ABŞ hara gedir?

Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. (Qlobal perspektiv_34 (22 avqust 2018)

1034291
ABŞ hara gedir?

  Son zamanlar terrora dəstək verdiyi üçün həbsdə olan keşiş Bransona görə artan Türkiyə-ABŞ böhranı davam edir. Bu böhrana yalnız Türkiyə və Amerika münasibətləri aspektindən baxılır, mübahisələr aparılır. Bəlkə də böhranı Türkiyə-ABŞ prizmasından izləmək üçün haqlı səbəblər var: Türkiyənin Rusiyadan S-400 raketlərini alması, ABŞ-ın Qüdsü İsrailin paytaxtı etmək qərarına qarşı çıxması, qlobal vicdanın səsi olması və son olaraq keşiş Bransonu həbs etməsi və sair. Amma Türkiyə tərəfindən məsələ heç də tam olaraq bu şəkildə görünmür.

  Mövzu ilə bağlı Ankara Yıldırım Bəyazit Universiteti Siyasi İnformasiya fakültəsinin dekanı, professor Qudrət Bülbülün analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Bəs Türkiyə baxışı ilə məsələ necədir? ABŞ tərəfindən Türkiyənin bir terror təşkilatı olaraq gördüyü PKK/YPG üçün qondarma dövlət yaratma səyi, “Türkiyənin 11 sentyabrı” olan 15 iyulun səbəbkarı FETÖ başçısının Amerikada lüks malikanədə yaşaması, Türkiyənin verdiyi bütün sənədlərə baxmayaraq, qulaqardına vurulması ABŞ-ın Türkiyəyə münasibətini çox yaxşı əks etdirir. Usame bin Ladenin bir ölkədə yaşaması və o ölkənin Əl-Qaidə terror təşkilat vasitəsilə ABŞ-ın Meksika sərhədində bir terror zonası yaratmaq səyi Amerika cəmiyyətində necə qəbul edilərsə, ABŞ-ın bugünkü mövqeyi də Türkiyə ictimaiyyətində eyni reaksiya ilə qarşılanır.

  Bu aydın səbəblərə görə böhranı tam olaraq Türkiyə-ABŞ arasındakı münasibətlər kontekstində qiymətləndirmək doğru olmaz. Axı Amerika təkcə Türkiyə ilə böhran yaşamır, Çin, Rusiya və Avropa İttifaqı ilə daha böyük problemlər içindədir. Hətta Amerika ABŞ tarixində nadir rastlanan Meksika və Kanada ilə də münaqişə vəziyyətindədirş Şimali Koreya və İranla baş verən xroniki böhranlar isə başda gəlir.

  Amerikanın yaratdığı və qarşılaşdığı problemlərin təqsirkarı olaraq yalnız Tramp hökumətini də görmək olmaz. Doğrudur, ABŞ prezidenti də bu məsələdə az rol oynamır, amma rəsmi Vaşinqtonun az qala bütün dünya ilə savaşmasının səbəblərini daha dərinlərdə axtarmaq lazımdır. Bunları belə ümumiləşdirək.

  ABŞ-ın dünyada qlobal səviyyədə yaşadığı, daha doğrusu, yaratdığı böhranların ən mühüm səbəblərindən biri bu ölkənin qloballaşmadan kifayət qədər qazanclı çıxa bilməməsi, rəqabətdə firmalarının geri qalmasıdır. Azad ticarətdə dünyada ən çox qazanclı çıxan ölkələr ABŞ və Avropa İttifaqı deyil, Çin, Hindistan, Braziliya və Türkiyə oldu. ABŞ iqtisadiyyatı bir neçə dəfə böhrana girib, amma adı çəkilən ölkələr milli gəlirini bir o qədər artıb. Nəticədə Amerika öz hegemoniyasını qurtarmaq üçün intensiv hücuma keçdi.

  ABŞ-ın hirsini də elə bu qlobal rəqabət, şəffaflıq və azad bazar iqtisadiyyatından kifayət qədər qazana bilməməsi artırdı. Qloballaşma proseslərinin inkişaf etmiş ölkələrdə varlını daha varlı, yoxsulu daha kasıb etdiyini də düşünmək lazımdır.

  Donald Tramp rəhbərliyi ABŞ-ın qloballaşmadan kifayət qədər qazanclı çıxa bilmədiyini görüncə sərbəst bazar iqtisadiyyatının əksinə, bundan əvvəlki siyasətinə üz tutub. Artan vergilər, yüksələn gömrüklər, ölkə xaricinə gedən kapital və firmaları geri çağırmalar bunu göstərir. Dünya ticarətinə zərər versə də, Amerika iqtisadiyyatının özünü də zədələyən addımlardır bunlar. Ən böyük zərbə isə istehlakçıya dəyir, çünki artan vergi və gömrük məhsul qiymətlərini də artıracaq, satışı azaldacaqdır.

  İkinci səbəb isə ABŞ rəhbərliyində dini qrup, icma və təriqətlərin getdikcə artan təsiridir. Qüds və keşiş Branson qərarlarında da ABŞ rəhbərliyinin bu mövqeyi özünü gizlədə bilmədi. (Vitseprezident Mayk Pens və əvvəlki prezidentlərdən oğul Buşun qatı evangelist olduğunu xatırlayaq.)

  Başqa səbəb ABŞ-ın hakimiyyət böhranıdır. Bir çox məsələdə Pentaqon, Ağ Ev və Amerika xaricindəki amerikalılar fərqli düşünür və davranır. Amerika ictimaiyyətindəki müxtəlif koalisiyaların reaksiyaları və gözlədikləri Ağ Evin işini daha da çətinləşdirir. Trampın prezident postundan uzaqlaşdırılması fikrinin dolaşması da rəhbərliyin hirsinin üstünə hirs qatır.

  ABŞ ilə Türkiyə arasındakı böhran iki ölkə əlaqələrin xaricində isə nə etmək lazımdır?

  Şübhəsiz, hər hansı iki ölkə arasındakı problemlər bütün bəşəriyyəti də yaxından maraqlandırır.

  ABŞ-ın tətbiq etdiyi siyasət yenə də qapalı iqtisadiyyata dönmək, gömrük divarlarını qaldırmaq və sərbəst bazar meydanını azaltmaqdır. Bu daraltma bütün ölkələrə və insanlara zərər verəcək. ABŞ-ın, xüsusilə, Çinin yüksəlişinə qarşı yürütdüyü bu siyasət, vəziyyət qarşısında səssisliyini qoruyan Dünya Ticarət Təşkilatı, Dünya Bankı, başqa beynəlxalq təşkilatlar və sərbəst ticarət dövriyyəsini müdafiə edənlər hər kəsə zərər vuracaq bu hərəkətlərə qarşı birgə davranış nümayiş etdirməlidir. Çünki ABŞ-ın oyunu qaydalarına görə oynamaması bütün ölkələr üçün təhdiddir.

  İkinci Dünya müharibəsində nasizm və faşizm kimi ifrat ideoloji cərəyanlar və bu gün Yaxın Şərqdə radikal dini qrupların ölkələrini və dünyanı hara apardıqları ortadadır. Bənzər şəkildə Amerika rəhbərliyinin sionist-xristianlıq olan evangelizm radikal dini cərəyanı təsirilə getməsi insanlığa xeyir gətirməyəcək. Amerikalı azadlıqsevər, plüralist və liberal təbəqələr də təhlükəni anladıqları üçün mübarizə aparırlar.

  Ölkələr zaman-zaman ictimai, iqtisadi, siyasi və mədəni böhranlara düşür və atladırlar. Bu cür böhranlardan ölkələri yalnız uzaqgörən liderlər çıxara bilir. Tramp rəhbərliyinin mövqeyi ümidverici deyil. Bir çox Avropa ölkəsi də gələcəyə ümid verməyən perspektivsiz liderlər tərəfindən idarə olunur. Qlobal siyasət dünyası işıqlı günlər vəd etməsə də, yenə ümidimizi itirməməli, əlimizi-qolumuzu sallamamalı, mübarizəyə davam etməliyik. Dama-dama göl olur.



Әlaqәli Xәbәrlәr