Ərəb Birliyinin Suriya Mövqeyi

İkinci dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq təşkilatlar qlobal siyasətin mühüm aktyorları olmağa başladılar. Bu prosesdə ərəb ölkələri qarşılaşdıqları problemlərlə birgə mübarizə etmək məqsədilə 1945-ci ildə Ərəb Birliyini yaratdılar.

930191
Ərəb Birliyinin Suriya Mövqeyi

İkinci dünya müharibəsindən sonrakı dövrdə beynəlxalq təşkilatlar qlobal siyasətin mühüm aktyorları olmağa başladılar. Bu prosesdə ərəb ölkələri qarşılaşdıqları problemlərlə birgə mübarizə etmək məqsədilə 1945-ci ildə Ərəb Birliyini yaratdılar. Təşkilat son illərdə  bir sıra regional məsələdə düçar olduğu uğursuzluqlardan sonra ərəb ictimaiyyətində nüfuzunu itirib. Regional məsələlərin həllinə təsir edə bilməyən  təşkilatın Orta Şərq məkanında siyasi, iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsində də əhəmiyyətli bir rol oynaya bilməməsi “Ərəb Birliyi nə üçün mövcuddur?” sualını doğurur.

Xüsusilə, İsrailin Fələstindəki işğal siyasətləri qarşısında ərəb ölkələrini bir çətir altında toplayaraq bu ölkəyə qarşı birgə mövqe yarada bilməyən Ərəb Birliyi  2018-ci ilin iyun ayında Körfəz bölgəsindəki ölkələr arasında başlayan böhranın dərinləşməsi qarşısında da səssiz qaldı. Birliyin həll etməkdə çətinlik çəkdiyi bir başqa mövzu Suriyada davam edən vətəndaş müharibəsidir. Yüz minlərlə insanın həlak olmasına və milyonların başqa ölkələrə qaçmaq məcburiyyətində qalmasına seyrçi olan Ərəb Birliyinin funksional bir quruluş olmadığı müşahidə olunur.

 Ərəb Birliyinin Suriya məsələsindəki bu mövqeyi ötən günlərdə beynəlxalq mediada diplomatik mübahisənin mövzusu olaraq əks olundu. Ərəb Birliyi baş katibinin Münhen Təhlükəsizlik Zirvəsində Türkiyənin Suriyanın Afrin bölgəsinə qarşı əməliyyatını tənqid etməsi və Ankaranın bir ərəb ölkəsinə müdaxilə etdiyini vurğulayaraq, panarabist bir mövqe nümayiş etdirməsi  həmin paneldə məruzəçi olan Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sərt reaksiyası ilə qarşılaşdı. Çavuşoğlu Misir diplomatı Əhməd Əbu Əl-Qeytin açıqlamalarına cavab olaraq Ərəb Birliyinin Suriya rejiminin siyasətinə biganə qaldığı bir şəraitdə Türkiyəni tənqid etmənin yersiz olduğunu bildirdi.

Ərəb Birliyinin üzvü olan bir ölkə liderinin kimyəvi silahdan istifadə etməsinin və yarım milyon insanı öldürməsinin təşkilat tərəfindən qarşısının alınmadığını vurğulayan Çavuşoğlu Birliyin Suriyada hərbi əməliyyatlar aparan və hücumlar təşkil edən ABŞ və digər Qərb ölkələrinə qarşı səs çıxarmadığı halda Türkiyəni tənqid etməsinin qəbuledilməz olduğunu qeyd etdi. Mövlud Çavuşoğlunun bu haqlı iradlarının daha da aydın olması üçün  tarixi analizlə Ərəb Birliyinin necə bir uğursuz quruluş olduğunu ortaya qoymaq olar.

 Misir, İraq, Suriya, Livan, Səudiyyə Ərəbistanı və İordaniya ərəb ölkələri arasında əməkdaşlığı artırmaq və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq məqsədi ilə 1945-ci ildə Ərəb Birliyini yaratdılar. İllər ərzində yeni üzvlər qəbul edən Ərəb Birliyi 22 üzvü olan regional təşkilata çevrildi. Birlik fəaliyyəti dövründə məhdud səviyyədə iqtisadi və mədəni əməkdaşlıq təmin etsə də, müəyyən olunan siyasi hədəfləri əldə edə bilmədi. Buna ən bariz nümunə Fələstin-İsrail probleminin həllində Ərəb Birliyinin heç bir təsiri olmamasıdır.

 Qurulduğu ildən etibarən İsrailin yürütdüyü siyasətə qarşı bəyanatlar verən, lakin hər hansı bir sanksiya xarakteri daşımayan qərarlar qəbul edən Ərəb Birliyinin üzv ölkələri fərqli maraqlar və gündəm məsələləri səbəbindən  ortaq siyasət sərgiləyə bilməyiblər. Bu vəziyyət 1948-ci ildə  İsrailə qarşı başlanılan boykot hərəkatında da müşahidə olundu. Ərəb Birliyinin İsrailə qarşı boykot qərarına illər ərzidə üzv ölkələri məhəl qoymadılar. 1979 və 1994-cü illərdə İsraillə sülh müqavilələri imzalayan Misir və İordaniya bu müqavilələrdən sonra boykotun tətbiqini  dayandırdılar. İordan çayının qərb sahilindəki  Fələstin rəhbərliyi də 1993-cü ildə İsraillə imzaladığı müqaviləyə əsasən boykota son qoydu.

Körfəz Əməkdaşlıq Şurasının üzvləri 1996-ci ildə qəbul olunan qərarla İsrailə boykot tətbiq olunmasının regiondakı sülhə mane olması bəhanəsilə onsuz da məhdud şəkildə tətbiq olunan boykotu dayandırdılar.

 Ərəb Birliyinin problemlərin həlli və birgə hərəkət etmək məsələlərində nə dərəcə uğursuz olması 2010-ci ildə başlayan ərəb inqilabları dövründə daha açıq şəkildə müşahidə olundu. Birlik Suriya və Yəməndə davam edən vətəndaş müharibələrinin dinc həlli yollarının tapılmasında da müəyyən bir rol oynamadı.

Region ölkələri arasında əməkdaşlığı artırmaq məqsədini daşıyan Ərəb Birliyi hazırkı vəziyyətində  bu hədəfdən də uzaqlaşmış görünür. Vəziyyətin bir göstəricisi də ötən ilin iyun ayında başlayan Körfəz böhranı kontekstində cərəyan edən hadisələrdir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin Qətərə qarşı başlatdıqları siyasi və iqtisadi sanksiyalara Ərəb Birliyinin ən güclü ölkəsi olan Misir də qatıldı. Üzvləri arasında siyasi, iqtisadi, mədəni və sosial əməkdaşlığı artırmaq məqsədi güdən Ərəb Birliyi  bütün bu sahələrdə Qətərə qarşı başlanılan sanksiyalar qarşısında səssiz qaldı.

Beləliklə, indiki siyasi şəraitdə Ərəb Birliyinin qeyri- funksional və tarixini doldurmuş bir təşkilat olduğunu vurğulamaq yerinə düşər. Qlobal səviyyədə demokratikləşmənin vüsət aldığı bir dövrdə bir çox üzvü avtoritar hakimiyyətlərdən ibarət olan bir Birliyin legitimliyi  sual doğurur.

 Vəziyyətin ciddiliyi 2016-ci ildə baş verən bir hadisə ilə özünü daha açıq şəkildə büruzə verdi. Ərəb Birliyinin 27-ci dəfə keçiriləcək illik sammitinə ev sahibliyi etməsi gözlənilən Mərakeşin Birlik ölkələri arasında fikir ayrılıqları səbəbindən qərarından vaz keçməsi bölgə hakimiyyətlərində şok təsiri yaratdı.

 Mərakeş Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı  verdiyi açıqlamada sammitdə daha əvvəlki illərdə qəbul edilən qərarlara analoji qərarlar qəbul ediləcəyi və bu sammitin ərəb ölkələri arasında olmayan birliyin mövcud olduğuna dair yanlış bir konsepsiya yaradılmasına xidmət edəcəyi qeyd edildi, ərəb liderlərinin aralarındakı fikir ayrılıqları ilə üzləşməli olduqları vurğulandı. Mart ayında keçirilməsi planlaşdırılan sammit Mavritaniya ev sahibliyi etməyi qəbul etdikdən sonra iyul ayında keçirildi.

 Bu hadisələrin fonunda Ərəb Birliyi baş katibi Əhməd Əbül Qeytin Türkiyənin Afrin əməliyyatına qarşı reaksiyası Birliyin mövqeyini təmsil etməkdən kənar olan şəxsi bir yanaşma kimi şərh oluna bilər. Sisi rejimi ilə ittifaqda olan Misirin köhnə rejim aktyorlarının Ankaranın 2013-cü ildə Misirdə baş verən çevrilişə qarşı kəskin mövqeyi səbəbindən hər fürsətdə Türkiyəni tənqid etməyə çalışmaları Əbül Qeytin Afrin əməliyyatına dair açıqlamalarının əsas motividir.

Dosent İsmayıl Numan Telcinin " Ərəb Birliyinin Suriya Mövqeyi " adlı məqaləsini təqdim etdik.


Etiketlәr: #Ərəb Birliyi , #Suriya

Әlaqәli Xәbәrlәr