Rusiyanın Afrinlə bağlı mövqeyi

Türkiyənin Afrindəki hərbi əməliyyatı ərəfəsində və sonra Rusiyanın məsələ ilə bağlı mövqeyi tez-tez gündəmə gəldi. Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin prof. Saleh Yılmazın mövzu ilə bağlı analiz-yazısı.

899850
Rusiyanın Afrinlə bağlı mövqeyi

  Türkiyə Ordusunun Afrindəki hərbi əməliyyatı ərəfəsində və sonra Rusiyanın məsələ ilə bağlı mövqeyi tez-tez gündəmə gəldi. 

  Hörmətli dinləyicilər, Türkiyədə Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Ankara Yıldırım Beyazıt Universitetinin professoru Saleh Yılmazın mövzu ilə bağlı analiz-yazısını təqdim edirik. Mətni oxuyur Sevda Mirzə.

  Əməliyyatla əlaqədar ilk məlumatlar alındığı zaman Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ABŞ səfərində Rusiya əsgərlərinin geri çəkildiyini təkzib etməsi diqqət çəkdi. Lakin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının əsgərlərinin təhlükəsiz sahələrə çəkildiyi barədə açıqlaması ilə mübahisələrə son qoyuldu.

  Türkiyənin Afrin əməliyyatı Rusiya üçün gözlənilən hərbi hadisə idi. Çünki Putinlə Ərdoğanın bütün görüşlərində Türkiyə Afrin məsələsini masaya qoymuşdu. Rusiya ilk vaxtlar Afrin məsələsilə bağlı ehtiyatlı davransa da, PYD-nin son dövrdəki siyasətindən sonra bu təşkilat üzündən Türkiyə ilə böhrana girməyi lüzumsuz bildi. Rusiya Afrin əməliyyatından bir gün əvvəl əsgərlərini Tel-Rifat bölgəsindəki keçid müşahidə məntəqəsində yerləşdirdi.

  Rusiya PYD-dən ümidini kəsdi. Afrin əməliyyatı başladıqdan sonra PYD hərbi birliklərinin Rusiyaya qarşı sərt açıqlamaları oldu. Hətta bu açıqlamalarda PYD ilə Əsəd hökuməti arasında aparılan danışıqlara Rusiyanın vasitəçilik etdiyi də əks olundu. Belə ki, YPG-nin Baş komandiri Sipan Hamonun bundan sonra Əsədlə danışıqlarda Rusiyanın vasitəçiliyinə ehtiyaclarının olmadığını deməsi prosesin xülasə mahiyyətini daşıyır.

  ABŞ-ın siyasəti və dəstəkləri PYD-ni birbaşa ondan asılı edib. Hazırda PYD aldığı silah yardımı və dəstəklə həm hökumət, həm də Rusiya ilə mübarizə apara biləcəyini düşünür. Rusiya rəsmiləri ilə Qamışlıda olan danışıqlarda Rusiya tərəfi PYD-nin müstəqillik, milli ordu tələblərinin bir daha ABŞ-ın tələbləri olduğunu başa düşdü.

  Rusiya Suriya Milli Dialoq Konqresinə hazırlıqlara davam edərkən PYD-nin digər kürd qruplarına göstərdiyi təzyiqdən də narahatdır. PYD Rusiyanın dəvət etdiyi kürd icmalarının liderlərini hədələyir və onların konqresdə iştirakının qarşısını almağa çalışır. Bu şərtlərdə Milli Dialoq Konqresinin PYD tərəfindən sabotaj edilməsi kasanı daşıran son damla rolunu oynayır.

  PYD-nin son vaxtlar Rusiya və Suriya hökumətlərinə məhəl qoymaması, ABŞ-la birgə apardığı siyasəti Rusiyanı PYD ilə münasibətində dəyişikliyə məcbur etdi. Məsələn, Rakka və Deyr-Zor bölgəsində Əsəd və Rusiya hərbi birliklərinə hücum edən qüvvələrin PYD ilə əlaqələri var idi. Bu, PYD-nin Rakkanın DAEŞ-dən  azad olunmasından sonra Rusiyanın şəhərin ərəb icmalarına və ya Əsədə təslim edilməsinə dair fikirlərinə qarşı çıxmaq idi. Yəni PYD-nin son 6 aydakı fəaliyyətinin böyük əksəriyyəti Rusiyanın maraqlarına zidd oldu. Hadisələrin gedişinə Rusiya mövqeyindən nəzər salınarsa, PYD hal-hazırda cəzalandırılır.

  ABŞ-ın fəal kürdlər arasında separatçı ideyaları təşviq etməsi də Rusiyanın PYD-ni hədəfə çevrilməsinə təsir edən faktordur. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun: "ABŞ ya vəziyyəti başa düşmür, ya da şüurlu şəkildə təxribat törədir" ifadələri PYD-ABŞ əməkdaşlığına edilən vurğudur.

  Afrin Türkiyə-Rusiya münasibətlərinin dönüş nöqtəsi oldu. Rusiyanın 2015-ci ildə Suriyaya müdaxiləsi zamanı PYD ilə əlaqələri müsbət istiqamətdə irəliləyirdi. Afrin bölgəsində müşahidəçi ekspert adıyla Rusiya hərbçiləri yerləşdirilmişdi. Münbiç bölgəsində də DAEŞ-lə mübarizədə Rusiya ordusuyla PYD qüvvələrinin birlikdə hərəkət etdikləri də məlum faktdır. Hazırda yenə Münbiç bölgəsində Rusiya hərbçilərinin müşahidə məntəqələri mövcuddur. Qamışlı bölgəsində də Rusiya hərbi mütəxəssisləri var. Türkiyədə nə zaman Afrin mövzusu gündəmə gəlsə, Rusiya bunun qarşısını almağa çalışırdı. Bu vəziyyət iki ölkə üçün dönüş nöqtələrindən biri idi. Amma artıq “Türkiyənin Afrin əməliyyatı Rusiyanı da bu yükdən xilas etdi” deyə bilərik.

  Suriyadakı birlik, Rusiya-Türkiyə arasında "Türk axını" layihəsi də başda olmaqla, enerji və hərbi sahələrdə əməkdaşlığın PYD-dən üstün tutulması deməkdir. Türkiyə və Rusiya arasında Afrin-İdlib məsələsində bir razılaşma olduğu qənaətinin doğru olmadığı isə Türkiyənin verdiyi açıqlamalardan bəllidir.

Afrin əməliyyatı Soçi prosesinə təsir göstərərmi? Son günlər Türkiyənin Afrindəki Zeytun Budağı Əməliyyatının Soçidə keçirilməsi planlaşdıran Suriya Milli Dialoq Konqresinə təsir edib-etməyəcyinə dair ehtimallar gündəmə gəlir. Bura qədər Konqresdə iştirak etməməyi düşünən bəzi müxalifət qüvvələrinin fikirlərinin Afrin əməliyyatından sonra müsbət istiqamətdə dəyişdiyi müşahidə olunur. Yeganə fərq onların PYD-nin konqresə qatılacaq kürd icması nümayəndələrini təhdid etməsidir. Bu səbəbdən ola bilər ki, Konqres kürd nümayəndələri olmadan da keçirilsin. Hətta Suriya Milli Dialoq Konqresində yeni konstitusiya ilə bağlı hazırlıq mərhələsində PYD-nin fikirlərinin nəzərə alınmaması də ola bilər.

  Afrin əməliyyatı başladıqdan sonra PYD/YPG-nin nəzarətindəki Suriya Demokratik Qüvvələri mövqelərini ortaya açıq qoyaraq: "Soçi Konqresini və nəticələrini rədd edirik. Rusiyalılar mövqelərinə yenidən baxmalıdır", - dedilər. Afrin əməliyyatından əvvəl Rusiyanın PYD-ni də konqresə daxiletmə səyləri var idi. Amma bu əməliyyatdan sonra PYD-nin konqresə çağırılmayacağı dəqiqləşdi.

  Artıq Rusiya vəTürkiyə bir dövlət kimi siyasət yürüdürlər. Kim nə deyirsə desin, Türkiyə və Rusiya bir çox məsələdə artıq bir dövlət kimi hərəkət etməyə başlayıb. Suriya mövzusunda fikir ayrılıqları olsa da, nəticə etibarilə razılığa gələ bilirlər. Türkiyə ehtiyacı olan hərbi texnologiya və atom enerjisi məsələlərəində Rusiyadan dəstək alır. Türkiyə də öz növbəsində "Türk axını" məsələsində Rusiyanı dəstəkləyir. Xüsusilə, Baş Qərargah rəisləri arasındakı əlaqə bir çox problemin operativ həll edilməsinə səbəb olur. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Gerasimovun Türkiyə ilə münasibətlər siyasətinin müəyyənləşməsində olduqca təsirli rolu nəzərə çarpır.

  Türkiyə Zeytun Budağı Əməliyyatında Rusiya ilə davamlı koordinasiya şəklində çalışır. Rusiya və Türkiyəni Suriya məsələsində birləşdirən ən mühüm məqam isə Suriyanın ərazi bütövlüyü məsələsindəki fikir birliyidir.



Әlaqәli Xәbәrlәr