Aşıq Şənlik aldı sazı, görək, el-obasından bizə nə dedi, nə qoydu

”Bu aşıqlıq kültürünü Şənlik Azərbaycan aşıqlarından almışdır. Çünki bu dövrdə Anadoluda Şənliyə təsir edəcək bir aşıq yox idi", E.Aslan

816265
Aşıq Şənlik aldı sazı, görək, el-obasından bizə nə dedi, nə qoydu

   Hər zaman yoldayıq! Yol müqəddəsdir. Yola and içib “Getdiyimiz bu yol haqqı” demişik. Yollar bizim, biz yolların başına dolanmışıq. Müdrik, danılmaz bir həqiqətə əməl edib yola davam etməkdəyik. Uzun, incə bir yola. Yolumuz böyük türk dünyasına, türk ədəbiyyatına və mədəniyyətinə aşıqlıqdan keçir. Yaratdıqlarımızla naxışlanan bu yolda ən şirin məqam isə səmadan enmiş, ilahidən gəlmiş sözlə təmasda olduğumuz anlardır.

                Keçən günə günlər çatmaz

                Günü günə calasan da.

                Dərdi olan yuxu yatmaz

                Şirin layla çalasan da.

                Öz dənini özün üyüt.

                Gözləmə, bar verməz söyüd.

                Bədəsillər almaz öyüt

                Şahmar olub çalasan da.

                Səfil Şənlik ağlar gülməz,

                Pünhan dərdin kimsə bilməz.

                Keçən günlər ələ gəlməz

                Axça verib alasan da.

   “Türk avazı”nın bugünkü dayanacağı Şərqi Anadolu torpağıdır. Yenə bu sayımızda sizə türkün qan yaddaşının qoruyucusuna və daşıyıcısına çevrilmiş, tarixi kökləri çox qədim dövrlərə gedib çıxan aşıq-ozan sənətindən, bu sənətin zirvəsinə ucalan, bədahətən söz demək qüdrətinə malik, türk dünyasının böyük söz, fikir ustadı aşıq Şənlikdən söhbət açacağıq.

   Əsil adi Həsən olan aşıq Şənlik 1853-cü il  Türkiyənin Çıldır bölgəsinin Suxara kəndində anadan olub. Ataları Borçalı bölgəsindən köç edərək bugünkü Ərdahan elinin Çıldıra bağlı Suxara kəndində yerləşmiş tərəkəmə qarapapaqlarındandır. Anası Züleyxa xanım, atası Qədir kişi hələ Şenlik 13-14 yaşlarındaykən baş vermiş bir hadisədən çox təsirlənmişdilər. Bir gün atası qoyun sürüsünü ona tapşırıb kəndə qayıdır. Həsən sürünü meşənin kənarına gətirir, özü isə sürünün yanında uzanır. Onu yuxu aparır. Yuxuda bir gözəl qızın ona baxdıgını görür. Qıza tərəf getmək istəyəndə bir pirani qoca əlində piyalə ilə ona doğru gəlir və deyir: “O qiz sənin sevgilinin camalıdır. Al bu piyaləni, iç, ürəyin sərinləsin.” Yuxuda piyaləni içdikdən sonra Həsənin ürəyi od tutub yanır. İkinci gün də eyni yuxunu gördükdən sonra anasına əhvalatı danışır. Yuxuda buta verilmiş, İlahi vergiyə layiq görülmüş Şənlik bədahətən bu misraları söyləyir:    

                        Yığılın ərbablar, yaran yoldaşlar,

                        Bir sağalmaz dərdə düşdüm bu gecə.

                        Hikməti-pir ilə abi-zülaldan,

                        Kövsər bulağından içdim bu gecə.

                        Qüdrət məktəbində verdilər dərsi,

                        Zahirdə göründü ərş ilə kürşü,

                        Hifsimdə zəbt oldu ərəbi-farsi

                        Lüğəti-imranı seçdim bu gecə.

   Şənliyin istedadını, saza, sözə marağını duyan dayısı İbrahim kişi onu ustad sorağıyla Borçalı mahalına gətirir. Aşıq Şənliyin həyat və yaradıcılığını araşdıran türkiyəli alim Ensar Aslan bu aşığın saz-söz sənətinə yiyələnməsində klassik Azərbaycan aşıq yaradıcılığının rolunu göstərərək yazır: ”Bu aşıqlıq kültürünü Şənlik Azərbaycan aşıqlarından almışdır. Çünki bu dövrdə Anadoluda Şənliyə təsir edəcək bir aşıq yox idi. Eyni zamanda, dil və ənənə baxımından da ustad onları özünə yaxın bilib”. Aşıq Şənlik Borçalı mahalının məhşur söz-fikir ustadı aşıq Nurunun yanında sənətin sirrlərinə yiyələnir.

  Qədimdən bəri zəngin şifahi söz xəzinəmizi yaşadıb bu günümüzə çatdıran ustad-şagird ənənəsi yalnız ifaçılıq sənətini öyrədən bir məktəb deyildi. Bu həm də sənəti gələcək nəslə çatdırmaq, ustad sənətkarların şöhrətini yaymaq üsulu idi. Bu günümüzə qədər gəlib çatan zəngin aşıq poeziyası, yüzlərlə xalq dastanları ustad-şagird ənənəsinin bəhrəsidir.

                Ey fələk, sənin əlindən abad olan görmədim.

                Düşüb cənginə bir daha geri dönən görmədim.

                Neçə yüz min Süleymanlar hökm etdi qafdan-qafa.

                Taxtında bərqərar olub bina salan görmədim.

                Bu biçarə səfil Şənlik eşq ucundan zardadır.

                Ol xudanın bir nişanı ən ihtida nurdadır.

                Qurban ollam, bizim ellər, ədəb-ərkan ordadır.

                Diyarı qürbət ellərdə qədir bilən görmədim.

   Aşıq Şənliyin doğulub boya-başa çatdıgı Çıldır mahalı Şərqi Anadoluda saz, söz beşiyi kimi tanınmışdı. Dədə Şənlik yaşayıb-yaratdığı illərdə Qars, Ərzurum, Axirkələk, Axiska, Agbaba, Borçalı, İrəvanda məclislər aparmış, bir çox  görkəmli ustad sənətkarlar Şənlik adının sorağı ilə onun yaşadığı kəndə - Suxaraya gəlmiş, ustadla görüşüb deyişmiş, birlikdə məclislər keçirmişlər.

  Dədə Şənlik hər zaman xalqının yanında olan, onun sevincinə şərik çıxan, qəminə üzülən xalq ozanı idi. Şərqi Anadolunun Qars vilayəti 1877-78-ci illərdə Osmanlı-Rusiya müharibəsinin nəticəsi olaraq bir vaxt çar Rusiyasının işğalına məruz qalmış və Dədə Şənlik bu hadisəyə bu gün xalq arasında əfsanələşmiş “93 qoçaqlama” dastanı ilə cavab vermişdi.

                Əhli-İslam olan eşitsin, bilsin,

                Can sağ ikən yurt verməyiz düşmənə.

                İstərsə Uruset, nə ki var, gəlsin,

                Can sağ ikən yurt verməyiz düşmənə.

                Əsgər olan bölük-bölük bölünər,

                Sandınızmı Qars qalası alınar?

                Boz atlar üstündə qılınc çalınar,

                Can sağ ikən yurt verməyiz düşmənə!

   Aşıq Şənlik faciəli şəkildə dünyadan köçüb. Bir çox sənətkara nəsib olmayan şöhrəti ellərə yayılan, sözün zirvəsinə usalan Haqq Aşıgının pərəstişkarları ilə yanaşı bədxahlari da yox deyildi. Çünki Şənlik həmişə aşıq sənətinin saflığı keşiyində durmuş, bu sənətə kamil yiyələnməyən, “mərifət elmində dolu olmayan”lara qarşı barışmaz olmuş, çoxlarını məğlub edib sazını əlindən almışdı. Deyilənlərə görə bir toy məclisində Aşıq Şənliyin bağlamalarına cavab verə bilməyən aşıqlar onun çayına zəhər qatır. O, ölüm ayağında söylədiyi cığalı təcnisində bunu belə anladır:

                        Şənlik deyər: məclisə sağı gələndə,

                        Qədəhi dəstində ağı gələndə,

                        Elə ağı gələndə,

                        Əjdər ağı gələndə

                        Hicran şahı qan ağlar,

                        Cana yağı gələndə.

                        Şiddətli-şaxtanın çağı gələndə

                        Dərər, talan eylər neçə dağları.

   Aşıq Şənlik vəsiyyətinə uyğun 1912-ci ildə Çıldır mahalının Suxara kəndində Təzə məzarlıq deyilən yerdə dəfn olunub.

   Azərbaycan və Anadolu aşıq sənəti arasında körpü rolunu oynayan Ağbaba-Çıldır aşıq mühitinin özünəməxsus, qədim və zəngin tarixi var. Bu tarixdə əhəmiyyətli rolu olan, sərrast deyimlərilə aşiq şerinin bütün formalarında uca zirvəyə qalxmış, adı Dədə Ələsgərlə qoşa cəkilən aşıq Şənlik bu gün də yada salınır və sevilir. Tarixdə bu iki şəxsiyyətin görüşməsi faktı da vardır. Ağbabalı aşıq İsgəndərin xatirələrindən: ”Əsrin əvvələrində Ağbabanın Qaranamaz kəndində bir Alı ağa olub. Alı ağa öz bacısı oğluna toy edirmiş. Toy şənliyini aşıq Şənlik aparırmış. Qonşu Göllü kəndinə başqa bir toya isə aşıq Ələsgər dəvətli imiş. Vədə çatanda Ələsgər atını minib yola düşür, axşamüstü Qaranamaz kəndinə yetişir. Gecəni burada qalmağa qərar verir. Yoldan keçən cavanlardan: ”Burada məni bir gecəlik kim qonaq edə bilər?” deyə soruşur. Cavanlar görürlər ki, adam nabələddir, qoltuğunda da sazı var. Alı ağanin evini nişan verirlər. Alı ağa aşıq Ələsgəri görüb şad olur, bir yandan da fikirləşir ki, aşıgı qəfil məclisə aparmaq olmaz. Əvvəl evində qonaq edir, çay-çörəkdən sonra aşığa mətləbi anladır: “Aşıq, sazını da götür, toy damına gedək”, - deyir. Aşıq Ələsgər: “Orada sənətkar varmı?” deyə soruşur. Məclisdə aşıq Şənliyin olduğunu biləndə belə cavab verir: ”Ustadlarda adətdir: sənətkar sənətkarın üstünə sazla getməz. Sazım burda qalsın”. Toy damına girən qonağın ədəb-ərkanı, boy-buxunu və qiyafətindən aşıq Şənlik aşiq Ələsgəri tanıyır, odur ki, qolunu boynuna salıb, “Xoş gəlibsən, ustad Ələsgər, sinəmə üşcə xana söz gəlib, izin ver, söyləyim” deyir:

                Ey böyük vəsfikar, böyük sənətkar,

                Qədəm qoydun bu diyara, xoş gəldin.

                Səni gördüm, mənim könlüm şad oldu,

                Qədəm qoydun bu diyara, xoş gəldin.

                Sən ümmansan, dərya sənə tay olmaz.

                Ulduz günəş olmaz, ülkər ay olmaz.

                Hər aşıqlar bu sənətdə sayılmaz.

                Qədəm qoydun bu diyara, xoş gəldin.

                Mən aşıq Şənliyəm, bəllidir adım,

                Şahi-mərdan olub mənim ustadım,

                Deməyə qorxuram, ucadır zatım,

                Qədəm qoydun bu diyara, xoş gəldin.

   Aşıq Ələsgər sazını istəyir, gətirirlər, aşıq Şənliyə cavabında alır sazı, görək, nə deyir:

                Səni gördüm, mənim könlüm şad oldu.

                Dogrudan da vəfalısan, a Şənlik.

                Sinən dərya deyil, ümmandı, seldi,

                Dogrudan da vəfalısan, a Şənlik.

                Xaliqi-ləmyəzəl qismətin verdi,

                İstəkli bəndəsən, üstündə durdu,

                Şerinlə bəzədin bu gözəl yurdu,

                Dogrudan da, vəfalisan, a Şənlik.

                Ələsgərəm, Göyçə elim var mənim.

                Qardaş olaq, şirin dilim var mənim.

                Səfərdəyəm, uzaq yolum var mənim.

                Mən gedirəm, sən burda qal, a Şənlik.

   Bu iki ustad görüşüb ayrılarkən hər ikisi iki xana söz deyir. Beytin birinci qismini aşıq Şənlik deyir, ikinci tərəfini Dədə Ələsgər tamamlayır:

Aşıq Şənlik:

                Eşitmişəm bu dünyanın

                Əzəl-axır yaxşılıqdır.

                Könül sevən hər insanın

                Əzəl-axır yaxşılıqdır.

Dədə Ələsgər:

                Usta Şənlik Suxaralı,

                Ələsgər Göyçə mahallı.

                Nəyə lazım qalmaqallı?

                Əzəl-axır yaxşılıqdır.

   Göründüyü kimi, bu iki söz ustadı bir-birilə “Əzəl-axır yaxşılıqdır” deyə ülfət bağlayıb ayrılırlar. 

               

  Verilişin mətnini hazırladı Gülparə Bayram, texniki sarıdan ərsəyə gətirdi Aslı Yıkılmaz.



Әlaqәli Xәbәrlәr