Türkiyə Milli Müdafiə Sənayesi Layihələri

Türkiyənin ötən əsrin əvvələrindəki müdafiə sənayesi tarixinə qısaca nəzər salaq.

1008918
Türkiyə Milli Müdafiə Sənayesi Layihələri

  Türkiyə müdafiə sənayesində son illər aparılan mühüm addımların müsbət nəticələrini son hərbi əməliyyatlarda gördü: ölkə daxilində terror təşkilatlarıyla mübarizə, xaricində Fərat Qalxanı hərəkatı başlayan, Zeytun Budağı hərəkatı davam edən uğurlu əməliyyatlarda yerli və milli müdafiə sənaye məhsulları istifadə edildi. Yerli silahlar, Pilotsuz Uçan Aparatlar (İHA - İnsansız Hava Araçları), Silahlı Pilotsuz Uçan Aparatlar (SİHA - Silahlı İnsansız Hava Araçları) və meydançada əməliyyatların davamını təmin edən təmir işləri bütün dünyanın diqqətini çəkdi.

  Əvvəllər müdafiə sənayesində xaricə daha çox asılı olan Türkiyə artıq milli gəmisini, tankını, radar aparatını, insansız hava vasitələrini, silahını özü düzəldir, kosmosa peykini göndərir. Ölkənin müdafiə sənayesinin gəldiyi bu məqam müdafiə sənayesi şirkətləri ilə hərbi iş yerlərində çalışanların xidmətlərinin və xüsusən, son 15 ildir atılan addımların yaxşı bir liderliklə idarə edilməsinin nəticəsidir.

Nuri Demirağ: “Zəfər qartalı təyyarə qanadının üstünə qondu”

  Türkiyəyə bir çox ilkləri gətirən, respublikanın Dövlət Dəmir Yolları tikintisinin ilk podratçısı, ilk təyyarə zavodunun təşkilatçısı, ilk yerli paraşüt istehsalçısı, İstanbul Boğazı üzərində körpü, Keban Su Anbarı fikirlərinin ilk müəllifi, xüsusilə, aviasiya sənayesində uğurları ilə tanınan şəxs Nuri Demirağ idi.

  Türkiyənin ötən əsrin əvvələrindəki müdafiə sənayesi tarixinə qısaca nəzər salaq. Bir zaman ölkənin müdafiə sənayesi, əslində, böyük zəhmət və fədakarlıqlara baxmayaraq, rəhbərlərdən yetərli dəstək görə bilməyən bir sektor olub.

  20-ci əsrin 30-cu illəri Türkiyənin Sivas rayonunun Divriyi (Divriği) qəsəbəsindən çıxan iş adamı Nuri Demirağın həyat hekayəsi həm də ölkənin milli sənayesini anladır. Türkiyəni dəmir yolları şəbəkəsi ilə təchiz etdiyi ona "Demirağ" soyadını vermişdilər.

  Nuri Demirağ ölkənin inkişafı üçün onlarla böyük layihəyə imza atıb. "Qələbə süngünün ucunda deyil. Zəfər qartalı artıq süngünün ucundan qalxıb havaya uçdu, təyyarə qanadının üstünə qondu" deyərək hər fürsətdə göylərə hakim olmağın əhəmiyyətinə toxunan Demirağ ölkənin ilk təyyarə zavodunu qurur, 1939-cu ildə Türkiyənin ilk təyyarəsini istehsal edir. Açdırdığı Göy Məktəbdə (Gök Okulu) onlarla gənc pilot yetişir.

  Bundan əvvəl isə o, ölkədəki enerji ehtiyacını təmin etmək üçün 1933-cü ildə Keban Su Anbarı layihəsini hazırlayır və dövrün Abadlıq İşləri naziri (Nafia vekili) Əli Çetinkaya təqdim edir. Qarşılaşdığı münasibət çox pis olur.

  Abadlıq İşləri naziri Əli Çetinkaya dövrün İstiqlal Məhkəmələrində xidmət etmiş "Üç Ali”dən biri idi. O, layihəyə qarşı çıxaraq Demirağa deyir: "Bəli, Nuri Bəy, bənd tikmək. Necə edəcəksən, kiminlə edəcəksən, bu qədər böyük işin altından necə qalxacaqsan? Tutaq ki, bu işi gördün. İstehsal etdiyin enerjini kimə satacaqsan?”

  Nazirlə görüşə mühəndislərilə gələn, hazırlıqlı N.Demirağ təmkinlə cavab verir: “Layihədə bütün bu sualların cavabı var”. Ancaq Əli Çetinkayanın dinləməyə niyyəti yox idi. Demirağ: "Bu məsələ ölkənin gələcəyidir" - deyən kimi isə nazir onun sözünü kəsir: "Sənəmi düşdü ölkənin gələcəyini düşünmək? Biz düşünürük", - deyərək onu qovmaqdan betər edir. Bu dialoqdan sonra iş elə kağız üzərində qalır. 1933-cü ildə layihəsi hazırlanan Keban Bəndi 1966-cı ildə gündəmə gəlir, tikintisi 10 il sürməklə həyata keçir. Dövrün etinasız rəhbərləri üzündən böyük və əhəmiyyətli layihə 33 il geri düşür.   

  Nuri Demirağ 1939-cu ildə Türkiyənin ilk milli təyyarəsini istehsal edir

  1935-ci ildə Türkiyədə ölkənin ehtiyacı olan təyyarələri almaq üçün kampaniya təşkil olunur, “10 min liradan artıq ianə edənlərin adları təyyarədə əks olunacaq” başlığı ilə. Nuri Demirağ isə ianə yerinə, bütün sərvətini milli təyyarə istehsalı üçün qoymağa qərar verir, qazandığı pulu millətin əmanəti hesab edərək Avropa və Amerikadan lisenziyalar alır, qollarını Türkiyə üçün təyyarə yaratmağa çırmalayır. O, 1936-cı ildə İstanbulun Beşiktaş rayonunda təyyarə zavodunun əsasını qoyur. Sivasın Divriyi qəsəbəsində zavod, bugünkü Atatürk Hava Limanının yerləşdiyi Yeşilköydə isə təyyarələrə hava meydanı inşası üçün işlərə başlayır.

  1937-ci ildə Türkiyə Hava Qurumundan 10 təlim təyyarəsi və 65 planeralma tenderini qazanan Nuri Demirağ və qrupu gecə-gündüz çalışır.

  Atatürkün 1938-ci ildə vəfat etməsi ölkədə siyasi çəkişmələrə səbəb olur. 1939-cu ildə təyyarələrin bütün texniki şərtləri yerinə yetirməsinə və Türkiyə Hava Qurumu (THK) pilotunun müsbət hesabatına baxmayaraq, təyyarələri qəbul olunmur. Təyyarələrdən birinin Əskişehirdə meydanın dar olmasına görə tarlaya girərək qəzaya uğraması bəhanə olur, texniki səhv sayılsa da, Türkiyə Hava Qurumu rəsmiləri təyyarələri almaqdan imtina edir. Demirağ dövrün bütün rəsmilərinə dəfələrlə məktub yazır, məhkəməyə verir, amma nəticəsi olmur. Ölkənin gələcəyinə təsir edəcək bu mühüm layihə həm də siyasi çəkişmələrə qurban gedir.

  Türkiyə Başlanğıc və Əsas Təlim Təyyarəsini İnkişaf Etdirmək Layihəsi – HÜRKUŞ

  Bu gün Türkiyədə ölkəni idarə edən liderlərin təsiri və müvafiq təşkilatlara dəstəkləri ilə bir çox milli müdafiə layihələri hazırlanır və həyata keçir.

  Türkiyə Başlanğıc və Əsas Təlim Təyyarəsini İnkişaf Etdirmək Layihəsinin nümunə istehsalları artıq tamamlanıb. İlk milli aviasiya təyyarələri 2023-cü ildən göylərdə uçmağa hazırlanır. Avropa Mülki Aviasiya İdarəsindən sertifikat alan ilk Türkiyə təyyarəsi HÜRKUŞ-dan 2 pilot təyyarə istehsal olunub. HÜRKUŞ mülki və hərbi aviasiyanın inkişaf edən təlim ehtiyaclarına cavab verən bir təyyarədir. Onun HÜRKUŞ-C adlanan versiyasının isə hal-hazırda silahlanma funksiyası hazırlanır.

  Milli Döyüş Təyyarəsi Layihəsi

  Türkiyənin Milli Döyüş Təyyarəsi Layihəsi Hava Qüvvələri Komandanlığının ölkə içində 2030-cu ildən sonrakı dövrü üçün döyüş təyyarəsi ehtiyacını təmin edəcək. Yerli sənaye məhsullarından maksimum səviyyədə istifadə olunan Türkiyədə bu iş özünəməxsus dizaynla hazırlanır. İşləri davam edən mühüm layihədə ilk uçuş 2023-cü il üçün planlaşdırılır.

 F-35 Müştərək Döyüş Təyyarəsi Layihəsi 

  Yeni dövr döyüş təyyarəsi F-35 beşinci nəsil, tək pilotlu, tək motorlu, çoxməqsədli, sadə görüntülü ovçu-döyüşçü təyyarəsidir. Onun dizayn və istehsalı ABŞ rəhbərliyi altında beynəlxalq konsorsium olan ABŞ, İngiltərə, İtaliya, Türkiyə, Hollandiya, Kanada, Avstraliya, Norveç və Danimarka tərəfindən aparılır. Türkiyənin də içində olduğu bu layihədə 100 təyyarə alınması planlaşdırılıb.

  Xatırladaq ki, Türkiyə F-35 Layihəsi çərçivəsindəki ilk təyyarəni 2018-ci ilin 21 iyununda ABŞ-ın Texas ştatının Fort-Uort (Fort Worthte) şəhərində keçirilən mərasimlə təhvil alıb. Hazırda türkiyəli təyyarəçilər ABŞ-da təlimlərə başlayıb. Lazımi təlimlər başa çatdıqdan sonra təyyarələrin istifadəsinə başlanılacaq.

  Türkiyə F-35 döyüş təyyarələrinin Avropa regionunda gövdə, motor, nəzarət və təmir bazası olacaq. F-35 təyyarələrinin ən mürəkkəb hissələrindən olan orta gövdəsi ABŞ-dan kənarda yalnız Türkiyədə istehsal olunur. Bundan başqa, F-35 üçün A/B/C kompozit komponentləri, F-35 A-nın metal alt gövdələri, hava kanalı, F-35 A/B/C üçün hava-torpaq xarici yükdaşıyıcı (pylon) Türkiyədə istehsal edilir. Həssas Təlimat Dəsti (Hassas Güdüm Kiti  - HGK), TUBİTAK SAGE və ROKETSAN-ın istehsal etdiyi SOM-J-lərin F-35-lərə inteqrasiyası da Türkiyədə olunur.

  Dövlətin arxasında dayandığı bütün layihələr həyata keçir, amma heyif ki, yaxın keçmişdə bu, belə olmayıb.

  Növbəti buraxılışlarda həyata keçirilən digər uğurlu müdafiə layihələrindən bəhs edəcəyik.

 



Әlaqәli Xәbәrlәr