğan,
  • 1 xörək qaşığı sirkə,
  • 2 ədəd pomidor,
  • 2,5 su stəkanı qaynar su,
  • 5 ədəd badımcan,
  • 1,5 xörək qaşığı un,
  • 1,5 su stəkanı süd,
  • 2 xörək qaşığı rəndələnmiş kaşar pendiri,
  • zövqə görə, duz və kəklikotu.

  “Hünkar beğendi” yeməyini bişirmək üçün nələr lazımdır, bildik, indi hazırlanma qaydasına keçək.  

  Əvvəlcə doğranmış əti qazana töküb suyu çəkilənə qədər qovurun.

  Sonra kərə yağı, doğranmış soğan və zövqə görə duzu əlavə edin, 3 dəqiqə qarışdıraraq qovurun. Üzərinə 1 xörək qaşığı sirkə tökün.

  Daha sonra rəndələnmiş pomidor, kəklikotu və qaynar suyu əlavə edin. Əti yumşalana qədər bişirin.

  Bu arada badımcanları hazırlayın. Qabığını soyandan sonra limonlu suda 5 dəqiqə saxlayın, sonra suyunu süzün, daha sonra iti bıçaqla çox nazik şəkildə doğrayın.

  Bir tavada kərə yağını əridin, 1,5 xörək qaşığı unu əlavə edin, saralana qədər qovurun.

  Ardıcıl qarışdıraraq soyuq südü üzərinə əlavə edin. Qarışıq tündləşəndə qazın üzərindən götürün.

  İndi incə doğranmış badımcanları, duzu və rəndələnmiş kaşar pendirini əlavə edin, qarışdırıb boşqablara tökün. Üzərinə ətləri də əlavə etdinizmi, Türkiyə mətbəxinin məhşur "hünkar beğendi" yeməyi hazırdır və süfrəyə gətirə bilərsiniz. Nuş olsun. 



Әlaqәli Xәbәrlәr