Söhbət zamanı birdən məlum oldu ki... (audio-müsahibə)

TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və Azərbaycanın tanınmış şairi Vaqif Bəhmənlidir.

1145311
Söhbət zamanı birdən məlum oldu ki... (audio-müsahibə)

Rəşad Məcid və Vaqif Bəhmənlə müsahibə

Sevda Mirzə (müəllif): Əziz dinləyicilər, TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının mötəbər qonaqları var. Azərbaycan Yazıçılar İttifaqının sədr müavini, amma daha çox “525-ci qəzet”in baş redaktoru kimi tanıdığımız Rəşad MəcidAzərbaycanın tanınmış şairi Vaqif Bəhmənlidir ki, bu, Ankarada olmasının səbəbi Türkiyə türkcəsində çıxan “Hüzünlü misralar” kitabı ilə bağlıdır. Öz studiyanıza xoş gəlmisiniz. Çünki bura Azərbaycandan gələn hər kəsin studiyasıdır.  

  Vaqif bəy, Türkiyənin paytaxtı Ankarada tədbir oldu və sizin “Hüzünlü misralar” kitabınız Türkiyə türkcəsinə çevrilmiş variantda ədəbi mühit və oxuculara təqdim olundu. Tədbir çox gözəl keçdi. O qədər adam gəlmişdi ki, içəridə oturmağa yer olmadı, kənardan durub dinləyirdilər. Çıxışlar da çox səmimi idi. Arasında sizi tanıyanlar da var idi, tanımayanlar da. Kitabınızı oxuyanlar, tədqiqatçılar və çevirənlər də var idi bu tədbirdə.

Vaqif Bəhmənli (Azərbaycan şairi): “Bengü” Avrasiya Yazarlar Birliyinə bağlı bir nəşriyyatdır. Kitabın Türkiyə türkcəsində çıxmasının təşəbbüskarı eləAvrasiya Yazarlar Birliyidir.

  Təxminən 300-ə yaxın səhifəsi olan bir kitab buraxıblar. Şeirləri Ülkü Taşhova çevirib. O, həm Azərbaycan, həm Türkiyə türkcəsini yüksək səviyyədə bilən bir xanımdır. Kənardan baxanda Azərbaycan və Türkiyə türkcələri adama asan görünür, amma burada o qədər incəliklər var ki, onları gərək düzgün nizamlaya biləsən. Buna da bir sevgi lazımdır. Ülkü xanım bu işin öhdəsindən çox uğurla gəldi.

  Əslində “Hüzünlü misralar” mənim 2005-ci ilə qədər olan şeirlərimdən ibarət 3 cildlik əsərlərim əsasında yaranmış bir kitabdır. Onlar da böyük və qalın həcmli kitablardır və arasından şeirləri seçmək, “Hüzünlü misralar” adı altında bir araya gətirmək o qədər də asan deyil.

  Niyə kitabın adı “Hüzünlü misralar”dır? Azərbaycanın böyük ustadı Məmməd Araza bir şeir həsr etmişdim. Şeirin adı “Hüzünlü misralar” idi. Bizim Qarabağ məsələlərinin ən gərgin vaxtlarının şeiridir. O zaman yazmışdım: “Artıq mənim gücüm çatmır bu işdə yardımçı olmağa. Kaş qayalardan ordu yığan Məmməd Araz olaydı”.

  Məmməd Araz qayaları Azərbaycan simvolu kimi, qeyrət, kişilik rəmzi olaraq əks etdiən bir şairimizdir. Mən “Hüzünlü misralar” şeirimi yazanda artıq Məmməd Araz dünyada yox idi. Bu kitabın adı da o şeirdən gəlir.

  Mən Rəşad müəllimə də dərin təşəkkürümü bildirirəm. Ümumiyyətlə, Rəşad Məcid, yaradıcılığı öz yerində, Azərbaycan ədəbiyyatının təbliğatı ilə bağlı ölkədən kənarda – İtaliya, Rusiya, Türkiyədə böyük zəhmət çəkir. Elə mənim bu kitabımın ərsəyə gəlməsinin təşəbbüskarı Rəşad Məciddir. O təklif etdi Avrasiya Yazarlar Birliyinə, “Bengü” nəşriyyatı da bu işi uğurla başa çatdırdı.

  Mənim Türkiyənin bir sıra dərgi və qəzetində əsərlərim işıq üzü görüb, TRT televiziyasında şeirlərimi oxumuşam, amma Türkiyə ədəbiyatına kitabımla daxil olmaq məni daha çox sevindirir. Ümumiyyətlə, Avrasiya Yazarlar Birliyinin, Türkiyə ədəbi xadimlərinin Azərbaycandakı həmkarlarına töhfəsi kimi, bu kitab təkcə mənə yox, qələm yoldaşlarıma da böyük bir hədiyyədir.

Sevda Mirzə (müəllif): Türkiyədə yaşayan Azərbaycan vətəndaşları olaraq biz də sevinir, başımızı ucaldan hər azərbaycanlının gəlişindən qüruru hissi duyuruq.  

  Rəşad bəy, bu kitabın təqdim edilməsində birbaşa sizin xidmətiniz var. Bunun da, məncə, əsas səbəbi sizin Türkiyədə uzun illər qurduğunuz ədəbi və media əlaqələrilə bağlıdır. Bu əlaqələri saxlamaq insandan bir hünər, bir bacarıq istəyir. Çünki bu gün dostlquların ömrü qısalmağa başlayıb. Siz isə bu sırada nadir insanlardansınız.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Çox sağ olun, Sevda xanım. TRT-nin radiosunda qonaq olduğum üçün çox məmnunam. Sizinlə həmsöhbət olmaq xoşdur.

  Əvvəlcə onu deyim ki, Avrasiya Yazarlar Birliyi ilə Azərbaycan Yazıçılar İttifaqı arasında uzun müddətdir əməkdaşlıq əlaqələri var. Avrasiya Yazarlar Birliyinin xidmətlərini mən çox yüksək qiymətləndirirəm. İki ildən sonra 15 yaşı tamam olacaq bu birliyin. Amma bu müddətdə gördüyü işlər əsrlərə, tarixlərə bərabərdir. Türk dünyasına xidmət baxımından, türk respublikalarının ədəbiyyatını birləşdirmək baxımından misilsiz rolu var.

  Azərbaycan ədəbiyyatının təbliğilə bağlı birliyin nəşriyyatında 50-dən artıq kitab nəşr olunub. Bəziləri, hətta deyərdim ki, klassiklərin əsərləri də daxil olmaqla, çoxu ilk dəfə Türkiyədə Avrasiya Yazarlar Birliyi tərəfindən “Bengü” nəşriyyatında çap edilib. Azərbaycan ədəbiyyatını Türkiyəyə tanıtmaqda bu birliyin misilsiz rolu var.

  “Qardaş qələmlər” dərgisi əvəzsiz bir dərgidir. Türk dünyasının hər yerindən jurnalda bədii əsərlər çap olunur. Dərginin bütün türk soyluların bir-birinin ədəbiyyatını tanımasında böyük xidmətləri var. Jurnalda ədəbi müsabiqələr də təşkil edilir, yazıçı və şairlər nominasiyalar üzrə mükafatlandırılır. İlk dəfə olaraq 2017-ci ildə türk dünyasının gənc yazarlarının toplantısı təşkil edildi. Yaşlı yazıçı və şairlərimiz tanınır, amma iki ölkənin gənc yazarlarının bir-birini tanıması çox vacib idi. Bu toplantıda tük dünyasının, demək olar ki, hər yerindən gənclər toplanmışdı. Azərbaycan Yazıçılar İttifaqının sədri Anar müəllim də burada rəsmi qonaq qismində iştirak edirdi.           

  Vaqif Bəhmənli, bilirsiniz ki, Azərbaycanın gözəl şairidir. Biz onun şeirlərini çox sevirik. Mənim uzun illərdən bəri dostumdur. Azərbaycan ədəbiyyatında Vaqif Bəhmənli kimi son illərdə mütəmadi poeziya ilə məşğul olan şairlərimiz azdır. Azərbaycanda 30-dan çox kitabı, Türkiyədə müxtəlif dərgilərdə şeirləri çap olunub.

  Vaqif bəylə biz Türkiyədə çox olmuşuq. 2006-cı ildə Elazığda Azərbaycanın böyük şairi Almaz Yıldırımın təntənəli 100 illik tədbiri keçirilirdi. Orada söhbət zamanı birdən məlum oldu ki, Vaqif Bəhmənlinin Türkiyədə kitabı çıxmayıb. Bu, ikimizi də çox pərişan etdi.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Bunlar da elə bilir ki, mənim Türkiyə türkcəsində bir neçə kitabım çıxıb artıq.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Fikirləşirdik ki, Türkiyə ilə bu qədər əlaqəsi olan adamın kitabı indiyə çıxmış olar. Çünki elə vaxt olur ki, Vaqif Bəhmənlinin Azərbaycanda ildə 3-4 kitabı çıxır. Onun Türkiyədə bu zamana qədər kitabının çıxmaması bizi məyus etdi. Mən Yaqub Öməroğluna dedim. Sağ olsunlar, hazırladılar. Çevirənlər də daxil olmaqla, Avrasiya Yazarlar Birliyinin bütün üzvlərinə minnətdarıq.

 Yaqub Öməroğlu, ümumiyyətlə, sürprizi sevən, insanları sevindirməyi xoşlayan bir insandır. Yadımdadır, 2015-ci ildə mənim qalın bir kitabımı burada çap etdirmişdi “Bir daha gəlməyəcək” adı ilə. Onu Azərbaycanda, o vaxt Vaqif Bəhmənlinin rəhbərlik etdiyi Bakı Beynəlxalq Kitab Sərgisində bütün nazir, nazirlik nümayəndələri və Azərbaycan Yazıçılar Birliyinin sədri qarşısında mənə təqdim etdi. Bilmirdim, həm də kitabın qalınlığını heç təsəvvür etmirdim. Sən demə, bütün şeirlərimi bu kitaba toplayıblar.

Sevda Mirzə (müəllif): Demək, dəyərli insanları dəyərləndirməyi sevir.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Bu dəfə də Vaqif Bəhmənlinin kitabını çap etmək qərarı verdi. Amma kitab hazır olandan sonra mənə də göstərmədi, dedi: “Vaqif bəylə gələndə verərik, göstərərik”. Həqiqətən də çox təntənəli şəkildə, yüksək səviyyədə, isti və səmimi mühitdə keçdi tədbirimiz.

  Ankarada “Kabakçı Konağı”nda dəfələrlə tədbirlərdə olmuşam. Qədim aurası və burada keçirilən ədəbi söhbətlər çox xoşuma gəlir. Bu tədbir də 2 saat sürdü, amma heç kim sıxılmadı. Türkiyə ilə yanaşı, Azərbaycandan da qonaqlar gəlmişdi. Vaqif Bəhmənlinin şeirləri səsləndi. Hamısı içdən və səmimi sözlər dedi.

  Mənə elə gəlir ki, bizim xalqların daha da yaxınlaşmasında ədəbiyyatın rolu misilsizdir. Bu mənada ədəbiyyat adamlarının gördüyü işlər qiymətlidir, təqdirəlayiqdir.

Sevda Mirzə (müəllif): Bir də, ədəbiyyatçıların işi sadəcə bu günlə bağlı olmur, yazdıqları gələcək nəsillər üçün həm də bir sənəd rolunu oynayır.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Ümumiyyətlə, qardaşlığın, insanlığın, türk xalqlarının, dünyanın nicatı silahda, orduda deyil, yalnız qələmdədir. Türk dünyasının arxalandığı ən böyük sərvət onun ədəbiyyatıdır.

Sevda Mirzə (müəllif): Sizin sözlərinizin bünövrəsini Azərbaycan ədəbiyyatında Nəsimi qurub deyə bilərik, o da insan faktorunu önə çəkərək. İnsana öz dəyəri veriləndə dünya da düzəlir

  Əziz həmkarlarım, Azərbaycan ədəbiyyatı - nəzmi, nəsri və jurnalistikası böyük bir maarifçilik məktəbi keçib. Türkiyədə isə bu yol bir az fərqli olub. Bu barədə fikirlərinizi, müqayisənizi bilmək istərdik.  

Vaqif Bəhmənli (Azərbaycan şairi): Türkiyədə bir az olub: Şinasi, Mehmet Akif Ersoy kişi şəxsiyyətlər yetişib. Mən də bu mövzu ilə maraqlandım, faktları müqayisə etdim. Məsələn, Azərbaycanda ilk qəzet 1831-ci ildə “Vedemosti” qəzeti içində ana dilində yerli xəbərlər və balaca vərəqə şəklində olub. Türkiyədə isə ilk qəzet 1834-cü ildə çıxıb.

  Azərbaycan və Türkiyə maarifçiliyi arasında əsas fərq, bilirsinizmi, necədir? Türkiyədə maarifçilik hərəkatı yumşaq keçib, Azərbaycanda isə sərt şəkildə olub, sanki elmi proqram kimi ziyalıların qarşısına qoyulub, mərhələ-mərhələ həyata keçib.

Sevda Mirzə (müəllif): Azərbaycanda maarifçilik məktəbi özü ilə birlikdə müxtəlif janrlar da gətirdi ki, Sovet dövründə belə onlar davam etdi, günümüzə qədər gəlib-çıxdı. Tədbirdə türkiyəli xanım şairə belə bir söz dedi ki, “Azərbaycan şeirlərinin əksəriyyəti heca vəznindədir və bu, bizə həddindən artıq çətin görünür.” Demək, Vaqif bəy, sizin şeirləriniz də  klassik poeziya yolundan keçir. Yəni bizə asan görünən bir yol Türkiyədə çətin sayılır.  

Vaqif Bəhmənli (Azərbaycan şairi): Bu, çox mübahisəli bir məsələdir. Əgər bu gün müasir qiyafətdə əyləşib söhbət ediriksə, əslində bu, görüntüdür, biz ruhu çox qədim ənənələrə bağlı adamlarıq. Zahiri dəyişmələr, görünüşlər mahiyyətlə bağlı deyil. Çünki mahiyyət dibdən gəlir, dərinlərdən gəlir. Azərbaycan, Türkiyə və ümumiyyətlə, dünya ədəbiyyatında o qədər şeir həvəskarı, ədəbiyyatı candan sevən, amma özünün də xəbəri olmadan ədəbiyyata dəxli olmayan insanlar var ki, onlar formaları da biabır edirlər. Yəni Aşıq Ələsgər, Aşıq Qurbani, Aşıq Abbasın qoşmalarında təkcə ahəngin özü qədim bir ənənədir, amma şeirin içindəki məna, bənzətmə və obrazlar sistemi tamamilə yenidir. Biz ona görə heç bir hecadan - bayatıdan, qoşmadan, gəraylıdan, 11-likdən, 16-lıqdan, qəzəldən - heç birindən imtina edə bilmərik. Bunlar ədəbiyyatımızı zənginləşdirən vəznlərdir. Amma o da var ki, bəzən köhnə qəliblərin arasına girən, heç bir fikir ifadə etməyən, heç bir fəlsəfəsi olmayan şairlərin şeirləri, daha doğrusu, nəzm parçaları poeziyanı gözdən salır və oxucunu küsdürür.

  Bir misal deyim. Rəşad Məcidin, mənim dostumuz, bir çox şairin yetişməsində böyük rolu olan Ramiz Rövşən. O, gəraylı üstündə yüz nəğmə yaratdı. Bu gün Azərbaycanın üzdəniraq ədəbiyyat həvəskarları, poeziyanın həqiqətən bir elm olduğunu, böyük bir sənət olduğunu, böyük bir güc olduğunu hələ də anlamayanlar, böyük kitabları çıxsa da, hələ də Ramiz Rövşən əsiridirlər. Bu, məni əsəbiləşdirir. Axı, sən niyə əsir olursan, özün olmursan? Sən də get ayrı havada şeir yaz, amma çalış ki, o şeir sənin özünün olsun.

Sevda Mirzə (müəllif): Axı hər kəs ədəbiyyatda lider ola bilməz.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Yəni istər sərbəst, istər heca, istər Türkiyədə olan divan ədəbiyyatı, istərsə də, klassik janr olsun, əsas budur ki, şeirdə daha çox fikir olmalıdır.

  Tədbirdəki xanım, məncə, heca vəzninin çevirmə məsələsinə toxundu. Bizim Azərbaycan dili və Türkiyə türkcəsi arasında mübahisələr doğur ki, biz şeiri çevirək, ya çevirməyək? Adını uyğunlaşdırma deyənlər də var. Əslində Vaqif Bəhmənlinin “Hüzünlü misraları”nı elə Azərbaycan dilində necə var, elə veriblər. Sadəcə anlaşılmayan sözlərin izahını aşağıda yazıblar. O da çox deyil. Sadəcə heca vəznindəki şeiri çevirəndə bir az tərcüməçiyə problem yaranır: hecalar pozulur, qafiyələr düz gəlmir.

Sevda Mirzə (müəllif): Əslində biz klassik ədəbiyyatı məktəblərdə belə keçdik: nəzm və ya nəsr olduğu kimi qaldı, izahı səhifənin aşağısında qeyd edildi.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Mən bunu da demək istəyirəm ki, Mehmet Akif Ersoy, Tofiq Fikrət kimi klassik şairlər Azərbaycan şeirinə, məsələn, Bəxtiyar Vahabzadənin yaradıcılılğına, o nəslə necə təsir edibsə, modern Azərbaycan poeziyasına da Nazim Hikmətin sərbəst şeiri o qədər təsir göstərib. Mənim heca ilə yanaşı, bəlkə ondan daha çox sərbəst vəzndə şeirim var.

Sevda Mirzə (müəllif): Heca vəzni çətin olduğu halda, bizim şairlər bu çətin yolu seçərək gəlib yüksək mərtəbələrə çatıblar.

Vaqif Bəhmənli (Azərbaycan şairi): İndi siz bizi tərifləyirsiniz də.

Sevda Mirzə (müəllif): Bəli. Bundan başqa, məncə, heca vəznində yazılan şeir daha musiqili gəlir qulağa.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Bütün hallarda poeziyada ritm olmalıdır. Lap sərbəst şeirin özündə də hansısa bir ahəng gözlənilməlidir. Hər hansı fikri dağınıq şəkildə deməklə poeziya olmaz, mümkün deyil. 100 il əvvəl də, 50 il əvvəl də bu mövzular danışılırdı, müzakirə olunurdu. Şeirdə insana təsir edən əsas hissdir, duyğudur, onun yadda qalmasıdır, fikri necə gözəl ifadə etməkdir, obrazlılıqdır, bədii təfəkkürdür.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Uzun illər Türkiyə və Azərbaycan arasında sərhədlər olub. Dillərin inkişafında mətbuat, radio və televiziya mühüm rol oynayır. Bizim rayonlarımızda, kəndlərimizdə hər kəsin üzü çevrilib Türkiyə telekanallarına. Uşaqlarımız, gənclərimiz çox sərbəst şəkildə Türkiyə türkcəsində danışır. Dillər arasında maneələr (baryer) qalxdıqca, yaxınlaşma artdıqca biz yaradıcılığımızda, özümüzdən asılı olmayaraq, məhz o ortaq dillə ifadə etməyə çalışırıq. Deməli, dil təmaslarla süzgəcdən keçir.  

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Kitabının təqdimatında Vaqif Bəhmənli şeirlərini necə yazmışdısa, eləcə oxudu və mənə elə gəlir, hamı da başa düşdü.

  Vaqif müəllim, bəs siz özünüz kitabınızın tərcüməsinə - çevrilməsinə necə baxdınız?

Vaqif Bəhmənli (Azərbaycan şairi): İndi iki jurnalist mənimlə danışır da.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Hə, peşə vərdişim rol oynadı.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Mən hələ o çevrilmiş kitabımı oxuya bilməmişəm. Kitab gəldi mənə 5 nüsxə, beşini də əlimdən verdim. Amma mən özümü böyük türk ədəbiyyatının içində hiss etdim bu kitabla. Bu hiss gəldi içimdən.

Sevda Mirzə (müəllif): Demək, türk dünyasının şairləri bir araya gəldikcə, bir-birinin şeirini oxuduqca, ünsiyyətdə olduqca ortaq bir türkcə meydana gəlir.

  Vaqif bəy, biz sonda sizdən bir şeir payı istəyirik.

Vaqif Bəhmənli (Azərbaycan şairi):

Gülüşünə tay hanı?

Qəmzələrin süzgün ox.

Qansız gözələ canım

Qurban olsun, yoxsa yox?

     Dərdin dəvəsi sinəm

     Dartır həvəsi sənə...

     Zınqırov səsi sənə

     Mehman olsun, yoxsa yox?

Zülm eylədin o ki var.

Canda leysan yükü var.

Göz yaşımdan səhralar

Ümman olsun, yoxsa yox?

     Bu qədər ağlarıqsa,

     Ağlayıb çağlarıqsa,

     Dövran bizik, varıqsa,

     Dövran olsun, yoxsa yox?

Çıxarı nəfdən baha,

Bir söz qalmadı daha.

Vaqif səntək dərgaha

Qurban olsun, yoxsa yox?

  Bu da sizə Aşıq Abbas Tufarqanlı ruhuna uyğun bir şeir.

Sevda Mirzə (müəllif): Şeirin axıcılığı, dilimizin gözəlliyi bir də bunu deməyə imkan verir və təsdiq edir ki, Azərbaycan dili musiqili dildir və türk dilləri arasında ən zəngin dildir.

  Sizin kimi şairlərin, yazarların varlığı Azərbaycan şeiriyyətinə, ədəbiyyatına fəxrdir. Mən çox məmnun oldum ki, TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları oldunuz.

Rəşad Məcid (“525-ci qəzet”in Baş redaktoru): Mən də onu demək istəyirəm ki, Sevda Mirzə də bizimlə söhbətdə oldu, Azərbaycanın tanınmış jurnalisti, gözəl səviyyəli bir xanımı. Onunla keçən söhbətimiz bizə də xoş oldu. Eyni zamanda, mən çox sevinirəm ki, bu radioda bizim məhz Sevda Mirzə kimi Azərbaycanda yetişmiş, formalaşmış, Azərbaycanı ruhunda gəzdirən bir həmyerlimiz çalışır. Uğurlar arzu edirik.

Vaqif Bəhmənli (Azərbaycan şairi): Belə gözəl günü bizə bəxş etdiyiniz üçün biz də sizə minnətdarıq.

Sevda Mirzə (müəllif): Təşəkkür edirik.



Әlaqәli Xәbәrlәr